Azərbaycan dilinin qrammatikası yenidən hazırlanır: dərsliklər dəyişəcəkmi?

27 Aprel, 2026 - 13:59
Azərbaycan dilinin qrammatikası yenidən hazırlanır:

Azərbaycan Milli Elmlər Akademiyasında aparılan son elmi işlər çərçivəsində Azərbaycan dilinin qrammatikasının yenidən hazırlanması istiqamətində işlərin görüldüyü açıqlanıb. Bu məsələ dilin normativ bazasının müasirləşdirilməsi, mövcud qrammatik qaydaların təkmilləşdirilməsi və yeni dil çağırışlarına uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qrammatikanın yenilənməsi prosesinin hansı mərhələdə olduğu, nəzərdə tutulan dəyişikliklərin məzmunu və bu yeniliklərin təhsil sisteminə, xüsusilə də orta məktəb dərsliklərinə mümkün təsirləri isə ictimai maraq doğuran əsas məqamlardandır.

Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili və nitq mədəniyyəti şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Nərgiz Hacıyeva “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, hazırda sintaksisdən bəhs edən IV cild nəşr ərəfəsindədir və tezliklə çap olunacaq: “Azərbaycan Prezidenti İlham Əliyev həmişə Azərbaycan dilinin qorunması və qayğı göstərilməsi məsələlərini diqqət mərkəzinə çəkmiş, bu barədə bir sıra fərman və qanunlar imzalanmışdır. Bütün bu deyilənləri nəzərə alaraq və dildəki dəyişiklikləri, yenilikləri göstərmək məqsədilə hələ 2019-cu ildən Müasir Azərbaycan dili şöbəsində dörd cildlik qrammatikanın yenidən nəşr olunması qərara alınmış, üç cild çapdan çıxmışdır. Kitablarda Azərbaycan dilinin fonetika, leksika, morfologiya və sintaksis sahəsində qloballaşma dövründə yaranan yeniliklər üzə çıxarılır, bir sıra yeni mövzular ilk dəfə işıqlandırılır”.

Şöbə müdiri qeyd edib ki, tezliklə nəşr ediləcək IV cilddə sintaktik yeniliklərdən, morfologiya ilə sintaksisin qarşılıqlı əlaqəsindən, internet, ekspressiv, nitq, kommunikativ sintaksisdən və s. bəhs olunur, ənənəvi mövzular yeni elmi baxışdan nəzərdən keçirilir, sintaksisin əsas məsələləri, cümlə və onun struktur münasibətləri bir yenilik kimi izah olunur.

N.Hacıyeva bu dəyişikliklərin orta məktəb dərsliklərinə təsir edib-etməyəcəyi barədə də məlumat verib: “AMEA-nın nəşr etdirdiyi qrammatikalar dərslik deyil, ali məktəb dərsliklərinə əlavə elmi işlərdir ki, bunlardan magistrlər, doktorantlar və alimlər istifadə etməlidirlər. Fikrimizcə, məktəb dərsliklərini ağır akademik qrammatika ilə yükləməyə ehtiyac yoxdur. Dərsliklərin dili sadə olmalı, şagirdlərin anlayacağı dildə yazılmalıdır. Orada qrammatik qaydaların izahı və təhlili aparılmalı, uşaqlara onların mənası izah olunmalı, nümunələrlə başa salınmalıdır. 

Ola bilər ki, orta məktəb müəllimləri ətraflı məlumat almaq üçün bu dərsliklərdən istifadə etsinlər. Lakin bizim hazırladığımız monoqrafiyalar dərslik deyil, elmi-tədqiqat işləridir”.