Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi salonunda universitetin istedadlı, bacarıqlı xanımlarının “Milli-mənəvi dəyərlərimiz, rənglər dünyası” adlı rəsm və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət yaradıcılıq sərgisi açılıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, sərgidə AzMİU-nun müxtəlif fakültə, kafedra, şöbələrində, eləcə də İnşaat Kollecində çalışan xanımlar öz yaradıcı bacarıqlarını nümayiş etdiriblər. 

Sərginin açılışında çıxış edənlər ilk dəfə təşkil olunan və milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, zövq oxşayan incəsənət nümunələrini yüksək qiymətləndiriblər.

Sonra sərginin rəmzi açılışını bildirən qırmızı lent kəsilib, tədbir iştirakçıları AzMİU-nun xanım əməkdaşlarının əl işləri ilə yaxından tanış olublar.

Sərgidə müxtəlif janrlarda yağlı boya ilə çəkilmiş tablolar, dekorativ-tətbiqi sənət nümunələrinə xas biçmə-tikmə, toxuma, muncuqlarla bəzəmə, dulusçuluq, maket işləri təqdim olunub. 

Bunlarla yanaşı, qadın əllərinin möcüzəvi toxunuşlarından ərsəyə gələn bəzək əşyaları, geyimlər, çantalar, ev tekstilinə aid nümunələr yer alıb. Sərgidə ümumilikdə 212 iş nümayiş olunub, onlardan 112-si rəsm, 100-ü isə dekorativ-tətbiqi sənət nümunəsidir.  

Sərgi mayın 7-dək davam edəcək.