.jpeg)
Son illərdə gənclərimizin dünyanın reytinqli ali təhsil müəssisələrində təhsil alması, akademik uğurlarla yanaşı, ictimai-sosial işlərdə də fəallıq göstərmələri onların potensial imkanlarından, istedad və əzmkarlığından xəbər verir
“Azərbaycan müəllimi” qəzeti “Dövlət Proqramı təqaüdçüləri” rubrikasında bu dəfə oxuculara “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində “İctimai siyasət” ixtisası üzrə magistr təhsili alan Şəbnəm Tağıyevanı təqdim edir.
Müsahibəyə keçməzdən öncə Şəbnəmin bu günə qədər keçdiyi təhsil yoluna nəzər salaq.
Tanıtım: Şəbnəm Tağıyeva 7 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olub. 2000–2011-ci illərdə Bakıdakı 286 nömrəli tam orta məktəbdə təhsil alıb və məktəbi əla qiymətlərlə bitirib. Hələ məktəb illərindən bütün fənlərə maraqla yanaşıb, elmi və ictimai tədbirlərdə, o cümlədən Məktəb Parlamentində fəal iştirak edib. Çalışqan və məsuliyyətli bir şagird kimi tanınıb. 2011-ci ildə ali məktəblərə qəbul imtahanlarında 680 bal toplayaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin “Hüquqşünaslıq” ixtisasına qəbul olub və Prezident təqaüdünə layiq görülüb. 2015-ci illərdə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub.
.jpeg)
Tələbəlik dövründə də bir sıra ictimai və sosial tədbirlərdə, eləcə də Dövlət İdarəçilik Akademiyasında Tələbə Gənclər Təşkilatının idarə heyətində və müxtəlif departamentlərində könüllü fəaliyyət göstərib. 2013-cü ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkil etdiyi Liderlik Məktəbində, 2014-cü ildə isə ARDNŞ-nin yay məktəbində iştirak edib. Bakalavr illərində eyni zamanda Dövlət Miqrasiya Xidməti, Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Prezident Administrasiyasında qısamüddətli təcrübə proqramlarında iştirak edib. 2015–2017-ci illərdə Bakı Dövlət Universitetində “Hüquqşünaslıq” ixtisası, kommersiya hüququ ixtisaslaşması üzrə ingilis dilində magistr təhsili alıb. Təhsil müddətində eyni zamanda özəl sektorda hüquqşünas kimi əmək fəaliyyətinə başlayıb. Əvvəlcə ölkəmizin aparıcı idman qurumlarından biri olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) hüquqşünas kimi müxtəlif vəzifələrdə çalışıb. Xüsusilə, 2019-cu ildə Bakıda keçirilən UEFA Avropa Liqası final oyununun hüquqi işlərinin koordinasiyası və 2021-ci ildə UEFA Euro 2020 çərçivəsində Bakıda baş tutan oyunların hüquqi işlərinin tənzimlənməsinə birbaşa rəhbərlik edib. Bu mərhələlər onun üçün həm peşəkar, həm də beynəlxalq təcrübə baxımından olduqca əhəmiyyətli olub.
Bundan əlavə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olaraq qısa müddət vəkil kimi, həmçinin hüquq şirkətində müqavilə hüququ, kommersiya və korporativ hüquq sahələrində fəaliyyət göstərib. Daha sonra dövlət sektoruna keçərək ölkəmizin mötəbər qurumlarında, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində, eləcə də Azərbaycan Respublikası Prezident Administrasiyasında hüquqşünas kimi fəaliyyətimi davam etdirib.
“Məktəbi və müəllimlərimi o qədər çox sevirdim ki, heç bir dərsi buraxmırdım”
– Kifayət qədər zəngin uğur tarixçəniz var. Uğurlarınızda məktəbin, müəllimlərinizin rolunu necə qiymətləndirərdiniz?
– Düşünürəm ki, orta məktəb illəri akademik uğurlarımın təməlini qoymaqla yanaşı, eyni zamanda şəxsiyyətimin formalaşmasında da mühüm rol oynayıb. Orta məktəbdə ibtidai sinifdən son sinfə qədər mənə dərs deyən bütün müəllimlərimin hər birinin mənim inkişafımda əvəzsiz rolu olub. Onların peşəkarlığı, qayğısı və verdikləri motivasiya sayəsində dərslərə hər zaman böyük maraqla yanaşmış, daim öz üzərimdə çalışmışam.
Xatırlayıram, məktəbi və müəllimlərimi o qədər çox sevirdim ki, demək olar ki, heç bir dərsi buraxmırdım. Məktəb mənim üçün hər gün həyəcanla qaçdığım, özümü inkişaf etdirdiyim bir mühit idi və bu baxımdan özümü həqiqətən çox şanslı hesab edirəm.
Müəllimlərimin yaratdığı ruh yüksəkliyi sayəsində yalnız ixtisas fənlərinə deyil, bütün fənlərə eyni maraqla yanaşırdım. Bəzi müəllimlərim mənim ali məktəblərə qəbul imtahanlarına məhz III ixtisas qrupu üzrə hazırlaşdığımı öyrənəndə təəccüblənirdilər, çünki bütün dərsləri eyni səviyyədə oxumağa çalışırdım.

Dərsdənkənar vaxtlarımı da səmərəli keçirirdim. Xüsusilə bədii ədəbiyyat oxumağı çox sevirdim. Yay tətilimi demək olar ki, hər zaman kitablara həsr edir, bu vərdiş vasitəsilə həm dünyagörüşümü genişləndirir, həm də ünsiyyət bacarıqlarımı inkişaf etdirirdim. Hesab edirəm ki, bu vərdiş bugünkü düşüncə tərzimə və danışıq qabiliyyətimə də müsbət təsir göstərib.
Təhsil müddətində, eyni zamanda, müxtəlif fənn müsabiqələrində və məktəbdaxili tədbirlərdə də fəal iştirak etmişəm. Bu fəaliyyətlərə cəlb olunmağımda da müəllimlərimin rolu danılmazdır. Onların dəstəyi sayəsində məndə məsuliyyət, məqsədyönlülük və çalışqanlıq kimi keyfiyyətlər formalaşıb. Fürsətdən istifadə edərək bu günə qədər təhsil həyatımda mənə dəstək olan, mənə inanan və hər zaman yanımda olan bütün müəllimlərimə dərin minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, onlar bu sətirləri oxuyurlar. Hər birinizə təşəkkür edirəm – Sizin mənim həyatımda rolunuz danılmazdır və bu baxımdan özümü çox şanslı hesab edirəm.
Dövlət Proqramı xaricdə təhsil almaq istəyən gənclər üçün əvəzsiz bir imkandır
– “2022–2028 Dövlət Proqramı” sizin üçün nə kimi imkanlar açdı? Proqramın əhəmiyyəti barədə nə deyə bilərsiniz?
– “2022–2028 Dövlət Proqramı” mənim üçün yalnız maliyyə dəstəyi ilə məhdudlaşmayan, eyni zamanda gənclərin bilik və bacarıqlarını beynəlxalq mühitdə inkişaf etdirməsinə şərait yaradan mühüm bir fürsətdir. Bu proqram sayəsində mən dünyanın aparıcı ali təhsil müəssisələrindən biri olan “Times Higher Education World University Rankings” beynəlxalq reytinqinə əsasən ardıcıl 9-cu dəfə dünyanın birinci universiteti seçilən Oksford Universitetində, “Blavatnik School of Government”də “İctimai siyasət” ixtisası üzrə magistr təhsilimi davam etdirmək imkanı qazandım. Bu, mənim həm peşəkar, həm də şəxsi inkişafımda yeni bir mərhələ açdı.
Hələ tələbəlik illərindən etibarən əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsinə sadiq qalaraq, ölkəmizdə gənclərin qabaqcıl xarici təhsilə cəlb edilməsi istiqamətində aparılan işlər barədə məlumatlı idim. Bir çox dostlarım “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almaq imkanı əldə etmişdilər və mən də nə vaxtsa bu arzumu reallaşdıracağıma inanırdım.
.jpeg)
Daha sonra, 2021-ci ildə dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsini nəzərdə tutan yeni Dövlət Proqramının hazırlanması tapşırıldı. Bu, dəyişən qlobal reallıqlar və postpandemiya dövrünün çağırışları fonunda ölkəmizin gələcəyini formalaşdıracaq düşünən və bilikli insan kapitalını gücləndirmək məqsədini daşıyırdı.
Eyni zamanda, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsində çalışdığım müddətdə Dövlət Proqramının uzadılması və onun əhatə dairəsinin genişləndirilməsi üzrə görülən hüquqi işlərin icrasında iştirak etmək şansım oldu. Belə ki, ötən il Dövlət Proqramının müddəti 2028-ci ilə qədər uzadılmaqla proqram çərçivəsində xaricdə təhsil alacaq tələbələrin sayı 400-dən 500-ə artırıldı və ali təhsilin hər üç səviyyəsi – bakalavr, magistratura, doktorantura üzrə maliyyələşdirilmə nəzərdə tutuldu.
Elə həmin dövrdə ömürboyu öyrənmə prinsipimə sadiq qalaraq doqquz ilə yaxın peşəkar fəaliyyətimdən sonra Dövlət Proqramının yaratdığı bu imkandan yararlanaraq təhsilimi xaricdə davam etdirmək qərarına gəldim.
