
"Dövlət siyasətinin tərkib hissəsi olaraq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da təhsilə xüsusi yer ayrılıb. Bu qayğı öz bəhrəsini verir. Hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə edilir".
Bu sözləri ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək bal toplamış tələbələrlə görüşdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
O bildirib ki, bütün bunlar 2024-2025-ci tədris ilində MR-də 4752 şagirdin ümumi orta, 3992 şagirdin tam orta təhsil səviyyəsini uğurla başa vurmasına imkan yaradıb: "Təhsili xüsusi nailiyyətlərlə başa vuran 4 şagird qızıl nişana, 281 şagird isə fərqlənmə attestatına layiq görülüb. Naxçıvanda 2024-2025-ci tədris ili üzrə fərqlənmə attestatına layiq görülən məzunların sayı son 30 ilin nəticələrinə əsasən ən yüksək səviyyədə olub. Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində 396 məzun 500-700, o cümlədən 291 nəfər 500-600, 77 məzun 600-650, 28 şagird isə 650-700 intervalında bal toplayıb. Ötən illə müqayisədə yüksək nəticə göstərən məzunların sayı 16 faiz artıb. Bu da MR-də son 30 ildə əldə olunan ən yüksək göstəricidir".
Təhsilə qoyulan sərmayəni ölkənin gələcəyinə qoyulan sərmayə kimi dəyərləndirən Fuad Nəcəfli vurğulayıb ki, biliklərə əsaslanan iqtisadiyyat, innovasiya yönümlü inkişaf yaşadığımız dövrün reallıqlarıdır: "Bu strateji baxış dövlət siyasətimizin əsasını təşkil edir. Ulu Öndərin müdrik uzaqgörənliyi, həm də ölkə başçısı İlham Əliyevin bu xətti ardıcıl şəkildə davam etdirməsi göstərir ki, təhsil Azərbaycanın gələcəyini müəyyənləşdirən ən mühüm amildir. Beləliklə, tələbəlik illəri gənclərdən daha çox məsuliyyət, zəhmət, daha geniş dünyagörüşü tələb edir. Təhsili uğurla başa vurmaq, seçdiyi ixtisası dərindən öyrənmək, kamil mütəxəssis kimi yetişmək tələbələrin qarşısında duran əsas vəzifələrdir. Əldə olunan biliklər yalnız gənclərin gələcəyi üçün deyil, həm də Azərbaycanın gələcəyi üçündür".
O, üzünü gənclərə də tutaraq deyib: “Naxçıvan torpağı tarixboyu Vətənə elmli, mədəniyyətli, vətənpərvər insanlar bəxş edib. Sizin də yolunuz bu ənənələrin davamı olacaq. Biz inanırıq ki, siz gələcəkdə bilik və bacarığınızla ölkəmizin inkişafına, milli dövlətçiliyimizin möhkəmlənməsinə töhfə verəcəksiniz”.
Səlahiyyətli nümayəndə gənclərə oxuduqları universitetdən, seçdikləri ixtisasdan asılı olmayaraq, Vətənə bağlı olmağı, dəyərlərimizə sadiq qalmağı, bilik və təcrübələrini Azərbaycan üçün sərf etməyi tövsiyə edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər