
Orhun Mübadilə Proqramı çərçivəsində Özbəkistanın Kokand Universitetinin Turizm və İqtisadiyyat fakültəsinin Beynəlxalq turizm və iqtisadiyyat bölməsinin müəllimi Abduraxman Abduxamidov Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) elmi ezamiyyətdədir.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, qonaq müəllim 9 –19 oktyabr tarixlərində bakalavr səviyyəsində təhsil alan tələbələrə mühazirələr oxumaq məqsədilə AzMİU-nun Tikinti-iqtisad fakültəsinə (TİF) təhkim edilib. Səfərin ilk günündə Abduraxman Abduxamidov fakültənin dekanı dosent Turan Aslanova ilə görüşüb. Görüş zamanı fakültənin fəaliyyət istiqamətləri, ixtisas strukturu, kafedraların fəaliyyəti, AzMİU-da tədris prosesinin təşkili, müəllim–tələbə–valideyn münasibətləri və gənclərin elmə marağı barədə ətraflı fikir mübadiləsi aparılıb.
Bundan əlavə qonaq İqtisadi nəzəriyyə və marketinq kafedrasının müdiri professor Asəf Ağayev, Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri dosent Ruhəngiz Əliyeva, eləcə də adıçəkilən kafedraların əməkdaşları ilə görüş keçirib. Görüşdə beynəlxalq tədris metodologiyası, impakt faktorlu jurnallarda elmi məqalələrin dərc olunması, müasir tədris yanaşmaları və təcrübə mübadiləsi istiqamətində aktual məsələlər müzakirə olunub.
AzMİU-da olduğu müddətdə Abduraxman Abduxamidov marketinq ixtisası üzrə təhsil alan ingilis dilli qruplara “Auditorlar nə üçün lazımdır?” mövzusunda interaktiv mühazirə oxuyub. Mühazirə zamanı o, XXI əsrdə auditin dünya iqtisadiyyatında önəmli və geniş müzakirə olunan sahələrdən birinə çevrildiyini qeyd edib. ABŞ prezidentinin 2002-ci ildəki çıxışında auditin iqtisadi sabitliyin təminindəki roluna xüsusi diqqət yetirildiyini xatırladan qonaq, auditin böyük şirkətlərin idarə edilməsindəki əhəmiyyətini tələbələrə konkret faktlar və statistik göstəricilər əsasında izah edib. Fəal müzakirə şəraitində keçən mühazirə tələbələrin marağı və interaktiv iştirakı ilə yadda qalıb. Kokand Universitetinin müəllimi tələbələrinin yüksək bilik səviyyəsini, analitik düşüncə və ingilis dili bacarıqlarını məmnunluqla vurğulayıb.
Mühazirənin sonunda birgə xatirə fotosu çəkilib.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər