Müstəqillik dövründə Azərbaycanda könüllülük fəaliyyəti sürətlə inkişaf edib. 2009-cu ildə Milli Məclis tərəfindən “Könüllü fəaliyyət haqqında” Qanunun qəbulu ölkədə könüllülük fəaliyyətinin inkişafını daha da əhəmiyyətli rol oynayıb. Son illərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi bütün tədbirlərin təşkilinə on minlərlə könüllü cəlb olunub. Belə tədbirlərin sayəsində ölkəmizin böyük potensiala malik təcrübəli könüllü bazası formalaşıb. Hazırda Azərbaycanda könüllülük fəaliyyəti ilə məşğul olan yüzlərlə şagird, tələbə və müəllim var.
“Azərbaycan müəllimi”nin budəfəki müsahibi 27 yaşlı Elməddin Mirzəyev də vaxtilə könüllü kimi fəaliyyət göstərib. Azərbaycan Gənclər Fondunun keçirdiyi fərdi qrant müsabiqəsində qalib olmuş “Peşə könüllüləri” layihəsinin müəllifi Elməddin Mirzəyev Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində 40 tələbənin peşə könüllüsü kimi fəaliyyətinə şərait yaradıb. Layihənin məqsədi Azərbaycanda peşə könüllülüyü fəaliyyətini inkişaf etdirmək və könüllülər arasına peşə könüllülərini cəlb etməkdir.
- 2014-cü ildə Lənkəran Dövlət Universitetinin “Kimya və biologiya müəllimliyi” ixtisasına qəbul oldum. Universiteti bitirdikdən sonra 2019-cu ilin iyul ayında Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində Murov dağ istiqamətində hərbi xidmətdə olmuşam. 2019-2020-ci illərdə hərbi xidmətdən qayıtdıqdan sonra müəllimlərin işə qəbulu imtahanında iştirak edərək Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində biologiya müəllimi kimi pedoqoji fəaliyyətə başlamışam. Müəllim kimi çalışdığım bu illər ərzində peşə təhsili üzrə bir çox yerli və beynəlxalq təlimçilərin təlimlərindən faydalanmışam. Misal olaraq, onu deyə bilərəm ki, “Karyera məsləhətçisi və təlimçi” kurslarında peşə təhsili üzrə fərqlənən 100 müəllim arasında “Top-5”ə daxil olmuşam. Təhsil Nazirliyinin sifarişi əsasında 60 müəllimə məktəblərdə sağlam, sosial, emosional və təhlükəsiz mühitin formalaşdırılması üzrə ixtisasartırma təlimləri tədris etmişəm. Azərbaycan Gənclər Fondunun keçirdiyi “İdeyanı reallaşdır” fərdi qrant müsabiqələrində 2 dəfə qalib olmuşam. Bu layihələrimdən biri “Narıncı art layihəsi” olub. Layihə cənub regionunda olan 15-25 yaşlı gənclərin gözlərində “Zəfər günü necə təsvir olunur” şüarı altında 44 günə 44 gənclə həyata keçirilib. Digər bir layihəm isə “Peşə könüllüləri” olub.
- Niyə peşə könüllüləri ilə bağlı layihənin icrasına başladınız?
- Mənə də bu sualı tez-tez verirlər: Niyə peşə könüllüləri? Əslində, bunun çox maraqlı bir hekayəsi var. Tələbəlik illərimdə Regional İnkişaf İctimai Birliyi yaranmışdı. Mən həmin könüllülük proqramının Lənkəran nümayəndəliyinə müraciət etdim, İlkin Muradovun müsahibəsində oldum. Təəssüf ki, müsahibədən uğurla keçə bilmədim. Bu, mənim yaddaşımda travma kimi qalmışdı. Aktiv bir gənc olaraq hələ yolun əvvəlində idim. 5 il sonra 2021-ci ildə Regional İnkişaf İctimai Birliyinin nümayəndələrinin Cəlilabad rayonuna gəldiyini və könüllülər seçdiyini eşitdim. Bu elan məni 5 il öncəyə apardı. Düşündüm ki, müsahibələrdə yenidən iştirak edim. Müsahibədə yenə də İlkin müəllim iştirak edirdi. Həmin gündən sonra könüllülük təcrübəsi yolunda İlkin müəllim mənə çox dəstək oldu. RİİB-lə artıq bir çox təlim və tədbirlərdə iştirak edirdim. Bu proseslər məni könüllülüklə bağlı yeni ideyalar irəli sürməyə hazırlayırdı. Peşə təhsil müəssisəsində çalışdığım zaman bu təhsilin yaratdığı imkanlar barəsində daim maarifləndirici işlər görməyə çalışırdım. Bunun sayəsində peşə təhsilinin gündəmini daim izləyirdim. Düşündüm ki, niyə də peşə təhsilində könüllülük olmasın. İdeyamı layihə halına salmağa başladım. Daha sonra isə Gənclər Fondunun qrant layihələrinə müraciət etdim. Müraciətim qəbul olundu və qrant mükafatına layiq görüldüm. 2023-cü ildə yazdığım bu layihə bu gün də davam edir. İlk dəfə 40 nəfərlə başlayan bu könüllülük yolu artıq 10 dəfədən çox artıb. Hədəfimiz peşə könüllüləri ilə birlikdə peşə təhsilində izlər buraxmaq və ölkəmizdə peşə təhsilinin ən böyük təbliğatçısına çevrilməkdir. Bu istiqamətdə bu yay 2 təlim keçirdik. Daha sonra mərkəzin həyətyanı hissəsində simvolik olaraq 25 ağac əkdik. “COP29”, bullinq, ayrı-seçkilik, şəxsi inkişaf və s. mövzularda təlimlər həyata keçirdik. “Bir peşənin sirri” və “Səyyar gənclər xidməti” festivallarında könüllülük fəaliyyətləri icra etdik.
- Özünüz də könüllü kimi tədbirlərdə iştirak etmisiniz? Hansı fəaliyyətləriniz olub?
- Məktəbdə oxuduğum vaxtlardan fəal gənc olmuşam, amma könüllülük təcrübəm olmayıb. Lakin tələbəlik illərimdə “Xan Lənkəran” könüllüsü kimi fəaliyyət göstərmişəm. Könüllülük təcrübəmin ən aktual dönəmi müəllim kimi çalışdığım dövrlərə təsadüf edir. Bir çox ağacəkmə aksiyaları, “Küləyə qalib gəl” və s. təlimlərdə, ən əsası isə könüllülərin qurultayında iştirak etmişəm.
- Ölkəmizdə keçirilən COP29 konfransı ərəfəsində də ekologiya ilə bağlı müxtəlif tədbirlər, layihələr həyata keçirdiniz. Bununla bağlı nə deyə bilərsiniz?
- Bir biologiya müəllimi olaraq daim tələbələrimizi təbiətin dostları kimi yetişdirməli, onlara təbiəti sevməyi və onu qorumağı öyrətməliyik. Bu meyarlardan istifadə edərək tələbələrimizlə bu istiqamətlərdə maarifləndirici seminarlar təşkil etdim. Seminarlardan sonra tələbələrimiz ilə birgə süni intellektdən istifadə edərək iqlim dəyişikliyi mövzusunda araşdırmalar apardıq. Bunun üçün 2 qrupa bölünmüşdük. Bir qrup iqlim dəyişikliyinin yaranma səbəblərini, digər qrup bu səbəbləri aradan qaldırmaq üçün görülməsi vacib olan işləri araşdırdı. Yekunda hər iki araşdırma ilə bağlı videoçarx hazırlayıb ictimaiyyətə təqdim etdik. Ən sonuncu seminarımız COP29-un bitməsi ilə əlaqədar oldu. Bu seminarda tələbələrimiz COP29-la bağlı öhdəliklərini, bu tədbir çərçivəsində Azərbaycanda qəbul edilmiş qərarları və s. öyrəndilər.
“Düşündüm ki, həmin mövzunu keçməyim, amma sonra bunun düz olmadığını gördüm”
- Şagirdlərinizin biologiya fənninə marağı var? Ümumiyyətlə, fənninizi tədris edərkən hansı çətinliklərlə qarşılaşırsınız, onları aradan qaldırmaq üçün hansı metodlardan istifadə edirsiniz?
