Bütün xəbərlər
test
13 yanvar, 16:51

“Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsində II yerin qalibi Aygün Əliyevanın yazısını təqdim edirik.

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir...” 

Heydər ƏLİYEV, 
Ümummilli Lider 

Dekabr ayı idi. Qış sərt üzünü tez göstərmək qərarına gəlmişdi. Hava soyuq olduğundan sinfə daxil olanda ilk işim şagirdlərin geyimlərini müşahidə etmək oldu. Yenə Ə. adlı doqquzuncu sinif şagirdim gödəkçəsiz gəlmişdi. Üstəlik, geyindiyi nimdaş köynəyin qolları sökülmüş, hər vəchlə gizlətməyə çalışırdı. Çox narahat oldum. Dərs boyu sinifdə soba yanıb hənirti yaransa da, bayırdakı soyuq ürəyimi üşüdürdü. Təbəssüm edərək şagirdimin ruhunu “isitməyə” çalışırdım. Məncə, pis alınmırdı. Öz gödəkçəmi də çıxardım. O artıq ürəklənmişdi. Üşüsə də, digər şagirdlər kimi dərsdə aktiv iştirak etdi. 

Elə həmin gün qərara gəldim ki, yarışma təşkil edim. Məqsədim yarışmada qalib gələn şagirdə bir gödəkçə alacaq qədər pul mükafatı vermək idi. Amma Ə. dərslərə həmişə hazırlıqlı gəlsə də, qalib gəlməmək ehtimalı da var idi. Başqa çıxış yolu tapmalı idim. Ona görə dərsdən sonra təlim-tədris işləri üzrə direktor müavinindən şagirdin ailəsi haqqında məlumat almaq qərarına gəldim. Öyrəndim ki, Ə. nənəsi ilə birgə yaşayır. Ailələrində maddi sıxıntılar olduğundan iki qardaşa nənələri baxır. 

Gün ərzində bu məsələni necə həll edəcəyimi düşündüm. Növbəti gün sinfə daxil olanda gördüyüm mənzərədən qeyri-ixtiyari gözlərim yaşardı. Çünki sinifdəki bütün şagirdlər gödəkçədə idi. Çox güman ki, məktəb rəhbərliyi tərəfindən şagirdin nənəsinə məlumat verilmiş (bəlkə də, yardım edilmiş), o da gödəkçə almışdı. 

Həmin şagird indi ali təhsilli hərbçi kimi Vətənə xidmət edir. Artıq maddi olaraq bütün təminatı var. Həmin gün keçirdiyim narahatlığı şagirdim bilməsə də, mən ruhuma qədər üşüdüyüm o soyuq dekabr səhərini heç vaxt unutmayacağam. 

Elə həmin gün dərk etdim ki,...

Müəllimliyin fəlsəfəsi nədir?! Əsl müəllim necə olmalıdır - avtoritar, yoxsa demokratik?! Müəllim müsbət təlim-tərbiyə iqlimini necə yaratmalıdır?! Öz peşəsində rastlaşdığı problemləri necə həll etməlidir?! Doğrudanmı, uşaqların beyinlərinə gedən yol ürəklərindən keçir?! Müəllimin cəmiyyətə çağırışları hansılardır?! “Müəllimlik peşəsinə yüksək dəyər vermək” ənənəsini davam etdirmək cəmiyyətə nə vəd edir?! 

Müəllimin fəaliyyətinə rəhbərlik edən dəyər və münasibətlər onun insanlıq anlayışına söykənir. Təhsilin əsas məqsədinin dövlətin sürətli inkişafına təkan verən fərdlər hazırlamaq, onların cəmiyyətə, insanlığa faydalı şəxsiyyətlər kimi yetişməsinə kömək etmək olması təhsilverənin öyrənənlərə münasibətinə təsir edir, bu istiqamətdə uğur qazanmaq üçün çox fərqli strategiyalar həyata keçirmələrinə gətirib çıxarır. Müəllim cəmiyyət, dövlət qarşısında əsas vəzifələrinin fərqində olmalı, öz rolunu öyrənənlərin fəal öyrənməsinə kömək edən mentor kimi görməli, şagirdlərin əsl həyat kouçuna çevrilməlidir. 

Müəllimlik peşəsinin fəlsəfi əsasını izah etməyə çalışan bir çox nəzəriyyələr var. “HAMK Unlimited” jurnalında 2023-cü ildə dərc edilmiş bir araşdırmada müəllim fəaliyyətinə işıq salacaq konsepsiyalar təqdim edilmişdir. Araşdırmaçılar tədris və təhsilin əhəmiyyəti baxımından deterministik (xaricdən idarə edilən), qeyri-deterministik (azad idarə olunan) konsepsiyaların mahiyyətini açıqlamış və bu kontekstdə müəllimin pedaqoq-təlimçi kimi roluna xüsusi diqqət yetirmişlər. Lakin bu nəzəriyyələrə əsaslanıb təhsil prosesinin iştirakçılarına münasibəti bəşəriyyətin əvvəlcədən müəyyən edilmiş təsəvvürlərində olan “alma ağac dibindən uzağa düşə bilməz” kimi kristallaşdırmaq olmaz. 

