
Oktyabrın 22-də Elm və Təhsil Nazirliyi və Baş Prokurorluğun nümayəndə heyəti Qarabağ Universitetinin tələbələri ilə görüşüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, hüquqşünaslıq, tarix və beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil alan tələbələrin iştirak etdiyi görüşün əsas məqsədi birgə tədbirlərin təşkili və gələcəkdə prokurorluq orqanlarında çalışmaq istəyən gənclərin təhsilinə dəstək verilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi olub.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və ölkə rəhbərliyi tərəfindən universitet qarşısında qoyulan prioritetləri diqqətə çatdırıb. Rektor vurğulayıb ki, tələbələrin inkişafını təmin etmək məqsədilə faydalı tərəfdaşlıqlar yaratmaq universitetin məqsədləri sırasındadır və bu istiqamətdə Baş Prokurorluqla əməkdaşlıq olduqca əhəmiyyətlidir.
Görüşdə iştirak edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli hüquq təhsilinin inkişafı təşəbbüsləri mövzusunda çıxış edib. Aparat rəhbəri bildirib ki, hüquq sahəsi daim inkişafdadır. Bu inkişafdan irəli gələn tələblərə və yeniliklərə adaptasiya olmaq vacibdir. Mətin Kərimli vurğulayıb ki, peşəkar mütəxəssis olmaq üçün tələbələr elmi-nəzəri biliklərlə yanaşı, müvafiq kommunikasiya bacarıqlarına da yiyələnməlidirlər.
Çıxış edən Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov karyera imkanları və elmi araşdırmalar üçün əməkdaşlıqla bağlı təkliflərini irəli sürüb. İdarə rəisi diqqətə çatdırıb ki, tələbələrin prokurorluq orqanlarında təcrübə keçmələri və ictimai köməkçi institutlarında iştirakları təmin edilir. Tural Aslanov əlavə edib ki, növbəti tədris illərində Qarabağ Universitetinin tələbələri üçün də bu prosesin təşkili nəzərdə tutula bilər.
Görüş sual-cavab formatında davam etdirilib, tələbələrin fikirləri dinlənilib.
1 /13
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər