Bütün xəbərlər
27 yanvar, 11:31

Məlum olduğu kimi, təhsilin bütün pillə və səviyyələrində keyfiyyətin təmin olunması başlıca məqsədlərdən biri kimi diqqət mərkəzində saxlanılır. Onun daha uğurla həyata keçirilməsində planlaşdırma əsas vasitələrdən hesab edilir. Çünki planlaşdırma olmadan görüləcək işin addımlarını müəyyənləşdirmək çətinləşir, müəyyən maneələr risk amili kimi gözlənilmədən fəaliyyətin zəifləməsinə və bəzən dayanmasına səbəb olur.

Təhsil müəssisələrində təlim onun təşkilindən başlayır. Bu isə əvvəlcədən bir sıra suallar üzərində düşünməyi tələb edir. Öyrənmə işi necə qurulmalıdır? Onun məzmununda nələr nəzərə alınmalıdır? Tələbənin fəallığını necə təyin etmək olar? Tələbənin fəaliyyəti necə dəyərləndirilməlidir? Tələbə-müəllim münasibətləri necə qurulmalıdır? və s.

Ali məktəb auditoriyalarında dərs deyən müəllim hər dərs üçün hazırlıq mərhələsində bu ritorik suallar ətrafında düşünməli və deyəcəyi dərsin ümumi planını qurmaq üçün onları nəzərə almalıdır.

İlkin araşdırmalar nəyi göstərir?

Məlum olduğu kimi, plan müəllimlərin deyəcəyi dərsin ilkin yanaşmada layihəsidir. Müəllim dərsinin strukturu haqqında əminlik hasil etdikdən sonra onun hazırlanması ilə məşğul olmağa başlayır.

Təcrübələr onu göstərir ki, ali təhsil müəssisələrində müəllimlər əksər hallarda mühazirə materialı, yaxud təqdimat hazırlamaqla kifayətlənirlər. Dərsin parametrlərini müəyyənləşdirməklə planın hazırlanmasına zəif diqqət yetirirlər. Yaxud ona əlavə, həm də artıq bir iş kimi yanaşırlar. Əslində, fəaliyyətə başlayan hər kəs, o cümlədən ali məktəb müəllimi yerinə yetirəcəyi işin fərqində olmalı, onun haradan başlayıb, harada bitməsini aydın təsəvvür etməlidir. Ona görə də hər bir dərs plan üzrə təşkil edilməli və aparılmalıdır.

Bu hal eynilə təhsil sistemində, o cümlədən müəllimlərin tədris fəaliyyətində baş verə bilir. Xüsusilə ali təhsildə, onun müxtəlif səviyyələrində kadrların bir mütəxəssis olaraq formalaşmasının tənzimlənməsində, işlərin ardıcıl və mərhələli şəkildə aparılmasında daha çox əhəmiyyət daşıyan şərt kimi qarşıya çıxır. Ona görə də ali təhsil pilləsində dərs deyən hər bir müəllimin il ərzindəki tədris fəaliyyətinin planlı əsasda yerinə yetirilməsi dövlət əhəmiyyətli olmaqla ciddi strateji mahiyyət daşıyır. Onun konkret standartların reallaşdırılmasına xidmət göstərməsi və müvafiq qaydada hesabatlarla yekunlaşdırılması məsuliyyət yaradır. Hər bir müəllimin konkret fənn üzrə fəaliyyəti ixtisas və fənn standartlarının reallaşdırılmasına xidmət göstərməklə təzahür edir. Başqa sözlə, dərs deyən müəllim kadr hazırlığı prosesində standartların reallaşması baxımından məsuliyyətlə üz-üzə dayanır. Ona görə də müəllim fəaliyyətinin planlaşdırılmasında belə hallar daha çox maraq doğurmalı, xüsusilə ixtisasa aid fənlər üzrə standartların tələbləri üzrə keyfiyyətlərin addım-addım reallaşdırılması izlənilməli, dəyərləndirilməli və yekunlaşdırılmalıdır. Xüsusilə təlimin əsas təşkilat forması olan dərslərin daha mükəmməlliyinə şərait yaratmaq üçün onun planlaşdırılma mərhələsinə daha çox diqqət yetirilməli və ciddi hazırlıq işləri aparılmalıdır.

İlkin araşdırmalar onu göstərir ki, ali təhsil müəssisələrinin müxtəlif sahələrində planlaşdırmaların aparılmasına xeyli diqqət yetirilsə də, müəllimlərin konkret dərs saatlarını, onun məzmununu və sistemini planlaşdırmaqda çatışmazlıqlar hələ də qalmaqdadır.

Dərs planı təlimin dizaynıdır

Bu baxımdan yaranmış mülahizələrin doğruluğunu yəqin etmək üçün apardığımız araşdırmalar zamanı da şahid olduq ki, dərs planları təlimin prosesinin dizaynı adlandırılır və onlar müəllimlər üçün praktik təlim alətləri kimi dəyərləndirilir. Həmçinin məqsədəuyğun hesab edilir ki, müəllimlər dərs saatlarını və mövzuları birgə götürərək eyni zamanda sillabus, dərslik və təhsil alanların faktiki vəziyyətini nəzərə alaraq təlimin məzmunu, təlim prosesi və təlim metodları ilə bağlı dizayn aparsınlar. Çünki ali təhsil müəssisələrində müəllimlərin bir çoxu dərs planları olmadan yalnız mühazirə və ya mühazirəyə dair qeydlərdən istifadə edirlər. Bəzi yeni fəaliyyətə başlayan müəllimlər isə sadəcə olaraq dərs planlarının mənasını və nəticəsini aydın təsəvvür edə bilmirlər.

Dərs planı nə üçün lazımdır?

Göründüyü kimi, dərs planının lazımi olub-olmaması hələ də əvvəlki illərdə olduğu kimi, gündəmdə qalmaqdadır. Müəllimlər hələ də gündəlik planların hazırlanmasına artıq iş kimi yanaşmaqda davam edirlər. Xüsusilə ali təhsil müəssisələrinin professor-müəllim heyəti, yuxarıda göstərildiyi kimi, dərsdə istifadə olunan materiallara dərsin planını əvəz edən sənəd kimi yanaşmaqdadır.

Dərs planı, birinci növbədə, həyata keçiriləcək tədris prosesinin rəsmiləşdirilməsi üçün istifadə olunan zəruri sənəddir. O, müəllimin hazırladığı plan olsa da, funksiyasına görə həyata keçiriləcək dərs prosesinin məzmun, struktur və sair məsələləri barədə ilkin təsəvvür yaradır. Onun vasitəsilə hər hansı dinlənilməyən dərs barəsində məlumat almaq mümkündür. Eyni zamanda müəllimin dərsə hazırlıq səviyyəsi barədə ilkin qənaətə gəlmək olur. Odur ki, müəllimlərin hazırladığı dərs planları dərslərin proqram əsasında konkret cədvələ əsasən tədris olunması barədə ilkin təsəvvürün yaradılmasında əhəmiyyətli rol oynayır.

Dərs planı, qeyd olunduğu kimi, müəllimin tədris fəaliyyətinin məzmununu əhatə etməklə özü tərəfindən hazırlanır. Eyni zamanda maraqlı olan hər bir strateji xarakterli idarə edənə təqdim olunur. Çünki dərsin bir öyrənmə prosesi kimi məqsədi, mahiyyəti və məzmunu gənclərin inkişafına təsir göstərən amil kimi xüsusi əhəmiyyət daşıyır. Ona görə də hər bir fənnin mahiyyətindən doğan və xüsusi təlim məqsədləri şəklində tələbələrə mənimsədilən bu anlayışlar, müddəalar, nəzəriyyə və faktlar aparıcı rolu ilə diqqət mərkəzində olmalıdır.

Dərs planı haqqında danışarkən onun müəllimin fəaliyyət dairəsini müəyyənləşdirdiyi, eyni zamanda bir kompas olaraq lazımi istiqamətə yönəltdiyi qeyd olunur. Həmçinin bildirilir ki, dərs planı tələbələrin nəyi öyrənməli olduğu və onun dərs müddətində vaxtını necə effektiv şəkildə həyata keçirməsi barədə yol xəritəsidir.

