
2024-2025-ci tədris ili üzrə keçirilmiş qəbul imtahanlarında kənd rayonlarının bəzi məktəblərinin məzunları bir neçə fənn üzrə yüksək nəticə göstəriblər.
"Azərbaycan müəllimi" 4 fənn — ədəbiyyat, riyaziyyat, fizika və kimya üzrə qəbul göstəricilərinə görə xüsusi fərqlənən belə təhsil müəssisələrindən birinin - Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbinin müəllimləri ilə həmsöhbət olub.
“Bu siyahıda olmaq növbəti illər üçün daha böyük məsuliyyətlər yaradır”
Məktəbin direktoru və riyaziyyat müəllimi Ramal Ələsgərov deyir ki, riyaziyyat müəllimi olaraq bu nəticənin əldə edilməsinə çox sevinir:

“Təbii ki, bu siyahıda öndə olmaq çox qürurvericidir və növbəti illər üçün daha böyük məsuliyyətlər yaradır. Bu, bir tədris ilinin nəticəsi deyil, şagirdlərin aşağı siniflərdən əldə etdiyi bilik və bacarıqlarının bəhrəsidir. Bu nəticə tək bir müəllimin yox, bütün müəllim kollektivinin zəhmətidir. Şagirdlərimizin idmandan tutmuş bilik yarışları, Respublika fənn olimpiadaları, fənn müsabiqələrində qazandığı hər bir uğur mənim də uğurumdur. Ümumilikdə, Prezident İlham Əliyevin təhsil siyasətinə verdiyi dəstək, elm və təhsil naziri Emin Əmrullayevin təyin etdiyi uğurlu kadrlar və regional idarələrin təhsilə gətirdiyi şəffaflıq bizə əlavə stimul verir. İnanıram ki, gələcək illərdə də belə uğurlara nail olacaq və bunun üçün var gücümüzlə çalışacağıq.”
“Tədris etdiyim fənnin uğurunun əsas səbəbi müəllim ailəsində böyüməyim və işimi sevərək görməyimdir”
Məktəbin daha bir riyaziyyat müəllimi Vüqar Namazov isə 2008-ci ildən burada çalışır. O, həm diaqnostik qiymətləndirmə, həm də sertifikasiya imtahanında mümkün 60 balın 55-ni toplayıb:

“Bu uğurumuzdan çox məmnunam. İntellektual bilik yarışmasında iştirak üçün məktəbin şagirdlərindən ibarət “Birlik” komandasını yaratmışam. Bu komanda 9 dəfə respublika çempionu, dəfələrlə zona çempionu olub. 2016-cı ildə “Ən yaxşı intellektual məşqçi” mükafatına layiq görülmüşəm. 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən “Fəxri fərman”, 2019-cu ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə mükafatlandırılmışam. Bu mükafatı alan ən gənc müəllimlərdən biriyəm. Tədris etdiyim fənnin uğurunun əsas səbəbi müəllim ailəsində böyüməyim və işimi sevərək görməyimdir. Nəsildə çoxlu riyaziyyatçı var və ötən il sertifikasiya imtahanında könüllü iştirak edən 65 yaşlı əmim Şahin Namazov mümkün 60 balın 58-ni toplamışdı”.
“Maraqlı və motivasiyaedici yarışların təşkili də uğurlarımızı artırır”
Kimya müəllimi Zülfiyyə Mehdiyeva məktəbin nailiyyətlərinin artdığını və uğurlarla dolu bir kollektivdə çalışmaqdan qürur duyduğunu bildirir:

“Tədris etdiyim kimya fənnində uğur qazanmağın əsas səbəbi şagird-müəllim münasibətlərinin düzgün qurulması, həm müəllim-şagird, həm də şagird-şagird arasında davamlı müzakirələrin aparılmasıdır. Eyni zamanda, maraqlı və motivasiyaedici yarışların təşkili də uğurumuzu artırır. Müxtəlif yaş qruplarından şagirdlərim kimya olimpiadalarının final mərhələsinə qədər yüksəliblər”.
“Biz təkcə abituriyent yox, şəxsiyyət yetişdiririk”
Fizika müəllimi Turanə Ələkbərova isə 18 ildir ki, bu məktəbdə çalışır. O, ilk pedaqoji fəaliyyətinə də buradan başlayıb:
.jpeg)
“Qəbul imtahanlarında tədris etdiyim fənn üzrə ən yaxşı nəticə göstərən məktəblərdən biri olmağımız qürurvericidir. Bu uğur məktəbin yüksək səviyyədə idarə edilməsinin, müəllim, şagird zəhmətinin və valideyn-məktəb əməkdaşlığının nəticəsidir. Uğur həm rəhbərlik, həm müəllim kollektivi, həm də şagird və valideyn əməkdaşlığının məhsuludur. İnteraktiv, nəzəri və praktik tədris metodlarından istifadə, psixoloji yanaşma nəticələrimizin fərqli olmasına səbəb olub. Müəllim olmaq təkcə dərs demək deyil, həm də şagirdlərə ruh vermək, onların həyat yollarını işıqlandırmaq və həyati bacarıqlara yiyələndirmək deməkdir. Biz təkcə abituriyent yox, şəxsiyyət yetişdiririk. Bu, mənim fəaliyyət şüarımdır. Hər zaman təhsildə yeniliklərə açıq olmuşam və özümü daim inkişaf etdirməyə çalışıram. Gənc nəslin gələcəyi bizim əlimizdədir və bu məsuliyyəti dərindən anlayıram”.
“Müxtəlif həvəsləndirmə üsullarından istifadə edirəm ki, bütün şagirdlər dərsə cəlb olunsun”
Həyatının 15 ilini bu məktəbə bağlayan Azərbaycan dili və ədəbiyyat müəllimi Ehtiram Həsənov müəllimlərin sertifikasiya imtahanında mümkün 60 balın 57-sini toplayıb:

“Bu il məktəbimizin ən yaxşı məktəblərdən biri kimi seçilməsi məni çox sevindirir. Şagirdlərin uğur qazanması üçün müxtəlif həvəsləndirmə üsulları və mövcud təlim metodlarından istifadə edirəm ki, bütün şagirdlər dərsə cəlb olunsun. 2015-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində Saatlı rayonu üzrə Azərbaycan dili və ədəbiyyat fənnindən ən yüksək balı toplamışam. 2021-ci ildə isə təhsildəki fəaliyyətimə görə elm və təhsil naziri Emin Əmrullayev tərəfindən “Fəxri fərman”la təltif olunmuşam. 15 illik peedaqoji fəaliyyətim dövründə çox sayda şagirdim yüksək balla müxtəlif ali təhsil müəssisələrinə qəbul olub. Xüsusilə bu il şagirdimiz Aysel Səfərova 11-ci sinfin buraxılış imtahanında maksimum — 300 bal toplayıb. Növbəti illərdə də bu uğurları davam etdirmək və daha yüksək nəticələr əldə etmək niyyətindəyik.”
Qeyd edək ki, ötən tədris ilində məktəbin 22 məzunu ali təhsil müəssisəsinə qəbul olub. Builki qəbul imtahanlarında məktəbin müəllim və abituriyentlərinə uğurlar və bol şans arzu edirik!
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər