Bütün xəbərlər
3 sentyabr, 13:09

Müasir dövrdə ali təhsil sisteminin inkişafı bir sıra yenilik və dəyişikliklərlə xarakterizə olunur. Ali təhsil bu qədər transformasiya və sürətli modernləşmə mərhələsi yaşamayıb. Bu mərhələdə universitet elmini necə inkişaf etdirməliyik? Elmi ölçmələr necə aparılmalıdır? Alimlərin əməyi necə stimullaşdırılmalıdır? Suallarımızı Böyük Britaniyanın Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasının qrup rəhbəri, Əməkdar elm xadimi professor Qərib Mürşüdov cavablandırır. 

“Elmə qiymət vermək”

– Elmin qiymətləndirilməsi dedikdə nə başa düşülməlidir və elmdə qiymətləndirmə necə aparılmalıdır? Bu məsələdə hansısa universal yanaşma varmı (olmalıdırmı)? 

– “Elmə qiymət vermək” ilə “alimə qiymət vermək” anlayışları, əslində, fərqli məna daşıyır. Birincidə söhbət mövcud potensial və resurslardan asılı olaraq elmi fəaliyyət üçün şəraitin yaradılmasından gedir. İkincidə isə elm işçisinin mükafatlandırılması, ona müxtəlif fəxri adların verilməsi və ya başqa həvəsləndirici tədbirlər nəzərdə tutulur. Mən də bəzən bu iki ifadəni səhv salmışam. Hazırkı müzakirə isə, yəqin ki, elm işçilərinin qiymətləndirilməsi ilə bağlıdır və bu da təbii olaraq onların elmi fəaliyyətinə əsaslanır.

Eyni sahə daxilində alimlərin fəaliyyətini qiymətləndirmək nisbətən asan görünür. Lakin müxtəlif sahələrdə çalışan elm adamlarının işlərini müqayisə etmək ciddi çətinliklər yaradır. İndiyə qədər tətbiq olunan bütün elmi-metodik (elmmetrik) yanaşmalar müəyyən dərəcədə ədalətsizlik doğurub. Maliyyələşmənin sırf bu meyarlara bağlanması isə fundamental elmin inkişafına mənfi təsir göstərir. Mən düşünmürəm ki, bütün elmi sahələri obyektiv şəkildə müqayisə edə biləcək universal bir üsul mövcuddur. Qeyd etmək lazımdır ki, bu problem yalnız Azərbaycana xas deyil.

Məsələn, belə bir mexanizm düşünmək olar: əgər biz alimləri mükafatlandırmaq istəyiriksə, müxtəlif sahələr üzrə (sərhədləri əvvəlcədən dəqiq müəyyən olunmaq şərtilə) müvəqqəti komitələr yaradılmalıdır. Həmin komitələrə təqdim olunan işlər müqayisəli şəkildə analiz edilməlidir. Mükafatlar hər sahə üzrə ayrıldığından ədalətsizlik ehtimalı da azalacaq. Namizəd alimlər yalnız məqalələrini deyil, həm də ekspert rəylərini təqdim etməlidirlər. Bundan əlavə, həmin işlər başqa müstəqil ekspertlər tərəfindən də yoxlanmalı və qiymətləndirilməlidir. Yekunda təqdim olunan materiallar və rəylər komitə tərəfindən müqayisə edilərək yekun qərar qəbul edilə bilər. 

Bununla belə, belə bir mexanizm yalnız sahələrin bir-birinə yaxın olduğu hallarda daha səmərəli işləyə bilər. Və nəhayət, qiymətləndirmə prosesində insanlar iştirak etdiyindən subyektiv nəticələr qaçılmazdır. Bu isə, zamanla – yəni mükafatdan sonra daxil olan şikayətlərin təhlili yolu ilə müəyyən qədər aradan qaldırıla bilər.

Hazırda bir qrup azərbaycanlı alimdən ibarət komanda yaratmağı planlaşdırırıq

Sizcə, ölkənin elmi strategiyasını necə müəyyənləşdirməliyik, hansı faktorları nəzərə almalıyıq? 

– Bu, olduqca mürəkkəb bir sualdır. Strategiya haqqında danışarkən yalnız ölkənin mövcud potensialını deyil, həm də gələcək hədəflərini, elm və təhsilin tarixi inkişafını, eyni zamanda müasir dövrdə dünyada elm və texnologiya sahəsində mövcud bilikləri nəzərə almaq vacibdir. 

Mənim fikrimcə, səmərəli strategiya hazırlamaq üçün beynəlxalq səviyyədə bir neçə mütəxəssisdən ibarət qrup yaradılmalıdır. Bu qrup müxtəlif sahələri təhlil edərək strategiyanın formalaşdırılması üçün tövsiyələr təqdim edə bilər. Qeyd etmək lazımdır ki, strategiya təkcə elmi deyil, həm də siyasi xarakter daşıyır. Belə bir sənəd dövlətin ümumi iqtisadi siyasətinin ayrılmaz hissəsi olmalıdır.

Bununla yanaşı, qeyd etmək istərdim ki, hazırda bir qrup azərbaycanlı alimdən ibarət komanda yaratmağı planlaşdırırıq. Belə bir qrup formalaşarsa, onların bilik və təcrübəsindən bu istiqamətdə faydalı şəkildə istifadə etmək mümkün olacaq. 

Səthi müşahidələrimə görə, hazırda Azərbaycanda riyaziyyat, kompüter elmləri, İKT, kimya və geologiya sahələri kifayət qədər güclüdür. Elektronika mühəndisliyi hələ tam inkişaf etməsə də, bu istiqamətdə mütəxəssis hazırlığı aparılır. Kibertəhlükəsizlik sahəsində kadrların yetişdirilməsi təcili zərurətdir, bioinformatikanın isə daha da inkişaf etdirilməsinə ehtiyac var. Əlbəttə, sahələri sadalamaqla bitməz. Dərin və hərtərəfli araşdırma aparılmadan dəqiq fikir söyləmək çətindir.

Elmi fəaliyyət ali təhsillə sıx şəkildə bağlı olmalıdır

– Bu strategiyada ETN-in nəzdinə keçmiş elmi-tədqiqat institutlarına nə kimi səlahiyyətlər verilməlidir? İnstitutların fəaliyyət istiqamətləri (seçilmiş) necə formalaşdırılmalı və bu qurumların fəaliyyət çərçivələri necə olmalıdır? 

– Bu, olduqca vacib və həssas məsələlərə toxunan bir sualdır. Mənim baxışım belədir: Azərbaycanda da, dünyanın əksər ölkələrində olduğu kimi, elmi fəaliyyət ali təhsillə sıx şəkildə bağlı olmalıdır. Bu yanaşma həm peşəkar mütəxəssislərin hazırlanmasına, həm də elmi kollektivlərin daim yenilənməsinə, yeni ideya və təcrübələrin elm mühitinə daxil olmasına şərait yaradır. 

Hazırda Azərbaycanda tədqiqat institutlarının sayı olduqca çoxdur. Mənim təsəvvürümdə tədqiqat institutları iki əsas model üzrə fəaliyyət göstərə bilər:

1. Dövlət tərəfindən tam şəkildə maliyyələşdirilən və əlavə qrant axtarmağa ehtiyacı olmayan institutlar; 
2. Xeyriyyə fondları və ya digər qeyri-dövlət qurumları tərəfindən dəstəklənən, müəyyən hədəflərə uyğun maliyyələşdirilən institutlar.

Tədqiqat institutlarının əsas missiyası təhsil deyil, yüksək səviyyəli elmi araşdırmalar aparmaqdır. Onların işi ölkənin və ya ümumilikdə dünyanın iqtisadiyyatına, səhiyyəsinə, müdafiəsinə və digər mühüm sahələrinə elmi töhfə verməkdən ibarət olmalıdır. Əlavə olaraq, bəzi hallarda işçi qüvvəsi cəlb etmək üçün qrantlar tapmaq mümkündür, lakin bu, yalnız institutun əsas məqsədlərinə uyğun istiqamətlərdə həyata keçirilməlidir.

Eyni zamanda, institutlarda müəyyən səviyyədə mütəxəssis hazırlığı da həyata keçirilə bilər. Bu, əsasən PhD pilləsində, lakin universitetlərlə sıx əməkdaşlıq şəklində təşkil edilməlidir. Diplom isə yalnız universitetlər tərəfindən təqdim olunmalıdır. Əgər institutlarda belə bir komponent mövcud olarsa, onda institutların fəaliyyətinin qiymətləndirilməsində onların yetişdirdiyi kadrların başqa sahələrdə uğurla işləməsi də nəzərə alınmalıdır. Bu yanaşma institutların ölkə üçün kadr hazırlığında iştirakının qiymətləndirilməsinə imkan verər.

Hər bir institut və ya laboratoriya hər üç-beş ildən bir ciddi şəkildə yoxlanılmalıdır. Bu yoxlamalar həm beynəlxalq ekspertlər, həm də maliyyə verən qurumların nümayəndələri tərəfindən aparılmalıdır. Özünü doğrultmayan institutlar bağlanmalı, onların resursları daha perspektivli istiqamətlərə yönləndirilməlidir.

Azərbaycanda elmi potensial və ümumi strateji yanaşma barədə tam və dəqiq məlumatım olmadığından, konkret təklif irəli sürmək çətindir. Lakin ölkədəki məhdud maliyyə imkanlarını nəzərə alaraq, Elm və Təhsil Nazirliyi tərəfindən iki-üç əsas prioritet sahənin seçilib yüksək səviyyədə maliyyələşdirilməsi kifayət qədər effektiv ola bilər. Bu sahələr mövcud elmi resurslar, maliyyə imkanları və beynəlxalq əməkdaşlıq perspektivləri əsasında müəyyənləşdirilməlidir. Eyni zamanda, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi və digər dövlət və özəl qurumlar da öz strateji maraqlarına uyğun olaraq müvafiq elmi institutlara dəstək verə bilərlər. Bu isə ayrıca və paralel bir istiqamət kimi qiymətləndirilməlidir.

Tədqiqat institutlarının maliyyələşdirilməsi

– Elmi-tədqiqat institutlarında maliyyə mexanizmi necə həll olunmalı, bu sahədə nə kimi struktur dəyişiklikləri həyata keçirilməlidir? 

– Fikrimcə, prioritet istiqamətlər üzrə fəaliyyət göstərən tədqiqat institutlarının maliyyələşdirilməsi üç və ya beşillik dövrlər üçün müəyyən edilməlidir. Bu müddət ərzində institut öz fəaliyyətində tam müstəqil olmalı, araşdırmalarını sərbəst şəkildə həyata keçirməlidir. Əgər institutlarda çalışan əməkdaşların maliyyə təminatı kifayət qədər yüksək olarsa, onlar əlavə işlərlə məşğul olmağa məcbur qalmayacaqlar.

Maliyyələşmənin həcmi isə ölkənin iqtisadi vəziyyəti və mövcud bazar imkanları nəzərə alınmaqla müəyyən edilməlidir. Bununla yanaşı, institutların texniki bazası yetərincə güclü olmalıdır ki, onlar əsas fəaliyyət istiqamətlərini effektiv şəkildə davam etdirə bilsinlər. Texniki bazanın yaradılması və inkişafı üçün tələb olunan xərclər isə prioritet sahələrin müəyyənləşdirilməsi mərhələsində nəzərə alınmalıdır.

Eyni zamanda qeyd etmək lazımdır ki, tədqiqat institutları yalnız o sahələri əhatə etməlidir ki, həmin sahələrdə universitet şəraitində tədqiqat aparmaq mümkün olmasın. Əgər universitetlərin texniki imkanları gücləndirilərsə və tədqiqat fəaliyyəti inkişaf etdirilərsə, tədqiqat institutlarına olan ehtiyac da əhəmiyyətli dərəcədə azala bilər.

Magistr təhsilində Böyük Britaniya təcrübəsi

– Magistraturalara qəbulun son nəticələrinə əsasən, bu sahəyə maraq göstərənlər azlıq təşkil edir. Bu sahəyə marağı və magistr hazırlığını necə gücləndirə bilərik? Nəzərə alsaq ki, tədqiqatçı təbəqənin formalaşması üçün magistr səviyyəsi önəmli rol oynayır. Fikirlərinizi bilmək istərdik.

– Bu, maraqlı bir faktdır və səbəblərinin araşdırılması vacibdir. Problemin həlli yollarında Böyük Britaniyada tətbiq olunan modeldən faydalanmaq mümkündür. Orada tələbələr universitetə qəbul olarkən ya B (BSc, BEng, BMath və s.), ya da M (MSci, MEng, MMath və s.) proqramlarına daxil olurlar. Yüksək bal toplayanlar adətən M proqramlarını, daha aşağı bal toplayanlar isə B proqramlarını seçirlər. B proqramı bakalavr səviyyəsini, M proqramı isə inteqrə magistr səviyyəsini ifadə edir.

İkinci kursdan sonra tələbələr nəticələrinə əsaslanaraq bir proqramdan digərinə keçə bilirlər. Beləliklə, magistratura artıq universitet təhsilinin daxili və təbii tərkib hissəsinə çevrilir. Bundan əlavə, digər universitetlərdən və ya xaricdən qəbul olunan magistrantlar da sonuncu ildə M proqramı üzrə təhsil alan tələbələrə qoşulurlar.

