.jpg)
Qarabağ Universitetinin rektoru Şahin Bayramov Tailandın Banqkok şəhərində baş tutan “Enactus” Dünya Kuboku 2025 yarışında Azərbaycanı uğurla təmsil edən "Enactus Karabakh" komandasının üzvləri ilə görüş keçirib.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüş zamanı Şahin Bayramov tələbələri və onlara proses müddətində dəstək olan mentorlarını qazandıqları uğura görə təbrik edib, bu nailiyyətin onların gələcək karyera həyatlarında mühüm rol oynayacağını vurğulayıb. Rektor yarışın əhəmiyyətindən bəhs edərək bildirib ki, bu, universitet tələbələrinin indiyə qədər qazandığı ən böyük uğurlardan biridir. Ş.Bayramov “Enactus” Dünya Kubokunda ölkəmizi təmsil etməyin yalnız akademik deyil, həm də sosial və peşəkar inkişaf baxımından əhəmiyyətli bir təcrübə olduğunu diqqətə çatdırıb.
Sonra komanda üzvləri yarışma ilə bağlı təəssüratlarını bölüşüb, yaşadıqları sevinc və həyəcanı dilə gətiriblər.
“Enactus Qarabağ” komandasının kapitanı Əli Yusibov bildirib ki, Qarabağ Universitetinin ilk çempion “Enactus” komandası olaraq bu qlobal səviyyəli yarışda iştirak etmək onlar üçün həm təsirli, həm də qürurverici bir təcrübə olub: “Bu uğura görə böyük qürur hissi keçirirəm. Ölkəmizin ən gənc “Enactus” komandası olmağımıza baxmayaraq qısa müddətdə əzmlə çalışaraq ölkə çempionu adını qazandıq və ölkəmizi, eləcə də Qarabağ Universitetini Tailandda keçirilən Dünya Kubokunda layiqincə təmsil etdik. Sonda universitetimizin rəhbərliyinə, müəllimlərimizə, Enactus Azərbaycan rəhbərliyinə, Gənclər Fonduna və Gənclər və İdman Nazirliyinə göstərdikləri dəstəyə görə dərin minnətdarlığımı bildirirəm”.

Komandanın layihə meneceri Əbdülkərim Babayev qeyd edib ki, bu proses ərzində bacarıqlarını inkişaf etdirib, təcrübələr qazanıb: “Bizi digər komandalardan fərqli edən komanda qurulandan bəri bizə yol göstərən məsləhətçi – müəllimlərimizin hər zaman bizə etdikləri motivasiya və göslətdikləri inam nəticəsində hər bir üzvün həvəslə qoyulan tapşırıqların öhdəsindən gəlməyə çalışması, bu tapşırıqların həllində əməkdaşlıq etməsi oldu. “Enactus” Dünya Kubokunda isə ölkəmizi və universitetimizi dünyanın 29 ölkəsindən gələn tələbə və gənclərin iştirak etdiyi nüfuzlu tədbirdə layiqincə təmsil etdik. Orada olduğumuz müddət ərzində çoxlu mədəniyyətlərlə əyani tanış olmaq, yeni insanlar tanımaq və orada deyildiyi kimi "dünyanı dəyişən gənclərin" bir parçası olmaq çox gözəl idi. Ümumilikdə, bu proses ərzində bacarıqlarımı inkişaf etdirib, çox dəyərli təcrübələr qazanmağım ən vacib məqamlardan oldu”.

Komandanın layihə rəhbərinin köməkçisi Tofiq Dəmirov isə təhsil aldığı universitetin belə prestijli layihələrdə iştirakından böyük fəxr hissi keçirir: “"Enactus" layihəsində iştirak məni inkişaf etdirdi, özümə inamımı artırdı və sözün əsl mənasında gözümü açdı. Bu həm də mənim öz ixtisasıma olan marağımı da artırdı. Biz komanda olaraq layihəyə uzun müddət və əmək sərf etdik. Nəticədə ölkə çempionatında ilk yeri tuta bildik və ölkəmizi Tailandda layiqincə təmsil etdik. Geriyə dönüb baxanda atdığımız bütün addımların bu gün bizi qələbəyə apardığını bilmək qürurvericidir. Yarandığı ilk illərdə Qarabağ Universitetinin adının bu cür böyük, prestijli tədbirlərdə səsləndirilməsi bizim üçün böyük fəxr və məsuliyyətdir. Burada müəllimlərimizin, universitet rəhbərliyinin rolu, təbii ki, əvəzsizdir. Onları da təbrik edir və təşəkkürümüzü bildiririk”.

Komandanın innovasiya üzrə meneceri Əli Həşimli yarışmada qazandığı təcrübənin həm şəxsi, həm də peşəkar inkişafında böyük rol oynayacağını söyləyir: “Komandamızla birlikdə innovativ və sosial dəyəri olan layihə üzərində çalışaraq real təsir yaratmağı hədəfləmişdik. Əsas məqsədim layihəmizi texnoloji baxımdan daha səmərəli və dayanıqlı etmək idi. Dünya Kubokuna vəsiqə qazanmaq bizə yalnız beynəlxalq arenada Azərbaycanı təmsil etmək imkanı yox, həm də daha böyük məsuliyyət verdi. Tailandda Qarabağ və Azərbaycan adını yüksəltmək bizim üçün böyük qürur idi. Orada ölkəmizi və Qarabağı layiqincə təmsil etmək üçün bütün gücümüzlə çalışdıq və bu təcrübə mənim üçün həm şəxsi, həm də peşəkar inkişaf baxımından unudulmaz oldu”.

