Bütün xəbərlər
23 aprel, 14:15

Hər gün eyni saatda yolun sağ tərəfinə baxır. Bəzən yoluna davam edə bilmək üçün özünə dayaq axtarır, hasara söykənir...

Gözlədiyi kimdir bilmirəm, amma eyni istiqamətə baxmasından, eyni saatda səkidə durmasından hiss olunur ki, onunla davamlı yoldaşlıq edən insanı gözləyir. 

Adətən, oğlan tələbələr dəftərə, qələmə yad olur, hətta qruplarındakı qızlardan onları götürməsini xahiş edənlərə də  rast gəlinir. Amma bu tələbə oğlan hər dəfə özü çantasını səbirlə özü açaraq kitab və dəftərlərinin yerində olub-olmadığını bir-bir yoxlayır. Sanki bu kitabların, səhifələrin arasında arzularını, xəyallarını yerləşdirib...

Kimdir o?

Maraqlıdır, kimdir bu tələbə? Tələbəlik həyatına addımları necə olub?

"Azərbaycan müəllimi" ADPU-nun Ağcabədi filialının III kurs tələbəsi, serebral iflicdən əziyyət çəkən gənc İbrahim Qasımovla bağlı yazını təqdim edir.

İbrahim 2002-ci ildə anadan olub, Ağdam rayonunun I Quzanlı qəsəbəsində yaşayır. Əslən Ağdamın Kəngərli kəndindəndir. Ailənin sonuncu övladı olan İbrahim qeyd edilən ali təhsil müəssisəsində “Fizika müəllimliyi” ixtisası üzrə təhsil alır. Böyük bacısı tarix-coğrafiya, kiçik bacısı kimya müəllimi, qardaşı isə cərrahdır.

Nə yalan deyim, onun əzmi, cəmiyyətə özünü təqdim etməsi, dost, yoldaş qazanması marağıma səbəb oldu. Bizimlə həmsöhbət olmağa sevə-sevə razılaşdı. Zahirən çətinliklərə, ağrılara tab gətirmiş kimi görünsə də, simasında onların izləri hiss edilirdi. Sanki çəkdiyi hər ağrı onun söhbətinə fərqli sözlər, cümlələrlə daxil olub. Söhbətimiz zamanı həyəcanını gizlətmir. Ünvanladığım hər suala reaksiyaları tez-tez dəyişir, amma səbirlə onları bir-bir cavablayır. 

“Təəssüflər olsun ki, bu gün özünü toplumdan təcrid edən gənclər var”

"Savadına, dünyagörüşünə görə istər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda özünüifadə edə bilən gənclər yetişir. Çox istərdim ki, gənclərimiz xoşbəxtliklərini, kədərlərini bölüşməyi bacarsınlar. Təəssüflər olsun ki, bu gün özünü toplumdan təcrid edənlər var. Onlar daha çox sosial şəbəkələrə meyil edirlər. Özünüinkişafa deyil, vaxtlarının boş keçməsinə səbəb olurlar. Bu cür gənclərin doğmaları, dostları ailələri ilə ünsiyyətdə olması daha gözəl olardı".

İbrahim özünəməxsus fikir və düşüncələri, daim axtarışda olan bir gəncdir. Özünün dediyi kimi, yenilikləri izləyir, fərqliliklər axtarışındadır. Ailəsi də ona bu məsələdə dəstək göstərir. 

"Qarabağ” futbol komandasında oynamaq ən böyük arzum olub. Oyunlarında canlı-canlı iştirak etmişəm. Bədii kitablar, eləcə də şeir oxumağı, səyahət etməyi sevirəm". 

Fizika və ədəbiyyatın o qədər də yaxın sahələr olmadığını deyirəm. Əhvalını pozmur, sanki bunu gözləyirmiş kimi cavab verir:

"Şeirlərə marağım var. Bəzən yazmağa da çalışıram, amma hələ nəsə ortaya qoya bilməmişəm. Ədəbiyyat insanın ruhunu sakitləşdirir, fizika düşündürür: ikisini də sevirəm".

“Çətinliklərin öhdəsindən gəlməyi bacarıram”

Bir az da tələbəliyindən, qrup yoldaşları və müəllimlərindən danışmasını istəyirəm. 

"Qrupda 14 uşağıq, yeganə oğlan tələbə mənəm. Qızlara qayğı ilə yanaşmağa çalışıram. Müzakirələrimiz olur, bəzən fikirlərimiz üst-üstə düşmür. Çətinliklərin öhdəsindən gəlməyi bacarıram. Düşünürəm ki, biz gənclərin hərtərəfli yetişməsində cəmiyyətin rolu böyükdür. Məsələn, mən tələbə həyatına tez alışdım. Burada hər bölgədən uşaq var və mən onlarla tez ünsiyyət qura bilirəm. Bəlkə elə buna görə çox çətinlik çəkmədim".

Həm anası, həm müəllimi

Doğrudur, hər birimizin həyatında ona dəstək olan, istiqamət verən insanlar var. Valideynlər, müəllimlər, onlar arasında qurulan sağlam münasibətlər sağlam gəncliyin təməli olur. İbrahimi də ailəsi, müəllimləri dəstəkləyib. 

Bir nəfər isə hər iki missiyanı yerinə yetirib: həm anası, həm də müəllimi olub. Həmsöhbətim söhbət əsnasında tez-tez anasından danışır. Həm evdə ona dəstək olan, həm də orta məktəbdə onu digər şagirdlərdən ayırmayan anasından danışdıqca səsində sakitlik yaranır. Sanki bizə canlı-canlı göstərmək istəyirdi anasının ona olan dəstəyini. 

"Ən çox dəstəyi riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat müəllimlərindən görmüşəm. Azərbaycan dili müəllimim anam idi. O mənimlə digər uşaqlar arasında fərq qoymurdu. Humanist davranmağa çalışırdı. Məncə, bunu gözəl bacarırdı. Mən də müəllim olmaq istəyirəm. İxtisasımı sevirəm. Bəzən müəllim işləmək üçün səbirsizlənirəm. Ağdamda, xüsusilə öz kəndimizdə işləmək düşüncəsi qəlbimə hakimdir. Əslində, hər qarış torpağımız doğmadır, əzizdir!"

“Cəmiyyətə yararlı yetişmək onun özünün qarşısına qoyduğu məqsəddir”

İbrahimlə söhbətimiz zamanı anasının onun həyatındakı yerini xüsusilə vurğulayır. Biz də anası ilə həmsöhbət oluruq. Onun övladı-şagirdi ilə birgə addımladığı yola nəzər salırıq. Kəmalə xanım səmimiyyəti ilə sözə başlayır: 

"İbrahim həssas uşaqdır. Hər şeyə tez reaksiya verir". 

Ancaq ilk cümlələrində gözləri dolur. Sanki yenidən canlanan xatirlərə geri dönür: 

"Uşaqlıqdan sağlamlığında problemlər olub. Dəfələrlə müalicə olunub, əməliyyat edilib. Çətinlikləri çox olsa da, təhsilə, oxumağa marağı azalmayıb. Nəinki mən, atası, ailəmiz hər zaman ona kömək olmağa çalışmışıq. Dəstək öz yerində, amma təhsilə marağı da çox olub. Cəmiyyətə yararlı yetişmək onun özünün qarşısına qoyduğu məqsəddir. Özünə qapanmayıb, ətrafındakılardan kənarlaşmayıb. Biz onu nəyəsə məcbur etməmişik: ya oxumağa, ya başqa nəyəsə.

Başqa şagirdlərim necə idisə, İbrahim də şagird kimi mənim nəzərimdə elə olub. Müəllim sinifdə hər kəsə eyni davranışı sərgiləməli, bütün şagirdləri öz övladı kimi bilməlidir. Övlada da fərq qoyulmur. Evdə dəstəyim isə yenə də öz yerində…"

Qəfil yenə gülüş gəlir üzünə. Xoş xatirələrini bölüşür: 

"Onun tələbə olduğunu ilk dəfə eşidəndə yaşadığım sevinci unuda bilmərəm. Bütün uğurlarının səbəbkarı özüdür, inadcıllığıdır. Qarşısına məqsəd qoydusa, çatmaq üçün çalışacaq. Hər cür çətinliyə dözəndir. Çətinliklərə elə sinə gərib ki, ətrafındakı heç kimə ağrılarını, acılarını göstərməyib. Həmişə balaca olsa belə, uğuru ilə bizi sevindirmək istəyib".

Söhbətlərindən onların bir-birinə olan bağlığını aydın sezmək olur. Müsahiblərim səmimiyyətlə ünvanladığım sualları cavablayıb, birgə keçdikləri yolu danışdılar. 

Özlərinin də dediyi kimi, hələ qarşıda onları çox uğur gözləyir…

Şərhlər

Xəbər lenti

18 may, 14:13

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

18 may, 14:00

Qarabağın bəzi məktəbləri ilk dəfə monitorinqə cəlb edilib

18 may, 13:54

Müəllim vakansiyası adı altında fırıldaqçılıq - DİN çağırış etdi

18 may, 13:50

Naxçıvanda VI sinif şagirdləri üçün monitorinq keçirilib

18 may, 13:45

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

18 may, 08:57

“Elsevier” və “Informascope” şirkətlərinin nümayəndələri BANM-də təlim keçiblər

17 may, 22:46

Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

17 may, 21:09

Monitorinq imtahanında texniki nasazlıq olub, şagirdlərə əlavə vaxt verilib

17 may, 15:53

“Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı başlayıb

17 may, 15:11

Ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilib

17 may, 14:34

Bu universitet 345 vakansiya elan etdi

17 may, 14:19

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının nəticələri açıqlanıb

17 may, 11:44

BANM-də “Açıq qapı” günü keçirilib

16 may, 22:11

ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib

16 may, 22:03

BDU-da yeni mərkəz yaradılıb

16 may, 20:19

Məktəblilərimiz ABŞ-də bürünc medal qazandılar

16 may, 18:18

Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb

16 may, 18:15

Dərsi muzeydə keçmək olar

16 may, 18:06

AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib 

16 may, 18:00

RFO-da qalib sayına görə fərqlənən ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.