Elmi mühitdə etik qaydalara nəzarət artırılır

19 Mart, 2026 - 11:18
Elmi mühitdə etik qaydalara nəzarət artırılır

Elmi müəssisə və təşkilatlar sağlam tədqiqat mühitinin yaradılması üçün etik dəyərlər üzrə maarifləndirmə aparmalı, bərabərlik və inklüzivliyi dəstəkləməlidir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının qərarı ilə təsdiqlənmiş “Elmi etika kodeksi”ndə öz əksini tapıb. 

Yeni sənədə görə, etik normaların pozulması ilə bağlı məsələlərin ədalətli və şəffaf şəkildə araşdırılması üçün daxili qaydalar tətbiq olunmalıdır. Tədqiqat materiallarına çıxış təmin edilməli, onların qorunması və idarə olunması üçün uyğun texniki infrastruktur qurulmalı, tədqiqatın izlənə bilməsi, təkrar aparılması və hesabatlılığı təmin olunmalıdır. Bununla yanaşı, müxtəlif stimullaşdırıcı və təşviqedici tədbirlərlə elmi mühitin sağlamlaşdırılmasına, beləliklə, elmin inkişafı üçün sağlam rəqabət mühitinin yaradılmasına nail olunmalıdır.

Tədqiqat müəssisəsi bütün tədqiqat materiallarını qoruyub saxlamalı, düzgün idarə etməli və istifadəsini mümkün qədər açıq təmin etməlidir. Zəruri hallarda istifadə məhdudlaşdırıla bilər.