Əfsun Sucayev: İslahatlar əsas yaradır ki, məqsədlərimizə nail olaq
“Elm sahəsindəki problemlərin əsasında Azərbaycanda elmin uzun müddət təhsildən ayrı qalması dayanırdı. Bunu cənab Prezident çıxışında vurğuladı. Elm, təhsil və istehsalat inteqrasiyasının yaradılması yubadılmışdı. Sovet dövrünü çıxmaq şərtilə son 32 ildə bu inteqrasiyanın yaradılması olduqca yavaş gedib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Kimya İnstitutunun direktorunun səlahiyyətlərini icra edən, kimya elmləri doktoru Əfsun Sucayev İctimai TV-nin “Diqqət Mərkəzi” verilişində səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan elminə müəyyən töhfələr verilib: “Əgər bu gün Azərbaycan elmi məktəblərindən, ayrı-ayrı elmi nailiyyətlərdən danışırıqsa, sovet dövründə formalaşmış elmi məktəblərə və onların aparıcı nümayəndələrinə təşəkkür etməliyik. Lakin müasir dövrdə dünyanın tələblərini akademik sistem tam şəkildə qarşılaya bilmir. Ölkə başçısının da qeyd etdiyi kimi, dövlətin elmi və akademik siyasəti çərçivəsində qarşıya qoyulan elmi konsepsiya və strategiyalar tam şəkildə icra edilə bilmədi. Burada əsas məqsəd Azərbaycan elminin dünya elminə tam inteqrasiyasıdır. Digər mühüm hədəf isə elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, xüsusilə dəqiq və təbiət elmləri üzrə ixtisaslaşmış alimlərin əldə etdiyi elmi nailiyyətlərin iqtisadiyyata tətbiqidir.
Məhz bu mərhələdə problemlər ortaya çıxdı. Bu problemlərin həlli üçün dövlət məsələyə birbaşa müdaxilə etdi. İlk növbədə 2022-ci ildə Prezidentin Sərəncamı ilə akademik sistemdə fəaliyyət göstərən dəqiq və təbiət elmləri üzrə ixtisaslaşmış institutlar Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. Həmin dövrdən nazirlik genişmiqyaslı islahatlara başladı”.
Alim qeyd edib ki, bu gün artıq çox sürətli proseslərin şahidiyik: “Qarşıda bizi hələ çox işlər gözləyir. Alimlərin maddi rifahının yaxşılaşdırılması, tədqiqat mühitinin gücləndirilməsi istiqamətində proseslər davam edir. Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən struktur islahatlarının məzmun və mahiyyətinə nəzər saldıqda optimist olmaq üçün əsas yaranır ki, qarşıya qoyulan məqsədlərə nail olmaq mümkün olacaq”.


