
Gəncə şəhərində “Yaradıcılıq, innovasiya və sahibkarlıq” layihəsinin ilkin mərhələsi yekunlaşıb. Bu layihə ADA Universitetinin təşəbbüsü, ADA Universiteti Fondu və “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə 2025-ci ilin iyun ayından etibarən region gəncləri üçün həyata keçirilir.
ADA Universitetindən “Azərbaycan müəllimi”nə bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan gənclərin rəqəmsal və süni intellekt savadlılığını artırmaq, yaradıcılıq potensialını üzə çıxarmaq, sahibkarlıq bacarıqlarını inkişaf etdirməklə onların məşğulluq imkanlarını və əmək bazarında rəqabətqabiliyyətini yüksəltməkdir.
Mərhələli seçim prosesi nəticəsində təlimlərə Gəncə şəhərindəki universitetlərdə təhsil alan 45 tələbə cəlb olunub. Hazırda təlim proqramı iki istiqamət üzrə aparılır: süni intellektin əsasları və süni intellektin incəsənətdə tətbiqi (AI4Art). AI4Art təlimləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin dəstəyi ilə həyata keçirilir.
Layihə çərçivəsində iştirakçılara təqdim olunan əlavə imkanlardan biri onların ingilis dili biliklərinin təkmilləşdirilməsidir. Süni intellekt üzrə təhsil alan, lakin dil bilikləri zəif olan gənclər üçün əlavə ingilis dili dərsləri təşkil olunur. Həmçinin süni intellekt üzrə təlimlərə hazırlıq mərhələsi kimi riyaziyyat və məntiq dərsləri proqramda yer alır. Bu, texniki bilikləri məhdud olan, lakin bu sahədə potensialı olan iştirakçılar üçün növbəti mərhələlərə keçid imkanı yaradır.
Dərslərlə yanaşı, sosial bacarıqları inkişaf etdirən seminarlar, mentorluq proqramı, istehsalat təcrübəsi və sosial məsuliyyət yönümlü fəaliyyətlər də nəzərdə tutulur. Bu komponentlər layihənin sistemli və hərtərəfli şəkildə həyata keçirilməsini təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Dərslər hibrid formatda: Gəncə şəhərində yerləşən Mir Cəlal Paşayevin ev-muzeyində, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində fəaliyyət göstərən Gəncə STEAM Mərkəzində əyani şəkildə, eyni zamanda onlayn formatda təşkil olunur.
Yeni seçim mərhələsi sentyabr ayında elan olunacaq.
Qeyd edək ki, “Yaradıcılıq, innovasiya və sahibkarlıq” layihəsi Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə və ADA Universitetinin hazırlanmaqda olan 2025–2030-cu illəri əhatə edən Strateji Planına uyğun şəkildə regionlarda müasir təhsilə çıxış imkanlarının artırılmasına və yaradıcı, innovativ gənclərin yetişdirilməsinə xidmət edir.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər