Valideyn, müəllim və şagird münasibətləri təhsil sistemində yarana biləcək gizli problemləri həll edə bilər
Valideyn, müəllim və şagird arasındakı münasibətlər təhsil prosesinin əsas qayəsini təşkil edir. Bu üçlüyün arasında qurulan sağlam əlaqələr uşağın akademik və emosional inkişafını gücləndirir. Valideynlər şagirdin evdəki dəstək sistemini, müəllimlər isə məktəbdə onun akademik və sosial həyatını təmin edir. Lakin bu münasibətlərdə bəzən gizli problemlər yaranır ki, bunlar ilk baxışdan dərhal görünməyə bilər. Valideynlərin yüksək akademik gözləntiləri, müəllimlərin valideynlərlə kifayət qədər ünsiyyət qurmaması və şagirdin ehtiyaclarının gözardı edilməsi kimi hallar məktəblinin təhsildəki uğurlarına və sosial-emosional inkişafına mənfi təsir göstərir.
Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kəmalə Aşumova bildirib. O, deyib ki, bu problemlərin əsas mənbəyi münasibətlərdəki əlaqəsizlik və ünsiyyət çatışmazlığıdır. Valideyn və müəllimlər arasında müntəzəm, açıq ünsiyyət qurulmadıqda, şagirdin təhsilindəki problemlər vaxtında aşkarlanmır və dərinləşir. Bu kimi hallar son nəticədə şagirdin təhsil prosesində özünü təzyiq altında hiss etməsinə səbəb ola bilər. Bu stereotiplərin aradan qaldırılması üçünsə, valideynlərlə müəllimlər arasında davamlı əməkdaşlıq təmin olunmalı, eyni zamanda şagirdin fərdi ehtiyaclarına uyğun yanaşma həyata keçirilməlidir. Belə olarsa, şagirdin təhsilə olan marağı və özünəinamı artacaq.
Valideyn və müəllim arasında əlaqəsizlik
K.Aşumova bildirib ki, təhsil sistemində valideyn və müəllim arasında davamlı əlaqənin olmaması tez-tez rast gəlinən gizli problemlərdən biridir. Valideynlərin şagirdin məktəbdəki uğurları və çətinlikləri ilə bağlı müəllimlərdən zamanında kifayət qədər məlumat almaması təbii ki, uşağın təhsilinə mənfi təsir edə bilər. Valideynlər məktəbdə nə baş verdiyini bilmədiyi halda öz övladına dəstək verə bilməz. Eyni zamanda müəllimlər valideynlərə şagirdin akademik göstəriciləri və davranışı barədə müntəzəm məlumat vermədikdə, tədris prosesi tam koordinasiyasız olar.
Bu problemi həll etmək üçün valideynlər və müəllimlər arasında davamlı, açıq və səmərəli ünsiyyətin qurulması vacibdir. Müasir texnologiyalar sayəsində onlayn ünsiyyət platformaları, elektron məktublaşma valideynlərin gündəlik olaraq uşaqlarının təhsil prosesi barədə məlumat almalarına və yarana biləcək suallara dərhal cavab tapmalarına imkan yaradar. Valideynlərin iş qrafikinin sıx olduğu hallarda belə, bu vasitələr şagirdlərin dərs gedişatı, akademik göstəriciləri və sosial davranışları haqqında məlumatlı olmalarını təmin edə bilər. Belə olanda valideynlər məktəb həyatından təcrid edilmədiklərini hiss edər və övladlarının inkişafında daha yaxından iştirak edərlər.
Məktəb iclasları və valideynlərlə mütəmadi görüşlər ənənəvi hal kimi mühüm ünsiyyət vasitəsidir. Bu görüşlər zamanı valideynlər müəllimlərlə birbaşa ünsiyyətdə olub, övladlarının akademik performansı və sosial inkişafı ilə bağlı mövzuları müzakirə etmək şansı qazanırlar. Müəllimlərin valideynləri rəsmi görüşlərdən əlavə məktəbin mədəni tədbirlərinə, seminarlara və təlimlərinə cəlb etməsi valideynlər üçün daha geniş imkanlar yaradır. Bu cür tədbirlərdə iştirak edən valideynlər övladlarının məktəbdə necə inkişaf etdiyini daha dərindən başa düşür və təhsil prosesinin effektliyinə təsir edirlər. Valideynlərin məktəbin ümumi fəaliyyətlərində iştirak etməsi onların məktəb mühitinə inteqrasiyasını təmin edir və müəllimlərlə əlaqələrini möhkəmləndirir.
Ümumiyyətlə, valideynlər məktəbli övladlarının məktəbdə hansı çətinliklərlə üzləşdiyini və hansı nailiyyətlərə imza atdığını yaxından izləməlidirlər. Müəllimlərlə bu barədə davamlı əlaqə saxlanıldığı halda şagird üçün ən uyğun təhsil metodlarının seçilməsi təmin olunur və nəticədə valideyn və müəllim arasında sıx əməkdaşlıq yaranır.
