Süni intellektlə çalışan laboratoriyalar dövrü başlayır
"Müasir biologiya artıq yalnız klassik laboratoriya təcrübələri aparan mütəxəssislərlə məhdudlaşmır. Süni intellektin, böyük verilənlərin və hesablama üsullarının bioloji tədqiqatlara daxil olması nəticəsində biologiya sahəsində yeni bilik və bacarıqlara malik mütəxəssislərə ehtiyac yaranır".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova deyib.
Akademik bildirib ki, hazırkı multidisiplinarlıq dövründə bioloq alimlər hesablama və süni intellekt alətləri ilə işləməli, kompüter mütəxəssisi isə bioloji prosesləri anlamalıdır: "Bu iki sahənin kəsişməsində isə bioinformatik, hesablama biologiyası və struktur bioinformatikası mütəxəssisi, süni intellekt əsaslı dərman dizayneri və s. kimi yeni peşəkar profillər formalaşır. Məlumdur ki, canlı sistemlərdən gələn məlumatlar o qədər böyük və mürəkkəbdir ki, insan beyni təkbaşına onları tam təhlil edə bilməz. Bu yerdə süni intellekt elmi tədqiqatları sürətlə irəli aparır və bioloji bilikləri daha praktiki nəticələrə çevirməyə yardım edir".
İ.Hüseynovanın sözlərinə görə, tam inteqrasiya olunmuş “AI-biologiya laboratoriyaları” dövrü uzaqda deyil: "Robotun və süni intellektin birlikdə işlədiyi yüksəksürətli tədqiqat qurğuları 5-ci sənaye inqilabının elementlərindən olacaqdır. Real təcrübə tələb etməyən simulyasiyalar üçün virtual hüceyrə və toxuma modelləri yaradılacaqdır. Kvant kompüteri ilə süni intellektin birləşməsi bioloji sistemləri daha mürəkkəb səviyyədə simulyasiya etmə potensialı yaradacaq və onu reallaşdırmağa imkan verəcəkdir. Bütün bunlar tələb edir ki, etik və qanunvericilik çərçivəsi formalaşdırılsın. Çünki süni intellekt biologiyada gücləndikcə onun təhlükəsizliyinə diqqət getdikcə artacaqdır. Genetik məlumatların məxfiliyi, bioloji məlumatların istifadəsi və paylaşılması, avtomatlaşdırılmış diaqnostik sistemlərin məsuliyyəti, eləcə də süni intellekt qərarlarının şəffaflığı kimi məsələlər hələ tam tənzimlənməmişdir. Bu, həm tədqiqatçıların, həm də cəmiyyətin süni intellekt texnologiyalarına etibarını məhdudlaşdıra bilər", – deyə akademik qeyd edib.



