SABAH tələbələri rəngləri danışdırdı
Onlar SABAH qruplarının tələbələridir, aralarında SABAH-dan məzun olanlar da var. Bu həftə SABAH-a ümidlə baxanlara ümid olmağa çalışdılar. 10 ildir yol gələn, SABAH qrupları COP tədbirlərinə də öz töhfələrini özünəməxsus şəkildə verdilər.
“Cəmiyyəti maarifləndirməyin bir yolu da incəsənətdir” - deyib biri saz götürdü, o birisi sözlə silahlandı, üçüncüsü əlindəki boyalarla dünyaya rəng qatdı, dördüncüsü qara qələmi ilə betonlaşan şəhərlərə parklar saldı. 4 qardaş ali təhsil müəssisəsi olaraq təbiətin, ətraf mühitin min bir dərdini Muzey Mərkəzində topladılar, bu dərdlərin səbəbkarı olan insanların diqqətini çəkməyə çalışdılar.
Söhbət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Musiqi Akademiyası və Azərbaycan Rəssamlıq Akademiyasının SABAH qruplarının tələbələrindən gedir. SABAH qruplarının 10 illiyi və COP29 tədbirləri çərçivəsində sərgi təşkil ediblər. “Davamlı gələcək üçün incəsənət” adlanan sərgi noyabrın 7-dək davam edib.
Sərginin açılışında
Sərginin ilk günü “Azərbaycan müəllimi” də oradaydı. Açılışa ölkədəki dövlət qurumlarının, nazirliklərin rəhbər şəxsləri, ayrı-ayrı təhsil müəssisələrinin müəllim və tələbələri, Ukraynanın Azərbaycandakı səfiri, Almaniyanın ölkəmizdəki səfirliyindən qonaqlar, ətraf mühit problemlərinə həssas olan insanlar qatıldılar.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbər şəxslərinin fəal iştirakı ilə təntənəli açılış oldu. EATDA-nın direktor müavini professor Əminağa Sadıqov Azərbaycanda son 10 ildə həyata keçirilən çoxsaylı layihələrdən biri olan SABAH-ın uğurlarından danışdı. “SABAH qruplarının 10 yaşı oldu. SABAH məzunlarının sayı 5 mindən, SABAH qruplarında təhsil alan tələbələrinin sayı 3 mindən yuxarıdır. Artıq ümumilikdə 10 minə yaxın SABAH yetirməsi var və bu, böyük qüvvədir. Bu sərgi də göstərdi ki, SABAH-da sadəcə riyaziyyatçı, fizik, kimyaçı yox, eyni zamanda incəsənət, iqtisadiyyat sahəsində də savadlı, bacarıqlı, məsuliyyətli, ağıllı kadrlar yetişir”.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ali təhsil müəssisələri ilə iş sektorunun müdiri, SABAH qrupları icra komitəsinin rəhbəri Elza Səmədovanın fikrincə, incəsənət elə sahədir ki, hamını ilhamlandırır: “Sərgidə teatr, musiqi, tətbiqi sənət, rəsm və memarlığın müxtəlif növlərini – metal, keramika, şüşə sənəti, xalçaçılıq, zərgərlik və başqa yaradıcılıq işləri olmaqla, ümumilikdə 180-dən çox yaradıcılıq, 30-dan çox memarlıq işi sərgilənir”.
İncəsənət ətraf mühit problemlərini necə görür?
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının tələbələri sərginin ilk anlarındaca ətraf mühitə, yaşıl dünyaya, “Yaşıl dünya naminə həmrəy olaq” devizinə uyğun dram, kiçik səhnələr və musiqi kompozisiyaları ilə çıxış etdilər.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin SABAH tələbəsi Vəfa Qüdrətova “Oyanış” adlandırdıqları kompozisiya ilə bağlı danışaraq dünyaya çatdırmaq istədikləri ismarıcın ünvanına çatdığına əmin olduğunu deyib: “Bu kompozisiya ilə təbiətin oyanışını, dirilişini təcəssüm etdirdik. COP29-un əsas mövzusu olan iqlim dəyişmələrində insan amilinin rolunu Mirzə Fətəli Axundovun qəhrəmanları Müsyo Jordan və dərviş Məstəli şah vasitəsilə çatdırdıq. Bizim kompazisiyada Məstəli şah Parisi partlatmır, Müsyo Jordanın topladığı otları yandırır. Ancaq dərvişin pisliyi özünə qalır. Təbiət yenidən oyanır. Bu da bir oyanış olur”.
SABAH-ın II kurs tələbələrinin bu ismarıcını təbiət düşməni insan düzgün anlamazsa, necə olacaq? Birdən insan ağacları, bitki örtüyünü yandırmaqdan qorxmamalı olduğuna dair nəticə çıxartsa, “onsuz təbiət özü-özünü bərpa edəcək, yenidən oyanacaq”, - desə...
ADMİU tələbələri öz kompozisiyalarında insana davranışının nəticəsini göstərə bildiklərini düşünürlər: “Bizim kompozisiya ilə insan nəyə səbəb olduğunu görür. Odur ki, arxayınlaşmayacaq, əksinə maariflənəcək, təbiətə qarşı yönələn əməllərinə son qoyacaq, düşmənçilikdən çəkinəcək”.
Seçilən nümunələr hər biri bir ismarıcdır
Layihələr arasında su ehtiyatlarından səmərəli istifadə, kanalizasiyalar, binaların tikilməsində urbanizasiya amilinə diqqət yetirilib, yaşıl ətraf mühitin mövcud olması və qorunması, yaşıl dünyanın yaradılmasına töhfə verilməsi, qlobal istiləşmənin qarşısının alınması üçün enerji resurslarından istifadə olunmasına yönələn layihələr seçilib.
Memarlıq və İnşaat üzrə sərgilənən 30 layihə arasında artıq beynəlxalq müsabiqələrdə yer tutan əsərlər var.
Süleyman Şirinli universitetin “Memarlıq” ixtisası üzrə IV kurs tələbəsidir. Sərgidə məktəb layihəsi ilə iştirak edir. Sıxlığı aradan qaldırmaq, ərazini funksional etmək üçün 2000 nəfərədək şagirdin təhsil ala biləcəyi məktəbi layihələşdirib.
“Memarlıq” ixtisası üzrə təhsil alan Sona Aslanova məktəblə yanaşı bir parkın da layihəsini hazırlayıb. Sona həm hamamın bərpası layihəsini hazırlayıb, həm də park layihəsini.
Rəssamlar rəngləri danışdırdı
Şahsənəm Yusifli Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının SABAH qruplarının dekorativ tətbiqi sənət ixtisası üzrə IV kurs tələbəsidir: “Sərgidə 3 işim var. Xüsusən təbiət mövzusunda olan əl işlərimi seçmişəm. Azərbaycan təbiətinin 3 gözəl mənzərəsini seçmişəm. Hazırda növbəti işlərimin üzərində çalışıram. Həmin nümunələrdə təbiətin biz insanların təsirinə məruz qalmasının nəticələrini də əks etdirməyi düşünürəm”.
Aysel Mehdixanova “Bədii toxuculuq” üzrə təhsil alır. Sərgidə 2 işlə - “Rənglərin rəqsi” və “Orkestr”lə təmsil olunub: “Hər iki işimin mövzusu COP29-dur. Birində musiqi, digərində baş rolda rənglərdir. Rəng və musiqi ilə çevrəmizi canlandırmağın vacibliyini vurğulamışam”.
Röya Mirzəli Rəssamlıq Akademiyası SABAH qrupları mərkəzinin meneceridir: “Çalışmışıq ki, tələbələrimizin və diplom məzunlarımızın işlərini sərgiləyək. Bədii xalça, bədii şüşə, bədii metal, keramika işlərini görə bilərsiniz. Sərgidə 160-a yaxın iş nümayiş olunur, 120-yə yaxın tələbəmiz öz işini sərgiləyir”.
Bu sərginin virtuallaşmasını istəyirik
Elza Səmədova “Azərbaycan müəllimi”nə bildirib ki, sərgidə 180-dən çox rəsm əsəri də sərgilənir ki, xaricdən gələn qonaqlar tələbələrimizin əl işlərinə heyran qalıblar və həmin əsərlərin satışa çıxarılmasını təklif ediblər.
Sərginin böyük maraq kəsb etməsi təşkilatçıları başqa bir ideyanı da reallaşdırmağa sövq edib: “Muzey Mərkəzinin virtuallaşmasına nail olmaq sərginin məqsədləri arasındadır. SABAH qrupları olaraq biz incəsənət yönümlü olan bu sərginin virtuallaşmasını istəyirik. Sərginin eksponatları SABAH qruplarının veb saytında virtual şəkildə izləyiciləri ilə görüşəcək”.
İkinci günündə Elm və təhsil nazirinin müavini İdris İsayev sərgiyə baş çəkib.
4 ali təhsil müəssisəsində təhsil alan Azərbaycan gəncləri hər kəsi COP29-un əsas mövzusuna - qlobal iqlim dəyişmələrinə incəsənət aspektindən baxmağa dəvət edir. İncəsənətin dili ilə “Ey insanlar, ağacları yanmağa qoymayın”, “Suyu itkiyə verməyin”, “Ətrafı çirkləndirməyin”, “Yaşıllığı soldurmayın”, “Canlıları öldürməyin” deyən gəncliyin səsinə qulaq verək. Onların öz al-əlvan dünyasından dünyamıza qatdıqları rənglərlə həyatımızı canlandıraq. Canlandıraq ki, dünya yarandığı gün kimi dursun, həyat davam etsin.
Ruhiyyə DAŞSALAHLI
FOTO: Kənan QAFAROV
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)