“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”.

 

Heydər ƏLİYEV,

Ümummilli Lider

 

İnformasiya əsri adlandırılan XXI əsrdə elmin digər sahələrində olduğu kimi kitabxanaların qarşısında da keyfiyyətcə yeni vəzifələr qoyulur. Müasir kitabxanalar təkcə mövcud dünya mədəniyyətlərinin izləri hesab edilən yazılı sənədləri mühafizə edib saxlamır, həm də bəşəriyyətin elm və yaradıcılıq nailiyyətlərini, tarix və cəmiyyətin qarşılıqlı əlaqələrini də əks etdirir. Kitabxanalar oxucuların yeni məlumatlar əldə etmələri, onların informasiya məkanlarına rahat daxil olmaları, yeniliklərdən operativ istifadəsi üçün geniş imkanlar yaratmalıdır. Kitabxanalar kitabların, elektron nəşrlərin və digər çap materiallarının geniş oxucu kütləsinə təbliğ edilməsində xüsusi rol oynayır. Keçmişdən bu günə qalan kitablar, digər çap nəşrləri, əlyazmalar və başqa materiallar gələcəyə hədiyyə kimi çatdırılması üçün kitabxana fondlarında və arxivlərdə mühafizə olunur.

 

Kitabxanada həyata keçirilən fərdi və kütləvi işlər 2 əsas funksiya daşıyır:

 

* məlumat funksiyası - oxuculara müəyyən biliklərin verilməsi;

* tərbiyəvi funksiya - oxucularda yaradıcılıq vərdişləri, təşəbbüskarlıq, təşkilatçılıq, kollektiv fəaliyyətdə iştiraka maraq yaradılması və bu cəhətlərin inkişaf etdirilməsi.

 

Kitabxanaların iş planında oxucularda yaradıcılıq vərdişlərini, təşəbbüskarlıq, kollektiv fəaliyyətlərdə iştiraka maraq yaratmaq məqsədilə keçirilən kütləvi tədbirlər xüsusi yer tutur.

 

Ümumtəhsil müəssisələri kitabxanalarında kütləvi tədbirlərin keçirilməsi kitabxanaların inkişafı sahəsində müsbət addımlardan biri hesab edilir. Kütləvi tədbirlər nəticəsində kitabxanaya yeni-yeni oxucular cəlb edilir. Kitabxanalar gənc nəslin tərbiyəsində misilsiz təsir qüvvəsinə malikdir.  Məktəbdə gənc nəslin tərbiyəsi və mütaliəsi işi elə qurulmalıdır ki, yetişən hər bir gənc dövrün tələbinə cavab verə biləcək bir səviyyəyə çata, bilik və bacarıqlara yiyələnə bilsin. Bizim gələcəyimiz olan uşaqların kitaba və kitabxanalara marağının artırılmasında məktəblərdə keçirilən əhəmiyyətli mədəni kütləvi tədbirlərin mühüm rolu vardır.

 

Ümumtəhsil müəssisələrində kütləvi tədbirlərin təşkil olunması əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilir. Təşkilatçı ilk növbədə il ərzində həyata keçiriləcək kütləvi tədbirlərin adını və vaxtını illik iş planında əks etdirir. Planda tədbirlərin keçiriləcəyi günlərin iş günü olması, tarixlərin əlamətdar günlərə yaxın olması və s. dəqiqləşdirilir. Ümumtəhsil məktəblərində kütləvi tədbirlər şifahi, əyani və yazılı (mətbuat, çap) formalarda həyata keçirilir.

 

Ümumtəhsil müəssisələri kitabxanalarında şifahi formada tədbirlərin keçirilməsi təbliğatın ən geniş yayılmış formasıdır. Başqa növlərə nisbətən şifahi təbliğat özünün fərqləndirici xüsusiyyətləri, üstünlükləri ilə seçilir ki, bu da onu daha geniş kütləyə xitabetmənin fəal vasitəsinə çevirir. Onun əsas üstünlüyü auditoriya ilə canlı ünsiyyətin olmasıdır. Bədii ədəbiyyatın təbliğinin mühüm formaları olan məruzə və mühazirələr, söhbətlər, oxucu konfransları, kitab müzakirəsi, ədəbi-bədii gecələr, görüşlər, anım günləri, kitab təqdimatı, ucadan oxu və s. şifahi formada həyata keçirilir. Bundan başqa, əsasən məktəb kitabxanalarında ifadəli oxu və nəqletmə üsullarından da istifadə edilir ki, bunlar kiçikyaşlı məktəblilərin marağına səbəb olur.

