
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin siniflərindən birində Əsmər Mürsəlli adlı təsviri incəsənət müəllimi dərs deyir. Bura onun yalnız iş yeri deyil, həm də xatirələrinin, arzularının, ilk uğurlarının beşiyidir. Beş il əvvəl məzunu olduğu məktəbə müəllim kimi geri dönmək onun üçün həm nostalji, həm də qürurla dolu bir dönüş idi. Bu il isə o, müəllimlərin işə qəbulu (MİQ) imtahanında topladığı 92 balla həm özünü, həm də məktəbinin adını bir daha ucaltdı.
Əsmər müəllim deyir ki, bu imtahana yalnız özünü sınamaq üçün qatılmışdı. Amma nəticə göstərdi ki, bu, sadəcə sınaq yox, zirvəyə atılan düşünülmüş bir addım idi:
“Güc, inam, iradə və zəhmət – bu dörd söz mənim uğurumun əsas dayaqlarıdır”, – deyir. Onun sözlərində həm təvazökarlıq, həm də əzm duyulur.

İmtahandan sonra anasına – ilk müəllimi olan Kəmalə müəllimə etdiyi zəng, illərin təməli üzərində yüksələn bir təşəkkür səsi idi. Məktəbin direktoru Gündüz Qədirov isə onun üçün təkcə rəhbər deyil, mənəvi dayaq, dəyər verən böyük bir insan obrazıdır. Əsmər müəllimin bu uğrunda kollektiv dəstəyi və şagird sevgisi böyük rol oynayıb.
“Hər səhv bir dərsdir, hər addım irəliləyişdir”, deyən Əsmər müəllimin devizi isə həyat fəlsəfəsinə çevrilib: “Ümid sonda ölür, daim irəli!”.
"Şagirdlərimin gözündəki ümid içimdəki məsuliyyəti böyütdü"
İsmayıllının başqa bir ucqar nöqtəsində – Gideyli kəndində ingilis dili fənnini tədris edən Fidan Heydərova həm də Gənc Xarici Dil Müəllimləri Birliyinin İsmayıllı üzrə koordinatorudur. Onun MİQ imtahanında topladığı 94.5 bal sadəcə nəticə deyil, aylarla davam edən planlı zəhmətin, sevgi ilə görülən işin və məqsədyönlü hazırlığın meyvəsidir.

Fidan xanım üçün müəllimlik təkcə öyrətmək deyil, həm də daim öyrənmək və inkişaf etməkdir. Aprel ayından imtahana hazırlaşmağa başlayıb. Onun üçün əsas olan çox yox, planlı və keyfiyyətli çalışmaq olub.
Ailəsinin və şagirdlərinin sevgisi, inamı onun yoluna işıq salıb:
“Şagirdlərimin gözündəki ümid içimdəki məsuliyyəti böyütdü”, – deyə bu uğurun necə hisslərlə yoğrulduğunu izah edir.
İmtahan zalından çıxarkən ağlayıb. Amma bu göz yaşları peşmanlıqdan yox, daha böyük məqsədlərə yol açan inamdan doğmuşdu. Çünki o, daha böyük zirvələri hədəfləyir: maksimum bal və maksimum fayda.
Əsmər Mürsəlli də, Fidan Heydərova da fərqli fənlər üzrə fərqli məktəblərdə dərs desələr də, eyni missiyanın daşıyıcılarıdır: sevərək, inanaraq öyrədirlər. Onların hər ikisi üçün ən böyük mükafat sadəcə bal və nəticə deyil, bir şagirdin “mən də müəllim olmaq istəyirəm” deməsidir.
Bu gün hər iki gənc müəllim gələcəyin ümidini yoğurur. Onların adı bir peşənin deyil, bir yolun, bir inamın və bir işığın simvoluna çevrilir.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər