1 milyonluq sərmayənin sabah 2 milyon olması real deyil - Elçin Hüseynov
“Biz ümumi yanaşmada elmi-tədqiqatı iki hissəyə ayıra bilərik: fundamental və sənaye yönümlü tədqiqat. Bütün dünyada fundamental tədqiqatlara dəstək demək olar ki, dövlətdən gəlir. Məsələn, Marsın üzərində su axtarışından birbaşa gəlir əldə etmək mümkün deyil. O zaman dövlət dəstək olur ki, bu cür tədqiqatlar aparılsın”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Fizika İnstitutu direktorunun səlahiyyətlərini icra edən Elçin Hüseynov İctimai TV-nin “Diqqət Mərkəzi” verilişində səsləndirib.
O bildirib ki, bəzi ölkələrdə sənaye müəssisələrinə dövlət tərəfindən stimullar verilir. Məsələn, onları vergidən azad edir və ya vergi dərəcələrini azaldır:
“Misal üçün, onlar 10 faiz vergi ödəməlidilərsə, elmi dəstəyə görə bu 5 faizə endirilə bilir və sairə. Avstriyada sənaye sahəsində tədqiqatla məşğul olan, tanınığım bir azərbaycanlı var. Onlar verginin bir hissəsindən azaddırlar, çünki universitetlərə və elmi-tədqiqatlara dəstək verirlər. Dövlət də buna görə onlara güzəşt edir. Burada qarşılıqlı anlaşmaya əsaslanan bir sistem mövcuddur”.
Alim qeyd edib ki, fundamental elm əvvəlcə formalaşır və inkişaf edir, daha sonra bu biliklər sənayeyə ötürülür: “Bu proses isə uzunmüddətli vaxt tələb edir. Bizdə bəzən yanlış bir yanaşma olur: məsələn, düşünürlər ki, bu gün 1 milyon manat sərmayə qoyulursa, sabah onu elm sayəsində 2 milyon manata çevirmək mümkündür. Bu, reallıqda demək olar ki, qeyri-mümkündür, çünki elmi nəticələr zaman alır. Məsələn, əvvəlcə 3 metr uça bilən bir dron hazırlayırıq, sonra bu dron 6 metr, daha sonra 100 metr uça bilir və nəhayət, Marsa və ya Aya uçacaq qədər inkişaf edir. Yəni biz sadədən mürəkkəbə doğru getməliyik. Fundamental elm əvvəlcə möhkəm olmalıdır ki, onun üzərində tədricən sənaye əhəmiyyətli işlər həyata keçirilə bilsin”.


