Bütün xəbərlər
16 oktyabr, 12:22

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17-19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçiriləcək. Bu il 5-ci dəfə keçiriləcək festival çərçivəsində 16 əsas və 2 alt kateqoriya üzrə yarışlar təşkil olunacaq. Festivalda iştirak məqsədilə ümumilikdə 5000-dən çox iştirakçı qeydiyyatdan keçib. Naxçıvan STEAM Təlim-Tədris Mərkəzinin müxtəlif komandaları da yarışda iştirak edəcəklər.

“Azərbaycan müəllimi” mərkəzdə komandaların hazırlıq prosesi ilə tanış olub.

İlk olaraq qeyd edək ki, Naxçıvan STEAM Təlim-Tədris Mərkəzinin binası  3 mərtəbəli, 236 yerlikdir. Burada STEAM, robototexnika, CNC-3D texnologiyası, qrafik dizayn, elektronika, proqramlaşdırma-mühəndislik, dron uçuş idarəçiliyi və kodlaşdırma dərnəkləri fəaliyyət göstərir. 3 ildir ki, fəaliyyət göstərən mərkəzə 200-ə yaxın uşaq cəlb olunub.

“Strategiyamız odur ki, bura gələn şagirdlər 4-cü sinifdən pillə-pillə hər şeyi öyrənsinlər”

STEAM Təlim-Tədris Mərkəzinin direktoru Fuad Babayev həm də STEAM üzrə mütəxəssisdir. Deyir ki, burada Muxtar Respublikanın bütün ümumtəhsil məktəblərinin 4-11-ci sinif şagirdləri iştirak edir:

“Mərkəzdə fərqli növ kabinetlər fəaliyyət göstərir ki, bunlardan əsasları “STEAM Kids” və ən bacarıqlı uşaqlarla işləmək üçün “İdeya” emalatxanası kabinetidir. Burada məqsəd odur ki, bir şagird bir neçə sahəni öyrənsin. Məsələn, heç bir mühəndis təkcə mühəndislik bilgisi ilə kifayətlənə bilmir. Dövrün tələbi odur ki, o, proqramlaşdırma və dizayn da bilməlidir ki, effektiv fəaliyyət göstərə bilsin. Bizim də strategiyamız odur ki, bura gələn şagirdlər 4-cü sinifdən pillə-pillə hər şeyi öyrənməklə “İdeya” emalatxanasında işləyə bilsinlər. Bu zaman artıq onlar layihələr, robotlarla sərbəst şəkildə işləməyi bacarır, bütün bilgiləri olduqları üçün bir məhsul ortaya qoya bilirlər. Dərnəklərdə davamiyyət önəmlidir. STEAM-ı sevdikləri üçün şagirdlərimiz davamlı iştirak edirlər.”

Bəs şagirdlər necə seçilir?

Direktor deyir ki, hər il yeni şagird qəbul etməkdənsə, mövcud şagirdləri daha da təkmilləşdirməyə üstünlük verirlər:

“Hər il “Kids” dərnəyinə 40-a yaxın şagird qəbul edirik. Bəzi bölmələrdə məzunlarımız olur ki, onların yerinə yeni şagirdlər qəbul edirik. Əsasən çalışırıq ki, öz şagirdlərimiz öyrənə-öyrənə mərhələləri adlasınlar”.

Maraqlıdır, bəzən ucqar kənd məktəblərində də istedadlı şagirdlər olur. Onları mərkəzə necə cəlb edirlər? Fuad müəllim deyir ki, dərnəklər əsasən günortadan sonra fəaliyyət göstərdiyi üçün ucqar kənddən gələn şagirdlərin gəlib-getməyi bir qədər çətin olur:
“Amma buna baxmayaraq, uzaq dağ kəndlərindən gələn şagirdlərimiz də var. Məktəbdəki STEAM müəllimlərinə də deyirik ki, çox bacarıqlı şagirdiniz olsa, mütləq bizimlə əlaqə saxlayın.

