Doktorant və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək – ƏMR

9 İyun, 2026 - 13:58
Doktorant və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək

Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransının (NASCO29) keçirilməsi barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, əmrə əsasən, 15-16 oktyabr 2026-cı il tarixlərində Doktorantların və gənc tədqiqatçıların  Respublika elmi konfransı (NASCO29) Naxçıvan Dövlət Universitetində keçiriləcək. Konfrans “Şəhərsalma və Memarlıq ili”nə həsr olunacaq. 

Konfrans aşağıdakı elmi istiqamətləri əhatə edir:

– Təbiət elmləri (kimya, fizika, biologiya, geologiya, coğrafiya, enerji resursları və s.);
– Mühəndislik elmləri (mexanika, elektrik və elektronika, robototexnika, avtomatlaşdırma, inşaat mühəndisliyi, maşınqayırma, neft-kimya və s.);
– Riyaziyyat və informasiya-kommunikasiya texnologiyaları (süni intellekt, kibertəhlükəsizlik, informasiya texnologiyaları, data analitikası, kompüter elmləri və s.);
– İctimai sağlamlıq və tibb elmləri (tibb, biotexnologiya, sosiologiya, psixologiya, ətraf mühit və s.);
– Sosial və humanitar elmlər (tarix, arxeologiya və etnoqrafiya, antropologiya, fəlsəfə, hüquq, politologiya, kulturologiya, jurnalistika, metodika, ədəbiyyatşünaslıq, dilçilik, pedaqogika və s.);
– İqtisadi və idarəetmə elmləri (iqtisadiyyat, maliyyə, statistika, ekonometrika, turizm, menecment və s.).

Qeyd edək ki, konfransa təqdim ediləcək məqalə və tezislər Naxçıvan Dövlət Universitetinin rəsmi internet səhifəsində yerləşdirilmiş konfrans platforması vasitəsilə (https://konfrans.ndu.edu.az/) elektron qaydada göndərilməlidir.