 

Mühazirə - problemin dərindən və hərtərəfli izah edilməsinin əsas metodudur. Mühazirələr dövrün müxtəlif aktual mövzularına həsr edilir. Mühazirənin mövzusunu seçərkən şagirdlərin ehtiyacı olan zəruri  məsələlər haqqında çıxış edilir, iştirak edəcək şagirdlərin yaş qrupu mütləq nəzərə alınır. Mühazirəçi öncədən məktəb rəhbərliyi ilə mühazirənin adını, saatını, hansı yaş qrupuna xitab edəcəyini müəyyənləşdirir. Mühazirəçi mühazirənin əsas planını, mövzu üzrə ədəbiyyat mənbələrini öncədən müəyyən edir, istifadə edəcəyi əyani vasitələri, materialları hazırlayır ki, mühazirə sonunda istəyən iştirakçılara təqdim edə bilsin.

 

Söhbətlər - şifahi işin geniş yayılmış metodudur.  Söhbət uşaqlara ayrı-ayrı qruplar və ya fərdi şəkildə keçirilir. Söhbətlərin üstünlüyü həm də ondandır ki, onu günün müxtəlif vaxtlarında, şagirdlərin boş vaxtı və ya dərsdən sonra keçirməyə imkan verir. Söhbətin əsas xüsusiyyəti məsələnin birgə müzakirəsidir. Söhbətin uğurlu və effektiv olması üçün mövzu və materiallar, əyani vəsaitlər oxucuların marağına uyğun seçilir. Həmçinin söhbəti aparan şəxsin üzərinə çox böyük məsuliyyət düşür. O, mövzunu tam əhatə, aydın, yadda qalan nümunələrlə fikrini izah etməli, inandırıcı sübutlar göstərməli, vaxtı düzgün bölüşdürməyi bacarmalıdır. Mühazirə və söhbətlər zamanı texniki vasitələrdən istifadə etmək olar.

 

Kitab müzakirəsi - şagirdlər arasında bədii ədəbiyyatı təbliğ etməyin ən geniş yayılmış metodudur. Kitab müzakirələri oxucu fəallığının artmasına, bədii-estetik zövqlərin formalaşmasına, kitab üzərində müstəqil işləmək, oxuduqları çap əsərləri haqqında sərbəst fikir yürütmə bacarığının yaranmasına təsir göstərir. Yazıçı və şairlərlə oxucular arasında ünsiyyətin yaradılmasında, bədii ədəbiyyata meyilin formalaşmasında belə müzakirələr böyük əhəmiyyət kəsb edir. Kitab müzakirəsi heç bir halda formal xarakter daşımamalıdır. Hər hansı bədii əsərin müzakirəsi ciddi hazırlıq tələb edir. Bir qayda olaraq müzakirəyə həyat həqiqətini düzgün əks etdirən, geniş ictimaiyyəti həyəcanlandıran problemlərlə səsləşən, vətənpərvərlik hissləri aşılayan bədii əsərlər çıxarılır. Kitab müzakirəsi üçün bədii ədəbiyyat nümunəsi seçərkən kitabxananın oxucu kontingenti, onların istək və maraqları nəzərə alınır. Kitab müzakirəsi aparıcının giriş sözü ilə açılır. Müəllifin yaradıcılığının əsas cəhətləri nəzərə çatdırılır, müzakirə olunan əsərin mühüm məqamları qeyd edilərək, çıxışlara istiqamət verilir. Çox vaxt müzakirələrdə kitabın müəllifi də çıxış edir, müzakirələr isə oxucuların yazılı və şifahi suallarına müəllifin cavabları ilə yekunlaşır.

 

Təbliğatın şifahi formalarından biri də oxucu konfranslarıdır. Konfranslar məzmun və məqsədinə görə aşağıda göstərilən kimi olur:

 

* məsləhət konfransları - burada oxuculara məqsədəuyğun kitabların mütaliə edilməsi, mütaliə qaydaları haqqında məsləhətlər verilir;

* tematik konfranslar - hər hansı müasir siyasi, elmi, tərbiyəvi problemlərə və ya hər hansı bir müəllifin yaradıcılığına, yaxud mövzu və ideyaca bağlı olan bir neçə müəllifin kitablarına və s. tərbiyəvi məsələ və problemlərə həsr edilir;

* hesabat konfransları - yarımildə, rüblərin axırında, ilin sonunda keçirilir. Bu konfranslarda oxucular tərəfindən oxuduqları kitablar, əldə etdikləri bilik, bacarıq və vərdişlər, onların faydası və s. haqqında çıxışlar edilir.

