BMU-da “Yaşıl enerji” mövzusunda elmi seminar keçirilib
Bakı Mühəndislik Universitetində (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Yaşıl enerji” mövzusunda onlayn elmi seminar təşkil olunub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, seminarda qlobal ekoloji böhranlara qarşı mübarizəyə fəal qoşulan Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğu və bu yöndə keçirilən mühüm tədbirlər, eyni zamanda ölkəmizin evsahibliyi etdiyi COP29-da qəbul olunan tarixi qərarların önəmi vurğulanıb.
Çıxışlarda yaşıl enerji mövzusunun bütün dünyada aktuallıq kəsb etməsi önə çəkilib, bu baxımdan beynəlxalq təcrübələrlə tanışlıq, elmi araşdırmaların hazırkı nəticələrinin böyük maraq doğurduğu bildirilib.
Sonra seminarda iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent, Səudiyyə Ərəbistanı Neft Araşdırmaları İnstitutunun tədqiqatçısı Fəxri Həsənov məruzə ilə çıxış edib. O, məruzəsində hazırda tədqiqatlar apardığı, dünyada ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının yaşıl enerji hədəfləri haqqında geniş məlumatlar verib.
Sual-cavab sessiyası ilə davam edən seminarda müxtəlif ölkələrin bərpaolunan enerji potensialı Səudiyyə Ərəbistanının mövcud imkanları ilə müqayisəli təhlil olunub, habelə Azərbaycanın alternativ enerji növlərində üstünlüklərinə, hazırkı siyasətinə toxunulub. Ölkəmizin həm külək, həm günəş enerjisi, eyni zamanda işğaldan azad olunmuş ərazilərimizin hidroenerji imkanlarının mövcudluğuna diqqət çəkilib, yaşıl enerjiyə nail olmaq istiqamətində atılan addımların arzuolunan nəticələr verəcəyinə inam ifadə edilib.
Seminarın sonunda alim özünün 2025-ci il üçün tədqiqat planlarını açıqlayıb və bərpaolunan enerjiyə keçidin konkret ölkələr timsalında nə kimi effekt verdiyinin, iqtisadiyyata, beynəlxalq ticarətə necə təsir göstərdiyinin aparılacaq araşdırmaların predmeti olduğunu, belə elmi çalışmaların hazırkı dönəmdə xüsusi önəm kəsb etdiyini bildirib.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)