Dərs planları müəllimin fəaliyyət istiqamətlərini əhatə etsə də, ümumi xarakter daşıyır və bununla müəllimin situativ yanaşmalarına yol açır. Odur ki, bu sənəd haqqında mütəxəssislərin özünəməxsus qənaətləri vardır. Onların fikrincə, dərs planı tədris məqsədlərinin, təlim məqsədlərinə və onlara nail olmaq vasitələrinin ümumi konturlarını təqdim edir və heç bir halda tam xarakter daşıyan konkret fikir söyləmir. Məhsuldar və səmərəli dərs hər şeyin planlaşdırıldığı kimi baş verən dərs deyil. Həm tələbələrin, həm də müəllimlərin bir-birindən öyrəndiyi dərsdir. Elə dərs ki, hər kəs qarşılıqlı fikir mübadiləsində bir-birini dinləyir və bir-birindən öyrənir. Belə şəraitdə müəllimlərin daha yaxşı və keyfiyyətli işləmək cəhdi baş verir. Dərs planı strateji əhəmiyyət daşıması ilə yanaşı, həm də müxtəlif funksiyaları özündə birləşdirən mürəkkəb bir struktur mexanizmidir. Bu mürəkkəblik, ilk növbədə, onun strukturunda özünü göstərir. Müxtəlif variativ xarakterli fikirlərdən ibarət olan bu yanaşmalarda dərs planının hansı problemə, yaxud mövzuya aid olmasından asılı olmayaraq onun sadəliyi ayrıca qeyd olunur. Belə ki, dərs istər metodik aparaturasından, istərsə də ifadə etdiyi hər hansı məsələdən asılı olmayaraq sadə olmalıdır. Digər əlaqəli bir şəxs onu anlamalı və başa düşməlidir.

Təəssüflə qeyd etmək lazımdır ki, bəzi hallarda dərsin planı elə quruluşda və dildə hazırlanır ki, onu nəinki istifadə etmək, hətta anlamaq və başa düşmək belə çətinləşir. Ona görə də dərs planlarının sadə və anlaşıqlı olması, həmçinin digər müəllimin ondan istifadə edə bilməsi, zəruri hallarda başqa müəllimlər tərəfindən reallaşdırıla bilməsi də vacib şərtlərdəndir.

Dərs planı necə hazırlanmalıdır?

Belə bir sualın meydana çıxması da təsadüfi olmamışdır. Müəllimlərlə aparılan çoxsaylı fikir mübadilələrində belə bir məsələnin daha çox maraq doğurduğu və müəllimlər tərəfindən səsləndirildiyi diqqəti cəlb etmişdir. Əslində dərs planının necə hazırlanması ilə bağlı çoxvariantlı fikirlərin olması da bəllidir. Və bunların içərisində təcrübəyə istinad etmək, sınanmış yanaşmalara fərqli yer ayırmaq daha əhəmiyyətli hesab edilir.

Dərsin uğurlu və məqsədəuyğun qaydada reallaşdırılması ilkin olaraq onun planlaşdırılmasından daha çox asılıdır. Ona görə də planlar dərsin məqsədinə uyğun olaraq əhatə olunan məsələlərin, eləcə də tələbələrin ehtiyac və tələbatlarına uyğun hazırlanmalıdır. Həmçinin qarşıya qoyulmuş konkret məqsəd və vəzifələrin icrasına yönəldilməlidir.

İlkin olaraq dərs aydın və konkret ifadə olunan məqsədlərin reallaşdırılması istiqamətində qurulmalıdır. Məqsədlər inkişafyönümlü xarakter daşımaqla tələbələrin səriştə əsaslı fəaliyyətinə təminat verməli və ölçülə bilən olmalıdır.

Həmçinin dərsin mərhələlərə əsaslanan metodik aparaturasında tələbələrin interaktivliyi aparıcı rol oynamalı və didaktik əhəmiyyət daşımalıdır. Dərsdə tələbələrin bir tədqiqatçı kimi axtarış aparmaq, kreativ fəaliyyət göstərə bilmək imkanlarının yarandığı və bu imkanların daha çox motivasiya xarakterli olması nəzərə alınmalıdır.

Nəzərə almaq lazımdır ki, təcrübələr də müəyyən nəzəri müddəaların əsasında yaranması ilə seçilir. Başlanğıc mərhələdə bir araşdırmanın nəticəsi kimi meydana çıxır. Yaxud bir müddəa olaraq irəli atılmaqla təcrübədən keçirilir. Bütün hallarda nəzəriyyə ilə təcrübənin sınağından keçərək geniş istifadə olunmağa başlayır. İstifadə olunduqca özünün istifadə olunma tarixini yaradır. 

Təlimin əsas təşkilat forması - dərs

Təlimin əsas təşkilat forması olan dərs haqqında da bu fikirləri söyləmək olar. Dərs özünün böyük bir inkişaf yolunu keçərək hazırki daha modern mərhələyə gəlib çatmışdır. Onun barəsində araşdırma aparan, fikir söyləyən insanlar bu formanın müasir dövrdə daha kreativ xarakterdə olmasının zəruriliyini əsaslandırırlar. Onun istər elmi, istər metodiki baxımdan tələblərə cavab verməsindən bəhs edirlər. Bütün bunlarla yanaşı, onun daha mükəmməl planlaşdırılmasının vacibliyini də əsaslandırırlar. Təcrübələr də onu göstərir ki, daha yaxşı düşünülmüş plan olmadıqda dərsin ardıcıl və sistemli qurulmasında yanlışlıqlara yol verilir. Qoyulmuş məqsədə doğru atılan addımlarda qeyri-dəqiq yanaşmalar baş verir. Həmçinin tələbə maraqlarının nəzərə alınmasında düzgün olmayan qərarlar qəbul edilir. Ona görə də aparılan araşdırmalarda uğurlu dərs planının hazırlanmasında aşağıdakı cəhətlərin nəzərə alınması məqbul hesab edilir.

1. Təlim məqsədinin müəyyənləşdirilməsi.

2. Təlim fəaliyyətinin, onun mərhələlərinin məzmununun müəyyən olunması.

3. İnkişafın müəyyən olunması üçün qiymətləndirmə mexanizmlərinin konkretləşdirilməsi. 

Ali məktəb müəllimlərinin tədris işində, əsasən, tələbə və müəllimlərin qarşılıqlı fəaliyyəti bütövlükdə prosesin səmərəliliyində daha çox rol oynadığından bu işin effektiv qurulması və planlı şəkildə mərhələlərlə aparılması təklif edilir. Qabaqcıl təcrübəyə əsasən, belə nəticəyə gəlmək olar ki, həmin mərhələləri aşağıdakı kimi qurmaq məqsədəuyğundur:

1. Dərsdən əvvəlki mərhələ.

2. Dərs mərhələsi.

3. Dərsdən sonrakı mərhələ.

Dərsdən əvvəlki mərhələni hazırlıq mərhələsi də adlandırmaq olar. Burada başlıca məqsəd dərsi daha məhsuldar, keyfiyyətli təşkil etmək üçün ona müvafiq hazırlıq işləri aparmaqdan ibarətdir.