Məsələn, biz VIII Respublika Robot Olimpiadasında ucqar kənd olan Ərəzin kəndinin orta məktəbindən şagird aparmışdıq. Yaxın gələcəkdə beynəlxalq yarışlara məktəblərimiz də maraq göstərəcək və iştirak edəcəklər. Müəllimlər təkmilləşdikdən sonra onlar da fərdi şəkildə öz şagirdləri ilə beynəlxalq arenalarda iştirak edəcəklər, biz də texniki dəstək göstərəcəyik”.

“Müəllimlərimiz də fərdi olaraq yarışlara qatılacaqlar”

Fuad Babayev əlavə edir ki, Naxçıvan Təhsil Nazirliyi tərəfindən məktəblərdəki STEAM mərkəzlərinə yeni avadanlıqlar verilib, onların maddi bazaları zənginləşib. Bu da imkan verir ki, məktəblər beynəlxalq yarışlarda iştirak etsinlər:

“Özünüz şahid olacaqsınız ki, növbəti SAF-da müəllimlərimiz də fərdi olaraq yarışlara qatılacaqlar.”

Bu il yenilik edilib və SAF-a 18 komanda müraciət edib:

“İstəyirəm ki, həqiqətən də uğur qazana biləcək kadrlarla iş görək və faydasını hər kəsə göstərək. İndi kifayət qədər bacarıqlı şagirdlərimiz var, onların gücündən istifadə edərək komanda sayımızı artırmışıq. İlk dəfə olaraq “Kids” kateqoriyasından 3 komanda müraciət edib ki, ikisi finalda iştirak hüququ qazanıb. Ehtimal edirəm ki, ümumilikdə 10-dan çox komanda final mərhələsinə çıxacaq. Bu da yenilik olacaq ki, daha böyük komanda ilə ora gedəcəyik və daha çox sayda birinciliklər qazanacağıq”.

Bu cür beynəlxalq yarışların çox mühüm əhəmiyyəti var: şagirdlər bu yarışlarla təqdimat və problem həll etmə bacarıqlarını da artırırlar. Mərkəzin hədəfləri sırasında “Texnofest”ə getmək də var. Amma hazırda dərnəklərdə SAF-a hazırlıq gedir, komanda üzvləri bütün səyləri ilə yarışa hazırlaşırlar.

Onlardan biri də Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Tayfun İmanlıdır. Tayfun bu yarışa ilk dəfə qatılır. İl yarımdır ki, STEAM Mərkəzinə gəlir. O, belə danışır:

“Məktəbdə STEAM dərsləri var idi, müəllimlər də mənim marağımı görürdülər. Dedilər ki, belə bir mərkəz var. Mən də gələrək qeydiyyatdan keçdim və dərslər başladı. Məktəbdə də yarışlara gedirdim, burada da yaxşı nəticə göstərdiyim üçün beynəlxalq yarışlara cəlb olundum”.

Tayfun VIII Respublika Robot Olimpiadasında da iştirak edib və komandası birincilik qazanıb. Qalib komanda bu il noyabrın 26-28-də Sinqapurda keçiriləcək XXII Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcək. Keçən il də bu yarışda iştirak edib və az fərqlə üçüncü yeri tutaraq bürünc medal qazanıb:

“Bu il isə daha da həvəslə işlədik, biliklərimizi təkmilləşdirdik və “Heirs of East” komandası olaraq “Robosport” kateqoriyası üzrə qalib olduq. Hazırladığımız qurğu tennis idi — robotlar topları qarşı tərəfə atır, sonda kimdə daha çox top qalırsa, o uduzurdu”.

Əvvəl robot qol, indi isə sensorlu kub hazırladı

Tayfun hələ məktəbdə STEAM dərsində “Gələcəkdə şəhər” layihəsini, daha sonra isə pultla işləyən robot qol hazırlayıb. Bu robotla şəhərdəki böyük zibilləri yığıb başqa yerə atmaq mümkün olur. SAF-a gəlincə isə deyir ki, iki nəfərlik komandası nəm sensoru, “Bluetooth” modulu, GPS olan kub hazırlayıb. Bu qurğu dəyərləri telefona göndərir və orada göstərir:

“Məsələn, sağa-sola dönmə bucaqları, temperatur, rütubəti və s. göstərə bilir. Yarışmada 20 metr yuxarı qalxacaq, istilik veriləcək və dəyərlərin necə dəyişməsinə baxılacaq. Burada simsiz rabitə önəmlidir. Hər gün dərsdən çıxaraq əsas hazırlıqlara başlayırıq. Artıq ideya var, onu ortaya qoymaq üçün çalışırıq”.

Bu il məzun olacaq Tayfun gələcəkdə BANM-da kompüter mühəndisliyi ixtisasında oxumaq istəyir:

“Belə yarışlara da qatılaraq təcrübələrimi çoxaldıb daha yüksək yerlərə gəlmək istəyirəm”.

“Mərkəz tikilməyə başlayanda anam dedi ki, istəsən, səni bura üçün qeydiyyatdan keçirərəm”

SAF-a hazırlaşan digər komanda üzvlərindən biri də Tuncay Allahverdi Naxçıvan Qarnizonu tam orta məktəbin 7-ci sinfində oxuyur. İki ildir ki, STEAM Təlim-Tədris Mərkəzinə gəlir:

“Mənim STEAM dərslərinə marağım var idi. Hələ mərkəz tikilməyə başlayanda anam dedi ki, istəsən, səni bura üçün qeydiyyatdan keçirərəm. Mən də razılaşdım və qeydiyyatdan keçdim”.

“Top atan robot təqdim edəcəyik”

Tuncay 5-ci sinifdən bura gəlməyə başlayıb və uğurlarına görə artıq “İdeya” emalatxanası kabinetindədir. SAF-ın onun üçün maraqlı olduğunu deyir:

“Hələ qeydiyyat başlamadan əvvəl müəllim SAF-ın mövzuları və kateqoriyaları barədə bizə məlumat vermişdi. Komandada 3 nəfərik, top atan robot təqdim edəcəyik. Hər gün gəlib komanda şəklində yarışlara hazırlaşırıq. Komanda üzvləri ilə münasibətim yaxşıdır. Mənim fikirlərimi hamı bəyənir”.

Gələcəkdə isə pilot olmaq istəyir: “İki ildir ki, təyyarələrə maraq göstərirəm, onları araşdırmışam. Robotlara da marağım var, belə yarışlara getmək mənim üçün böyük bir şansdır”.

Cihazı avtomatik söndürən ağıllı priz

Yarışa hazırlaşan Zərxanım Alcəfərova isə Babək rayon Payız kənd tam orta məktəbin 9-cu sinif şagirdidir. Onu bura STEAM müəllimi yönləndirib:

“Ailəm də mənə dəstək oldu və bura gəldim. Öz marağım da çox idi. Hələ məktəbdəykən asma körpülər düzəltmişdim. İndi SAF-a sərbəst mövzu üzrə gedirəm”.

3 nəfərlik komanda ağıllı priz hazırlayıb. Bu prizə qoşulan istənilən cihaz qızdıqda avtomatik sönür. Maraqlıdır ki, Zərxanım gələcəkdə psixoloq olmaq istəyir, amma bu sahəyə də marağı olduğunu və gələcəkdə davam etdirməyi düşündüyünü qeyd edir.

Müxtəlif kateqoriyalar üzrə müxtəlif komandalar müraciət edib — artıq 4 komanda “Submerged” kateqoriyası üzrə “Nuh Yurdu” və “DeepTech”, “Vex IQ” kateqoriyası üzrə “CuperVEX”, “Vex Robotics” kateqoriyası üzrə “VexTurions” komandası qeydiyyatdan keçib, 14 komanda isə cavab gözləyir.

Qeydiyyatdan keçən və gözləmədə olan komandalar artıq həvəslə hazırlıqlara başlayıblar. Prosesi izləyəndə isə əmin olursan ki, bu əzm və çalışqanlıqla mütləq uğur qazanacaqlar.

1 /2

Şərhlər

Xəbər lenti

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU-da beynəlxalq akkreditasiya məqsədilə onlayn seminarlar keçirilir

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıq “Graduate Route” vizasının müddətini azaldır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

16 oktyabr, 11:56

MDU türk dünyası universitetləri ilə mübadilə imkanlarını genişləndirir 

16 oktyabr, 11:54

Kokand Universitetinin müəllimi AzMİU-da olub

16 oktyabr, 11:17

UNEC-in Startap İnkubasiya Mərkəzi beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 11:13

“Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın məlumat sessiyası keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.