Rüfət Əzizov: Keyfiyyətli elm üçün güclü təhsil sistemi olmalıdır 

8 Yanvar, 2026 - 11:44
Rüfət Əzizov: Keyfiyyətli elm üçün güclü təhsil sistemi olmalıdır 

“Keyfiyyətli elmin formalaşması üçün güclü təhsil sisteminin olması vacibdir. Təhsil elə qurulmalıdır ki, orada keyfiyyətli mütəxəssislər yetişsin və onlar sonradan elmi kadrlara çevrilsinlər. Bu istiqamətdə də son dövrlərdə çox ciddi addımlar atılıb”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri  Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov İctimai TV-nin “Diqqət Mərkəzi” verilişində qonaq olarkən səsləndirib.

O bildirib ki, Cənab Prezidentin vurğuladığı kimi, son illərdə 10 ali təhsil müəssisəsi açılıb, hazırda ölkədə ikili diplom proqramları həyata keçirilir: “Dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq çərçivəsində yaradılan bu proqramların bəziləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tətbiq olunur və biz həmin proqramların real keyfiyyətini artıq müşahidə edə bilirik. 

2023-cü ildə ümumilikdə azərbaycanlı alimlərin Scopus bazasında çap etdirdikləri məqalələrin sayı 2924 idi. 2025-ci ildə isə bu rəqəm 6113-ə çatıb. Yəni cəmi iki il ərzində təxminən iki dəfəyə yaxın artım müşahidə olunur. Bu 6113 məqalənin təxminən yarısı, yəni 2970-i Q1-Q2 kvartilli jurnallarda dərc olunub ki, bu da artıq keyfiyyətli elmi nəticələr deməkdir”. 

Rektorun sözlərinə görə, “SABAH” qrupları artıq bir neçə ildir ki, dövlət tərəfindən maliyyələşdirilir: “İkili diplom, SABAH, akreditasiyadan keçmiş beynəlxalq proqramlar - bunlar bizim universitetlərin ən yaxşı məhsullarıdır və bu proqramları bitirən gənclərimiz demək olar ki, dünyanın istənilən universitetinin məzunu ilə rəqabət apara bilirlər. 2019-2023-cü illərdə dövlət proqramı çərçivəsində doktoratura təhsili alması 284 nəfər ən yaxşı xarici universitetlərə göndərilib. Artıq onlar geri dönməyə başlayıblar. ADNSU-ya  geri gələn bütün doktorantlara biz yüksək maaş təklif edirik. Biz qabaqlar deyirdik ki, beynəlxalq elmmetrik bazaya çıxışımız yoxdur. Artıq nazirlik tərəfindən bütün universitet və yeni tədqiqat institutları üçün “Scopus”, “Web of Science”, “ProQuest Central”, “Cambridge University Press”ə girişlər açılıb. 2025-ci ildə 300-ə yaxın tədqiqatçı elmi nəticəsinə görə  mükafatlandırılıb. Yəni nəticələr ölçülür və mükafatlar verilir. Artıq mükafatlar şəxsi mülahizələr və yaxud da başqa məsələlərlə verilmir. Artıq mükafatlar nəticə əsaslı beynəlxalq meyarlara uyğun verilir”.