
Gənclərin ixtisas seçiminə dəstək vermək, onları peşə təhsili ilə yaxından tanış etmək, peşə seçiminə kömək göstərmək, peşə təhsilinin əhatəliliyini artırmaq məqsədilə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib. Tədbirin məqsədi həm də ictimaiyyəti mərkəzin maddi-texniki bazası, tədris imkanları və müxtəlif peşə istiqamətləri barədə məlumatlandırmaq idi.
“Azərbaycan müəllimi” mərkəzdəki “Açıq qapı” tədbirindən reportajı təqdim edir.
Tədbir rayonun ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdləri, məktəb direktorları, ictimaiyyət nümayəndələri və işəgötürənlərin iştirakı ilə baş tutub.
Mərkəzin həyətində işçi heyəti və tələbələrin hazırladıqları əl işləri - aşpazlıqdan tutmuş geyim dizaynına, qaynaqçılıqdan santexnikaya qədər müxtəlif işlər sərgilənmişdi. Özünəməxsus işlərin müəllifi olan tələbələr əməklərinin nəticəsini təqdim etdiklərindən gözlərində sevinc və qürur hissi sezilirdi.
“Gənclər bilməlidirlər ki, peşə təhsili real bacarıq formalaşdırır”
“Açıq qapı” günü çərçivəsində qonaqlara mərkəzdə tədris olunan ixtisaslar – aşpazlıq, elektrik təsərrüfatı, kompüter sistemləri, dərzilik və digər istiqamətlər üzrə nəzəri və praktiki dərslər təqdim olunub. İştirakçılar müxtəlif peşə sahələri üzrə təşkil olunmuş sərgiyə baxış keçirib, ustad dərslərinin gedişini izləyiblər.

Mərkəzin direktoru Cəlil Bağırov bildirib ki, “Açıq qapı” həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıyır: “Biz bu tədbiri yalnız bir təqdimat deyil, həm də gənclərlə birbaşa ünsiyyət fürsəti kimi dəyərləndiririk. Gənclər bilməlidirlər ki, peşə təhsili real bacarıq formalaşdırır, onları iş həyatına hazırlayır. Bu gün burada gördükləri hər şey – müasir avadanlıqlar, peşəkar təlim mühiti onların uğurlu gələcəyinə yönəlib”, – deyə o vurğulayıb.
Cəlil Bağırov həmçinin qeyd edib ki, peşə seçimi həyat seçimi qədər əhəmiyyətlidir və gənclərin düzgün istiqamətlənməsi üçün bu cür tədbirlərə davamlı ehtiyac var. Onun sözlərinə görə, mərkəzin əsas məqsədi yalnız dərs keçmək deyil, tələbələrin gələcək iş həyatına hazırlanmasıdır. Nəzəri biliklə yanaşı, real şəraitdə bacarıq qazanmaq əsas prioritetlərdəndir.
Tədbir çərçivəsində təşkil olunan bədii hissə isə auditoriyaya duyğusal anlar yaşadıb. Səhnədə tələbələrin ifasında müxtəlif rəqslər, musiqilər, şeirlər və səhnəciklər təqdim olunub. Bu hissə tədbirə yalnız rəsmi deyil, həm də ruhlandırıcı ab-hava qatıb.
Tədbirdə iştirak edənlər arasında fərqli yaş qruplarından olan şagirdlər də yer alıb. Onlar təqdim olunan şəraitdən və təhsil imkanlarından razı qaldıqlarını bildiriblər. İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ruhəngiz Qasımova peşə məktəbində yaradılmış imkanların onu təəccübləndirdiyini deyib:
“Mərkəzin tələbələrinin hazırladığı əl işləri sərgisi olduqca maraqlıdır. Geyim dizaynı, qaynaqçılıq, aşpazlıq və santexnika sahələri üzrə hazırlanan nümunələr tədbir iştirakçılarına təqdim edildi. Müxtəlif ixtisaslara aid maketlər, texniki qurğular, dizayn kompozisiyaları sərginin vizual cəlbediciliyini artırır. Tədbirdə iştirak mənə gələcək planlarımı daha dəqiq müəyyənləşdirməyə kömək etdi. Xüsusilə aşpazlıq mənim üçün çox maraqlı sahədir. Bu gün burada həm dərs avadanlıqları, həm də müəllimlərin yanaşması məni çox cəlb etdi”.

