
Serbiyanın Zlatibor şəhərində məktəblilər boksçular arasında keçirilmiş Avropa birinciliyində Mingəçevirin gənc idmançısı Abbasəli Məmmədli qazandığı möhtəşəm qələbəsi ilə hamının diqqətini özünə çəkdi və vətəninə böyük qürur yaşatdı.
“Azərbaycan müəllimi” bu gənc çempionla görüşərək onunla nailiyyətləri haqqında söhbət edib.
Gənc çempion Mingəçevir şəhəri Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi, həm də Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) yetirməsidir. Serbiyada məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyində Azərbaycan millisi yarışı 3 qızıl, 10 gümüş və 9 bürünc medalla başa vurub. Mingəçevirli boksçu Abbasəli Məmmədli bu yarışda erməni rəqibi üzərində qələbə qazanaraq qızıl medalın sahibi olub.

Abbasəli deyir ki, idmanla ilk tanışlığı kiçik yaşlarından başlayıb: “Valideynlərimin təşviqi ilə boks bölməsinə yazıldım və məşqçim Fazil Ruşanovun dəstəyi sayəsində bir çox nailiyyətlər əldə etdim. Məşqlərimiz çox intensiv və çətin olurdu, amma mən idmanı çox sevirdim. Buna görə də hər məşqə böyük həvəslə gedirdim”.
Gənc boksçu yarışa hazırlıq dövrünü belə izah etdi: “Məşqlərimiz hər gün davam edirdi. Fiziki hazırlıqla yanaşı, texniki bacarıqlarımı artırmaq üçün də ciddi şəkildə çalışırdım. Hər məşqdə Fazil müəllim mənə əlavə motivasiya verir, zəif tərəflərimi gücləndirməyə kömək edirdi. Məşqçim və ailəmin mənə verdiyi mənəvi dəstək çox önəmli idi. Onlar hər an yanımda idilər və mənə böyük güvən verirdilər”.

Yarış barədə danışarkən Abbasəli ilk görüşünün Moldova idmançısı ilə olduğunu və bu döyüşü erkən qələbə ilə başa vurduğunu qeyd etdi: “Moldova təmsilçisi ilə görüşü erkən bitirəndə çox sevindim. Bu mənə əlavə həvəs verdi. Daha sonra Çexiya təmsilçisi ilə qarşılaşdım. Bu dəfə də əzmlə mübarizə apararaq görüşü 5:0 hesabı ilə başa vurdum. Bu qələbə növbəti mərhələyə daha inamla getməyim üçün böyük motivasiya oldu”.
Onun üçün ən həyəcanlı an final döyüşü idi: “Finalda Ermənistan təmsilçisi ilə qarşılaşdım. Döyüşdən əvvəl böyük məsuliyyət hiss edirdim, amma eyni zamanda özümə və komandama böyük inamım vardı. Bu görüş sadəcə bir yarış deyildi, həm də vətənimizin şərəfini qorumaq üçün vacib bir məqam idi. Rəqibimi 4:1 hesabı ilə məğlub edəndə inanılmaz qürur hissi keçirdim. Azərbaycanın gücünü və əzmini göstərmək mənə böyük sevinc bəxş etdi”.
.jpeg)
Gənc idmançı gələcək planlarını da bizimlə bölüşdü: “Ən böyük məqsədim dünya və olimpiya oyunlarının da qalibi olmaq, bu tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmək, bayrağımızı daha yüksəkdə dalğalandırmaqdır. Bütün uşaqlara tövsiyəm odur ki, idmanla məşğul olsunlar, çünki sağlam bədəndə sağlam ruh olar”.
.jpeg)
Abbasəlinin müsahibə zamanı simasında görünən inam və qürur Azərbaycan gəncliyinin gücünü və potensialını bir daha nümayiş etdirirdi. Müsahibəmizi başa vurarkən ürəyimizdə böyük qürur və sevinc hissi vardı. Belə gənclərin varlığı gələcəyə inamımızı daha da artırır və Azərbaycanın dünyada qazandığı uğurların davam edəcəyinə əminlik yaradır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər