Bütün xəbərlər
12 mart, 17:30

Təhsil sektorunda çalışan müəllim və direktorlar təkcə pedaqoji fəaliyyətlə deyil, həm də əmək münasibətləri ilə bağlı bəzi suallara cavab axtarırlar.

Bəs təhsil müəssisələrində əmək hüquqları və vəzifələri ilə bağlı əsas problemlər hansılardır? Direktor və müəllimlər əmək münasibətləri ilə bağlı hansı çətinliklərlə qarşılaşırlar? Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ilə bu istiqamətdə daha effektiv əməkdaşlıq necə qurula bilər?
  
Mövzu ilə bağlı İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 nömrəli tam orta məktəbin direktoru Gündüz Qədirovla həmsöhbət olduq. G.Qədirov müəllimlərin və direktorların əmək hüquqları barədə məlumatlılıq səviyyəsindən söz açıb:

“Hazırda istər məktəb direktorlarının, istər müəllimlərin işə qəbulu imtahan vasitəsilə aparılır. Məktəb direktorlarının öz vəzifələrini həyata keçirmələri zamanı əmək münasibətlərinin tənzimlənməsi üçün əmək qanunvericiliyini bilmələri vacib olduğundan işə qəbul imtahanlarına əmək münasibətlərini ehtiva edən maddələrdən suallar salınır. Bu səbəbdən direktorlar işə qəbul imtahanı zamanı Əmək Məcəlləsini öyrənməlidirlər. Əmək Məcəlləsi iş prosesi zamanı rəhbər şəxsin stolüstü kitabı olmalıdır. Lakin müəllimlərin işə qəbul prosesi, sertifikasiya imtahanı zamanı əmək qanunvericiliyindən sual düşmədiyi üçün müəllimlər, demək olar ki, Əmək Məcəlləsini oxumurlar. Bu da onların həmin məcəllə ilə nəzərdə tutulan hüquqlarından xəbərsiz olmasına səbəb olur”.

Onun sözlərinə görə, sağlam iş mühiti yaratmaq həm müəllimlərin, həm də şagirdlərin uğuruna töhfə vermək baxımından əsas vəzifələrdən biridir. O qeyd edir ki, DƏMX tərəfindən məktəb direktorları üçün əmək münasibətlərinin nizamlanması və əmək hüquqları ilə bağlı mütəmadi olaraq seminarlar təşkil olunur. Bununla yanaşı, Təhsil İnstitutu da məktəb rəhbərləri üçün idarəetmə sahəsində təlimlər keçirir. Bu təlimlərdə əmək münasibətləri və onların tənzimlənməsi ilə bağlı lazımi dəstək göstərilir, həmçinin daha təcrübəli məktəb rəhbərləri ilə təcrübə mübadiləsi aparmaq imkanı yaranır.

Direktorun fikrincə, bu cür seminar və təlimlər keçirilsə də, hər bir məktəb rəhbəri əmək qanunvericiliyini bilməli, özünü daim inkişaf etdirməli və yeniliklərdən xəbərdar olmalıdır. Müəllimlərin bu sahədə maarifləndirilməsi məsələsinə toxunan məktəb direktoru hesab edir ki, bu məsuliyyət həm müəllimlərin, həm də məktəb direktorlarının üzərinə düşür. Əgər məktəblərdə müəllimlər üçün də bu mövzuda seminarlar və maarifləndirici tədbirlər təşkil olunarsa, bu, işin daha səmərəli icrasına kömək edər. Bundan əlavə, müəllimlərin işə qəbul imtahanlarında onların əmək hüquqları ilə bağlı sualların yer alması maariflənməni asanlaşdıra bilər. 

İsmayılı rayon T.B.Xanadanov adına Qalacıq kənd tam orta məktəbin direktoru Rusan Qasımov məktəb gözətçilərinin və ocaqçıların iş saatlarının tənzimlənməsi zamanı çətinliklərin olduğunu qeyd edir:

“Əmək münasibətləri istənilən təşkilatın, o cümlədən təhsil müəssisələrinin uğurlu fəaliyyətinin əsasını təşkil edir. Məktəb direktoru olaraq bu münasibətlərin sağlam və effektiv şəkildə qurulmasının vacibliyini vurğulamaq istəyirəm. Bilirik ki, işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatların müəyyənləşdirilməsinə görə məsuliyyət daşıyır. Bu baxımdan məktəbin gözətçiləri və ocaqçı olaraq işləyən şəxslərin iş saatları normadan bir qədər artıqdır. Əslində işlədikləri əlavə iş saatına görə onların əməkhaqlarına əlavələr edilməlidir”. 

İsmayıllı rayon A.Məmmədov adına Diyallı kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ülvi Osmanov müəllimlərin dərs yükünün və əlavə işlərinin çox olmasının onların həyat keyfiyyətinə birbaşa təsir göstərdiyini, daimi iş yükü səbəbindən müəllimlərin öz peşəkar inkişafları üçün kifayət qədər vaxt tapa bilmədiyini, nəticədə motivasiyanı azaltdığını və yenilikləri tətbiq etməyə mane olduğunu vurğulayır:

“Həddindən artıq iş yükü müəllimlərin işdən aldığı zövqü azaldır və tükənmişlik sindromuna səbəb ola bilər. Bu isə onların işə olan həvəsinə, təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Müəllimlər uzun dərs saatları, dərs planlaşdırılması, qiymətləndirmə və digər əlavə tapşırıqlar səbəbindən daim yorğunluq hiss edirlər. Bu da onların sağlamlıq problemləri, xüsusilə də stres, yorğunluq və yuxusuzluq yaşamasına səbəb ola bilər. Ümumilikdə, müəllimlərin həyat keyfiyyətinin yüksəldilməsi üçün onların iş yükünün optimallaşdırılması, əlavə işlərin azaldılması və sosial təminatlarının gücləndirilməsi vacibdir. Bu, həm onların rifahına, həm də təhsil sisteminin ümumi keyfiyyətinə müsbət təsir edər”. 

Direktor müavininin fikrincə, həmkarlar ittifaqları müəllimlərin hüquqlarının qorunması və maarifləndirilməsi baxımından mühüm rol oynayır. O qeyd edir ki, bəzi müəllimlər həmkarlar ittifaqları ilə aktiv əməkdaşlıq etmədikləri üçün öz hüquqlarını tam bilmir və ya lazımi dəstəyi ala bilmirlər. Onun sözlərinə görə, müəllimlərin bir qismi əmək hüquqları barədə kifayət qədər məlumatlı olsa da, digərləri bu sahədə yetərincə biliklərə sahib deyil. Daha təcrübəli müəllimlər isə gənc və yeni işə başlayan müəllimlərdən fərqli olaraq əmək müqavilələri, iş rejimi, məzuniyyət hüquqları və digər məsələlərlə bağlı daha çox məlumata malikdirlər. Əmək münasibətlərində məlumat azlığı iş saatları, əlavə dərs yükü, məzuniyyət, analıq hüquqları və sosial təminat kimi məsələlərlə bağlı problemlərə səbəb ola bilər. Hüquqi prosedurlar barədə məlumatsızlıq bəzi hallarda əmək münasibətlərində xoşagəlməz vəziyyətlərə gətirib çıxarır. Buna görə də müəllimlərin əmək hüquqları ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması üçün hüquqi seminar və treninqlər təşkil edilməli, həmkarlar ittifaqları və təhsil qurumları daha aktiv maarifləndirmə aparmalı, əmək qanunvericiliyinə dair məlumatlara açıq və asan çıxış təmin edilməlidir.