- Biologiya müəllimi olmaq mənim uşaqlıq arzum idi. Bu arzu müəllimimin bu fənni mənə sevdirməsi nəticəsində yaranıb. Müəllim kimi fəaliyyətə başladığım zamanlar şəxsi inkişafım üçün özümə belə bir sual vermişdim: mən bu fənni necə sevdim? Niyə biologiya? Daha sonra bu suallarıma cavab axtarmağa başladım. Hər tapdığım cavab məni bu fənnin mənə tədris olunduğu vaxtlara aparırdı. Həmin vaxtlarda istifadə edilən metodlardan istifadə etməyə başladım, amma bu zaman qarşıma bir çox çətinliklər çıxdı. Çünki hər uşaq eyni deyil. Mənə xoş gələn metodlar bir neçə tələbədə uğurlu nəticə versə də, digərlərində bu nəticəni almaq olmurdu. O səbəbdən məsələyə daha fərdi yanaşmağa başladım. Digər bir çətinlik isə hər bir biologiya müəlliminin rastlaşdığı və günümüzdə hələ də davam edən cinsi inkişafa aid olan dərslər idi. Əvvəl düşündüm ki, məktəbdə təhsil aldığım zamanlardakı kimi edim, həmin mövzunu keçməyim. Amma sonra bunun düz olmadığını gördüyüm üçün bu çətinlikdən qaçmaq yerinə onunla necə mübarizə apara biləcəyimi düşündüm. Birinci mövzuları tələbələri qız və oğlan qruplarına ayırmaqla ayrı-ayrılıqda tədris etməyi düşündüm, lakin bu metod da çox effekt vermədi. Daha çox fərdi metodlardan istifadə edirəm ki, uşaqlar utanmasın.
“Tələbələrimdən biri 42 yaşında idi, onu görəndə gülümsədim”
- Pedaqoji fəalliyətə Peşə Təhsil Mərkəzində başlamısınız. Yuxarı yaşlı tələbələrlə işləmək sizə çətin gəlmir ki? Bunun maraqlı və çətin tərəfləri nədir?
- Artıq 5 ildir ki, Peşə Təhsil Mərkəzində çalışıram. Karyera məsləhətçisi olduğum üçün bu mövzularda seminarlar təşkil etmişəm. Həmin vaxt belə bir maraqlı hadisə ilə qarşılaşdım. Deməli, yoxlama apardığım zaman tələbələrdən 4-nün dərsdə olmadığını gördüm. Sinif nümayəndəsindən səbəbini soruşduqda həmin uşaqların emalatxanada olduqlarını, amma dərsə gələcəklərini bildirdi. Qapı döyüldü, 4 tələbə içəri girdi. Gecikmə səbəblərini araşdırmağa başladım. Aralarında biri 42 yaşında idi, onu görəndə özümdən biixtiyar gülümsədim. Maraqlı tərəfi odur ki, yaşı çox olan tələbələr daha təcrübəli olur. Yaşlarının çox olması çətinlik deyil, əksinə, daha avantajdır. Çətin tərəfləri daha çox İKT ilə bağlı olur.
- Bəzən peşənizlə əlaqəli olmayan sahələr üzrə də təlimlər keçirsiniz. Özünüzü hərtərəfli inkişaf etdirməkdə maraqlısınız? Bu hansısa ehtiyacdan yaranır, yoxsa bu günün müəllimi elə belə də olmalıdır? Sizin fikrinizcə, müasir müəllim hansı keyfiyyətlərə, bilik və bacarıqlara malik olmalıdır?
- Mənim bir peşəm də təlimçilikdir. Bu sahə hər bir şəxsin fərdi inişafı üçün çox vacibdir. Hər bir insan daim inkişaf etməlidir. Bəzən çoxlu təlimlər keçiririk. Əmək bazarının tələbləri getdikcə artır. Bu səbəbdən hər bir şəxsin özünü inkişaf etdirməsinin, şəxsi bacarıqlarını “check up” etməsinin tərəfdarıyam. Bu yaxnlarda (18-24 oktyabr 2024) Azərbaycan Gənc Müəllimlər Assossasiyasının Lənkəranda təşkil etdiyi “Müasir müəllim modeli: rəqəmsal dünyanın gənc müəllimləri” təlimində iştirak etdim. Bu təlimdə məhz bu sualınıza bir çox cavablar tapmağa nail oldum. Düşünürəm ki, müasir müəllim ilk növbədə ünsiyyətcil, çevik qərar qəbul edən, təəssübkeş, İKT bacarıqları olan və daim öz üzərində işləyən olmalıdır. Müəllim analiz etmə bacarığına, tənqidi düşünmə təfəkkürə malik olmalı, onun tələbələrə yanaşması tamam fərqlənməlidir. Şəbəkələşmə və düzgün kommunikasiya bacarıqların inkişafına mütləq dəstək olacaq. Sosial medianı idarə etməli, şəxsi brendinqini qorumalıdır. Ən əsası isə tələbələrin sevgisini qazanmalıdır. AGMA-da biz buna belə deyirik: “Sevgi ilə öyrət”!
- Müəllimlik, yoxsa təlimçilik – bunlardan hansı ilə məşğul olmaqdan daha çox zövq alırsınız?
- Bu, çox maraqlı sualdır. Mənim fikrimcə, təlimçi müəllim olmaq daha yaxşıdır. Günün tələbi də məhz budur: təlimçi müəllim kimi yetişmək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)