Dövlət Proqramı yalnız təhsil imkanlarını maliyyələşdirməklə kifayətlənmir, o, həm də ölkəmizin insan kapitalına qoyulan strateji sərmayənin bariz nümunəsidir. Hazırda mən 61 ölkədən olan 156 tələbə ilə birlikdə beynəlxalq akademik mühitdə Azərbaycanı təmsil edir, fərqli ölkələrdən olan həmkarlarımla fikir mübadiləsi aparır və gələcəkdə ölkəmizin və cəmiyyətimizin inkişafına töhfə verə biləcək bilik və bacarıqlar qazanıram. Bu proqramı yalnız şəxsi fürsət kimi deyil, ümumilikdə Azərbaycan gənclərinə göstərilən etimadın və gələcəyə olan inamın təcəssümü kimi qiymətləndirirəm. Düşünürəm ki, hər birimiz bu etimadı doğrultmağa və harda olmağımızdan asılı olmayaraq qazandığımız bilik və təcrübəni ölkəmizin davamlı inkişafına yönəltməyə çalışmalıyıq.

Təhsil ömür boyu davam edən yenilənmə və inkişaf yoludur
– Azərbaycandan Oksforda uzanan yola necə çıxdınız? Kimlər sizə bu yolda məsləhət və dəstək verdi?
– Bu yol illərlə formalaşan bir inam, arzu, məqsədyönlülük və çalışqanlıq nəticəsində mümkün oldu. Təhsil yolunda keçdiyim hər mərhələ mənim həm şəxsi, həm də peşəkar inkişafıma dəyərli töhfələr verdi. Əvvəlcə özəl sektorda, daha sonra isə dövlət sahəsində ölkəmizin bir sıra mötəbər qurumlarında əmək fəaliyyətim, təhsil dövründə qazandığım bilik və bacarıqları tətbiq etmək üçün mühüm imkan yaratdı. Lakin mən hər zaman xaricdə təhsil almaq, biliklərimi daha da dərinləşdirmək və fərqli perspektivlər qazanmaq arzusunda olmuşam. Xüsusilə də dünyanın ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən olan Oksford Universitetində oxumaq mənim üçün uzun illər boyunca yaşatdığım ən əziz və dəyərli bir arzu idi.
Bu yolda mənə təkcə daxili inam və əzmkarlığım deyil, həm də ailəmin, yaxın dostlarımın, müəllimlərimin və peşəkar fəaliyyətim zamanı qazandığım dəyərli həmkarlarımın dəstəyi böyük güc verdi. Eləcə də Dövlət Proqramı ilə daha əvvəl təcrübəsi olmuş şəxslərin səmimi məsləhətləri mənim üçün dəyərli oldu. Düşünürəm ki, bu arzunu reallaşdırmaq üçün ilk addımı atdığım gündən etibarən qarşıma çıxan insanlar və onların mənə verdiyi dəstək mənim qətiyyət və inamla irəliləməyimə böyük təsir göstərdi. Bu, həm də çox dəyərli bir xatırlatmadır – əgər bir şeyi həqiqətən istəyirsənsə, dəstək mütləq gələcək. Xüsusilə də dövlət sahəsindəki iş təcrübəm bu baxımdan mənim üçün çox önəmli oldu. Mən elə həmin müddətdə Dövlət Proqramı ilə bağlı fəaliyyətlərə cəlb olunmuşdum və bu gün həmin proqram vasitəsilə təhsil almaq imkanı qazanmağım bu prosesi mənim üçün daha da simvolik və dəyərli edir.
Ən əsası isə, mən bu yolda heç zaman özümə olan inamımı itirmədim. Bəli, bu inam hər zaman eyni gücdə olmur. Elə anlar olur ki, insan tərəddüd edir, şübhələnir, çətinliklərlə qarşılaşır. Amma məni irəli aparan əsas qüvvə bu arzunun mənim üçün nə qədər əhəmiyyətli olduğunu dərk etməyim və onu gerçəkləşdirmək üçün daxilimdə hiss etdiyim sarsılmaz istəyim idi. Bu, mənim üçün həm də özünü kəşf və şəxsi inkişaf yolunda atılmış ən dəyərli addımlardan biridir.
Eyni zamanda onu da vurğulamaq istərdim ki, təhsili bitirdikdən sonra müəyyən sahə üzrə əmək fəaliyyətinə başlamış insanlar çox zaman təhsilə yenidən qayıtmaqda tərəddüd edirlər. Amma inanıram ki, təhsilə ayrılan zaman insanın özünə edə biləcəyi ən dəyərli sərmayələrdən biridir. Təhsil müəyyən bir mərhələdə başa çatan proses deyil, o, ömür boyu davam edən yenilənmə və inkişaf yoludur. Ona görə də, bu sətirləri oxuyan və gec olduğunu düşünən kimsə varsa, onlara demək istəyirəm: Ən doğru zaman buna hazır olduğunuzu və bu yola çıxmağa qərarlı olduğunuzu hiss etdiyiniz andır.