Valideynlərin yüksək gözləntiləri
Bəzi valideynlər övladlarının akademik göstəricilərinə həddindən artıq fokuslanır və bu zaman onların fərdi inkişafını nəzərə almırlar. Bu cür təzyiq şagirdlər arasında stres və gərginliyə səbəb ola bilər. Onlar bacarıqları ilə üst-üstə düşməyən gözləntilərlə qarşılaşdıqda özlərini uğursuz hiss edə və bu da onların təhsilə olan marağını azalda bilər.
Bu problemin qarşısını almaq üçün valideynlər öz yetirmələri qarşısında real və onların fərdi potensialına uyğun hədəflər qoymalıdırlar. Çünki məktəblinin bacarığına və marağına uyğun olan məqsədlər təyin etməklə onun həm akademik, həm də emosional inkişafı təşviq edilər. Müəllimlər valideynlərlə uşağın təhsildəki güclü və zəif tərəflərini müzakirə etməli və valideynlərə uşaqla bağlı real gözləntilər formalaşdırmağa kömək etməlidirlər.
Valideynlər övladlarının yalnız akademik göstəricilərinə deyil, həm də onların emosional rifahına diqqət yetirməlidirlər. Şagird üçün uyğun dəstək mühiti yaratmaq, onu yüksək akademik göstəricilər naminə təzyiq altında saxlamamaq vacibdir.
Müəllimlər valideynlərin dəstəyindən istifadə etməlidirlər
Bəzi hallarda müəllimlər valideynləri yalnız onların övladlarının uğursuzluqları ilə bağlı məlumatlandırır və ya valideynlərin məktəbə cəlb edilməsini təmin etmirlər. Halbuki, valideynlərin uşağın təhsilində daha aktiv iştirakı onun akademik və sosial inkişafı üçün olduqca vacibdir. Valideynlərə öz övladları ilə evdə daha səmərəli vaxt keçirmək, onlara tədris materiallarını başa düşməkdə kömək etmək və məktəb fəaliyyətlərində iştirak etmək yolları göstərilməlidir.
Müəllimlər təlimlər və seminarlar vasitəsilə valideynləri məktəb tədbirlərinə cəlb etmək üçün daha çox təşəbbüs göstərməlidirlər. Nəticədə valideynlər məktəblə sıx əməkdaşlıq etməklə uşaqlarının təhsilinə daha çox töhfə verə bilərlər. Şagirdlər evdə və məktəbdə vahid yanaşma üsulu ilə qarşılaşmaqla təhsilə maraqları artar və bu, onların akademik uğurlarına da müsbət təsir göstərər. Yalnız valideynlərin və müəllimlərin birgə səyləri nəticəsində şagirdin təhsil uğurları davamlı şəkildə arta bilər.
Şagirdin fikir və hisslərinin nəzərə alınmaması
Müsahibimiz haqlı olaraq qeyd edir ki, məktəblinin fikir və hisslərinin valideynlər və müəllimlər tərəfindən nəzərə alınmaması təhsil prosesində qarşıya çıxan digər bir gizli problemdir. Valideynlər və müəllimlər bəzən şagirdin ehtiyaclarını görməzdən gəlir və ya onların fikirlərinə əhəmiyyət vermirlər. Bu isə şagirdin özünəinamını zəiflədir və sosial-emosional inkişafına mənfi təsir edir. Uşaqlar dinlənilmədikdə, özlərini təhsildən və ailə-məktəb mühitindən uzaqlaşmış hiss edirlər.
Bu problemi həll etmək üçün həm valideynlər, həm də müəllimlər məktəblinin fikir və hisslərinə daha çox diqqət ayırmalıdırlar. Şagirdə özünü ifadə etməsi üçün şərait yaradılarsa, onun emosional rifahı artar və bu, ona təhsil prosesində daha çox motivasiya verər. Odur ki, valideynlər övladlarının nə düşündüyünü və özlərini necə hiss etdiyini öyrənməli, müəllimlər isə sinifdə şagirdin fərdi ehtiyaclarını nəzərə alaraq ona yanaşmalıdırlar.
Bir sözlə şagirdin fikirlərinin ciddiyə alınması onun şəxsi inkişafını və özünəinamını gücləndirər. Məktəblinin tədris prosesində daha fəal və yaradıcı olmasına imkan yaradılmalıdır ki, bu, onun təhsilə olan marağını artırsın. Valideynlər və müəllimlər söylənilən bu prinsiplərə ciddi əməl etməklə öz yetirmələrinin təhsili və inkişaf sahəsində daha böyük uğurları qazanmış olarlar.
Sifai SƏFƏROVA
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)