Ülvi Osmanov vurğulayır ki, müəllimlər öz hüquqları barədə daha çox məlumatlanmaq üçün rəsmi mənbələrdən istifadə etməlidirlər. O, hesab edir ki, müəllimlərin işə qəbulu müsabiqəsində əmək hüquqları ilə bağlı sualların sayının artırılması bu sahədə maariflənməyə və müəllimlərin öz hüquqlarını daha yaxşı bilməsinə, eyni zamanda onların iş şəraitinin yaxşılaşmasına kömək edəcək.

Mövzu ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun məsləhətçisi Aysel Sadıqova əmək qanunvericiliyinin icrası ilə bağlı təhsil müəssisələrində hansı çatışmazlıqların müşahidə olunması ilə bağlı sualımıza cavab olaraq bildirib ki, əmək qanunvericiliyinin tətbiq edilməsi ilə bağlı hər hansı çatışmazlıq mövcud deyil. Bununla yanaşı, DƏMX məktəblərlə daim əməkdaşlıq aparır, müvafiq maarifləndirmə və təşəbbüslər həyata keçirilir. 

O, həmçinin hazırda əmək hüquqlarının pozulması ilə bağlı demək olar ki, müraciətlərin olmadığını diqqətə çatdırır. A.Sadıqova müəllim və direktorların başlıca olaraq əmək funksiyalarını, eləcə də qarşı tərəfin hüquqlarını dəqiq bilməli olduqlarını vurğulayır. 

Sonda qeyd etmək istəyirəm ki, əmək münasibətləri sadəcə iş prosesinin bir hissəsi deyil, eyni zamanda məktəb daxilində dəyər sisteminin göstəricisidir. Ədalətli, şəffaf və hörmətə əsaslanan münasibətlər qurmaq üçün daimi inkişaf və açıq dialoq vacibdir. Gələcəkdə daha da təkmilləşdirilmiş və hər kəsin özünü dəyərli hiss etdiyi bir iş mühiti yaratmaq üçün səylərimizi davam etdirməliyik. Çünki uğurlu təhsil sağlam əmək münasibətləri üzərində qurulur.

Şərhlər

Xəbər lenti

15 mart, 13:15

Bərdədəki bağçada uçqun olmayıb - RƏSMİ AÇIQLAMA 

15 mart, 13:06

Milli Hakatona 250 min şagird qeydiyyatdan keçib

15 mart, 11:35

Leyla Əliyeva və Arzu Əliyeva Çin dili təhsili alan tələbələrlə görüşüblər

15 mart, 09:35

Kimdir qalib? - Universitetlərarası Azərbaycan Çempionatından REPORTAJ

14 mart, 18:08

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin qalibləri mükafatlandırılıb

14 mart, 17:52

Magistraturaya qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya keçiriləcək

14 mart, 17:50

Qiymətləndirmə ilə bağlı görüş keçirilib

14 mart, 16:03

Nazir müavini: Şagirdlərin istedadını vaxtında aşkarlamaq olduqca vacibdir

14 mart, 15:58

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

14 mart, 15:58

“Elmi nəşrlər qlobal miqyasda tanınmalı, ölkəmizin elmi brendinə çevrilməlidir” - RƏY

14 mart, 15:33

Rəqəmsal məktəb: Müasir təhsilin sərhədsiz imkanları

14 mart, 15:10

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinə qeydiyyat davam edir

14 mart, 15:00

Görülməyəcək işlərin siyahısı da vacibdir

14 mart, 14:49

Qarabağda infosessiyalar keçiriləcək

14 mart, 14:42

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

14 mart, 14:35

“Heç vaxt o yola əl atmaram, bunun necə pis olduğunu bilirəm” - Video

14 mart, 14:24

“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

14 mart, 14:01

Elmin təbliği: Türkiyədən maraqlı təşəbbüs

14 mart, 13:51

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BANM-də olublar

14 mart, 12:59

UNEC-də “İş yeri axtarma, iş yeri yarat!” adlı təlim keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.