Öyrənmək və inkişaf üçün unikal fürsət
– Dünyanın nüfuzlu ali məktəblərindən olan Oksford Universitetinin tədris mühiti barədə nə deyə bilərsiniz? Sizin üçün maraqlı olan təcrübələr nələr oldu?
– Oksford Universitetində təhsil almaq mənim üçün təkcə akademik bilik qazanmaq yox, həm də özümü fərqli intellektual və mədəni mühitlərdə sınamaq, öyrənmək və inkişaf etdirmək üçün əvəzsiz bir fürsət oldu. Blavatnik Dövlət İdarəçiliyi Məktəbi yüksək səviyyəli akademik mühit və interdisiplinar yanaşması ilə seçilir. Müzakirələr burada yalnız nəzəri biliklər üzərində qurulmur, dünayda baş verən real hadisə və problemləri, müxtəlif sahələr üzrə siyasətin formalaşdırılması, liderlik və ictimaiyyətə təsir kimi mövzularda çoxşaxəli və açıq fikirli debatlar aparılır. Müəllimlər bizi sadəcə dinləyici kimi deyil, həm də həmsöhbət kimi görür, sual verməyə, mövcud yanaşmaları sorğulamağa və öz yanaşmalarımızı əsaslandırmağa təşviq edirlər.
Fərqli ölkələrdən və müxtəlif peşə sahələrindən gəlmiş tələbə yoldaşlarımla birgə oxumaq mənim üçün həm intellektual zənginlik baxımından dəyərli, həm də gözəl dostluqların başlanğıcı oldu. Qrup layihələri və interaktiv seminarlar zamanı bu müxtəliflikdən doğan baxış bucaqları bizə eyni məsələyə fərqli yanaşmağın dəyərini göstərdi. Xüsusilə “Dean’s Forum” adlı formatda məktəbə dəvət olunan yüksək vəzifəli qonaqlarla – nazir, diplomat, beynəlxalq təşkilat rəhbərləri ilə keçirilən açıq müzakirələr əhəmiyyətli təcrübə oldu. Burada yalnız nəzəri deyil, real siyasət təcrübələrindən doğan dərsləri dinləmək və suallar vermək imkanımız olur.
Oksfordda məni dərindən təsirləndirən anlardan biri matrikulyasiya mərasimi oldu. Bu, universitetə rəsmi qəbulun qeyd edildiyi qədim bir mərasimdir. Həmin gün Oksfordun əsrlərlə formalaşan elmi və mədəni irsinin bir hissəsi olduğumu hiss etdim. Eləcə də, ilk dəfə Bodleian Kitabxanasına daxil olduğum an sanki tarixlə nəfəs aldığım, sakitcə öyrənməyə çağırıldığım bir yerə düşmüşdüm.
Şəhərin özü də bu akademik atmosferi tamamlayır. Oksfordun klassik arxitekturası, küçələri və sakit ab-havası insanı düşünməyə, yazmağa, oxumağa təşviq edir. Dərslər bəzən çox intensiv və çətin olsa da, bu şəhərdə hər gün oyanmaq və bu mühitin bir hissəsi olmaq böyük bir motivasiya qaynağıdır.
Hazırda biz 61 ölkədən gəlmiş 156 tələbə olaraq birlikdə təhsil alırıq. Bu beynəlxalq cəmiyyətin bir hissəsi olmaq təkcə intellektual deyil, həm də sosial baxımdan zənginləşdirici bir təcrübədir. Hər birimizin akademik məsləhətçiləri və şəxsi mentorları var. Onların dəstəyi bizə həm dərslərdə, həm də fərdi inkişafımızda yol göstərir.
Bundan əlavə, məktəbdə müxtəlif ölkələrin mədəniyyət günləri, sosial və ictimai layihələr, tələbə təşəbbüsləri və digər layihə və proqramlar keçirilir. Bu semestrdə isə mənim üçün ən yaddaqalan təcrübələrdən biri dünyanın aparıcı təhsil liderlərini bir araya gətirən Education World Forum 2025 tədbirində Oksford Universitetinin Blavatnik Məktəbi tərəfindən seçilmiş 10 tələbədən biri kimi iştirak etmək şansı qazanmağım oldu. Forum çərçivəsində müxtəlif ölkələrin təhsil nazirləri, siyasətçiləri və ekspertlərini canlı görmək, rəqəmsal transformasiya, süni intellekt, inklüzivlik və təhsil islahatları üzrə əsas panel müzakirələrini dinləmək və bir sıra ölkələrin nazirləri ilə müsahibələr aparmaq imkanım oldu. Bu təcrübə mənim üçün həm intellektual, həm də peşəkar baxımdan çox dəyərli idi.

Tədris prosesi praktik və interaktiv şəkildə təşkil olunur
– Seçdiyiniz ixtisas barədə məlumat verərdiniz. "Public policy" sizin üçün nə dərəcədə maraqlı ixtisas sahəsidir? Seçdiyiniz ixtisas dünyada nə dərəcədə prioritetdir?
– Bu ixtisas həm ölkəmiz üçün prioritet sahələrdən biridir, həm də akademik və peşəkar fəaliyyətimə ən uyğun və mənim üçün olduqca maraqlı bir istiqamətdir. Bu sahə müasir dövrdə artan və mürəkkəb xarakter daşıyan sosial problemlərə həll yolları tapmaq məqsədilə formalaşmış interdisiplinar bir sahədir. Bildiyimiz kimi, bu gün dünyada texnologiyanın sürətli inkişafı, iqlim dəyişikliyi, sosial bərabərsizlik, səhiyyə, təhsil və digər sahələrdə effektiv siyasətlərin hazırlanması artıq yalnız bir sahənin çərçivəsində mümkün deyil. Bu isə öz növbəsində müxtəlif elmi və peşəkar sahələrin inteqrasiyasını zəruri edir. Məhz buna görə də ictimai siyasət sahəsində təhsil fərqli intellektual istiqamətləri bir araya gətirən, düşüncə tərzini genişləndirən və analitik bacarıqları inkişaf etdirən çoxşaxəli yanaşmaya əsaslanır.
Proqram çərçivəsində biz iqtisadiyyat, hüquq, fəlsəfə, siyasi nəzəriyyə, etika, statistika, kommunikasiya və digər əlaqəli sahələr üzrə əsas və əlavə modulları öyrənirik. Bu dərslər bizə yalnız texniki biliklər deyil, eyni zamanda mərkəzində insan amili dayanan, sosial dəyərlərə əsaslanan və elmi təhlilə söykənən qərarvermə bacarıqları qazandırır. İctimai siyasət bu mənada həm nəzəri, həm də praktik yönümlü bir ixtisasdır.
Bu sahənin qlobal əhəmiyyəti son illərdə getdikcə daha da artır. Beynəlxalq təhsil sistemlərində ictimai siyasət ixtisası geniş yayılıb və xüsusilə inkişafda olan ölkələrdə bu sahədə yerli reallığı dərindən anlayan, analitik düşüncəyə və çoxşaxəli biliklərə malik mütəxəssislərə ciddi ehtiyac duyulur. Bu sahədə yetişən məzunlar yalnız dövlət qurumlarında deyil, həm də beynəlxalq təşkilatlarda, qeyri-hökumət sektorunda və özəl sahələrdə ictimai siyasət, layihə və proqramların tətbiqi, dövlət və ictimai sektora aid mürəkkəb məsələlərin təhlili, ictimai problemlərə dair məlumatın dəqiq qiymətləndirilməsi və düzgün yanaşmanın formalaşdırılması üzrə müxtəlif istiqamətlərdə fəaliyyət göstərə bilirlər.
Tədris prosesi isə çox praktik və interaktiv şəkildə təşkil olunur. Klassik mühazirələrlə yanaşı, biz real problemlər üzərində qurulmuş, müxtəlif ölkələrin təcrübəsinə əsaslanan keyslər üzərində işləyirik. Müxtəlif ssenariləri təhlil edir, alternativləri qiymətləndirir və həmin məsələlərin həlli üçün əsaslandırılmış variantlar təqdim edirik. Bu proses təkcə nəzəri öyrənmə ilə kifayətlənmir, məsuliyyətli qərarların verilməsi, komanda ilə işləmə, kommunikasiya və liderlik kimi bacarıqların da formalaşmasına zəmin yaradır. Bu proqramın ən dəyərli tərəflərindən biri də çoxmillətli və müxtəlif sahələrdən gəlmiş tələbələrlə birlikdə təhsil almaq imkanının yaradılmasıdır. Sinif yoldaşlarımızın hər biri öz ölkəsinin və sahəsinin təcrübəsini bölüşür, yaşadığı çətinliklər və əldə etdiyi uğurları paylaşır. Bu isə bizə yalnız müəllimlərdən deyil, bir-birimizdən öyrənmək üçün də unikal bir imkan yaradır. Hər gün müxtəlif məsələlərə fərqli baxış bucaqları eşitmək düşüncə tərzini genişləndirir. Eyni zamanda proqram çərçivəsində təcrübəli siyasətçilər, beynəlxalq təşkilat rəhbərləri, özəl sektor nümayəndələri ilə açıq müzakirələr keçirilir. Xüsusilə “Blavatnik School of Government”in dekanı ilə aparılan “Dean’s Forum” formatındakı görüşlər liderlik və qərar qəbuletmə proseslərini daha dərindən anlamağımıza imkan yaradır. Bu tip interaktiv tədbirlər bizə real siyasət təcrübələrinə birbaşa çıxış imkanı verir və fərqli kontekstlərdə necə qərarlar verildiyini görmək baxımından olduqca faydalıdır.
Oksfordda 55-dən çox Nobel mükafatı laureatı, 28 Britaniya Baş naziri, 30-dan çox ölkə rəhbəri təhsil alıb
– Sizcə, Oksford Universitetini dünyada məşhur edən nələrdir – məşhur məzunlar, ənənələr, yoxsa yeniliklərə çevik adaptasiya?
– Oksford Universiteti dünyanın ən qədim və nüfuzlu ali təhsil ocaqlarından biridir. Əsası əsrlər öncəyə – IX əsrə qədər uzanan Oksford yalnız akademik deyil, həm də mədəni və ictimai düşüncənin formalaşmasında qlobal miqyasda mühüm rol oynayıb, bir elm və ideyalar mərkəzinə çevrilib. Universiteti bu qədər xüsusi edən cəhətlərdən biri də, şübhəsiz ki, onun qədim və simvolik ənənələridir. Məsələn, matrikulyasiya mərasimi – tələbələrin universitetə rəsmi şəkildə qəbul edildiyi gün – təkcə inzibati bir proses deyil, həm də mənəvi anlam daşıyan, tələbənin artıq yüzillərlə davam edən böyük bir irsin bir hissəsi olduğunu hiss etdiyi, dəyərli və yaddaqalan bir gündür.
Təbii ki, Oksfordun formalaşdırdığı məzunlar da onun nüfuzunun canlı sübutudur. Universitetin yetirdiyi şəxslər arasında 55-dən çox Nobel mükafatı laureatı, 28 Britaniya Baş naziri, 30-dan çox ölkə rəhbəri, eləcə də tanınmış yazıçılar, filosoflar, alimlər və fikir adamları yer alır. Burada təhsil aldığınız zaman sizdən öncə burda təhsil almış şəxsiyyətləri düşündükcə, bu, insanda təkcə qürur yox, eyni zamanda məsuliyyət hissi də doğurur.
Eyni zamanda universitetin uğuru təkcə tarixə deyil, həm də müasir dünyada baş verən elmi və texnoloji yeniliklərə açıq olmasına söykənir. Oksford tədqiqat sahəsində hər zaman ön sıradadır və xüsusilə COVID-19 peyvəndinin hazırlanmasında göstərdiyi qlobal rol bunun bariz nümunəsidir. Təsadüfi deyil ki, universitet artıq doqquzuncu ildir ardıcıl olaraq dünyanın birinci universiteti kimi qiymətləndirilir və bu uğurun mərkəzində məhz onun güclü elmi potensialı və yeniliyə açıq yanaşması dayanır.
Bütün bu nailiyyətlər, əlbəttə ki, insan amilinə əsaslanır. Oksford bu gün 22 mindən çox tələbə, 13 minə yaxın əməkdaşvə 230 mindən artıq məzunun yaratdığı dinamik və ilhamverici bir icmaya çevrilmişdir. Universitetin ruhunu yaşadan da məhz bu insanların paylaşdığı dəyərlər, mübadilə etdikləri fikirlər və birgə öyrənmək istəyidir.
Oksfordun özünəməxsus sistemində tələbələr həm fakültəyə, həm də kolleclərə mənsub olurlar. Bu isə onlara eyni anda həm akademik, həm də sosial baxımdan zəngin bir mühit təqdim edir. Debat klubları, tələbə cəmiyyətləri, seminarlar və kollegial dəstək mühitində təkcə kitabdan deyil, həm də qarşılıqlı öyrənmədən formalaşan bir təhsil atmosferi yaranır. Bu baxımdan Oksford Universiteti öz nüfuzunu təkcə keçmişi ilə deyil, həm də bu günü və sabahı dəyişdirə biləcək ideyalara açıq olması, onları yaşatması və gələcək nəsillərə ötürməsi ilə qoruyur.
Azərbaycanı ən yaxşı şəkildə təmsil etməyə çalışıram
– Oksford Universitetində azərbaycanlı tələbələrin şəbəkələşməsi, fəallığı barədə nə deyərdiniz?
– Oksford Universitetində azərbaycanlı tələbələrin sayı çox olmasa da, aramızda formalaşan münasibətlər bir o qədər güclü və səmimidir. Biz kifayət qədər fəal, həmrəy və bir-birimizi dəstəkləyən bir mühit yarada bilmişik. Burada oxuyan və daha əvvəl təhsil almış azərbaycanlı tələbələr arasında dəstək mədəniyyəti hər zaman hiss olunur. Mən də bu dəstəyi həm qəbul etmiş, həm də öz növbəmdə gələcəkdə bu yolu seçəcək gənclərə göstərməyə hazır olduğumu hər fürsətdə hiss etmişəm və edirəm.