 

Kitab müəllifləri ilə keçirilən görüşlər də çox əhəmiyyətlidir. Görüşlərin əhəmiyyəti ondadır ki, oxucu ilə müəllif arasında canlı ünsiyyət yaranır və bu canlı ünsiyyət zamanı kitab haqqında yazılmamış, mətbuatda açıqlanmamış fikirlər üzə çıxır. Ona görə də belə tədbirlərdə həm üzbəüz dialoq üçün şərait yaranır, həm müəllifin fikri ilə oxucu fikrinin qarşılıqlı mübadiləsi baş verir. Şagirdləri tanınmış yazıçı və şairlərin, müharibə iştirakçılarının, deputatların, digər görkəmli şəxslərin həyat və yaradıcılığı ilə daha yaxından tanış etmək üçün keçiriləcək görüşlər qabaqcadan planlaşdırılmış şəkildə hazırlanır. Görüşü aparıcının giriş sözü ilə başlamaq, gecəyə dəvət olunanları tədbirin iştirakçıları ilə tanış etmək lazımdır, daha sonra həyat və yaradıcılığından danışıb, qonağa söz verilir. Bundan sonra tədbir iştirakçılarının sualları cavablandırılır, təklif və rəylər dinlənilir. Bir çox hallarda görüş keçirilən mövzuya uyğun məktəb klubunun bədii özfəaliyyət kollektivi üzvlərinin xüsusi konsert proqramı əsasında çıxışları təşkil edilir.

 

Ədəbiyyatın təbliğində ədəbi-bədii gecələrin təşkili geniş yayılmış metodlardandır. Ədəbi-bədii gecələr tanınmış şair və yazıçılardan birinin yaradıcılığına, əsərinə  və ya bir neçə ədəbi əsərə həsr olunur. Bu tədbirlər şagirdlərdə vətənpərvərlik hissinin formalaşmasına, bədii əsərlərə sevgi, mütaliə marağının yaradılmasına xidmət edir. Keçiriləcək tədbirin mövzusundan asılı olaraq xüsusi proqram, ssenari tərtib edərək, teatrlaşdırılmış səhnəcik qurulur. Tədbir  üçün öncədən ciddi hazırlıq görülür. Kitabxanaçı gecənin əvvəlindən sonuna kimi bütün elementləri (çıxış, rəy, qonaqlara sözvermə, musiqi nömrələrini) ssenaridə əks etdirir. Ədəbi-bədii gecə iki hissəyə bölünür. Tədbirin əvvəlində qonaqların çıxışı təşkil olunur. İkinci hissə isə tədbirin mövzusu ilə bağlı şeir, bədii qiraət, ədəbi kompozisiya və səhnəciklərlə tamamlanır. Mövzuya uyğun sərgi, viktorina, ədəbi oyunlar hazırlana bilər. Tədbirdən əvvəl elan və dəvətnamələr hazırlanır.

 

Anım (xatirə) günlərində ümumtəhsil məktəblərində yığıncaq təşkil edilir, söhbətlər aparılır. Tədbirlə əlaqədar əvvəlcədən hazırlıq işləri görülür. Anım gününə uyğun olaraq mərhumun xatirəsinə fotostendlər,  sənədli filmlər göstərilir, uşaqların əl işlərindən ibarət sərgi təşkil olunur, ədəbi kompozisiyalar, video görüntülər nümayiş etdirilir. Uşaqların ifasında tamaşa səhnələşdirilir.

 

Kitab təqdimatının başlıca məqsədi iştirakçıları yeni kitab haqqında məlumatlandırmaq, onun əhəmiyyəti haqqında təsəvvür yaratmaqla geniş təbliğ olunmasına çağırış xarakteri daşıyır. Təqdimat mərasimini aparıcı giriş sözü ilə açır, kitabın mövzusu, təqdimatın məqsədi haqqında məlumat verir. Kitab haqqında iştirakçılarla dialoq aparılır, mövzuya uyğun suallar verilir. Tədbirdə müəllifin iştirak etməsi daha yaxşı olar.

 

Ucadan oxunun məqsədi orfoepiya qaydalarını mənimsətmək, həmçinin mətnin məzmununu izahsız öyrətmək, şagirdlərin oxuduğu söz, cümlələri yadda saxlamaq, mətndə olan ifadələrin hansı mənada işləndiyini müəyyənləşdirməkdir. Ucadan oxu təkcə ibtidai siniflərdə deyil, orta və yuxarı sinif şagirdləri arasında da mütaliə mədəniyyətini təkmilləşdirmək səbəbilə keçirilir.

 

Ümumtəhsil müəssisələrində əyani keçirilən tədbirlər də xüsusi yer tutur. Şagirdlərin vəsaitləri, kitabları bilavasitə görməsi, onlara toxunması, gördüklərini daha yaxşı dərk etməsinə, yadda saxlamasına və haqqında daha geniş araşdırma aparmasına zəmin yaradır.Bu üsula, əsasən,sərgilər, plakatlar, albomlar, sitatlar, xəritələr, izahlı mətnlər, çağırışlar və s.aiddir.

 

İzahlı mətnlər - müəllifin sərbəst fikrinin ifadəsidir. Tanınmış şəxslər tərəfindən söylənilən fikrin oxuculara aydın olması üçün fikir tarixi qaynaqlara istinad edən  ifadələrlə zənginləşdirilir, şagirdlərin rahat anlayacağı dildən istifadə olunur.

 

Sərgi məktəblərdə ən geniş yayılmış tədbirlərdən biridir. Sərgilər müxtəlif mövzularda keçirilir. Bəzi sərgilərdə mövzuya uyğun plakatlardan, albomlardan istifadə olunur. Kitabxanalarda sərgilər müxtəlif üsullarla təşkil edilir:

 

* ənənəvi informasiya daşıyıcıları olan kağız daşıyıcılarla;

* veb sayt üzərindən elektron daşıyıcılarla;

* videofilmlər, “danışan” kitablarla.

 

Sərgilər şifahi tədbirlərdən daha uzun müddətli təşkil olunması, günün müxtəlif vaxtlarında fərqli yaş qruplarından olan iştirakçıların gəlib baxmaq imkanının olması kimi üstünlüklərə malikdir. 

 

Çağırışlar, sitatlar,  xəritələrdən həm sərgilərdə, həm də mətn şəklində yazılıb məktəbin müxtəlif yerlərində-sinif otağında, dəhlizdə, kitabxanada və başqa yerlərdə istifadə olunur.

 

Ümumtəhsil müəsisələrində keçirilən kütləvi tədbirlərin bir forması da yazılı (mətbuat, çap) formadır. Yazılı keçirilən tədbirlərdə şagirdlər elmlə, ədəbiyyatla yaxından tanış olurlar. Yazılı təbliğat formalarında qəzet, jurnal, kitabça, bülletendən istifadə olunur. Yazılı təbliğat formasında kitabxanalarda görkəmli şair və yazıçıların yaradıcılığına həsr olunmuş, müxtəlif bədii ədəbiyyat nümunələrindən seçilmiş kiçik formalı nəşrlər, çap plakatları, kitab əlfəcinləri, soraq kitabçaları və s. hazırlanır.

 

Şagirdləri məktəbdə yaşlarına uyğun mətbuat materialları ilə tanış etmək üçün ən geniş yayılmış formalardan biri də qəzet vitrinidir. Məktəbdə gediş-gəlişin çox olduğu yerlərdə vitrinlərdə yeni nəşr olunmuş qəzetlər və dərc edilmiş mühüm materiallar asılır.

 

Şagirdlər üçün faydalı olacaq digər vasitələr jurnallardır. Jurnallar maarifləndirici materiallarla, bədii əsərlərlə zəngin olur. Şagirdlərin jurnal materiallarından asanlıqla istifadə edə bilmələri üçün “Jurnalda nə oxumalı” başlığı altında xüsusi plakat və ya lövhə hazırlanması daha məqsədəuyğundur. Oxunması məsləhət olan yazıları şagirdlərin görə biləcəyi yerlərdə açıq nümayiş etdirmək, oxumalarına şərait yaradır.

 

Kitabxanalarda keçirilən kütləvi tədbirlərin planlı, sistemli təşkil edilməsi, cansıxıcılığı, formal olmaması, daha çox canlı, emosional, maraqlı keçirilməsinə çalışmaq lazımdır. Şübhəsiz ki, belə təşkil olunmuş tədbir şagirdlərin yaddaşında daha yaxşı qalır, tədbirin təsir gücünü artırır. Təbii ki, tədbirlərin əsas məqsədi bədii irsin ana xəttini oxuculara çatdırmaqdan ibarətdir. Belə tədbirlər sayəsində oxucular respublikamızda baş verən hadisələr və görkəmli ictimai, elm, mədəniyyət xadimləri haqqında düzgün məlumat almış olurlar. Elə buna görə də kitabxanalarda mədəni- kütləvi tədbirlərin geniş oxucu kütləsi üçün gərəkliliyi və səmərəliliyi böyük əhəmiyyət kəsb edir.

 

Belə tədbirlərin keçirilməsində məqsəd xalqların mənəviyyatı, adət-ənənələri, dilləri, ictimai-siyasi həyatı, dövrümüzə qədər gəlib çatan maddi-mədəniyyət abidələri, yazılı sənədlər haqqında məlumatları böyüməkdə olan gənc nəslə çatdırmaqdır. Ümumtəhsil müəssisələrinin  kitabxanalarının təşkil etdiyi tədbirlər yeni nəslin vətənpərvərlik, milli qürur hissinin daha da yüksəldilməsi, şagirdlərdə dünyagörüşünün formalaşdırılması, əlamətdar və tarixi günlərimizin tanıdılması baxımından çox əhəmiyyətlidir.

 

Gülər ƏHMƏDOVA,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi kitabxana şöbəsinin müdiri