Müəllimliyin fəlsəfəsinə essensialist yanaşma daha doğru olar; sadə, innovativ, çevik, humanist olanları seçib təqdim etmək. Sadalanan üstünlükləri özündə daşıyan Azərbaycan müəlliminin aydın bir portreti var. Bu portreti yaradan fədakar müəllimlərimiz olub və hər zaman da olacaq. Mir Cəlal müəllim kimi. Onun filologiya elmləri doktoru, professor, uzun illər BDU-nun filologiya fakültəsinin əvəzedilməz kafedra müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar elm xadimi və başqa statusları olsa da, həm tələbələri, həm də fəaliyyət göstərdiyi Bakı Dövlət Universiteti onu Mir Cəlal müəllim kimi tanıyır - Xalq müəllimi kimi. 

Mir Cəlal müəllim 1960-cı il müəllimlərin IV qurultayında çıxışı zamanı “Xalq müəllimi kimdir?” sualına belə cavab vermişdir: - “Gənc nəslin ilk nümunə və ibrət götürdüyü, sözünü, işini, hərəkətini təqlid etdiyi şəxsdir. Mədəni cəmiyyət, mədəni ailə və mədəni vətəndaşın minnətdar olduğu zümrədir xalq müəllimi!”. 

Müəllim kimi insanlıq fəlsəfəsini hər zaman tələbələrinə belə açıqlayarmış: 

* İnsan gərək bu dünyada yalnız özü üçün yaşamasın, başqalarına da yaşamağa kömək etsin. İnsanlara təmənnasız və qərəzsiz yaxşılıqlar etsin, ətrafdakı insanlara xoşbəxtlik arzulasın. Onda sən özün də belə bir mühitdə xoşbəxt olarsan. 

* Ümumiyyətlə, davranışı ilə şagirdinin lazımi istiqamətdə dəyişməsinə səbəb ola bilən, peşəkar və şəxsi inkişafa kömək edən müəllimlərin tədris yanaşmaları konseptual şəkildə öyrənilib təhsil auditoriyasına təqdim edilməlidir. Onların auditoriyada xoş iqlim yaratmaları, şagirdləri ilhamlandırmaları, yüksək gözləntilərlə hədəflərinə çatmalarına kömək olmaları müəllim fədakarlığının nümunəsidir. 

Tanınmış pedaqoq Robert Volker 15 il ərzində müxtəlif ixtisaslarda, kurslarda və ölkələrdə (ABŞ, Kanada və b.) təhsil alan tələbələrə yazı tapşırığı vermiş və onlardan həyatlarına təsir edən müəllimlərin üstün keyfiyyətlərini təsvir etmələrini xahiş etmişdir. O, tələbələrinin yazıları arasında ən çox yayılmış mövzunun - onlara ən çox təsir edən müəllimləri xatırlayarkən - emosional əlaqə olduğunu kəşf etmişdir. O belə qənaətə gəlmişdir ki, “tələbələrin beyinlərinə gedən yol onların ürəyindən keçir”. 

Demək, müəllimin didaktik, perseptiv, suqqestiv (təlqin), kommunikativ, təşkilatçılıq qabiliyyəti ilə yanaşı onun insani keyfiyyətləri də yüksək olmalıdır. Əsl müəllim şagirdlərinin şüurunun və gələcəyinin memarıdır. Bu paradiqmalardan yanaşdıqda şagirdi əsl insan, vətəndaş - bir sözlə, şəxsiyyət kimi yetişdirmək üçün müəllim: 

* Düzgün ünsiyyət bacarığına malik olmalıdır. Onun şagirdə müraciəti də, dinləməsi də alicənab olmalı, ofansif (ittihamedici) ünsiyyətdən uzaq olmalıdır. Müəllim şagirdlərin dilini bilməli, şagirdlərin ehtiyaclarını ünsiyyətində nəzərə almalıdır. Şagirdə qarşı empatiya nümayiş etdirməli, stimuliativ cümlələrdən yerində istifadə etməyi bacarmalı, davamlı şəkildə şagirdin nöqsan və səhvlərini vurğulamaqdan qaçmalıdır. Çünki bu, ünsiyyətdə “radio effekti” yaradır. Yəni şagird üçün bu hal adiləşdiyi üçün o dinləməkdən imtina edir. 

