Bütün xəbərlər
2 iyul, 09:40

Gələcək həyat yolu, karyera haqqında uşaqlıqdan düşünmək, hələ məktəbli ikən bununla bağlı müəyyən məqsədli planlar cızmaq şəxsin həm də uğurlu iş həyatına qədəm qoymasını şərtləndirir. Bu baxımdan şagirdlərdə karyera ilə bağlı düşüncələrin formalaşdırılması böyük əhəmiyyət kəsb edir. 

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki müxtəlif məktəblərin şagirdləri ilə etdiyimiz söhbətlər onların gələcək karyeralarına necə yanaşdıqlarını aydın şəkildə ortaya qoyur. Hər biri fərqli bölgənin şagirdi olsa da, fərqli düşüncələrlə çıxış etsə də, bir ortaq cəhətləri var: Gələcək üçün məqsədli seçim.

“Təkcə bir peşəyə yiyələnməklə kifayətlənməyəcəyəm”

Ağsu şəhəri 4 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Elbəy İnayətli gələcəyini IT sahəsində görür. Peşə təmayüllü sinifdə oxuyan həmsöhbətim uşaq yaşlarından IT mütəxəssisi olmağı planlaşdırır.

Uşaqlıq arzusu olan bu sahəyə marağının yaranmasında ailə üzvlərinin, xüsusilə dayısının böyük rolu olub. Həmin maraq onu məktəbdə “Qrafik dizayner” ixtisasını seçməyə sövq edib: “Məktəbdə peşə təmayüllü siniflər yalnız 10-11-ci siniflərdə fəaliyyət göstərir. Mən də texnologiya ilə maraqlandığımdan bu ixtisası öz istəyimlə seçdim”.

Elbəy seçimini məqsədli şəkildə edib. Onun sözlərindən məlum olur ki, təkcə bir peşəyə yiyələnməklə kifayətlənməyəcək: “Akademik biliklə yanaşı, həyati bacarıqlara da yiyələnmək çox vacibdir. Bu olmadan karyera qurmaq çətindir”, – deyə vurğulayır.

9-cu sinif buraxılış imtahanında topladığı 224 bal onun fənlərə yanaşmasında da məsuliyyətli olduğunu göstərir. Eyni zamanda, I ixtisas qrupu üzrə ali məktəbə qəbul olmağa hazırlaşır. Bu nəticə onun texniki sahədə uğurla irəliləmək üçün yetərli baza biliklərinə sahib olduğunu sübut edir. O, öz peşəsinə könüllü addım atdığı üçün motivasiyasının da yüksək olduğunu deyir.

Elbəy məktəbdə şagirdlər üçün yaradılan şəraitdən razılığını da bildirir. Qeyd edir ki, dərslərdən əlavə informatika fənni üzrə onlayn təşkil edilən hazırlıq kurslarında iştirak edir, həm də ədəbiyyatla maraqlanır. O, gələcəklə bağlı nikbindir: “IT elə bir sahədir ki, hər gün inkişaf edir. Buna görə mən də özümü inkişaf etdirməliyəm. İnanıram ki, yüksək nəticə ilə seçdiyim ixtisasa sahib olacağam”.

”Gələcək ixtisasım üzrə indidən kitablar oxuyuram”

İsmayıllı rayonu Qalacıq kənd tam orta məktəbin 10-cu sinif şagirdi Dərya Salehova müəllim olmaq istəyir və bu qərarını 8-ci sinifdən verib. Onun baxışlarında qərarlılıq, sözlərində isə vədə çevrilmiş bir uşaq xəyalı gizlənir.

Dərya müəllimliyi yalnız bir peşə kimi deyil, həyat tərzi kimi dəyərləndirir. Uşaqlıqdan oxumağa olan marağı, kitablarla olan dostluğu bu arzunu daha da möhkəmləndirib.

“Kitab oxumağı çox sevirəm. Gələcək ixtisasım üzrə indidən kitablar oxuyuram”, – deyə fəxrlə bildirir.

Dəryanın qərarının arxasında real nümunələr də dayanır. “Əsasən, məktəb müəllimlərini gördükdən sonra müəllim olmaq qərarına gəlmişəm”, – deyir və sevdiyi müəllimlərin üzündə gördüyü işıqdan, şagirdlərə verdikləri dəyərdən ilhamlandığını vurğulayır.
Dərya təhsilin yalnız dərslərlə məhdudlaşmadığını yaxşı anlayır. Hesab edir ki, məktəblərdə şagirdlərin karyera planlaması üçün daha sistemli işlər görülməlidir. Bu baxımdan peşə yönümlü tədbirlərin və seminarların əhəmiyyətini xüsusi qeyd edir:

“Məktəblərdə peşə seçimi barədə çoxlu tədbirlərin keçirilməsi şagirdlərin gələcək yolunu daha aydın görməsinə kömək edir”.

Dərya özü kimi bölgə məktəblərində oxuyan şagirdlərin də doğru istiqamətləndirilsə, böyük nailiyyətlər qazana biləcəyinə inanır. O, müəllim olmaqla gələcəkdə cəmiyyətə, öz kəndinə və yeni nəslə fayda vermək istəyir.

“Qarşıma hər hansı maneə çıxsa belə, bacarıqlarımdan istifadə edərək onları asanlıqla həll edəcəyəm”

İsmayıllı rayonu M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Zəhra Alızadə hüquqşünas olmağı planlaşdırır.

Yaşının kiçik olmasına baxmayaraq, düşüncələri böyükdür. Gələcəyə dair sual verildikdə cavabı qətiyyətli olur:

"Fikrim hüquqşünas olmaqdır. Amma bununla kifayətlənmək istəmirəm. Bilik və bacarıqlarımdan istifadə edərək daha da irəli getmək istəyirəm".

Zəhranın gözlərində özünəinam var. Fikirlərində yetkinlik, niyyətlərində ardıcıllıq hiss olunur.

Peşə seçiminə gəlincə, Zəhra deyir ki, bu qərarı tam müstəqil şəkildə verib. Lakin bu, onun yanında heç kim olmadığı anlamına gəlmir: “Müəllimlərim mənə gözəl təhsil verir, valideynlərim isə atdığım hər addımda mənə dəstək olurlar”, – deyə minnətdarlıqla bildirir.

Zəhranın öz yoluna inamı onun həyat fəlsəfəsində də əksini tapır: “Hələlik elə bir çətinlik görmürəm. Düşünürəm ki, qarşıma hər hansı maneə çıxsa belə, öz bacarıqlarımdan istifadə edərək onları asanlıqla həll edəcəyəm”.

Bu inam onun yalnız arzularla yaşamadığını, həm də o arzulara çatmaq üçün plan qurduğunu göstərir.

Peşə seçimində dərin düşünmək onun üçün vacibdir. Məhz buna görə də gələcəkdə sahib olacağı ixtisasın əmək bazarındakı rolunu daha yaxşı öyrənmək istəyir. Bu maraq onun gələcəyə yalnız xəyallarla yox, eyni zamanda, real bilik və informasiya ilə silahlanaraq getdiyini göstərir.

Uğurlu karyeranın sirrini soruşduqda isə cavabında həm sadəlik, həm də dərinlik var. “Məncə, mükəmməl təhsil, özünəinam və yaxınların sənə olan dəstəyidir”, – deyir Zəhra.

“Karyeramda çox uğurlu bir insan olacağımı düşünürəm”

Qobustan şəhəri 3 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Zülfiyyə Qurbanova uşaqlıqdan aparıcılıq və jurnalistikaya marağı var. 
Zülfiyyə uşaqlıqdan özünü ifadə etməkdən çəkinməyən, aktiv bir insan kimi yetişib. Müsabiqələrdə iştirak, tədbirlərin aparıcılığı, mükəmməl nitq qabiliyyəti onun üçün sadəcə nailiyyət yox, həm də gələcək yoluna işıq salan siqnallar olub. Günlərin birində özünə verdiyi bir sual onun həyatını istiqamətləndirib:

“Mən kim olmaq istəyirəm?” Cavab aydın idi: “Jurnalist!”

Onun sözlərində qətiyyət, yanaşmasında isə məntiqli ardıcıllıq var. Zülfiyyə deyir: “Mən karyeramı əvvəldən müəyyən etmişəm. Çünki bu sahədə çox uğurlu bir insan olacağımı düşünürəm. Hazırda olduğum kimi”. 

Onun bu seçimini müəllimləri də dəstəkləyir, onunla ünsiyyətdə olan hər kəs Zülfiyyənin jurnalistika üçün doğulduğunu deyir. Bacarıqları, danışıq tərzi, ictimai fəallığı onu sanki bu sahəyə doğru çəkir.

Amma Zülfiyyə idealist deyil. O, realist düşüncələri də unutmur. Cəmiyyətin bəzən belə seçimlərə qarşı necə reaksiya verdiyini açıq şəkildə dilə gətirir: “Mən jurnalist olmaq istəyirəm dedikdə, müsbət fikirlərlə yanaşı, mənfi fikirlər də aldım: “Jurnalist olub nə işləyəcəksən?”, “Jurnalist qadın işi deyil”. Bu kimi düşüncələr hələ də mövcuddur”.

Zülfiyyənin bu cür fikirlərə cavabı isə çox aydındır: “Uğurlu karyeraya gedən yol, insanın olmaq istədiyi şəxs olması ilə başlayır. Əgər mən bu işi sevirəmsə, daim öz üzərimdə işləyərək böyük uğurlar qazana bilərəm”.

O, peşə seçiminin sırf maddi gəlir və ya əmək bazarının diktəsinə əsaslanmasını da düzgün saymır: “Peşə seçimində əsas amil insanın özünü tapması və sevdiyi işlə məşğul olmasıdır. Bəzən “elə iş seçin ki, gələcəkdə o sahəyə tələbat olsun” deyilir. Mən isə düşünürəm ki, sevdiyimiz sahəyə yönəlmək və həmin sahəyə tələbat yaratmaq daha doğrudur”.

“Gənclər öz gələcəklərini düşünərkən yalnız məşhur və çox gəlirli sahələrə yönəlməməlidirlər”

Şamaxı şəhəri M.Hadi adına 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Nərmin Məmmədzadə informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşmaq istəyir. Onun yalnız bir fənnə və ya sahəyə maraq göstərən şagird deyil, gələcək həyatını dəqiq planlayan, analitik düşünən və məqsədinə bağlı bir gənc olduğunu anlamaq çətin deyil. Hədəfləri aydındır: informasiya təhlükəsizliyi üzrə təhsil almaq və bu sahədə ixtisaslaşmaq.

Bu seçim sadəcə gündəmin təzyiqi ilə verilmiş qərar deyil. Nərmin bu marağı uşaq yaşlarından içində daşıyır: “Bu sahəyə həm indi çox tələbat var, həm də gələcək üçün çox aktivdir. Mən də elə uşaqlıqdan bu istiqamətə maraq göstərmişəm”.

Onun bu yolda ilk addımları isə təsadüfi olmayıb. Ailəsinin və müəllimlərinin dəstəyi onu daha da cəsarətləndirib. 

Müxtəlif yaşlarda qatıldığı intellektual yarış və müsabiqələr onun zəhmətinin bariz nümunəsidir. Nərmin peşə seçimini artıq 9-cu sinifdə edib. Düşünür ki, hər bir gənc bu yaşdan öz gələcəyi barədə real planlar qurmalıdır: “Biz artıq 9-cu sinifdən gələcək ixtisasımızı seçməliyik ki, həm uğurlu, həm də özümüzü rahat hiss edəcəyimiz sahədə çalışaq. Mənim üçün informasiya təhlükəsizliyi həm maraqlı, həm də gələcəyə açılan perspektivli sahədir”.

Nərminin fikrincə, informasiya təhlükəsizliyi müasir dövrün çox vacib və həyati əhəmiyyət kəsb edən sahədir. Kiberhücumlar, şəxsi və dövlət məlumatlarının qorunması kimi mövzular hər gün gündəmə gəlir. Ona görə də bu sahə üzrə ixtisaslaşmaq həm şəxsi inkişaf, həm də cəmiyyətə faydalı olmaq baxımından önəmlidir.

Nərmin təhsil və şəxsi inkişafın karyeradakı uğurun əsas açarı olduğuna inanır. Buna görə də öz üzərində çalışaraq biliklərini artırmağa çalışır.

Onun fikrincə, gənclər öz gələcəklərini düşünərkən yalnız məşhur və çox gəlirli sahələrə yönəlməməli, həm də cəmiyyətin ehtiyaclarına və öz maraqlarına diqqət yetirməlidirlər. Nərmin bununla da hər gəncin öz fərdi yolunu tapmasının vacibliyini vurğulayır.

Şərhlər

Xəbər lenti

2 iyul, 23:09

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə AzTU-nun Fəxri Doktoru diplomu təqdim olunub

2 iyul, 23:06

Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib

2 iyul, 20:08

Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib

2 iyul, 18:54

Xaricdə “İbtidai sinif müəllimliyi” təhsili alanların 90 faizi imtahandan keçə bilməyib

2 iyul, 18:50

MİQ imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

2 iyul, 17:54

“Sertifikatlaşdırma təhsil həyatında yeni uğurlar əldə etməyə imkan yaradır” – Müəllimlərin təəssüratları

2 iyul, 17:16

"SABAH-ın məzunu 2025” tədbiri keçirilib

2 iyul, 17:15

“Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib

2 iyul, 16:38

“Səhnəyə çıxanda özümü rahat hiss edirəm” – Ayanın uğur yolu

2 iyul, 16:10

Nazir müavini: Ölkənin gələcəyi yaradıcı gənclərin fəaliyyətinin səmərəliliyi ilə təmin olunur

2 iyul, 15:25

2024-2025-ci tədris ilində SABAH qruplarından 1421 nəfər məzun olur

2 iyul, 14:40

"Yorulsaq da, fikrimizdən dönmədik" – Maneələrə qalib gələn gənc xilasedicilər

2 iyul, 14:11

Orta ixtisas təhsilində yeni paradiqmalar

2 iyul, 13:30

Elm və Təhsil Nazirliyi vətəndaşlara müraciət etdi

2 iyul, 12:38

Sabahın hava proqnozu açıqlanıb

2 iyul, 12:27

“Avrasiya Universitetlərinin Sammiti”nin növbəti spikerlər siyahısı açıqlanıb

2 iyul, 12:22

Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul şərtləri açıqlanıb

2 iyul, 12:17

“WorldSkills Azerbaijan” dəmir yolu nəqliyyatı texnologiyası üzrə yarışın qalibləri müəyyənləşib

2 iyul, 12:02

Akademik və elmi məlumatların toplanacağı mərkəzi məlumat bazası yaradılacaq

2 iyul, 12:02

Oksford Universitetinin azərbaycanlı müəllimi: Heç vaxt öz potensialınızı kiçiltməyin

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.