“Buradakı təhsil real iş şəraitinə uyğunlaşmanı asanlaşdırır”
Mərkəzin 3 illik dərzi kursunun tələbəsi Könül Əzimova dərzilik və moda üzrə tədrisin yüksək səviyyədə aparıldığını qeyd edib:
“Peşə sahibi olmaq gələcəyimizi təmin edir. Dərzi qrupunun tələbələri əsasən milli, bədii və uşaq geyimləri hazırlayırlar. Biz bir sıra cizgi filmi personajlarının geyimlərini də tikirik”.
Aşpazlıq ixtisası üzrə təhsil alan Aytən Alızadənin təəssüratları onun peşəsinə olan həvəsini və tədris mühitindən razılığını əks etdirib:
“Mərkəzdə keçirilən dərslər çox keyfiyyətlidir. Tələbələr yalnız nəzəri biliklər deyil, həm də milli və dünya mətbəxinə aid yeməklərin hazırlanmasını praktiki şəkildə öyrənirlər. Təhsil müddətində komandada işləmək bacarıqları da formalaşır. Bu da gələcəkdə real iş şəraitinə uyğunlaşmanı asanlaşdırır. Mənim üçün ən maraqlı tərəflərdən biri istehsalat müəssisələrində keçirilən təcrübədir. Bu imkan sayəsində bacarıqlarımızı peşəkar mühitdə sınaqdan keçiririk.”
Elektrik qaz qaynağı üzrə təhsil alan Məzahir Bağırlı isə bildirib ki, qaynaqçılıq sadəcə metal birləşdirmək deyil, eyni zamanda təhlükəsizlik tədbirlərinə ciddi yanaşma tələb edən məsuliyyətli bir sahədir:
“Hər bir uğurlu qaynaq işi qoruyucu vasitələrin düzgün istifadəsi və təhlükəsizlik qaydalarına əməl etməklə başlayır. Xüsusi maska və qoruyucu geyimlərdən istifadə həm gözləri, həm də bədəni zərərli şüa və qığılcımlardan qoruyur”.
Mərkəzdə istehsalat təlim ustası peşəsi üzrə təhsil alan Səxavət Rəhimov, geyim dizaynı üzrə Könül Əzimova, kargüzarlıq xidmətləri üzrə Ayşən Adgözəlova, kompüterlərin təmiri və texniki xidmət üzrə Pərvin Kərimli, qrafik dizayn üzrə Vəkil Qəribov, bərbər ixtisası üzrə Təzəgül Qasımova da hazırladıqları əl işlərinin artıq əmək bazarına təqdim olunduğunu və bu cür tədbirlərin onların gələcək qərarlarının formalaşdırmasında mühüm rol oynadığını söyləyiblər.

“İxtisas istiqamətləri əmək bazarının tələblərinə uyğun müəyyənləşdirilir”
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Sona Orucova tələbələrin təhsilə olan marağından böyük məmnuniyyətlə danışıb. O bildirib ki, gənclər öyrənməyə son dərəcə həvəslidirlər və mərkəzin əsas məqsədi onları müasir tələblərə cavab verən peşəkar mütəxəssislər kimi yetişdirməkdir:
“Peşə təhsili artıq gələcək uğurun başlanğıcıdır”, – deyə o vurğulayıb.
Hazırda mərkəzdə kənd təsərrüfatı, informasiya texnologiyaları və sənaye sahələrini əhatə edən ümumilikdə 33 qrup fəaliyyət göstərir. Sona Orucovanın sözlərinə görə, ixtisas istiqamətləri əmək bazarının tələblərinə uyğun müəyyənləşdirilir:
“Biz mütəmadi olaraq işəgötürən müəssisələrlə əməkdaşlıq edir, onların maraq və ehtiyaclarını öyrənmək üçün sorğular həyata keçiririk. Bu məlumatlar əsasında ixtisas istiqamətləri və qəbul planı formalaşdırılır”.

Tədris prosesi innovativ yanaşmalar əsasında həyata keçirilir. Müəllimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin kurikulum proqramları əsasında dərs deyirlər. Bu sahədə Türkiyə təcrübəsindən də istifadə olunur. Sona xanım qeyd edir ki, yaxın günlərdə bir qrup müəllim Türkiyəyə təcrübə səfərinə göndəriləcək və bu təşəbbüs təhsilin keyfiyyətinə daha da müsbət təsir göstərəcək.
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Açıq qapı” günü yalnız təqdimat xarakterli tədbir olmayıb. Bu gün həm də gənclərə seçim imkanı təqdim edən, onların arzularına yol açan və cəmiyyətin peşə təhsilinə münasibətini dəyişdirən real bir təcrübə kimi qiymətləndirilib. Tədbir çərçivəsində keçirilən canlı dərslər, sərgilər və ustad təqdimatları göstərdi ki, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi bu gün əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanması üçün hərtərəfli şərait yaradıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər