Bütün xəbərlər
7 iyul, 10:10

“Mən onu şəxsən tanıyırdım, onunla dəfələrlə görüşmüşdüm və buna görə də mənim bu sözlərim kitablardan oxuduğum, yaxud kimdənsə eşitdiyim sözlər deyildir. Bunlar onunla şəxsi təmasdan aldığım təəssüratlardır. O, həddindən artıq mədəni və eyni zamanda çox təvazökar bir insan idi, millətini, xalqını həddindən artıq sevən bir adam idi, vətənpərvər bir insan idi, Vətəni haqqında, milləti haqqında, xalqı haqqında daim düşünən bir insan idi. Bu insanın siması həm zahirdən, həm də daxildən onun nə qədər yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirirdi. O, sözün əsl mənasında ziyalı idi”.
Ümumilli Lider Heydər ƏLİYEV

Azərbaycan çoxəsrlik tarixi boyu dünyaya bir çox korifeylər və mütəfəkkirlər bəxş edib. Əsrlər boyu Azərbaycan alimləri elmin müxtəlif sahələrində meydana gətirdikləri kəşflərlə bəşəriyyətin elmi xəzinəsinə böyük töhfələr veriblər.

Elm adamlarımız, alimlərimiz xalqımızın milli mənlik şüurunun yüksəlişi və inkişafında, intellektual potensialının güclənməsində parlaq izlər qoyublar. Onların hər biri öz tədqiqatları, kəşfləri, Vətən qarşısında töhfələri ilə elm tariximizdə milli fəxarət zürvəsinə yüksəliblər. Bu inkişaf mərhələsində Azərbaycanı, milli elmimizi inkişaf etdirən, dünyada tanıdan, ölkəmizi şöhrətləndirən görkəmli alimlərimiz arasında görkəmli kimyaçı, maarifpərvər alim, akademik Yusif Məmmədəliyev xüsusi yer tutur. Prezident İlham Əliyevin 5 iyul 2025-ci il tarixli Sərəncamı ilə akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinin qeyd olunması dövlətimiz tərəfindən ölkəmizdə elmə, alimə verilən ən yüksək qiymətdir. 

Şərəfli ömür yolundan sətirlər 

Azərbaycan elminin inkişafına misilsiz töhfələr vermiş görkəmli alim, kimya elmləri doktoru, Dövlət Mükafatı laureatı, akademik Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad şəhərində dünyaya göz açıb. O, 1911-1917-ci illərdə Ordubadda şəxsi məktəbdə təhsil alıb, sonra orada yaradılan yeni tipli məktəbdə təhsilini davam etdirib. 1918-1920-ci illərdə Təbrizdə ingilisdilli məktəbdə təhsil alıb. 1921-ci ildə Ordubadda gimnaziyanı “əla” qiymətlərlə bitirib, ibtidai məktəbdə müəllim işləyib. Yusif Məmmədəliyev 1928-1930-cu illərdə 1925-ci ildə yaradılmış İrəvan Pedaqoji Texnikumunda da müəllim işləyib.  

1926-cı ildə Ali Pedaqoji İnstitutun təbiət fakültəsini müvəffəqiyyətlə bitirib. Bu ali təhsil ocağında Y.Məmmədəliyev görkəmli kimyaçı professorlarımız S.Hüseynov və M.Xanlarovdan dərs alıb. Daha sonra 3 il müəllim işləyib. Y.Məmmədəliyevin kimya elminə olan dərin marağı və sevgisi nəzərə alınıb, 1929-cu ildə kimya biliklərini daha da dərinləşdirmək məqsədilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin ikinci kursuna qəbul olunub. 24 yaşlı gənc təhsil almaqla yanaşı dünya kimya elminin görkəmli alimlərindən olan akademik N.Zelinskinin laboratoriyasında elmi-tədqiqat işləri aparmağa başlayıb. Məşhur professorlar N.D.Zelinski və A.A.Balandinin tələbələri olan Y.Məmmədəliyev kimya fakültəsinin “Üzvi kataliz” ixtisası üzrə ilk məzunlarından biri olub. 1931-ci ildə N.Zelinskinin və A.Balandinin rəhbərliyi ilə “Etilenin katalitik hidrogenləşməsinin kinetikasının öyrənilməsi” mövzusunda ilk elmi-tədqiqat işini müvəffəqiyyətlə yerinə yetirib. 

1932-ci ildə vətənə qayıdan alim keçmiş Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Üzvi kimya kafedrasına müdir təyin olunub. Bir tədris ili orada işlədikdən sonra Bakıdakı V.Kuybışev adına Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutunda (indiki AMEA Neft-Kimya Prosesləri İnstitutu) işə başlayıb. Məhz burada gənc alimin gözəl istedadı üzə çıxıb. Onun o dövrdə aktual olan neft-kimya və üzvi katalizin elmi problemlərinə həsr olunan elmi məqalələri yerli neft emalı və neft-kimya sənayesinin inkişafı ilə sıx əlaqəli olub. Gənc alimin bəzi tədqiqat işləri yeni sənaye proseslərinin yaradılmasına təkan verib. 

Y.Məmmədəliyevin əsas elmi fəaliyyəti bu institutla bağlı olub və böyük alim burada gənc tədqiqatçıdan akademikliyədək şərəfli yol keçib. Y.Məmmədəliyev bu elm müəssisəsində kimyaya aid intensiv axtarışlar aparmağa və ilk məqalələrini çap etdirməyə başlayıb.

Böyük maarifçi

Akademik Yusif Məmmədəliyev böyük maarifçi olub. O, ilk əmək fəaliyyətinə müəllimliklə başlayıb. Ordubadda, Gəncədə, Bakıda, İrəvanda və başqa yerlərdə müəllim işləyib. Onun maarifçiliyi müəllimlik fəaliyyəti ilə bitmir. O, Azərbaycan Dövlət Universitetində, Dövlət Neft və Kimya İnstitutunda, başqa institutlarda da, Moskva ali məktəblərində də müəllimlik edib. Azərbaycan maarifinin inkişaf etdirilməsində onun böyük xidmətləri vardır. Onun mühazirələri, tələbələrə verdiyi biliklər, göstərdiyi qayğı Yusif Məmmədəliyevin həqiqi mənada müəllim olduğunu nümayiş etdirib. Buna görə də yüksək elmi düha sahibi yetirmələrinin xatirində həm də böyük müəllim kimi yaşayır. 

Misilsiz və əvəzsiz xidmətlərinə görə Y.Məmmədəliyev Azərbaycanın ilk kimyaçı akademiki, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) rektoru, iki dəfə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. Bu illər ərzində elmimizin inkişafı və milli mədəni dəyərlərimizin qorunması uğrunda yorulmadan çalışıb, onlarla elmi-tədqiqat institutu, yeni istiqamətli laboratoriya, kafedra və elm ocağının yaradılmasına nail olub. 

Akademik Yusif Məmmədəliyev xüsusən də böyük maarifçi kimi fəaliyyətinin ən parlaq səhifələri Azərbaycan Dövlət Universitetinə rektorluq etdiyi dövrə təsadüf edir. Görkəmli alim Azərbaycan Dövlət Universitetinə rəhbərlik etdiyi zaman çox işlər görüb, universitet daha da genişlənib, inkişaf edib, yeni kafedralar açılıb. Böyük alim universitetin elmi nüfuzunu yüksəldib. Dəqiq elmlər sahəsində son nailiyyətləri əhatə edən yeni tədris proqramları tərtib edib, universitetin keçmiş İttifaqda və xaricdə tanınmış ali məktəblərlə əlaqəsini möhkəmləndirib. 

Yusif Məmmədəliyevin Azərbaycan elminin təşkili, dünya elminə inteqrasiyası sahəsində əvəzsiz xidmətləri olub. Y.Məmmədəliyev böyük nüfuza, fitri təşkilatçılıq qabiliyyətinə malik alim idi. O, 1945-ci ildə kimya elmləri sahəsində müstəsna xidmətlərinə görə bu sahədə ilk akademik seçilib. Y.Məmmədəliyevin istər akademiyanın, istərsə də bir çox müəssisələrin açılmasında, elmimizi ucaldan alimlərin hazırlanmasında misilsiz xidmətləri olub. Akademik Y.Məmmədəliyev neft kimyası, neft kimya sənayesi, neft emalı, polimer kimyası elmləri üzrə uğurlu kəşfləri ilə haqlı olaraq dünya şöhrəti qazanıb və gələcək nəsillər üçün zəngin irs qoyub. O, Azərbaycan kimyaçılarının iftixar mənbəyi olan “Yusif Məmmədəliyev məktəbi”ni yaradıb.

Elmin zirvəsində 

Akademik Y.Məmmədəliyev dünyada ilk dəfə Azərbaycan nefti və təbii qazlarının tədqiqinə başlayıb, onların kimyəvi tərkibinin müəyyənləşdirilməsində uğurlu nailiyyətlər qazanıb. Bu təbii sərvətlərin yeni neft-kimya və neft emalı prosesləri üçün əvəzsiz təbii mənbə olduğunu elmi cəhətdən əsaslandıraraq sübut edib. Tədqiqatlarında hər zaman bu zəngin mənbədən istifadə etməyə üstünlük verib, bundan əhəmiyyətli məhsulların alınması üçün geniş işlər aparıb. Neft və təbii qazların hidrogenləşməsi, dehidrogenləşməsi, hidratlaşması sahəsində ilk dəfə yüksək nəticələr əldə edərək bir sıra gərəkli maddələrin, o cümlədən etil spirtinin, süni kauçukun, süni liflərin və sair yeni alınma üsullarını işləyib hazırlayıb. Bu metod ilə Azərbaycanda ilk dəfə süni kauçukun istehsalına başlanılıb.

Yusif Məmmədəliyev ilk dəfə neft qazlarının müxtəlif üsullarla ayrılması, xlorlaşması, etilen və asetilenə çevrilməsi, doymamış qazların bromlaşması, onların hidratlaşması, hidrogen sulfidlə qarşılıqlı təsiri və alınan halogenli birləşmələrin xalq təsərrüfatında və tibbdə istifadə olunmasına dair müvəffəqiyyətli tədqiqat işləri aparıb. Dünya alimlərinin öhdəsindən gələ bilmədiyi, əsrlərboyu müəmmalı qalan problemləri bu böyük alim həll edib - “qaynar lay” katalizator təbəqəsini tətbiq etməklə halogenləşmə proseslərində inqilabi dönüş yarada bilib. Y.Məmmədəliyevin üsulu ilə Azərbaycanda halogenli karbohidrogenlərin istehsalı üçün böyük halogenləşmə sənaye və yarımsənaye pilot qurğuları və zavodlar tikilib. Bu metod müxtəlif ölkələrdə də tətbiq edilib. Bu üsul ilə sənaye miqyasında müxtəlif sahələrdə strateji əhəmiyyətə malik, həmçinin dərman preparatları, həlledicilər, pestisidlər və digər məhsullar alınıb. Həmin dərman preparatları minlərlə insanı yoluxucu xəstəliklərdən qoruyub. Digər birləşmələr isə xüsusilə aviasiya sənayesində yüksək səmərəliliyə malik həlledicilər, yanğınsöndürmə əleyhinə maddələr kimi geniş istifadəsini tapıb. 1938-ci ildə Moskva Dövlət Universitetinin Elmi Şurası azərbaycanlı alimin əsasən neft qazlarının tədqiqi sahəsindəki yüksək əhəmiyyətli işlərini, dərin nəzəri ümumiləşdirmələrini nəzərə alaraq, ona dissertasiya müdafiə etmədən kimya elmləri namizədi alimlik dərəcəsi verib. Bu, Y.Məmmədəliyevin elmi işinin o dövr üçün xüsusi əhəmiyyət daşıdığını göstərirdi. Həm də onun artıq istedadlı alim kimi özünü təsdiq etdiyini sübut edirdi.

Akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illər müharibəsi dövründə müstəsna xidmətləri olub. Qələbənin yaxınlaşmasında əvəzsiz xidmətləri olan Y.Məmmədəliyev bu dövrdə neft kimyası və neft emalının vacib proseslərindən olan alkilləşmə sahəsində misilsiz nailiyyətlər əldə edib və yeni kəşflərə imza atıb. Nəticədə onun üsulu ilə yüksək çıxımla alınan və strateji əhəmiyyətli məhsullar olan alkilaromatik birləşmələr cəbhənin məqsədləri üçün geniş istifadə olunub, həmçinin “Molotov kokteyli” yeni tərkibdə işlənib hazırlanıb. Top mərmilərinin və minaların hazırlanmasında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsinin əsas komponenti olan toluolun yüksək çıxımla alınması, təyyarələrin yüksək uçuşunu təmin edə bilən yüksək oktanlı və çox aşağı donma temperaturuna malik yanacaqların hazırlanması onun adı ilə birbaşa bağlıdır. Alimin elmi ixtiralarına əsasən 1941-1944-cü illərdə Bakı neftayıranları cəbhəyə milyon tonlarla yüksək keyfiyyətli benzin veriblər. Görkəmli akademikin Azərbaycan nefti əsasında aldığı yüksək keyfiyyətli, oktan ədədi 120-yə bərabər olan, aşağı donma temperaturuna malik bu qiymətli yanacaq İkinci Dünya müharibəsində aviasiya yanacağı kimi də istifadə olunaraq qələbəyə birbaşa yol açıb. Y.Məmmədəliyev bu rəşadətlərinə görə bir çox təltiflərə, o cümlədən Dövlət mükafatına layiq görülüb. O, 1943-cü ildə doktorluq işini müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi və professor elmi adını alıb. Akademik Y.Məmmədəliyevin bu sahədə kəşfləri nəinki səmaları, hətta kosmosu fəth etməyə imkan verib. Akademikin hazırladığı metod ilə alınan yüksəkkeyfiyyətli raket yanacaqlarından Yerin ilk süni peykinin buraxılması və insanın kosmosa uçuşunda istifadə edilib. Dahi alim haqlı olaraq Qələbə Paradına və Yuri Qaqarinin kosmosa ilk uçuşu münasibətilə təşkil olunan ali tədbirə dəvət olunub və orada ölkəmizi layiqincə təmsil edib.

Artıq bütün dünyaya məlumdur ki, Azərbaycan nefti olmasaydı, faşizm üzərində qələbə çalmağın necə, hansı səviyyədə olacağını demək çətin olardı. O vaxt sovetlər ölkəsində hasil edilən neftin 70-80 faizi Azərbaycanda, Bakıda çıxarılırdı. Ancaq iş təkcə bu neftin çıxarılması deyildi, əsas məsələ bundan neft məhsulları alınması və o məhsulların keyfiyyəti idi. Bu sahədə Yusif Məmmədəliyevin xidmətləri həddindən artıq qiymətli idi və tarixi əhəmiyyət kəsb edirdi.

Elm təşkilatçısı

Akademik Yusif Məmmədəliyev ölkəmizdə elm təşkilatçılığında da böyük rol oynayıb. O, Elmlər Akademiyasının prezidenti, universitetin rektoru işləyərkən də Azərbaycan elminin böyük təşkilatçısı olub. 1945-ci ildə Azərbaycanda Elmlər Akademiyası yaranarkən Yusif Məmmədəliyev Elmlər Akademiyasını təsis edən 15 görkəmli şəxsiyyətlərdən biri olub. Azərbaycanın ilk akademikləri olan Mirəsədulla Mirqasımovla, Mustafabəy Topçubaşovla, Səməd Vurğunla, Şirokoqorovla, Yesmanla, Mikayıl Hüseynovla birlikdə Yusif Məmmədəliyev Azərbaycan Elmlər Alademiyasının təsisçisi olub. Elmlər Akademiyası təşkil olunandan cəmi iki il sonra Yusif Məmmədəliyev respublika EA-nın prezidenti seçilib, prezident kimi çox böyük işlər görüb. Məhz onun fəaliyyəti dövründə Akademiya nəzdində yeni-yeni tədqiqat institutlarının əsası qoyulub. Yusif Məmmədəliyevin təşəbbüsü ilə Bakıda Neft-Kimya Prosesləri İnstitutu yaradılıb.

Bir qürurverici faktı da diqqətə çatdırmaq lazımdır ki, Yusif Məmmədəliyev təkcə Azərbaycanda yox, o vaxtlar keçmiş Sovet İttifaqında da tanınmış böyük alim idi və ölkədə Azərbaycanı layiqincə təmsil edib. 1945-1946-cı illərdə Sovet İttifaqının Neft Sənayesi Nazirliyinin elmi-texniki şurası yaradılanda bu şuraya rəhbərlik Yusif Məmmədəliyevə həvalə olunub. Moskvada böyük bir dövlətin yüksək sənaye kompleksinin elmi-texniki şurasının rəhbəri Yusif Məmmədəliyevin – azərbaycanlının, Azərbaycan xalqının nümayəndəsinin olması təkcə Yusif Məmmədəliyev üçün deyil, həm də bütün Azərbaycan xalqı üçün iftixar hissi doğururdu.

Elmi müəssisələrin yüksək hazırlıqlı mütəxəssislərlə təmin olunmasında böyük işlər görülüb. Bütün bu elmi-tədqiqat institutlarının əksəriyyəti məhz Yusif Məmmədəliyevin Elmlər Akademiyasının prezidenti işlədiyi zaman təşkil olunub. Bu, isə akademik Yusif Məmmədəliyevin yüksək elm təşkilatçısı kimi fəaliyyətinin bariz nümunəsidir.  

Qeyd edilməlidir ki, Yusif Məmmədəliyev 1947-ci ildən 1950-ci ilə qədər, sonra da 1958-ci ildən 1961-ci ilədək akademiyanın prezidenti olub. Yusif Məmmədəliyev 1950-ci ildə subyektiv səbəblərə görə vəzifədən azad olunub. O, akademiyanın tərkibində öz işini davam etdirib, sonra universitetin rektoru işləyib və Elmlər Akademiyası Yusif Məmmədəliyevə yenidən ehtiyac duyub. O, 1958-ci ildə yenidən Elmlər Akademiyasının prezidenti seçilib və ömrünün sonuna qədər bu vəzifəni uğurla davam etdirib. 

Yusif Məmmədəliyev respublika elminin bütün sahələrinin inkişaf etdirilməsində xidmətlər göstərib.  

Ulu Öndər Heydər Əliyev Yusif Məmmədəliyev elmi dühası, onun şəxsiyyəti barədə çox gözəl fikirlər səsləndirib: “Yusif Məmmədəliyevin həyatı, yaradıcılığı, əsərləri və qoyduğu böyük elmi irs Azərbaycan xalqının tarixinin böyük bir fəslidir, hissəsidir, parçasıdır. Bu insan öz zəkası, biliyi, istedadı, fədakarlığı, elmi ixtiraları ilə, elmi əsərlər yaratmaqla, həm də ümumən Azərbaycan elmini təşkil etmək, inkişaf etdirmək sahəsindəki fəaliyyəti ilə Azərbaycan xalqının tarixinə daxil olmuşdur. Ona görə biz bu gün də Yusif Məmmədəliyevin xidmətlərini böyük məmnuniyyətlə xatırlayırıq və onun parlaq siması, əziz xatirəsi qarşısında baş əyirik”. 

Dahi alim kimyaçı, istedadlı tədqiqatçı, gözəl müəllim, görkəmli dövlət və ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın əməkdar alimi, kimya elmləri doktoru, professor, SSRİ Dövlət Mükafatı laureatı Yusif Məmmədəliyev 1961-ci il dekabrın 15-də Bakı şəhərində vəfat edib.

Şərhlər

Xəbər lenti

7 iyul, 15:27

II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlanıb

7 iyul, 14:58

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

7 iyul, 14:35

Veb-texnologiyaları üzrə “WorldSkills Azərbaycan 2025” yarışı yekunlaşıb

7 iyul, 14:35

İmişlidə ilk dəfə orta məktəbin fəaliyyəti tam orta təhsil səviyyəsi üzrə təşkil edilir

7 iyul, 14:30

“Olimpiadalar real bacarıqlara fokuslanmaq imkanı verir” – Beynəlxalq olimpiadadan medalla qayıdanlar

7 iyul, 13:31

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verib

7 iyul, 12:56

Sabahın hava proqnozu açıqlanıb

7 iyul, 12:40

Gömrük Akademiyasında “Məzun günü” keçirilib

7 iyul, 11:42

Məktəbəqədər təhsilin təşkili strategiyalarına dair təqdimat keçirilib

7 iyul, 11:25

Peşə təhsilini bitirmədən iş təklifi aldı – Uğur hekayəsi

7 iyul, 11:15

Geomaqnit qasırğası gözlənilir

7 iyul, 11:04

Universitetlər üçün tələbələrin köçürülməsi ilə bağlı təlimlər keçirilib

7 iyul, 11:00

Quba-Xaçmaz regionunun müəllimlərinin kurikulumla bağlı bilikləri artırılır

7 iyul, 10:58

Magistratura üzrə ixtisas seçimi başlayır

7 iyul, 10:55

Naxçıvanda ötən tədris ilinin İLKLƏRİ

7 iyul, 10:25

“BMU-nun dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olması tarixi nailiyyətdir” – MÜSAHİBƏ

7 iyul, 09:50

Nazir müavini Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının heyəti ilə görüşüb

7 iyul, 09:43

“WorldSkills Azerbaijan” qaynaqçılıq üzrə yarışın qalibləri müəyyənləşib

7 iyul, 09:24

25 ilin işığında

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.