Bütün xəbərlər
9 avqust, 11:10

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar.

“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən Bəyannaməni təqdim edir.

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair

BİRGƏ BƏYANNAMƏ

Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək aşağıdakıları bəyan edirik:

1. Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq;

2. Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq;

3. Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;

4. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik;

5. Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik;

6. Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik;

7. Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik.

Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində imzalanmışdır.

 

               İlham ƏLİYEV                                                                                    Nikol PAŞİNYAN

Azərbaycan Respublikasının Prezidenti                                       Ermənistan Respublikasının Baş naziri

 

Şahidlik etdi:

Donald Tramp

Amerika Birləşmiş Ştatlarının Prezidenti

1 /10

Şərhlər

Xəbər lenti

9 avqust, 18:29

ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər

9 avqust, 18:24

Qalib Liderin diplomatik Zəfəri

9 avqust, 11:19

Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib

9 avqust, 11:04

Azərbaycanın və ABŞ-ın prezidentləri, Ermənistanın Baş naziri Ağ Evdə mətbuata bəyanatla çıxış ediblər 

9 avqust, 10:57

Vaşinqtonda Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb

9 avqust, 10:51

Birinci vitse-prezident Mehriban Əliyeva Vaşinqtonda keçirilən görüşə dair paylaşım edib

9 avqust, 10:48

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair saziş layihəsini paraflayıblar və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzalayıblar

8 avqust, 23:01

“Maarifçi”lər Elm və Təhsil Nazirliyi üçün strateji plan hazırladılar – REPORTAJ 

8 avqust, 22:02

Qrup rəhbəri və ixtisas müəllimi vakansiyası üzrə nəticələr açıqlandı

8 avqust, 19:16

Mikayıl Cabbarov Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru ilə görüşüb

8 avqust, 19:10

Müəllimlərin sertifikasiya imtahanı üzrə apellyasiya nəticələri AÇIQLANDI

8 avqust, 17:48

Professor Şahbaz Muradov: Hər bir alim elmin davamlı inkişafında fəal iştirak etməlidir

8 avqust, 16:48

Növbəti 10 ildə peşə təhsili alanların sayı 50 minə çata bilər

8 avqust, 16:27

Qarabağın şagirdləri üçün “Yay məktəbi” təşkil edilib

8 avqust, 16:19

“Dərzi” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə bacarıqlar qiymətləndirilib

8 avqust, 16:11

Bağça müəllimi: Müasir uşaq yaradıcı müəllim tələb edir

8 avqust, 16:01

9 illik təhsil bazasından kolleclərə qəbul imtahanının nəticələri açıqlandı

8 avqust, 15:55

66 gənc ABŞ-də təhsil alacaq – 44-ü TOP10 universitetlərdə

8 avqust, 14:33

Ceyhun Kərəmov: Bəzi işəgötürənlər süni intellekt bacarıqlarını da tələblər siyahısına daxil edir 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.