Müşahidələr onu göstərir ki, hazırlıq nə qədər lazımlı bir mərhələ olsa da, müəllimlər çox hallarda ona məhdud vaxt ayırır, müvafiq materialları nəzərdən keçirməklə öz vəzifələrini bitmiş hesab edirlər. Yaxud konkret mövzu üzrə nəzəri materialları xatırlamaq üçün gözdən keçirir və bununla işlərini başa vurmuş olurlar. Əslində, dərsdən əvvəlki hazırlıq mərhələsi görülən işləri müəyyən etməklə onların ardıcıl planını hazırlamaqdan ibarətdir. Bu işlərin içərisində məqsədin müəyyən olunması ön planda dayanır. Hər dərs üçün məqsədi konkretləşdirməklə onun sistemini əvvəlcədən müəyyənləşdirmək asanlaşır. Həmçinin məqsədlər dərsin təlim keyfiyyəti haqqında fikir söyləməyə imkan verir. Məsələn, “Pedaqogika” üzrə “Təlim metodlarını müqayisəli təhlil etməklə fərqləndirir”, “Dərsin mərhələləri arasında əlaqə və bağlılığı nümunələrlə əsaslandırır”, “Blum taksonomiyalarına əsasən təhsil standartları hazırlayır”, “Təhsilin məzmunu haqqında biliklərə istinad edərək fənn proqramlarının hissələrinə aid nümunələr (səriştə, məzmunun təsviri və s.) hazırlayır”. Göründüyü kimi, bu təlim məqsədlərində sadəcə biliklər deyil, həmçinin tələbələrdən “müqayisə aparmaq”, “fərqləndirmək”, “əsaslandırmaq”, “standart nümunələri hazırlamaq” kimi tətbiq bacarıqları tələb olunur. Beləliklə, dərs prosesində həm müəllimlərin, həm də tələbələrin bu müddəalara fokuslanmaları vacib hesab edilir. Beləliklə, bütövlükdə dərsin məzmunu və fəaliyyətlər belə bir praktik məqsədin reallaşdırılmasına yönəldilir.

Təlim məqsədləri müəyyənləşdirilərkən onlara hansı didaktik tələblər verilə bilər? Burada başlıca cəhət ondan ibarətdir ki, tələbələrin nəyi biləcəyi və ya edə biləcəyi aydın şəkildə ifadə olunsun. Bununla yanaşı, aşağıdakılar da nəzərə alınsın:

* Aydın şəkildə ifadə edilməsi;

* Əldə olunmasının mümkünlüyü;

* Nümayiş etdirilən və ölçülə bilən olması;

* İnklüzivliyin nəzərə alınması;

* Proqramın məqsədlərinə uyğunluq.

Əlbəttə, bu problemlə bağlı xüsusi tədqiqatlar aparılarsa, tələblərin məzmunu və sayı dəyişə də bilər.

Tədris fəaliyyətinin konturları 

İkinci mərhələ xüsusi təlim fəaliyyətlərinin planlaşdırılmasıdır. Bunun üçün, ilk növbədə, məqsədin reallaşdırılmasında əhəmiyyətli hesab edilən fəaliyyət növləri müəyyən olunmalı və təlim materiallarının seçilməsi üzərində iş aparılmalı, hər bir müəllim bu mərhələdə materialların xarakterindən irəli gələn və potensial imkanlara uyğun olan strateji addımlardan istifadə edilməlidir. Başlıca olaraq aşağıdakı suallar ətrafında düşünülməlidir:

* Təlim marağı yaratmaq üçün nə edəcəyəm?

* Mövzunu fərqli şəkildə təqdim etmək üçün nədən başlayacağam?

* Tələbələrin diqqətini mövzuya necə cəlb edəcəyəm?

* Təlim materiallarının daha yaxşı anlaşılması üçün hansı real həyat nümunələri, analogiyalar və vəziyyətlərdən istifadə edəcəyəm?

* Mövzunun daha yaxşı başa düşülməsi üçün əlavə olaraq daha nə edə biləcəyəm?

* Öyrənmə strategiyasının müəyyənləşdirilməsi.

Bununla yanaşı, tələbələrin öyrənmə strategiyasını da müəyyənləşdirmək müəllimin üzərinə düşən ciddi vəzifədir. Ona görə də o, qeyd olunan məsələ ətrafında araşdırmalar apararaq özünün bu istiqamətdəki fəaliyyətində də qətiyyətli addımlarını müəyyənləşdirməlidir. Təcrübələr göstərir ki, təlim prosesində, əsasən, aşağıdakı fəaliyyət növlərindən istifadə edilir.

1. Materiallarla qarşılıqlı əlaqə və tanışlıq.

2. Rəqəmsal məzmunla qarşılıqlı əlaqə.

3. Müəllim-şagird münasibətləri və yaşıdlarla qarşılıqlı əlaqə.

4. Tənqidi düşünmək və problem həll etmək.

5. Refleksiya (tələbənin münasibəti).

Tələbələrin, təlimin işi dərsin məqsədlərinə uyğun olmalı, onları aktiv, konstruktiv, orijinal əməkdaşlıq fəaliyyətlərinə cəlb etməli, praktik əhəmiyyət daşımalıdır.

Qiymətləndirmə fəaliyyətinin təşkili

Qiymətləndirmə ali məktəb auditoriyasında tələbələrin öyrənmə fəaliyyətini təmin edən mexanizmlərdən biridir. Müasir hesab edilən dərslərin hamısında bu elementin olması vacib hesab edilir. Çünki o dərsin planını məzmun və struktur cəhətdən tamamlayır, tələbələrin fəaliyyətinin daha effektiv ölçülməsinə və istifadə olunmuş tədris metodlarına tənqidi yanaşmağa imkan verir.

Üçüncü-dərsdən sonrakı mərhələ kompetensiyaların hər hansı komponenti (bilik, bacarıq, yanaşma, dəyər) üzrə əldə olunmuş nailiyyətlərin möhkəmləndirilməsi üzərində iş davam etdirilir. Bu zaman onun keyfiyyətinin artırılması diqqət mərkəzində saxlanılır.

Nəticə

Bu gün müasir dünyanın təhsil meridianında təhsilin bütün pillə və səviyyələrində, o cümlədən ali təhsildə vacib olan məsələlərdən biri kimi dərsin daha modern planlaşdırılması dayanır. Bu barədə düşünmək və daha effektiv formalar tapmaq üçün araşdırmalar aparmaq, müzakirələr keçirmək pedaqoq alimlərin üzərinə düşür.

Ənvər ABBASOV,
Bakı Slavyan Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

Xəbər lenti

29 yanvar, 17:52

“Hədəfdə STEAM – 7”: təhsildə yeniliklər və texnologiyanın zəfəri

28 yanvar, 21:34

Aktiv fəaliyyətlər uşaqların xoşbəxtlik hormonunu artırır - MÜSAHİBƏ

28 yanvar, 20:38

STEAM-in təcrübə proqramına 500-dən çox gənc müraciət edib

28 yanvar, 20:31

4 rayonda yeni peşə təhsili müəssisələri tikiləcək

28 yanvar, 20:17

Folklor İnstitutuna yeni direktor təyin olunub

28 yanvar, 20:11

Tələbələr ildə bir dəfə özəl klinikada pulsuz tibbi müayinədən keçəcəklər

28 yanvar, 18:13

Prezidentdən yeni təyinat

28 yanvar, 17:14

Məktəb sənədləri rəqəmsallaşdırılır

28 yanvar, 17:10

Uşaq Gənclər Futbol Məktəbinin təlim bazası yenilənir – FOTO

28 yanvar, 16:53

Birgə nahar müəllim-şagird əlaqələrini daha da gücləndirir ARAŞDIRMA

28 yanvar, 16:30

Lənkəranda qəza: xəsarət alanlar arasında məktəbli də var

28 yanvar, 16:23

Peşə mərkəzində hibrid və elektrik avtomobillər emalatxanası yaradılır

28 yanvar, 16:23

Region birincisinin uğur formulu: Vaxtdan düzgün istifadə edin!

28 yanvar, 16:08

Kənan Mirzəyev: Region gənclərinin peşə təhsilinə cəlbi prioritetdir

28 yanvar, 15:41

Əmək vəzifələrinin kobud pozulması halları hansılardır?

28 yanvar, 15:25

Universitetlər “yaşıl bacarıqlar” baxımından geridə qalır?

28 yanvar, 15:05

2025-ci ildə təhsili formalaşdıracaq 5 trend

28 yanvar, 14:57

Könüllülük gənclərin iş tapmasını asanlaşdırırmı? 

28 yanvar, 14:39

Yüksək nəticə toplayan region olimpiadaçıları - Uğur hekayələri

28 yanvar, 13:47

“Müəllim hər yeniyetmənin unikal olduğunu qəbul etməlidir” – Psixoloq

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.