Azərbaycan regionda cəlbedici təhsil məkanına çevrilib – HTP tələbələrinin töhfəsi

11 Fevral, 2026 - 14:49
Azərbaycan regionda cəlbedici təhsil məkanına çevrilib – HTP tələbələrinin töhfəsi

Azərbaycanın ali təhsil sistemində aparılan islahatlar ölkəmizə əcnəbi tələbə axınını gücləndirib. Bu tendensiya, heç şübhəsiz ki, universitetlərimizdə ali təhsilin beynəlmiləlləşməsinin instrumental deyil, həmçinin təhsil və mədəniyyətlərarası dialoq seqmenti üzrə güclənməsinə, rəqabətqabiliyyətliliyinin möhkəmləndirilməsinə xidmət edir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) “Azərbaycan müəllimi”nə daxil olan məlumata əsasən, ölkəmizin ali təhsil müəssisələrində təhsil alan xarici tələbələrin sayı son illərdə artmaqda  davam edir. 

Məlumatda qeyd olunur ki, Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr Asiya, Avropa, Afrika və Yaxın Şərq regionlarını əhatə edən müxtəlif ölkələri təmsil edirlər. 

HTP çərçivəsində qəbul olunmuş əcnəbi tələbələr hazırda ölkənin ümumilikdə 15 ali təhsil müəssisəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil alırlar. 

Əcnəbi tələbələr daha çox hansı ixtisasları seçirlər? Əcnəbi tələbələrin Azərbaycanda seçdikləri ixtisas sahələri fərqlidir. Mövcud göstəricilər əcnəbi tələbələrin daha çox texniki və texnoloji ixtisaslar qrupuna, humanitar və sosial ixtisaslar qrupuna, iqtisadiyyat və idarəetmə ixtisasları qrupuna, təhsil ixtisasları qrupuna və əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupuna üstünlük verdiklərini göstərir. 

EATDA-nın məlumatına əsasən, əcnəbi tələbələrin Azərbaycanda təhsil almalarına dair son 5 ilin dinamikasına əsasən, təqaüd imkanları çərçivəsində əcnəbi təhsilalanların sayında davamlı və əhəmiyyətli artım müşahidə olunur.

 Qeyd olunur ki, 2025-2026-cı tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində ümumilikdə 62 nəfər əcnəbi tələbə təhsil almaq hüququ qazanmışdır, bu da ötən il ilə müqayisədə 32 faiz artım deməkdir. Onların arasında Çin Xalq Respublikası üzrə 23 nəfər, Somali Federativ Respublikası üzrə 20 nəfər, Qazaxıstan Respublikası üzrə 11 nəfər, Tacikistan Respublikası üzrə 4 nəfər və Qırğız Respublikası üzrə 4 nəfər tələbə yer alır. Bu göstəricilər Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə beynəlxalq marağın artdığını və ölkəmizin regionda cəlbedici təhsil məkanına çevrildiyini göstərir. 

Əlavə edək ki, ali təhsil sitemində baş verən dərin tranformasiya tendensiyasının nəticəsi olaraq əcnəbi tələbələrin Azərbaycanın ali təhsil sisteminə inteqrasiyası, problemlərinin həlli, universitetlərimizdə təşkil olunan mədəni-kütləvi tədbirlərdə iştirakı üzrə müxtəlif təşəbbüsləri qeyd etmək olar. 

Bu baxımdan ali təhsil müəssisələrində əcnəbi tələbələrin akademik və sosial mühitə inteqrasiyasını gücləndirmək məqsədilə hazırlıq kursları, eləcə də adaptasiya və oriyentasiya proqramları həyata keçirilir, dil və akademik dəstək göstərilir, mentorluq mexanizmləri tətbiq olunur, eləcə də tələbələrin mədəni-kütləvi tədbirlərdə iştirakı təşviq edilir. Sözügedən tədbirlər əcnəbi tələbələrin dil bacarıqlarının inkişafına, həmçinin təhsil və sosial mühitə uğurlu uyğunlaşmasına xidmət edir.

 Qeyd edək ki, HTP tələbələri ali təhsil müəssisələrində multikultural mühitin zənginləşməsinə, beynəlxalq əlaqələrin genişlənməsinə və akademik əməkdaşlığın inkişafına mühüm töhfə verirlər. Onların iştirakı universitetlərin beynəlxalq cəlbediciliyinin artmasına, elmi-tədqiqat və innovasiya fəaliyyətinin təşviqinə müsbət təsir göstərir.