Elmi fəaliyyət vahid bal sistemi əsasında qiymətləndiriləcək – DETALLAR
AMEA-nın Rəyasət Heyətinin iclasında Azərbaycan Milli Elmlər Akademiyasının müəssisə və təşkilatlarının elmi əməkdaşlarının və müəssisələrin illik elmi-təşkilati fəaliyyətinin bal sistemi əsasında rəqəmsal qiymətləndirilməsi modeli müzakirə olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Sərxan Xavəri yeni sistemin konseptual mahiyyəti, strukturu və tətbiq mexanizmləri barədə ətraflı məlumat verib.
Onun sözlərinə görə, “Elm haqqında” Qanuna, AMEA Nizamnaməsinə və 2022-ci ildən etibarən Akademiyada həyata keçirilən struktur-idarəetmə islahatlarına əsaslanan bu model ənənəvi statistik kəmiyyət uçotundan keyfiyyət əsaslı və rəqəmsal-analitik idarəetməyə keçidi hədəfləyir.
Elmin qiymətləndirilməsində kəmiyyət (“neçədir?”) və keyfiyyət (“necədir?”) sualları bir-birini tamamlamalıdır. Yeni yanaşmada kəmiyyət göstəriciləri rəqəmsal bazalar və sənədli sübutlarla təsdiqlənir, elmi keyfiyyət isə iki müstəqil ekspertin rəyi əsasında 100 ballıq şkala üzrə beş əsas meyar - elmi problemin qoyuluşu, nəzəri-metodoloji əsas, mənbə və sübutların etibarlılığı, elmi yenilik və müəllif töhfəsinin aydınlığı üzrə dəyərləndirilir. Ekspertlər arasında fikir ayrılığı və ya 20 baldan çox fərq yarandıqda üçüncü müstəqil ekspert cəlb edilir. Bununla yanaşı, humanitar və ictimai elmlərin spesifikası nəzərə alınaraq, yeni ilkin mənbələrin elmi dövriyyəyə daxil edilməsi, elmi-tənqidi mətnlərin hazırlanması və nəzəri-metodoloji izahlar da ayrıca elmi nəticə kimi qiymətləndirilir.
Sərxan Xavəri vurğulayıb ki, akademik dürüstlük və şəffaflıq modelin təməl prinsiplərindəndir. Belə ki, sübutsuz fəaliyyətə bal yazılmır, eyni iş iki dəfə ballandırılmır, antiplagiat yoxlaması sitatlar və arxiv mətnləri nəzərə alınmaqla kontekstual ekspert rəyi ilə tamamlanır. Süni intellekt alətlərindən istifadə isə müəllifin xüsusi bəyannaməsi ilə rəsmiləşdirilir və heç bir halda müəllif məsuliyyətini əvəz etmir. Həmçinin qiymətləndirmə prosesində əməkdaşların etiraz və müstəqil apellyasiya hüququ, eləcə də yarımillik plan icrası monitorinqi mexanizmləri nəzərdə tutulub.
Hazırda müzakirə mərhələsində olan modelin elmi ictimaiyyətin irad və təklifləri əsasında təkmilləşdirilərək təsdiqlənməsi, pilot qaydada tətbiqi və AMEA-nın Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi tərəfindən vahid elektron qiymətləndirmə platformasına inteqrasiyası planlaşdırılır.