Rocer Hokun məşhur “40 tədqiqat” əsərində qeyd etdiyi “uşaqlarla ünsiyyətdə vizual uçurum effekti” təcrübəsindən belə nəticə çıxır ki, bizim şagirdlərə çağırışımız düzgün şəkildə olsa, hətta onlar qorxmadan uçurumdan belə keçməyə hazır olarlar. 

* Şagirdlərin hamısı üçün dəstəkləyici, özlərini hər mənada təhlükəsiz hiss edəcəyi mühit yaratmalı, onların təkmilləşmək üçün göstərdikləri fəaliyyətləri səbirlə, anlayışla qarşılamalıdır. Müəllim hər bir uşağın öyrənmə potensialını nəzərə alaraq fərqli öyrənmə üslubunu özündə birləşdirəcək, eləcə də məzmunu onlara uyğunlaşdıracaq bir proqram təqdim etməyi bacarmalıdır. 

* Şagirdlərdə müstəqil, tənqidi düşünməyi aşılamalı, rəqəmsal, media savadlılığını artırmağa dəstək olmalıdır. Bu, onların gələcəkdə müstəqil olaraq doğru qərarlar verməyinə, real dünya problemlərini həll etməyinə kömək olur. 

* Şagirdə qarşı valideynlə “bipolyar” yanaşma göstərməməlidir. Yəni valideynlə əks qütblərdə dayanmamalıdır. Qətiyyətli, yekdil fikirdə olmaq lazımdır. Şagird evdə dərslərini hazırlamırsa, valideynə çıxış yolu tapmaq üçün dəstək göstərilməlidir. Valideynə aşılanmalıdır ki, övladına deyəcəyi “Sənin təhsilin sənin gələcəyin üçün çox önəmlidir” - fikri “Sən düzəlməyəcəksən, sənin üçün boşuna əziyyət çəkirik” fikrindən daha effektlidir. Sinif mühitində isə şagird digər şagirdlərə kağız atır, dərsi pozursa, ümumiyyətlə, oxumursa, necə davranmaq lazımdır? - Əlbəttə ki, onu fəaliyyətə cəlb etmək lazımdır. O sadəcə müəllimə demək istəyir ki, MƏN də varam. 

* Müəllim yaradıcı olmalıdır. Şagirdlərdə özü və ömürboyu öyrənmə vərdişi yaratmaq, onların potensialını üzə çıxaracaq, fikirlərini çəkinmədən ifadə edə biləcək, həmçinin başqalarının fərqliliklərini qəbul etməyə kömək edəcək atmosfer yaratmaq yaradıcı müəllim üçün çətin deyil. Müəllim mürəkkəb mövzuları sadələşdirir və dərsləri daha cəlbedici edir. Bu təcrübə öyrənənlərə akademik anlayışları real dünya aktuallığı ilə əlaqələndirməyə kömək edir. Bir sözlə, müəllim innovasiya mədəniyyətinə sahib olmalıdır. Öz üzərində daim işləməli, yeni metodologiyanı, tədris tendensiyalarından xəbərdar olmalı və işində tətbiq etməlidir. Yaxşı tədrisin təməl daşını bunlar təşkil edir. 

Təlim-tərbiyənin ömürboyu davam edən, fasiləsiz proses olduğunu anlamalı, tədris strategiyalarını bütün şagirdlərdə lazımi bacarıqlar formalaşana qədər çevik şəkildə dəyişməyi, vəziyyəti düzgün qiymətləndirib anında doğru qərarları verə bilməyi bacarmalıdır. 

Lazım gəldikdə ən yaxşı təcrübələri və innovativ tədris metodlarını bölüşmək üçün həmkarlar ilə əməkdaşlıq etməlidir. 

Bəs bir müəllimin cəmiyyətə çağırışları hansılardır? 

* Övladınız üçün hər şey edə bilməsəniz də, əlinizdən gələnin ən yaxşısını edin; 

* Övladınızla yaşından asılı olmadan şəxsiyyət kimi davranın, çünki onun necə birinə çevriləcəyi həm də sizin ona münasibətinizdən asılıdır; 

* Övladınıza Vətəni, dövləti sevdirin, çünki Vətəni sevməyənin kimliyi olmaz; 

* Övladınızın sərbəst şəkildə fikirlərini irəli sürməyə imkan verin; sizinlə ailə büdcəsini müzakirə etsin, dövlət vergilərini vaxtı-vaxtında ödəməyi; “nə lazımdırsa, almağın” “hər nə istəyirəmsə, almaqdan” vacib olduğunu sizdən öyrənsin. 

* Kitabın ən qiymətli xəzinə olduğunu aşılayın və ona kiçik də olsa, kitabxana yaradın. 

* Övladınıza təbiəti sevdirin; ağacların, quşların, heyvanların - təbiətin necə dəyərli olduğunu və onun bir parçası olduğumuzu öyrədin; 

* Övladınızın qidalanması ilə bağlı nə qədər narahatsınızsa, təhsili ilə bağlı da bir o qədər narahat olun. Çünki uşaq günün az hissəsini məktəbdə, daha çox hissəsini sizin yanınızda olur. Düzgün, sağlam yemək vərdişlərinə yiyələnməyi, ev tapşırıqlarını məsuliyyətlə yerinə yetirməyi, küçəyə zibil atmamağı öyrətmək də təhsildir. 

* Övladınız hansısa bacarığa sahib olsa da, olmasa da sevin. Çünki onun gələcəkdə mühəndis, həkim, müəllim, aşpaz, fəhlə olacağından asılı olmayaraq o sizin övladınızdır. Belə hiss etdirsəniz, onlar müəllimə anlayış və sevgi üçün yazdığı təşəkkür məktublarından sizə də yazacaqlar. Necə ki, bəzilərinizə yazırlar... 

Bu fikirlər müəllimliyin bütün fəlsəfəsini açır və bizə bir müəllimin insanın şəxsiyyətinin formalaşmasında hansı rolu ola biləcəyini bir daha vurğulayır; müəllim ən böyük kapitalın “İnsan kapitalı” olduğunu bilməli, Vətənini, dövlətini sevən, özünü tanıyan, milli kimliyini dərk edən, dinindən, dilindən, irqindən asılı olmadan hər kəsə hörmət edən bir İnsan yetişdirməyin Vətənə ən böyük xidmət olduğunun fərqində olmalıdır. 

Elə həmin gün dərk etdim ki, məndəki bu təlatümlər peşəmlə bağlıdır. Sən demə, müəllimliyin fəlsəfəsində təkcə şagirdlərə elm öyrətmək deyil, həm də şagirdləri insan kimi dərk edib yetişdirmək də var imiş. Bunun üçün isə ilk olaraq müəllim qarşısındakı körpə ürəyi ovucunda döyünürmüş kimi hiss etməli, şagirdinin gələcəyinə toxuna bildiyini unutmamalı, peşəsini sevərək V.Suxomlinskinin təbirincə desək, “ürəyini uşaqlara verməlidir”!!!    - bəzən, bir sözlə, bir hərəkətlə, bir təbəssümlə…

Aygün ƏLİYEVA,
Biləsuvar rayon Səmədabad kənd Ə.Almasov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Xəbər lenti

14 yanvar, 16:12

“Uşağa bir şəxsiyyət kimi yanaşmaq lazımdır” – Psixoloq rəyi

14 yanvar, 16:05

Uçan maşınlar reallığa çevrilə bilər?

14 yanvar, 15:36

Regionlarda işləyən müəllimlər ipotekadan necə yararlana bilərlər?

14 yanvar, 15:31

TİF ilə Azərbaycan Milli Konservatoriyası arasında görüş keçirilib

14 yanvar, 15:18

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsinin keçiriləcəyi tarix açıqlandı

14 yanvar, 15:16

Bu günədək ipoteka krediti alan müəllimlərin sayı açıqlanıb – RƏSMİ

14 yanvar, 15:05

Beynəlxalq olimpiadalara hazırlıq dərsləri interaktiv metodlarla keçirilir 

14 yanvar, 15:04

“Qaydaları başa düşmədim”

14 yanvar, 15:04

Xaricdə yaşayan azərbaycanlı alim: “Beyin köçü”nü “beyin gücü”nə çevirə bilərik

14 yanvar, 15:00

Ağstafada “Konstitusiya və Suverenlik ili” ilə bağlı intellektual yarış keçirilib

14 yanvar, 14:52

İkinci ali təhsil: Yeni diplom, ya daha geniş karyera perspektivləri?

14 yanvar, 14:19

Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti AHİK-də rəsmi görüşlər keçirib

14 yanvar, 14:14

Bu il 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq

14 yanvar, 14:06

"Tikinti sektoru üzrə peşə təhsilində dövlət-özəl əməkdaşlığının rolu" mövzusunda müzakirələr keçirilib

14 yanvar, 12:58

Biləsuvar məktəblisi 2 fənn üzrə olimpiadanın yarımfinal mərhələsində iştirak edəcək

14 yanvar, 12:53

NASA-nın peykləri Xəzər dənizində “yoxa çıxan” adanı qeydə alıb

14 yanvar, 12:50

Elektrik sobaları ilə qızdırılan məktəblə bağlı rəsmi AÇIQLAMA

14 yanvar, 12:41

AzMİU və Özbəkistan universitetləri arasında beynəlxalq əməkdaşlıq yeni mərhələyə qədəm qoyur

14 yanvar, 12:29

Universitetlərimiz dünya reytinqində: məlumatlarınızı təqdim etməyin vaxtıdır

14 yanvar, 12:25

Eksternat imtahanlarının vaxtı açıqlanıb

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.