Eyni zamanda, biz yalnız Oksford daxilində deyil, həm də Londonda və digər şəhərlərdə keçirilən tədbirlərdə, xüsusilə səfirliyin, diaspor təşkilatlarının və azərbaycanlı tələbə birliklərinin dəstəyi ilə təşkil olunan görüşlərdə mütəmadi iştirak edirik. Bu tədbirlər bizə bir araya gəlmək, təcrübə bölüşmək və daha güclü bir şəbəkə qurmaq imkanı yaradır.
Ümumilikdə, belə bir beynəlxalq mühitdə təhsil almaq təkcə akademik imkan deyil, eyni zamanda mədəni təmsilçilik baxımından da böyük məsuliyyətdir. Mən buradakı fəaliyyətimdə Azərbaycanı ən yaxşı şəkildə təmsil etməyə çalışıram – istər mətbəximizi, musiqimizi, adətlərimizi təqdim etməklə, istərsə də tariximiz və mədəniyyətimiz barədə doğru və dəyərli məlumatlar paylaşmaqla. Düşünürəm ki, bu bizim üzərimizə düşən vacib bir öhdəlikdir və bu öhdəliyi sevərək, qürurla daşıyıram.
.jpeg)
Oksfordun nüfuzunun mərkəzində elmi tədqiqat və innovasiya dayanır
– Oksford dünyada elmi məkəzlərindən hesab olunur. Universitetdə tələbələrin elmə, elmi-tədqiqatlara cəlb olunması üçün nə kimi işlər görülür?
– Bəli, daha öncə də vurğuladığım kimi, Oksford Universitetinin nüfuzunun və uğurunun mərkəzində məhz elmi tədqiqat və innovasiya sahəsindəki nailiyyətlər dayanır. Burada tədqiqat fəaliyyəti yalnız professor və alimlərin işi deyil, tələbələr də bu prosesin fəal iştirakçılarıdır. Onlar dərslər çərçivəsində, yay təcrübələri, layihələr və seminarlar vasitəsilə praktik tədqiqat bacarıqları qazanır, akademik heyətin dəstəyi ilə öz maraq sahələrini daha dərindən araşdıra bilirlər.
Universitetin çoxsaylı tədqiqat institutları, mərkəzləri və laboratoriyaları tələbələrə geniş mövzularda elmi fəaliyyətə qoşulmaq üçün real imkanlar yaradır. Burada elmi araşdırma yalnız nəticəyə çatmaq üçün deyil, sual verməyi, fərqli yanaşmaları sınamağı və yeni bilik yaratmağı təşviq edən bir düşüncə mədəniyyətidir.
Bodleian Kitabxanası və digər zəngin resurslar da tələbələrin müstəqil araşdırmaları üçün ideal şərait yaradır. Kitabxananın özündə olmaq, tarixlə nəfəs almaq və səssiz bir elm dünyasına qərq olmaq, düşünürəm ki, artıq tədqiqat ruhunun özüdür.
Düzdür, mənim təhsil aldığım proqram əsasən tədris yönümlüdür (taught-based), lakin bu, tədqiqat imkanlarının məhdud olması anlamına gəlmir. Əksinə, proqram çərçivəsində bizə müxtəlif mövzularda analitik və reflektiv araşdırmalar aparmaq, öz maraq sahələrimizi dərinləşdirmək üçün geniş imkanlar yaradılır.
Hər bir tələbənin akademik məsləhətçisi (academic advisor) və şəxsi mentoru olur. Onlar təkcə dərslərlə deyil, həm də tələbənin tədqiqat maraqları ilə yaxından maraqlanır, istiqamət verir və dəstək göstərirlər. Proqram boyunca keçirilən həm formativ, həm də summativ qiymətləndirmələr çərçivəsində konkret mövzular üzrə araşdırma aparmaq, təhlil etmək və əsaslandırılmış nəticələr çıxarmaq tələb olunur.
Bu yanaşma tələbələrdə tədqiqat marağını erkən mərhələdən təşviq edir və onu davam etdirməyə ilham verir. Blavatnik Məktəbi həmçinin tələbələrə reflektiv və ya tədqiqat xarakterli esselər və bloqlar yazmaq, bunları rəsmi platformalarda paylaşmaq imkanı təqdim edir.
Nazirlə yaddaqalan görüş
– Yeri gəlmişkən Londonda Dünya Təhsil Forumu çərçivəsində nazir Emin Əmrullayev Britaniyadakı tələbələrimizlə də görüşdü. Bu görüş barədə nə deyərdiniz?
– Elm və təhsil naziri cənab Emin Əmrullayevin Böyük Britaniyaya səfəri çərçivəsində Azərbaycan Respublikasının səfirliyində bu ölkədə təhsil alan tələbələrlə keçirilən görüş bizim üçün olduqca dəyərli və yaddaqalan oldu. Təxminən üç saat davam edən bu görüş zamanı cənab nazir Azərbaycanda elm və təhsil sahəsinə göstərilən dövlət qayğısını vurğuladı, son illərdə həyata keçirilən islahatlar, o cümlədən Qarabağ Universitetində yaradılan müasir tədris imkanları barədə ətraflı məlumat verdi. Eyni zamanda, Dövlət Proqramının əhatə dairəsinin genişləndirilməsi, 2028-ci ilə qədər uzadılması və bu çərçivədə daha çox gəncin xaricdə təhsil alma fürsəti barədə danışdı.
Görüş boyu cənab nazir tələbələrin bütün suallarını diqqətlə dinlədi, səmimi şəkildə cavablandırdı və onların fikirlərinə, narahatlıqlarına xüsusi həssaslıqla yanaşdı. Bu, yalnız məlumatlandırıcı deyil, həm də motivasiyaedici və mənəvi baxımdan dəstəkverici bir görüş idi. Səfirliyin ev sahibliyi etdiyi bu tədbir – digər oxşar təşəbbüslərlə birlikdə – biz tələbələrə burada özümüzü doğma mühitdə, sanki evimizdə olduğumuz kimi hiss etdirdi. Bu dəyərli təşəbbüsə görə Elm və Təhsil Nazirliyinə və səfirliyimizə bir daha təşəkkür edirik.
Hər bir gəncə dəstək olmağa çalışacağam
– Gələcək hədəfləriniz barədə nə deyə bilərsiniz?
– Hazırda magistr proqramının üçüncü semestrini tamamlayıram və bu dövr mənim üçün həm akademik, həm də şəxsi inkişaf baxımından olduqca zəngin və öyrədici bir mərhələ olub. Təhsil aldığım sahədə qabaqcıl beynəlxalq yanaşmaları öyrənmiş, dünya səviyyəli mütəxəssislərlə birbaşa fikir mübadiləsi aparmaq və unikal akademik mühitin bir hissəsi olmaq imkanı qazanmışam.
Lakin bu yol mənim üçün sadəcə akademik təcrübə ilə məhdudlaşmır. Dünyanın müxtəlif ölkələrindən gəlmiş parlaq tələbələrlə birgə təhsil almaq mənə həm də ölkəmi təmsil etmək, Azərbaycan tarixini, mədəniyyətini və dəyərlərini daha geniş auditoriyalara çatdırmaq imkanı verdi. Bu, mənim üçün həm məsuliyyət, həm də qürur mənbəyi oldu. Eyni zamanda, düşünürəm ki, bu müddətdə qurduğum beynəlxalq əlaqələr və əməkdaşlıqlar gələcəkdə Azərbaycanı daha geniş auditoriyalarda tanıtmaq, ölkəmi ən layiqli formada təmsil etmək üçün yeni imkanlar yaradır.

Bu təcrübənin mənim üçün digər əhəmiyyətli tərəfi də gənclərə ilham verməkdir. Xüsusilə bu cür imkanları özləri üçün əlçatmaz hesab edən gənclərə öz təcrübəmlə güvən və motivasiya aşılamaq, onlara yollarını inamla davam etdirmək üçün dəstək olmaq mənim üçün dəyərli bir məqsəddir. Uğurun paylaşılması onun ən gözəl tərəflərindən biridir və mən də gələcəkdə bu yolda addımlayan hər bir gəncə dəstək olmağa çalışacağam.
Hazırda qarşımdakı ən yaxın məqsəd magistr proqramımı uğurla başa vurmaq və onun mühüm tərkib hissəsi olan “summer project” mərhələsini yüksək səviyyədə tamamlamaqdır. Bu layihə mənim üçün öyrəndiklərimi praktik müstəviyə keçirmək və real siyasət məsələləri üzərində işləmək baxımından dəyərli bir fürsətdir.
Təhsilimi başa vurduqdan sonra isə əsas məqsədim bu proqram çərçivəsində qazandığım bilik və təcrübəni daha geniş miqyasda faydalı şəkildə tətbiq etmək, çalışdığım mühitdə dəyər yaratmaq, məsuliyyətli və dayanıqlı qərarların verilməsinə töhfə verməkdir. Bu təcrübənin gələcəkdə hansı sahədə və platformada davam edəcəyindən asılı olmayaraq, mənim üçün prioritet – öyrəndiklərimi faydalı istiqamətə yönəltmək, cəmiyyətə və insanlara töhfə verməkdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər