Bütün xəbərlər
2 oktyabr, 14:50

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Naxçıvanda 2024-2025-ci tədris ilinin yaddaqalan hadisələri və 2025-2026-cı tədris ilində gözlənilən yeniliklərlə bağlı “Azərbaycan müəllimi”nə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

“Qiymətləndirmə vasitələrini işləyən şagirdlərdə imtahan təcrübəsi yaranır”

– 2024-2025-ci tədris ili bir sıra yeniliklərlə yadda qaldı. MR-də növbəti tədris ilinə hazırlıq necə aparılır və hansı yeni işlərin görülməsi nəzərdə tutulur? 

– 2024-2025-ci tədris ili ümumilikdə muxtar respublika üçün çox uğurlu göstəricilərlə yadda qaldı. Xüsusilə şagird nailiyyətləri, ali məktəblərə qəbul, buraxılış imtahanları, olimpiada və digər müsabiqələrdəki nailiyyətlərimizdə yüksələn dinamika müşahidə edildi. Bu onunla bağlı idi ki, biz müxtəlif periodlarda şagirdlərimizin qəbul və buraxılış imtahanlarına dəstəkləyici rol oynaya bildik. Eyni zamanda, bu dövlət tədbiri çərçivəsində nəzərdə tutulan tədbirin icrası ilə bağlı oldu. Bilirsiniz ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”dan irəli gələn tədbirlərdən biri də Monitorinq Mərkəzinin yaradılması idi. Biz bunun çərçivəsində MR-də ümumilikdə 7 müxtəlif monitorinq qiymətləndirmə həyata keçirdik. Bu da şagirdlərdə buraxılış və blok imtahanları üzrə vərdişlərin daha yaxşı formalaşmasına təsir göstərdi. Amma biz tam hədəfimizə də çata bilməmişik. Builki inkişaf dinamikası bizə “növbəti illərdə də nəticələrimiz yaxşı olacaq”, – deməyə imkan verir. 

Biz həm də çalışırıq ki, şagirdlərimizi motivasiya edək, müxtəlif mükafatlar verək. Uğurlarının ictimailləşdirilməsi onlar üçün əlavə stimuldur. 

Çıxışlarınızda hər zaman bildirirsiniz ki, gələn il üçün əsas strategiyanız şagird nailiyyətlərinin inkişafı ilə bağlı olacaq. Bununla bağlı hansı işlərin görülməsi nəzərdə tutulub?

– Təhsil Nazirliyi olaraq üzərimizə götürdüyümüz tapşırıqlardan biri şagird nailiyyətlərini yüksəltməkdir. Düşünürük ki, məktəbin tədris keyfiyyət göstəricisinə bir profil üzrə yönəlmək olmaz. İdman, incəsənət, şagirdlərimizin fərdi bacarıqlarının dəstəklənməsi sahəsində müxtəlif olimpiada və müsabiqələrin rolu böyükdür. Məktəbin öhdəliyi sadəcə şagirdlərə akademik bacarıqları aşılamaq deyil. Təhsil dedikdə, burada məktəbdənkənar müəssisələrin şagird nailiyyətləri, oradakı şagirdlərin uğurları da nəzərdə tutulur. Müşahidə edirəm ki, MR-də həm şagirdlərimizin, həm icmanın nailiyyətləri, həm də müəllimlərimizin peşəkarlığı bizə müxtəlif istiqamətlərdə şagird nailiyyətlərini artırmağa imkan verir. 2025-2026-cı tədris ilində əsas qarşımıza qoyduğumuz məqsəd bu istiqamətlərdə kəmiyyət göstəricilərimizi ötən illərlə müqayisədə daha da yüksəltməkdir.  Mətbuatda da işıqlandırıldı ki, bu il biz qəbul və buraxılış imtahanlarında, eyni zamanda fərqlənmə attestatları baxımından son 30 ilin ən yüksək nəticəsini göstərdik. Bu o deməkdir ki, bizim növbəti illərdə şkalamız daha da yüksələcək. Daha çox işləməliyik ki, builki nəticəni üstələyə bilək. 

Elxan müəllim, sizcə, bu uğurun səbəbi nədir?

– Bu suala rasional cavab vermək olmur. Burada şans da var deyə bilərik, amma şagirdlərimizin və müəllimlərimizin, eyni zamanda onları dəstəkləyən valideynlərimizin zəhmətini kənara qoya bilmərəm. Bu onu göstərir ki, bu il biz daha çox şagirdlərin bu istiqamətdə uğurlarını artırmağa fokuslana, mümkün qədər daha çox şagird və müəllimimizi motivasiya edə bilmişik. Sual oluna bilər ki, bu hansı alətlərlə olunub. Qeyd etdiyimiz kimi, dövlətimizin imkanları nəticəsində MR-də bütün şagirdləri 7 dəfə olmaqla qiymətləndimə monitorinqinə cəlb etdik. Əvvəlki illərdə bu, ödənişli əsaslarla olsa da, dövlət proqramı çərçivəsində bunu tamamilə ödənişsiz edə bildik. Bu özü əlavə bir motivasiyadır. Həmin qiymətləndirmə vasitələrini işləyən şagirdlərdə imtahan təcrübəsi yaranır. İmtahanda düz və səhv yazılanlar məktəbdə müzakirə olunur, bu müzakirə valideynə çatdırılır, öz övladının nəticəsini görür. Valideyn artıq uşağının zəif nöqtələrini biləndə onda yaranmış emosional həyəcan övladını daha çox dəstəkləməyə yönəlir. Yekunda bu nəticələrin statistik təhlillərinin müəssisələrdə aparılması müəllimlərin də öz baxışına təsir edir. Müəllim özünü tənqid edə bilir. Mən müəssisələrin də bu istiqamətdəki işlərini müsbət qiymətləndirirəm. Bu nəticəyə nail olmaq üçün təhsil naziri olaraq özüm il ərzində 3-4 dəfə müəssisə rəhbərləri ilə nəticələrin təhlili və təqdimatını aparmışam. Məktəblərin bununla bağlı proqnozlarını almışıq ki, yekunda hansı proqnozla nəticə üst-üstə düşübsə, bunu müqayisə edirik. Bu istiqamətdə işlərimiz də davam edir.

“Sadəcə uğurlarımızdan danışsaq, bu bizdə arxayınlaşma yaradar”

– Bu il Naxçıvanda təhsilverənlərin sentyabr konfrasında şagird nailiyyətlərinin monitorinqi açıqlandı. Orada müsbət nəticələrlə yanaşı, mənfi hallar da qeyd olundu. Bu da orada olan direktorların məsuliyyətini daha yaxşı dərk etməsinə səbəb olur. 

– Sadəcə uğurlarımızdan danışsaq, bu bizdə arxayınlaşma yaradar və ətalətdə qalarıq. Düşünürük ki, bütün təhlillərimiz səmimi şəkildə olsun. Uğurlu qərarlarımız qədər, diqqətdən yayınan məsələləri də tənqid etməyi bacarmalıyıq. Bütün kollegiya iclaslarında, müşavirə və görüşlərimizdə biz məsələlərə daha çox tənqidi yanaşırıq  və eyni zamanda motivasiya olunmaq üçün uğurlarımızı da təhlil edirik. 

Qeyd elədiniz ki, şagird nailiyyətlərində beynəlxalq olimpiadalarda iştirak və nəticə də əsasdır. Bəs şagirdlərin ölkə əhəmiyyətli, beynəlxalq miqyaslı olimpiadalarda iştirak səviyyəsi necədir? Şagirdlərin olimpiadalara hazırlıq səviyyəsi qənaətbəxşdirmi və nəticələrin daha da yaxşılaşdırılması üçün hansı işlər görülür? 

– Açığını desək, RFO və beynəlxalq olimpiadalardakı təcrübəmiz tərəfimizdən müsbət qiymətləndirilmir. Naxçıvan məktəbliləri qaydalara uyğun olaraq ölkədəki olimpiada hərəkatına son iki ildə qoşulub. Bundan əvvəlki təcrübə ölkə daxilində olan olimpiadalarda bizə uğur gətirməyə yetərli deyil. Amma builki nəticəmiz ötənilkindən 50 faiz çoxdursa, demək bizim tutduğumuz istiqamət özünü doğruldub. Burada söhbət sadəcə şagirdin bilikli olmasından getmir, onu hazırlaya bilən müəllim heyətinin peşəkarlığı və əlində resursun olması da vacibdir. Bu cəhətdən axsamamız var, amma bu inteqrasiya bizə imkan verir ki, yavaş-yavaş o müəllimləri formalaşdıraq və resurslarla təmin edək. 

Beynəlxalq olimpiadaya gəldikdə, ölkə təhsilində belə uğurlu şagirdlərimiz Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində aşkarlanıb. Amma çox ümidliyik ki, yaxın illərdə  bir neçə şagirdimiz texniki və dəqiq fənlər üzrə ölkəmizi beynəlxalq arenada təmsil edəcək. Həmin şagirdlərlə informatika, riyaziyyat kimi fənlər üzrə də düzgün işlər aparılarsa, uğurlu nəticələr əldə edəcəyik. STEAM Mərkəzinin nəzdində olimpiada sektorunun formalaşması da, olimpiadaya hazırlaşan uşaqlara, müəllimlərə dəstək verir. 

“Humanitar fənlər olimpiadasını təsis edəcəyik”

– Yeni yerli olimpiadanın təsis edilməsi nəzərdə tutulur? 

– Son iki ildə MR-də nazirlik olaraq Yusif Məmmədəliyev adına kimya-biologiya olimpiadası, Nəsirəddin Tusi adına fizika-riyaziyyat olimpiadasını təsis etmişik. Qeyd edim ki, Nəsirəddin Tusi adına fizika-riyaziyyat olimpiadasına bu ildən informatika fənnini də əlavə edəcəyik. Bizdə yeganə olaraq humanitar fənlər üzrə olimpiada yox idi. Amma NDU ilə bağlanmış memorandum çərçivəsində humanitar fənlər olimpiadasını da təsis edəcəyik. Onun H.Cavid, ya C.Məmmədquluzadə adına olacağı ilə bağlı hələ qərar verməmişik. Bura xüsusilə Azərbaycan dili, ədəbiyyat, xarici dillər, tarix fənnini də əlavə edəcəyik. Çoğrafiya fənnini isə Yusif Məmmədəliyev adına kimya-biologiya olimpiadasına əlavə etməyi düşünürük. Bütün bunlar imkan verəcək ki, burada aşkarlanan şagirdlərimiz bizi müxtəlif olimpiadalarda təmsil etsin. 

Bəs şagirdlərin olimpiadalara cəlbi ilə bağlı məktəblərdə və valideynlərlə maarifləndirici söhbətlər aparılırmı? Bizim qəzet vasitəsilə bu barədə onlara nə deyə bilərsiniz? 

– MR-də olimpiada 3-cüsü olan Naxçıvan şəhər 12 nömrəli tam orta  məktəbin şagirdi Oruc Heydərov müüsabiqədənkənar ADA Universitetinin “Kompüter elmləri” ixtisasına qəbul olub. Bu da o deməkdir ki, valideynlər məktəb tərəfindən aşkarlanan bu uşaqlara dəstək olmalıdırlar. Bu olimpiada prosesi məktəb, müəllim, valideyn üçbucağında harmoniya şəklində aparılmaldır. Biz belə şagirdləri xüsusi diqqətdə saxlamalıyıq. Valideynlər daha çox buraxılış və qəbul imtahanlarına hazırlaşmaq və ali məktəbə qəbul olmaq arzusunda olurlar. Amma olimpiada nəticələri birbaşa universitetə qəbul imkanı yaradır. Artıq şagirdlərimizin məktəbi qızıl, gümüş nişanlarla bitirməsi üçün olimpiada nəticəsi çox mühümdür. Bir çox beynəlxalq universitetlərə qəbulda, rəqabətlilik fonunda beynəlxalq olimpiadanın nəticəsi böyük rol oynayır.  Valideynlər bütün bunlardan məlumatlı olsa, bu sahədə övladlarına təkan verəcəklər.

MR-də 5 bağçanın tikilməsi nəzərdə tutulur

– MR-də təhsil infrastrukturunun genişləndirilməsi ilə bağlı hansı planlar var? Yeni tədris ilində yeni məktəb və bağçaların açılışı gözlənilirmi? 

– Bildiyiniz kimi, MR-də Təhsil Nazirliyinin tabeliyində ümumilikdə 270-ə yaxın təhsil müəssisəsi fəaliyyət göstərir. Biz 211 təhsil müəssisəsində artıq yeni tədris ilinə başlamışıq. Eyni zamanda publik hüquqi şəxs olan Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində və Ordubad və Şərur Peşə liseylərində 20 məktəbəqədər təhsil müəssisəsi tədrisə başlayıb. 2025-2026-ci tədris ilində də bu imkanlar təhsilin keyfiyyətinə töhfə verəcək. Qeyd edim ki, bu sadəcə mövcud infrastrukturla kifayətlənmirik. İstər dövlət, istərsə də investisiya proqramı çərçivəsində digər layihələrin də icrası gedir. Artıq Hacıvar kənd tam orta məktəbinin bu tədris ilində istifadəyə verilməsi ilə bağlı işlər yekunlaşmaq mərhələsindədir. Yaxın günlərdə həmin məktəbin tikinti işlərinin yekunlaşması və təhvil- təslimdən sonra şagirdlərimizin və müəllimlərimizin istifadəsinə verilməsi nəzərdə tutulur. Digər tikintisi davam etdirilən və yekunlaşması nəzərdə tutulan Nehrəm qəsəbə tam orta məktəbidir ki, bununla da bağlı artıq işlər sürətlə icra olunur. Əlavə məlumat olaraq bildirim ki, əvvəlki illərdə sadəcə tam orta məktəb kimi fəaliyyət göstərən həmin məktəb tikinti işləri yekunlaşdıqdan sonra bağça-məktəb imkanları ilə fəaliyyət göstərəcək. Bura 60 yerlik bağça, 522 yerlik şagird tutumlu məktəb olacaq.  Biz  tədris ili müddətində onun məktəb hissəsinin istifadəyə verilməsini düşünürük. 2026-ci ilin ilk yarısında isə məktəbəqədər müəssisə ilə bağlı işlərin tamamlanması gözlənilir. Növbəti tədris ilində həmin müəsissədə həm məktəbəqədər, həm də orta məktəb fəaliyyət göstərəcək. 

Eyni zamanda, hazırda Kəngərli rayonunun Qıvraq qəsəbəsində yeni məktəb tikintisi ilə bağlı layihələndirmə işləri gedir. 2025-ci ildə həmin məktəbin layihələndirilməsi ilə bağlı işlər tamamlanacaq və biz növbəti ildə tikintisi ilə bağlı müvafiq tədbirlər görəcəyik. 
Nehrəm qəsəbəsində 100 yerlik bağçanın layihələndirilməsi ilə bağlı işlər bu il, tikintisinin isə gələn il yekunlaşması nəzərdə tutulur. 
Bu işlərdən əlavə 2026-cı ildə MR-də məktəbəqədər təhsil müəssisəsi ehtiyacı ilə bağlı işlər görüləcək. Artıq bununla əlaqədar müvafiq qurumlara müraciətimizi ünvanlamışıq. İlk olaraq Naxçıvan şəhərində və rayonlarımızda bağça ehtiyacının daha çox olduğu yerlərdə müvafiq torpaq sahələrinin müəyyənləşməsi və növbəti illərdə isə həmin ərazilərdə bağçaların layihələndirilərək tikintisinə başlaması nəzərdə tutulur. İlkin hədəf olaraq MR-də 5 bağçanın tikilməsi nəzərdə tutulur. Bu müəyyən qədər uzun bir proses olacaq, çünki iqtisadi əsaslandırma və tikinti 2-3 il vaxt apara bilər. 

Yerlər müəyyən olunubmu? 

– Biz ehtiyacları əsas təhlil edərək onların Ordubad  və Culfa rayonlarının mərkəzində yox, kənd və yaşayış massivlərində tikintisini nəzərdə tuturuq. Əlavə olaraq Şərur rayonunda rayon mərkəzi də nəzərə alınmaqla bağça tikintisi planlaşdırılır. Naxçıvan şəhərində isə biz iki bağça tikintisini nəzərdə tuturuq. Amma yeri müəyyən etmək üçün əsaslandırma olmalıdır. Hansı ərazidə bağça uşaqlarının sayının sıxlığı və həmin ərazidə buna ayrıla biləcək torpaq sahəsi varsa, bunu nəzərə alacayıq. Bu, müəyyən qədər vaxt aparan prosedurdur, bütün bunlar təmin edildikdən sonra tikinti başlayacaq. 

Qeyd etmək istəyirəm ki, məktəbəqədər təhsil müəssisələrinə olan ehtiyacları təmin etmək üçün digər layihəmiz icma əsaslı layihənin MR-də icrasıdır. Bu ildən Azərbaycan Respublikası Təhsil İnstitutu və Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Naxçıvanda icma əsaslı layihənin tətbiqinə başlayırıq. Artıq maddi texniki resurslar MR-ə çatdırılma mərhələsindədir. Biz 23 icma əsaslı qrupla bu ildən tədrisə başlayacağıq. Bu layihə bizə imkan verəcək ki, şagirdlərin məktəbə hazırlıq çərçivəsində onlara daha çox dəstək ola bilək. İcma əsaslı layihənin digər müsbət tərəfi odur ki, prosesə peşəkar müəllimlə bərabər icmadan valideynlər də cəlb olunacaq. Bu da valideynlərin maariflənməsinə müsbət təsir edən amildir.

“Təhlillər göstərir ki, bağçalarda yerlərimiz dolub və gözləmədə olanlar çoxdur”

– Naxçıvanda məktəbəqədər təhsillə bağlı vəziyyəti necə dəyərləndirmək olar? Burada nə qədər uşaq məktəbəqədər təhsilə cəlb olunub? Məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması üçün hansı tədbirlər həyata keçiriləcək?

– MR-də 20 məktəbəqədər təhsil müəssisəsi, burada 3 mindən artıq uşaq təlim-tərbiyə prosesinə cəlb edilib. Proses özü göstərir ki, hazırda MR-də aşağı yaş qrupu üzrə olan uşaqların üçün müraciətlər çoxdur. Bilirsiniz ki, məktəbəqədər təhsil müəssisələrinə də qəbul elektron, bqedu. az portalı üzərindən aparılır. Təhlillər onu göstərir ki, yerlərimiz dolub və gözləmədə olanlar çoxdur. 3-4 və 4-5 yaş qrupunda isə şəhər və rayonlarda vakant yerlər var. MR-də bağçaya qəbul zamanı təlimatdan kənar hər hansı  bir pozuntuya yol verilmir. Elektron sistem olduğu üçün yol verilməsi də mümkün deyil. Növbələşmədə sıralananlardan önə keçənlər olur ki, bu prioritetlər müvafiq təlimatda təsdiqlənib. Bu o deməkdir ki, hər hansı valideyn öz övladı üçün qeydiyyatdan keçəndə 10-cu yerdə qərarlaşırsa, sistemdə ondan sonra növbəyə düşən prioritetə uyğun olaraq, önə çəkiləndə həmin valideyn avtomatik 11-12 və ya 15 -ci ola bilir. Bu halda belə düşünülməli deyil ki, dünən 10 -cu olan bir valideyn, bu gün 15-ci olubsa, kimsə sistemə müdaxilə edib. Düzgün kommunikasiya edilmədiyi üçün sıralamada geriyə düşən buna başqa mənalar verir. Bu da ümumi prosesin idarə edilməsinə kölgə salan haldır.

Düşünürəm ki, bu, mətbuatda da işıqlandırılmalıdır ki, bizim sistemə müdaxilə etmək imkanımız yoxdur. 
Məktəbəqədər təhsil müəssisələrdə məktəbəhazırlıq qruplarında yuxarı yaş qruplarında vakant yerlərin çox olduğunu görürük. Naxçıvan Muxtar Respublikası olaraq biz ötən tədris ilində belə bir qərara gələrək, məktəbəqədər təhsil müəssisələrdə məktəbəhazırlıq qruplarını məktəblərə daşıdıq. Bu bizə imkan verdi ki, məktəbdə ibtidai sinif müəllimləri əlavə dərs saatı ilə təmin olunsun. Onlar da çox peşəkar pedeqoji heyətdir. Eyni zamanda bağçalarımızda vakansiyada gözləmədə olan uşaqları qəbul edə bilək. 

Belə görünür ki, ucqar kənd məktəbləri də daxil olmaqla ümumilikdə MR-də təmirə ehtiyacı olan məktəb yoxdur.

– Minimal imkanlarla fəaliyyət göstərən müəssisəmiz yoxdur. Buna baxmayaraq, hər bir müəssisənin binası istifadə olunduqca aşınır. Bütün müəssislərimizdə maddi-texniki bazanı daha da yaxşılaşdırmaq üçün ehtiyacları öyrənirik. Burada binalarda əsaslı təmirdən söhbət getməsə də, cari təmir və maddi texniki resursların artırılması ilə bağlı işlər nəzərdə tutulur.

“Tezliklə bütün təhsil müəssisələrimizdə sürətli internetin təmini yekunlaşacaq”

Naxçıvanda internetlə təchiz olunan məktəb sayı nə qədərdir? 

– Hazırda bizim təhsil müəssisələrinin internetə əlçatanlılığı ilə bağlı ciddi problemlərimiz yoxdur. 50 faizə yaxın müəssisəmizdə fiberoptik xətlərin çəkilməsi təmin olunub. Hansı məktəblər ki, fiberoptik deyil, digər internetlə təmin olunub və ehtiyacları ödəmirsə, bununla bağlı da layihəmiz var. Belə ki, hazırda Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında imzalanmış “Naxçıvan -Muxtar Respublikasına interaktiv təhsil yardımı” layihəsi çərçivəsində işlər görülür. Onun icrası bizə imkan verəcək ki, bütün təhsil müəssisələrimizdə sürətli internetin təmin olunması tezliklə yekunlaşsın. 

- Yeri gəlmişkən, qeyd elədiyiniz layihənin icrası hansı mərhələdədir? 

– “Çin layihəsi” adlandırdığımız bu layihə ilə bağlı işlər yekunlaşmaq mərhələsindədir. Yaxın günlərdə layihənin açılışı nəzərdə tutulur. Layihə çərçivəsində 216 müəssisə interaktiv avadanlıqlarla təmin olunacaq. Bu bizə imkan verəcək ki, internet resurslarından tədris prosesində daha səmərəli istifadə edək. Həm də şagirdlərimizin tədqiqat bacarığını internet resurslarından istifadə etməklə artıraq. Bu layihə eyni zamanda məktəblərin təhlükəsizliyinə nəzarət edilməsinə, müəllimlərin peşəkar bacarıqlarının artırılması üçün təlimlərin keçirilməsinə, şagird qiymətləndirilmələrinin elektron resurslarla təmin edilməsinə imkan verəcək. Düşünürəm ki, bununla bağlı işlərimiz 2025-2026-ci tədris ilində yekunlaşacaq.

Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə bildirdi ki, Azərbaycanda ucqar kənd məktəblərində müəllim ehtiyacı elektron qaydada həll edilə bilər. Bu baxımdan məktəblərin sürətli internetlə təchiz olunması bunun üçün də şərait yaradacaq. 

– Bəli, nazirin də dediyi kimi, zaman sürətlə dəyişir və biz məsafədən öyrənmənin zərurətini, bunun daha sadə və əlçatan yol olduğunu görürürük. Əgər ölkə təhsilində bununla bağlı işlər görülsə, MR məktəbləri də buna tam hazır olacaq.

“İki müəllim öz arasında razılaşmaqla iş yerlərini dəyişə bilər”

– MR-də MİQ müsabiqəsi ilə vakant yerlərin tutulma faizi necədir? Ümumiyyətlə, hazırda nə qədər müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur?
 
– Son iki ildə Naxçıvanda müəllimlərin işə qəbulu müvafiq dövlət proqramı çərşivəsində mərkəzləşdirilmiş qaydada aparılır. Birmənalı olaraq deyə bilərik ki, MR məktəblərinə müəllimlər ancaq MİQ imtahan prosesi ilə gəlir. Biz hər il vakansiya ehtiyaclarımızı müəyyənləşdirib, portala yükləyirik və namizədlər iştirak edir. Bu il müxtəlif fənlər üzrə 500-dən yuxarı vakansiya elan olunmuşdu. Onlardan 132 namizəd daimi müqavilə ilə işlə təmin olunub ki, bu da müsabiqəyə çıxarılan vakant vəzifələrin 24 faizi deməkdir. Eyni zamanda müddətli müqavilə ilə də işəgötürülmə davam edir. Buna görə də rəqəmlər hər həftə artır. Bu o deməkdir ki, tutulmayan vakant yerlərimizə imtahanda uğur qazanmış, keçid balını toplamış namizədləri zənglər edərək dəvət edirik. Zənglər də təsadüf deyil, bal ardıcıllığı nəzərə alınmaqla edilir. Beləliklə, vakansiya çıxarmış yerləri müəllimlə təmin edirik. Tutulmayan yerlər adətən dərs saatının az olduğu yerlər üzrədir. Misal üçün təsviri incəsənət, musiqi və s. kimi fənləri göstərə bilərik. Bu zaman qonşu məktəblərdə olan ixtisaslı müəllimləri ikinci iş yeri ilə təmin etməklə boşluğu aradan qaldırırıq.  

MİQ çərçivəsində qəbul bala görə aparılır. Belə olduqda da bir rayonun müəllimi başqa bir rayondakı məktəbə təyinat alır. Bunu hansısa yolla tənzimləmək olarmı ki, müəllimlər uzaq məsafələrə getmədən yaxınlıqdakı məktəblərdə dərs keçsinlər?

– Biz vakansiya yerlərini namizədlərə kömək məqsədilə sosial şəbəkə platformalarımızda əvvəlcədən elan etdik. Bütün namizədlər bildi ki, hansı fəndən nə qədər vakansiya var və hansı məktəbdədir. Bundan sonra hansı məktəbi seçməsi onların özlərinin sərbəst seçimidir. Hər hansı bir namizəd uğur qazanıb daimi yaşayış yerindən daha uzaq yerə gedirsə, qaydalar çərçivəsində yerdəyişmə hüququndan istifadə edə bilir. Bu qaydalar yenə də MİQ-lə tənzimlənir. MİQ-də birinci tələb odur ki, hər hansı bir müəllim yerdəyişmə hüququndan istifadə etmək üçün 3 il həmin yerdə işləməlidir. Qaydalar eyni məktəbə hamı üçün bərabər imkanlar yaratmaqla rəqabətliliyi formalaşdırır. Amma bu məsələni qarşılıqlı yerdəyişmə ilə də həll etmək mümkündür. Yəni iki müəllim öz arasında razılaşdıqdan sonra  müraciət edib, öz yerlərini yaşayış yerlərinə dəyişə bilər. Tədris ilinin bütün dövrlərində bu müraciətləri qəbul edib, ən uyğun vaxtda isə onların yerdəyişməsini təmin edirik. 
Gələcəkdə isə hər bir müəllimin öz yaşayış yerinə daha yaxın yerdə işə qəbulu müzakirə olunan və həllini axtaran bir mövzudur.

“Müəllimlərimizin böyük faizi sertifikasiya suallarını həll edə bilmə potensialına malikdir”

– Bütün ölkədə olduğu kimi, MR-də də sertifikatlaşdırma imtahanı keçirildi. Nəticə sizi qane etdimi?

– Görülən işlər nəticəsində biz fiziki və emosional olaraq arzuladığımız nöqtəyə gəlmişik. Müəllimlərimizdə bu istiqamətdə çətinlik yoxdur, onlar tam məlumatlıdırlar. MR-də son iki ildə keçirilən sertifikasiya imtahanının nəticəsi onu göstərir ki, müəllimlərimizin böyük faizi sertifikasiya suallarını həll edə bilmə potensialına malikdir.

Heç bir kəsin sertifikasiya suallarla əvvəlcədən tanış olması və ya suallara müdaxilə imkanı yoxdur. Bütün ölkədə olduğu kimi, elektron qaydada hami üçün eyni imkanlar yaradılıb. Müəllimlər də şəffaflığı  görür və dəyərləndirirlər. 

Hazırda imtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsi üçün yalnız bir İmtahan Mərkəzi fəaliyyət göstərir. Gələcəkdə bu mərkəzlərin sayının artırlması gözlənilir? 

– İki əlavə imtahan mərkəzinin yaradılması ilə bağlı işlər gedir. Culfa, Ordubad müəllimləri üçün ora yaxın 1 mərkəzin, Şərur, Sədərək, Kəngərli rayonlarında da bir imtahan mərkəzinin yaradılması plandadır. 

“İşə qəbul qaydalarını hazırda dəyişdiririk, öz məzunumuzu öz müəssisəmizdə işə qəbul edə biləcəyik”

– İlk dəfə olaraq keçən il Naxçıvan Muxtar Respublikasında peşə təhsili müəssisəsinə tələbə qəbulu elektron şəkildə həyata keçirilib. Bu sahədə daha hansı yeniliklər olacaq? Ümumiyyətlə, MR-də peşə təhsilinin vəziyyəti necədir?

– Biz dövlət proqramı çərçivəsində peşə təhsili ilə bağlı işimizi yekunlaşdırmışıq. Ənənəvi peşə təhsilini ölkədəki yeni məzmun və formaya uyğunlaşdırmışıq. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən peşə təhsili müəssisələrini - Ordubad və Şərur peşə liseyləri, eyni zamanda Naxçıvan Dövlət Peşə Təhslili Mərkəzi - publik təhsil müəssisəsi formasına gətirmişik. 

Yaxşı xəbər budur ki, bu il həmin müəssisələri bitirən birillik peşə təhsilinə cəb olunmuş 100-dən artıq tələbəyə məktəbi bitirmələri ilə bağlı dövlət nümunəli sənəd təqdim edildi. Bu il peşə müəssislərinə 562 tələbə qəbul olub ki, bu da müsbət nəticədir. Elə ixtisaslar var ki, peşə təhsilinə cəlb olunmuş tələbələr təhsilini bitirdikdən sonra onları biz öz müəssislərimizdə işə götürə bilirik. Misal üçün, katib-makinaçı vəzifəsinə vakant yerlərimiz var, biz həmin vəzifələrə işə qəbul qaydalarını hazırda dəyişdiririk. Yəni öz məzunumuzu öz müəssisəmizdə işə qəbul edə biləcəyik. Bu da imkan verəcək ki, peşə təhsilinə maraq artsın.  Əlavə olaraq valideynlərdə rahatlıq yaranacaq ki, onların uşaqlarının iş tapa bilmə imkanı var. 

Naxçıvanda peşə təmayüllü siniflər yaradılırmı? 

– Peşə təmayüllü siniflərin formalaşması peşə təhsilinə marağın artmasına gətirib çıxarır. Ölkədə bu layihə uğurla tətbiq edilir. MR-də peşə təhsilinə marağın artırılması üçün peşə təmayüllü siniflərin formalaşdırılması dövlət proqramı çərçivəsində nəzərdə tutulub. Növbəti illərdə bunun icrası ilə bağlı işlər aparılacaq. Elə rayonlarımız var ki, orada bizim peşə mərkəzi və liseyimiz yoxdur. Amma həmin rayonlarda peşə təmayüllü siniflərin olması məzunlarda peşə təhsilinə maraq yarada bilər. Ona görə də belə siniflərin sayı artırılacaq. 
Misal üçün məktəb qərar verir ki, dərzilik üzrə peşə təmayüllü siniflər açmaq istəyir. Layihə çərşivəsində həmin məktəbə parça, iynə, sap və s. verilir və sinif formalaşır. Gələcəkdə universitet və kollecdə oxumaq istəməyən müəyyənləşir və ora yönləndirilir. Müxtəlif məktəblərdən belə şagirdlər yığılaraq peşə təmayüllü sinfə gətirilir. Belə siniflər böyük kəndlərdə açılır və ətrafda olan kəndlərin məktəbliləri də oraya cəlb olunur.

“Müəssisələrin optimallaşdırılması prosesinə başlanılıb”

– Naxçıvanda məktəbdənkənar müəssisələrdə tədrisin keyfiyyəti hansı səviyyədədir? Bu müəssisələrin  optimallaşdırılması olacaq? 

– MR-də məktəbdənkənar müəssisələrin strukturu, dərnək qruplarının formalaşması ölkədəki təcrübədən tamamilə fərqlidir. Yəni burada elə adda məktəbdənkənar müəssisəsi var ki, o, ölkədə yoxdur. Bu da onu göstərir ki, ölkənin vahid təhsil sistemində məktəbdənkənar müəssisələrdə fərqliliklər var. Bu fərqliliyin arasında neqativ təcrübələr var. Artıq tərəfimizdən müvafiq üst qurumları, yan qurumlarla razılaşmaqla müəssisələrin optimallaşdırılması prosesinə başlanılıb. İlk növbədə, biz burada mövcud ştat strukturların təsdiqlənməsi ilə bağlı işləri görürük. Bu da vəzifələrin dəyişilməsi ilə müşahidə olunur. Nazirlik olaraq ilk onu tənzimləyirik ki, optimallaşma bizim müəssisələrdə fəaliyyət göstərən heç kəsi işsiz etməsin. İşsizlik yaratmamaq üçün həmin insanları başqa işlə təmin etməyi düşünürük. Vəzifə dəyişikliyinin özündə də xüsusi həssaslıqla diqqətdə saxladığımız məqam odur ki, vəzifəsi dəyişilən şəxsin əməkhaqqı çox da azalmasın, bu dəyişiklik ailə büdcəsinə təsir etməsin. Təbii ki, islahat baş verirsə, bunun yaratdığı çətinliklər olur, sonra isə müsbət nəticəsini göstərir.

Məktəbdənkənar müəssisələri optimallaşdırmaqla həmin müəssisələrin öz funksiyasını daha nəticə yönümlü formalaşmasına təsir edəcəyik. Həmin müəssisələr maliyyə pozuntusu olmadan öz falliyyətini qura biləcək. Süni elementlərdən qaçmaq valideynlərdə də maraq yaradacaq ki, digər kurslara maddi vəsait sərf etmədən öz uşaqlarını bu dərnəklərə cəlb etsinlər.

“Bir şagird bir dərnəkdə oturubsa, eyni saatda başqa bir dərnəkdə ola bilməz”

– Gələcəkdə məktəb və bağçalarda olduğu kimi, dərnəklərə də uşaqların qəbulu elektron formada ola bilərmi? 

– Elm və Təhsil Nazirliyində bununla bağlı işlər gedir. Məktəbdənkənar müəssisələrdə dərnəklərin formalaşması, uşaqların qəbulu elekron portal üzərindən aparılacaq. MR-in buna qoşulması üçün biz bu optimalaşmanı etməliyik. Yanvara qədər prosesi bitirəndən sonra həmin sistemə keçid zamanı nəzarət daha rahat olacaq. Hər hansı bir şagird müvafiq bir dərnəkdə oturubsa, eyni saatda cədvəl üzrə həmin uşaq başqa bir dərnəkdə ola bilməz. Bu bizə imkan verəcək ki nəzarət rahat olsun. İndi buna nəzarət etmək fiziki enerji tələb edir. Elektron sistem maliyyə resurslarını səmərəli xərcləməyə də imkan yaradacaq.

– Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib ki, "Rəqəmsal məktəb" platforması ilkin mərhələdə paytaxtın 353 məktəbində tətbiq olunacaq. Bu da kağız jurnalların ləğvi deməkdir. Gələcəkdə MR-də bununla bağlı hansı işlər görülə bilər?
- Mənə görə, bu, çox uğurlu bir tətbiqdir. İlk olaraq ölkənin ekoloji siyasətinə tam dəstəkdir və nəzarət imkanlarını artırır. MR-in də yaxın gələcəkdə həmin tətbiqlərə qoşulması mümkün olacaq. Əvvəldə qeyd etdiyimiz interaktiv yardım layihəsi çərçivəsində bizim bütün müəssilərimizdə internet təminatı yaxşılaşacaq. Bu bizə imkan verəcək ki, bir neçə məktəbdə deyil, eyni zamanda bütün məktəblərdə çox sürətli şəkildə bunu tətbiq edək. Bunun üçün müəyyən zamana ehtiyac var. Hər bir tətbiq özü ilə bərabər suallar və cavablarını yaradır. Düşünürəm ki, bütün bunlardan sonra elektron jurnal tətbiqi MR-də də tətbiq ediləcəkvə uğurlu nəticəsi olacaq.

“Müəllimlərin vahid geyim formasına keçidi məcburi olmalı deyil”

Müəllimlər üçün vahid forma nəzərdə tutulmasa da, bir sıra bölgələrdə təhsilverənlər vahid geyim formasına keçiblər. Naxçıvan məktəblərində də vahid forma tətbiq oluna bilərmi?

– Bu, çox yaxşı sualdır. Məlum olduğu kimi, şagirdlərin vahid forması qanunvericiliklə təsbit olunur. Bu da şagirdlər arasında bərabərlik yaradır, sosial fərqləri aradan qalxır. Əsas məsələlərdən biri də müəllim obrazıdır ki, bu obrazı vahid forma ilə görə bilmirik. Çünki qanunvericilik vahid formanın tətbiqini nəzərdə tutmayıb. Qanunvericilikdə olmayan bir şeyin tətbiqi özü-özlüyündə qanunun pozulması deməkdir. Müəllimlə bağlı vahid geyim forması yoxdur. Müxtəlif məktəblər Pedoqoji Şuranın qərarı ilə könüllü vahid formaya keçiblərsə, burada hər şey qanunauyğun olmalıdır. Bu, məcburi olmalı deyil, hər kəsin razılığı ilə həyata keçirilməldir. MR hələ bu nümunəni ortaya qoymayıb. Bu, çox həssas məsələdir. Amma bir təhsil işçisi olaraq düşünürəm ki, hər bir müəllim öz geyimi ilə müəllim obrazını forma olaraq göstərməlidir. Burada məsələ odur ki, müəllim səliqəli olmalı, gözəçarpan rəng və geyimlərdən istifadə olunmamalıdır. Geyim qaydaları ilə bağlı müəllimlərimizlə bu istiqamətdə söhbətlər aparırıq ki, biz nümunəvi olmalıyıq. Mən MR-də çalışan bütün kişi və qadın müəllimlərə təşəkkürümü bildirirəm ki, bu məsələlərdə öz məsuliyyətlərini çox yaxşı dərk edirlər. İstisnalar olanda isə cəmiyyət özü buna reaksiya verir. Cəmiyyətin reaksiyası nəticə yönümlü olur.

“MR-də nəqliyyat sıxlığı yoxdur, “Məktəbli avtobusları”ndan istifadə nəzərdə tutulmur”

– Bu yaxınlarda Lənkəranda bacı-qardaşın avtomobil vurması belə bir fikrin formalaşmasına səbəb oldu: avtobuslar olsaydı, hadisə baş verməyə bilərdi. Bu həm də təhlükəsizlik baxımından önəmlidir. Naxçıvanda “Məktəbli avtobusları”ndan istifadənin təşkili nəzərdə tutulur? 

– İstənilən halda baş verən qəzalarda şagirdlərin ölümü hər birimizi təəssüfləndirir. Mənim bir müddət fəaliyyət göstərdiyim Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabaeliyindəki şagirdlərlə bağlı məlum hadisə hər birimizi dərin kədərləndirdi. 
Paytaxtdan fərqli olaraq, MR-də nəqliyyat sıxlığı yoxdur, “Məktəbli avtobusları”ndan istifadə nəzərdə tutulmur. Amma sürətli avtomobil hərəkəti və məktəblərimizin əsas yollara yaxınlığı narahatedici məqamlardandır. Mütəmadi olaraq bu məsələ ilə bağlı müəssisələrdə nəzarətin gücləndirlməsi, məktəblərdə təhlükəsiz şəraitin yaradılması istiqamətində işlər görülür. Əsas çağırışım odur ki, valideynlər də öz övladlarına nəzarəti artırsınlar.

Foto: Şahin Məmmədov

Şərhlər

Xəbər lenti

2 oktyabr, 20:00

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor müavinləri təyin edilib

2 oktyabr, 18:04

Məktəb idarəçiliyində effektiv kommunikasiyanın əhəmiyyəti

2 oktyabr, 17:49

4SİM universitetlər üçün “Strategic Intelligence” platformasına dair infosessiya keçirib

2 oktyabr, 17:37

TKTA və MDU arasında görüş keçirilib

2 oktyabr, 17:10

Naxçıvanda kağız jurnalların ləğvi gözlənilirmi? - Nazir açıqladı

2 oktyabr, 16:49

Nazir: NDU ilə humanitar fənlər olimpiadasını təsis edəcəyik

2 oktyabr, 16:41

Bakıda daha bir məktəb binası istifadəyə verildi – FOTO

2 oktyabr, 16:30

Naxçıvanda “Məktəb avtobusları”ndan istifadə nəzərdə tutulmur – Nazir

2 oktyabr, 16:25

Elxan Nəcəfov: "Çin layihəsi" yekunlaşmaq üzrədir

2 oktyabr, 16:23

“Naxçıvanda 23 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyətə başlayacaq” – Elxan Nəcəfov

2 oktyabr, 16:21

Nazir Muxtar Respublikada çalışan bütün müəllimlərə təşəkkür edib – Səbəb?  

2 oktyabr, 16:00

Naxçıvanda iki imtahan mərkəzi yaradılacaq 

2 oktyabr, 15:53

Naxçıvanda 5 yeni bağça tikiləcək

2 oktyabr, 15:44

90-dək yaşı olan məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildi – FOTO

2 oktyabr, 14:18

Şirvan-Salyan üzrə 5 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına cəlb edilib

2 oktyabr, 13:18

AzMİU-da "Orta Dəhliz” mövzusunda təlim və kitab təqdimatı keçirilib

2 oktyabr, 12:27

NDU-da Zəfərin 5-ci ildönümünə həsr olunan şeir müsabiqəsi keçiriləcək

2 oktyabr, 12:24

Nazir Salyanda vətəndaşları qəbul edəcək

2 oktyabr, 12:03

Orionid meteor yağışı gecə səmasını işıqlandıracaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.