Bütün xəbərlər
7 noyabr, 10:51

Zəfər bayramında 

Ötən əsrdən bəri əzəmətlə ölkənin ən nüfuzlu tədbirlərinə, konsert proqramlarına ev sahibliyi edən Heydər Əliyev Sarayı... Dünən də çox əzəmətli görünürdü. Qapılarını məktəblilərin üzünə taybatay açmışdı. Qonaqlar da məktəblilər, səbəbkarlar da məktəblilər, təbrikə gələnlər də məktəblilər idi. 

Səbəbə gəlincə, bildiyiniz kimi, elm və təhsil nazirinin müvafiq əmri ilə aprel ayından ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Zəfər” respublika yaradıcılıq-festival müsabiqəsi keçirilirdi. 10 mindən artıq məktəblinin fəal qatıldığı həmin müsabiqənin yekun sərgi-konserti məhz dünən idi.

Sərgi 

Heydər Əliyev Sarayının geniş dəhlizindən keçib konsert zalına daxil olursan. Dəhlizboyu düzülən rəsm əsərləri, balaca əllərdən çıxan qeyri-adi əl işləri səni səndən alıb məktəblilərin sadə ağ vərəqlərə köçürdükləri dünyaya doğru aparır sanki. Özünü şagirdlərin vətəndən, vətənin şərəfli tarixindən, zəfərlə nəticələnən Qarabağ müharibəsindən danışan qəhrəmanlıq dastanının səhifələrində dolaşırsanmış kimi hiss edirsən. Bu sərgi müsabiqəyə təqdim edilərək yer tutan, yet tuta bilməsə də, iz buraxan, fərqlənən əsərlərdən təşkil edilib. 

Konsertdə

Beləliklə, dünən Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət yönümlü təhsil müəssisələrinin kollektivlərinin ifasında müxtəlif incəsənət nümunələri - rəqs, ifa, bədii qiraət və başqa nümunələr təqdim edildi. Bədii hissədə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf mərkəzlərinin özfəaliyyət kollektivləri, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin kollektivi, ümumilikdə 300-dən çox məktəblinin iştirakı ilə ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirildi.

Yaddaqalan ifalardan biri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupunun “Zəfər” rəqsi oldu. Dilbər Şəfaqətova, Aysu Məmmədli, Əsnat Məlikli, Zəhra Əliyeva, Aybəniz Cəfərli, Leyla Qarayeva, Nuray Əlizadə, Ayan  Şamilli, İlqarə İsmayıllı, Aylin Nadirova “Təbəssüm” rəqs qrupunun qızlarıdırlar. Bu gün Heydər Əliyev Sarayında “Zəfər” rəqsini zövqlə, qürurla ifa etdiklərini dedilər. Rəqs qrupunun rəhbəri Roza Seyidova deyir ki, bu rəqsi ilk dəfə məhz bu konsert üçün qurublar və 2 ay üzərində çalışıblar. Qızlar deyir, “Zəfər” rəqsini seviblər. Sevdikləri digər - “Odlar yurdu”, “Nağara”, “Qarabağ yallısı” rəqslərinin sırasına “Zəfər” də əlavə olunub.

Leyla Mütəllimzadə və Sevgi Mehdizadə Seymur Paşayevin müəllifi olduğu “Zəfərin mübarək Azərbaycan” şeiri ilə çıxış etdilər. Biri V, o biri VI sinifdə oxuyan məktəblilər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində teatr sənəti dərnəyinin üzvləridirlər. 

Bu konsertin tamaşaçıları da məktəblilərdir

Konserti izləyənlər arasında sağlamlıq imkanları məhdud internat tipli ümumtəhsil müəssisələrindən 250 nəfər, Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 1000 şagird tamaşaçı olaraq konsertə dəvət edilib. Onların arasında şəhid övladları da vardı. Amma yalnız məktəblilər deyil, tamaşaçıların arasında tanınmış mədəniyyət və incəsənət xadimləri,  rəsmi qurumların nümayəndələri və digər qonaqlar da vardı.

294 qalib var

Müsabiqə 4 istiqamət üzrə təxminən 30-a yaxın nominasiyada təşkil edilib. Layihədə respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (uşaq musiqi və uşaq incəsənət məktəbləri istisna olmaqla) 6-17 yaş arası istedadlı şagirdləri üç yaş qrupunda (6-10 yaş, 11-14 yaş və 15-17 yaş) iştirak ediblər. 4 istiqamət üzrə keçirilən festival-müsabiqə çərçivəsində  incəsənətin və yaradıcılığın müxtəlif janr və növləri üzrə fəaliyyət göstərən kollektivlər, dərnək və studiyalar, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətin müxtəlif növləri üzrə məşğul olan uşaqlar öz istedadlarını nümayiş etdiriblər.

Festival-müsabiqə 3 mərhələdə (rayon (şəhər), zona, final) keçirilib.

Zona mərhələsində 1-ci yeri tutan iştirakçılar oktyabrın 15-də Bakı şəhərində keçirilən final mərhələsinə qatılıblar. Münsiflər heyəti final mərhələsinə qatılmış iştirakçılar arasından 116 nəfəri I, 94 nəfəri II, 84 nəfəri isə III yerə layiq görüb.

Onlar da buradadırlar. Elm və Təhsil Nazirliyinin Tərbiyə məsələləri üzrə iş sektorunun müdiri Qeyrət Şirəliyev “Azərbaycan müəllimi” qəzetinin əməkdaşına bildirib ki, festival-konsertdə qaliblər də iştirak ediblər: “Sərgi-konsert 4-cü dəfə keçirilsə də, bu il bir yenilik etdik. Müsabiqə keçirərək sərgi-konserti onun yekunu olaraq təşkil etdik. Amma qaliblərimizi ayrıca tədbir təşkil edib, təbrik edəcəyik”.

Müsabiqə ilə bağlı  müşahidələrindən danışan Qeyrət Şirəliyevin sözlərinə görə, bu il uşaqlar, xüsusilə fəallıq nümayiş etdiriblər: “Uşaqların fəallığı çox yüksək səviyyədədir. 10 min nəfərin iştirakçılığı da bunu əminliklə deməyə imkan verir. Hələ ruh yüksəkliyini demirəm. Müsabiqənin nəticəsi olaraq 294 nəfər qalib elan olunub. Müsabiqənin final mərhələsində münsiflər heyətinin qalib hesab etdiyi həmin məktəblilər Elm və Təhsil Nazirliyinin hədiyyələri və “Fəxri Fərman”larına layiq görüləcəklər”. 

3 yaş qrupu üzrə qatılan məktəblilər arasında bakılı şagirdlər xüsusi ilə fəal olublar: “Bununla belə, regionlardan da müsabiqədə fəallıq göstərən və qaliblərdən olan şagirdlər kifayət qədərdir”.

294 nəfərdən biri Murad İbrahimovdur. O, Bakı məktəblisidir. 236 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Müsabiqəyə “Aşıq sənəti” nominasiyası üzrə qatılıb və ikinci yeri tutub: “Əslən Tovuzdanam. Ailəmdə sazı çox sevirlər.  Mən də özüm öyrənmişəm saz çalmağı. Müsabiqədə “Ruhani” çaldım. Musiqi məktəbində təhsil almamışam. “YouTube”dan dayımın, babamın videolarına baxa-baxa öyrəndim”.

Deyir bu uğurda ən böyük pay da elə özünə düşür: “Özüm məşq eləmişəm, çalmağı öyrənmişəm, ancaq ailəm də mənə böyük dəstək olub”.

Ailənin tək övladı olan Murada müsabiqə barədə müəllimləri məlumat veriblər və o həvəslə qatılıb.

Yusif Sadıqlı aşağı yaş qrupunda “Aşıq sənəti” nominasiyasında qatılıb müsabiqəyə. Fikrət Tağıyev adına 72 nömrəli tam orta məktəb-liseydə oxuyan Yusif  G.Şaroyev adına  35 nömrəli 11 illik musiqi məktəbinin şagirdidir. “Özümün marağım vardı. Anama dedim, məni apardı saza. İndi müəllimim Anar Alnağıyevdən saz sənətini öyrənirəm”.

Yusif ailədə tək uşaqdır. Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan uşaq-incəsənət festivalında respublika birincisi olub. Qazaxıstanın Azərbaycanda təşkil etdiyi “Biz xoşbəxt balalarıq” yarışının da qalibi olub. 

MÜSABİQƏ məqsədinə çatdı

Qeyd edək ki, festival-müsabiqənin keçirilməsində məqsəd Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın yad edilməsidir. Təşkilatçılar hesab edir ki, Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gəncləri maarifləndirməyin ən yaxşı yolu məhz budur. Bu tədbir ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün türk dünyasının qələbəsi olduğunu gənc nəslə çatdırır.

Ruhiyyə DAŞSALAHLI
Foto: Kənan QAFAROV

1 /17

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.