Komandanın insan resursları meneceri Nəzrin Quluzadə vurğulayıb ki, komandanın hər üzvünün göstərdiyi səy, peşəkarlıq və əzmlə yüksək nəticələr əldə ediblər: “Yarışda doğma universitetimizi beynəlxalq arenaya çıxarmaq və orda universitetimizin adının çəkilməsi, innovativ layihələrimizi təqdim etmək və təcrübə mübadiləsi aparmaq həyatımın unudulmaz anlarına çevrildi. Komandamızın hər üzvünün göstərdiyi səylə, peşəkarlıq və əzmlə yüksək nəticələr əldə etdik. Bu tədbir həm şəxsi, həm də professional inkişafım üçün çox önəmli təcrübə oldu. Bu yarışda iştirak təkcə bizim üçün bir təcrübə olmadı, eyni zamanda Qarabağ və Azərbaycan gənclərinin gücü, istedadı və iradəsi sayəsində dünyaya “Biz gələcəyin qurucuları və liderləriyik!” mesajını öz çıxışımızla verdik”.

Komandanın araşdırma üzvü Fəridə Şükürlü komandanın əsas məqsədi Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmək olub: “Biz bu fəaliyyəti icra edərkən əsas məqsədimiz qoynunda böyüdüyümüz Vətənimizə fayda vermək olub. Həmçinin də şahidlik etmək istədiyimiz iki an var idi: İlk olaraq milli yarışda Azərbaycan qalibi olaraq Qarabağ Universitetinin gücünü doğrultmaq. İkinci olaraq isə Azərbaycanı beynəlxalq arenada təmsil edərək orada doğma Vətənimizin və universitetimizin adının səsləndirilməsinin şahidi olmaq. Hər iki an da bizim üçün əvəzolunmaz və qürurverici oldu. Üzərimizdə çox böyük bir məsuliyyət olmasına baxmayaraq, daima yanımızda olan daha da böyük dəstəkçilərimiz var idi. İstər maddi, istərsə də mənəvi verilən dəstəklər bizi zirvəyə apardı. Yuxusuz hər gecə, komandanın sarsılmaz əzmi, edilən hər dua, dəstəkçilərimizin üzündəki təbəssüm və bizə olan inam Zirvəyə qalxan yolda pillə oldu”.

Komandanın tədqiqatçı üzvü Həsənov Qabil isə təəssüratlarını belə ifadə edib: “Qarabağ Universitetinə “Enactus 2024–2025” milli çempionluğunu qazandırdığımız üçün son dərəcə qürurluyam. Bu nailiyyətə gedən yolda müəyyən çətinliklərlə üzləşsək də, müəllim və mentorlarımızın, eləcə də universitet rəhbərliyinin dəstəyi sayəsində bütün maneələri aşaraq məqsədimizə nail olmağı bacardıq. Qazandığımız bu uğur ölkəmizi və Qarabağ Universitetini beynəlxalq arenada – Tailandda layiqincə təmsil etməyə imkan yaratdı. Düşünürəm ki, bu çempionluq Qarabağ Universitetinin, eləcə də Qarabağ regionunun dirçəlməsi istiqamətində atılmış ən mühüm addımlardan biridir və universitetdə tədris olunan dərslərin keyfiyyətinin bariz göstəricisidir. Qarabağ regionunun inkişafına töhfə verən gənclərdən biri olmaqdan böyük qürur duyuram və bu yolda gələcək uğurlar üçün var gücümlə çalışmağa davam edəcəyəm”.
.jpeg)
Komandanın İT assistantı Məhəmməd Ələkbərli bu təcrübə ona öz ideyasına inanan məqsədyönlü gənclərin bir universitetin, hətta bir ölkənin adını dünyada layiqincə səsləndirə biləcəyini göstərib: “Hazırladığımız “Biocrown” layihəsində İT assistant kimi biocrown.az saytının hazırlanmasında və istifadəçilərlə əlaqənin qurulmasında iştirak etmişəm. Əslində, hədəfimiz ilk gündən bəlli idi: milli səviyyədə qalib gələrək qlobal səhnədə Qarabağ Universitetinin adını ucaldan komandaya çevrilmək və ölkəmizi layiqincə təmsil etmək. Komanda olaraq bu məqsədə kifayət qədər çatdığımıza inanıram”.

Komandanın dizayneri Leyla Əlihümbətova yarışma haqqında fikirlərini bu sözlərlə ifadə edir: “Qarabağ Universitetinin tələbəsi olmaqla qürur duyuram. "Enactus Dünya Kuboku" layihəmizi layiqincə təqdim etməklə yanaşı, Azərbaycanın gözəl adət-ənənələrini, gözəlliklərini orda iştirak edən dünya ölkələrinə tanıtmağıma şərait yaratdı. Biz eyni zamanda çempionatda dünya ölkələrinin mədəniyyətləri ilə də tanış olduq ki, bu da bizim gələcək həyatımda böyük rol oynayacaq”.

Komandanın təqdimatçısı və dizayner köməkçisi Nərgiz Hüseynzadə isə dünyanın müxtəlif yerlərindən gələn gənclərlə eyni səhnəni paylaşmağın unudulmaz olduğunu bildirir: "Layihəmizi təqdim etmək və onların ideyalarından ilham almaq unudulmaz təcrübə idi.

Tədbir mənə beynəlxalq səviyyədə özümü sınamaq, komanda ruhunu və yaradıcılığımı inkişaf etdirmək imkanı verdi. Tailandda keçirdiyimiz günlər mənim yaddaşımda ölkəmizi qlobal arenada layiqincə təmsil etdiyimiz motivasiya və qürur dolu xatirələrlə qalacaq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər