.jpg)
Bu il iyulun 4-də coğrafiya fənni üzrə keçirilən müəllimlərin işə qəbulu (MİQ) imtahanında ən yüksək nəticəni Tural Taqıyev göstərib.
O, 93.75 bal toplayaraq respublika birincisi olub. Təkcə bu nəticəsi ilə deyil, həm də peşəyə sevgi ilə yanaşması və daim özünü inkişaf etdirməsi ilə fərqlənən Tural Taqıyevin uğur yolu gənclər üçün əsl nümunədir.
Peşəkar həyat yoluna nəzər saldıqda, müsahibimiz təhsili və zəhmətkeşliyi ilə diqqət çəkir. O, 552 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarix və coğrafiya müəllimliyi” ixtisasına qəbul olub. Daha sonra Bakı Dövlət Universitetində “Geomorfologiya” ixtisası üzrə magistratura təhsili alaraq ixtisaslaşmasını davam etdirib.
İlk karyera pillələri pedaqoji sahədən kənarda başlayıb. 2 il bank sektorunda çalışan Tural Taqıyev daha sonra müəllimliklə məşğul olacağına qərar verib. 2016-cı ildə keçirilən MİQ imtahanında o dövrün 60 ballıq sistemi ilə 52 bal toplayaraq Xaçmaz rayonu Palıdlı kənd tam orta məktəbində müəllim kimi fəaliyyətə başlayıb. 5 il ərzində bu məktəbdə çalışaraq şagirdlərinin uğurlarına, universitetə qəbul göstəricilərinin yüksək olmasına töhfə verib.
2021-ci ildə 55 bal topladığı MİQ imtahanından sonra fəaliyyətini Bakı şəhəri 252 nömrəli tam orta məktəbdə davam etdirib. Daha sonra 2022-ci ildə keçirilən direktor müavinlərinin imtahanında uğur qazanaraq Bakı şəhəri 214 nömrəli məktəbdə direktor müavini vəzifəsinə təyin olunub.

Hazırda Tural Taqıyev direktor müavini vəzifəsini daşısa da, müəllimlik sevgisindən ayrılmayıb. Paralel olaraq, həmin məktəbdə coğrafiya fənnini də tədris edir. O bildirir ki, MİQ imtahanında iştirak etməkdə məqsədi heç də yerdəyişmə və ya vakansiya seçimi deyil, sadəcə özünü sınamaqdır.
Tural Taqıyevin müəllimliyə olan marağı isə məktəb illərinə gedib çıxır. O, coğrafiyanı sevərək seçdiyini bildirir. Bu sevgini ona məktəbdəki müəllimi aşılayıb:
“Biz müəllimimizi nümunə götürürdük. O, dərsi ənənəvi deyil, daha yaradıcı və interaktiv şəkildə keçirdi. Sual-cavab, məsələ həlli, xəritə üzərində iş… Bunlar bizim marağımızı artırırdı. Məhz bu müəllimin sayəsində biz coğrafiyanı 10-11-ci sinifdə deyil, daha aşağı siniflərdən sevdik”.
Tural Taqıyev qeyd edir ki, uzun illər müəllim işləmək ona həm ixtisas biliklərini möhkəmləndirməkdə, həm də MİQ imtahanına hazırlıq baxımından üstünlük verir. Onun sözlərinə görə, müəllimlik təcrübəsi olan şəxslər dərs vəsaitləri ilə daha yaxından tanış olur və bu da imtahanlarda onlara üstünlük qazandırır:
“İmtahana yeni hazırlaşanlar üçün sistemli və planlı şəkildə çalışmaq vacibdir. MİQ imtahanında suallar dərin düşünmə tələb edir. Ona görə də bu imtahana ciddi yanaşmaq lazımdır. Məqsədi müəllim olmaq olan hər kəs bu prosesə ciddi yanaşmalıdır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər