Samir Babayev: Sənaye elmi-tədqiqatlardan bəhrələnə bilər
“Bizim əlimizdə bir alət və ya metod olur və ona uyğun problem axtarırıq ki, həmin problemi həll edək. Halbuki dünyada praktik elmlə məşğul olanlar araşdırmaya problemi müəyyən etməklə başlayırlar”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Qarabağ Universitetinin Klinikasının baş direktoru Samir Babayev İctimai TV-nin “Diqqət Mərkəzi” verilişində səsləndirib.
O bildirib ki, ortada konkret problem olur, həmin problemi həll etmək üçün metod seçilir və bundan sonra elmi-tədqiqat aparılır: “Cənab Prezidentin müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan kompakt ölkədir, resurslarımız sonsuz deyil və məhduddur. Buna görə də prioritet sahələr müəyyənləşdirilməlidir. Bu sahələr təhsil, kənd təsərrüfatı, səhiyyə, rəqəmsallaşma və digər istiqamətlər ola bilər. Əsas gücümüzü məhz bu prioritet istiqamətlər üzrə cəmləşdirmək daha məqsədəuyğundur. Hazırda bu istiqamətdə addımlar atılır və elmi-tədqiqat institutlarında aparılan konsentrasiya siyasəti də bu yanaşmanın tərkib hissəsidir”.
Samir Babayev qeyd edib ki, sənaye də elmi-tədqiqatlardan bəhrələnə bilər:
“Hazırda bizim ən böyük resursumuz hələlik dövlət tərəfindən təmin olunur. Dünyanın bir çox ölkələrində də vəziyyət oxşardır. Hətta ABŞ-da belə, səhiyyə sistemində elmi araşdırmalara və texnologiyalara kifayət qədər yatırım ayrılmır, bu isə bəlli sahələrdə daha qabarıq görünür. Buna görə də ABŞ-da NIH (National Institute of Health) - böyük bir dövlət qurumu kimi fəaliyyət göstərir. Əsas qrantlar məhz bu qurum vasitəsilə ayrılır və vəsait dövlətin strateji prioritetlərinə, strateji sahələrinə yönəldilir”.