Oxşar bir mexanizm Azərbaycanda da tətbiq oluna bilər. Əlbəttə, tələbələr bir universitetdə bakalavr təhsilini başa vurduqdan sonra digər universitetdə magistraturanı davam etdirə bilərlər. Bunun üçün əlavə müsabiqə və ya imtahan mexanizmi tətbiq oluna bilər. Belə yanaşma nəticəsində magistratura universitet təhsilinin təbii davamı kimi formalaşar. Bununla yanaşı, ayrıca magistratura proqramları da təşkil edilə bilər ki, bu isə tamamilə fərqli bir mexanizm əsasında həyata keçirilməlidir.

Digər tərəfdən, bu məsələnin dərindən öyrənilməsi zəruridir. Universitetlərin əsas məqsədi ölkə üçün yaradıcı və yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır. Adətən magistraturanı bitirən məzunlar daha geniş bilik və təcrübəyə sahib olurlar. Ümumiyyətlə, universitetlərin fəaliyyətini qiymətləndirmək üçün meyarlardan biri kimi məzunların əmək bazarına çıxışı da nəzərə alına bilər. Əgər müvafiq statistika mövcuddursa, bakalavr və magistr məzunlarının neçə faizinin iş tapması, həmçinin həmin işlərdə onların median əməkhaqqısı araşdırıla bilər. Əgər magistr diplomu əməkhaqqına birbaşa təsir göstərirsə, bu amil də mütləq nəzərə alınmalıdır.

Fəlsəfə doktorlarının səviyyəsini necə müəyyən etmək olar?

– Mühüm məsələlərdən biri fəlsəfə doktorlarının hazırlığı ilə bağlıdır. Bu sahədə nə kimi təkmilləşmələr və dəyişikliklər edilməsini zəruri hesab edirsiniz?

– Mənə elə gəlir ki, Böyük Britaniyada mövcud olan sistemi müəyyən qədər uyğunlaşdırmaq mümkündür.

1. Təhsil üç əsas mərhələdən ibarətdir: bakalavr, magistr və fəlsəfə doktoru.
2. Bu mərhələlərdə diplom və ya digər rəsmi sənədlərin verilməsi yalnız universitetlərin səlahiyyətində olmalıdır. Əgər ayrıca tədqiqat institutları və ya sənaye müəssisələri fəlsəfə doktoru səviyyəsində təhsildə iştirak etmək istəyirlərsə, onlar universitetlərlə əməkdaşlıq şəklində fəaliyyət göstərməlidirlər.
3. Universitet nüfuzu fəlsəfə doktorlarının sayına görə deyil, məzunların iş tapmaq qabiliyyətinə görə müəyyən olunmalıdır. Beləliklə, təhsil prosesi davamlı xarakter daşıyar, universitetlərin gəlir mənbələrindən biri fəlsəfə doktoru hazırlığı olar, eyni zamanda yetişdirilmiş mütəxəssislərin ölkə iqtisadiyyatında iştirakı stimullaşdırılar.

Əlbəttə, burada müəyyən risklər də mövcuddur. Fundamental elmin inkişafı əvəzinə yalnız hazırda tələbat olan ixtisasların öyrədilməsi təhlükəsi yarana bilər. Bunun qarşısını almaq üçün ayrıca yoxlama və tənzimləmə mexanizmi mövcud olmalıdır.

Belə bir sual ortaya çıxır: fəlsəfə doktorlarının səviyyəsini necə müəyyən etmək olar? Əlavə mexanizm yaratmağa ehtiyac yoxdur, bunu əmək bazarı özü tənzimləyir. Əgər universitetlərin maliyyələşdirilməsi məzunların (bakalavr, magistr və fəlsəfə doktoru) iş tapma göstəriciləri ilə əlaqələndirilərsə, universitetlərin keyfiyyət göstəriciləri gələcək maliyyələşmələrini də müəyyən etmiş olar. Təbii ki, belə bir sistemin işlək mexanizmə çevrilməsi üçün vaxt tələb olunur.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, diplomların (bakalavr, magistr və ya fəlsəfə doktoru) mövcudluğu maaş strukturuna birbaşa təsir göstərməməlidir. Əgər iki şəxs eyni iş səviyyəsində çalışırsa, onların maaşı da eyni olmalıdır. Bu, o demək deyil ki, universitetin hazırladığı məzunların maaşı aşağı olacaq; əksinə, əgər universitet təcrübəli mütəxəssislər yetişdirmirsə, onların əmək bazarındakı rəqabət qabiliyyəti zəif olacaq, nəticədə həmin universitetə müraciət edənlərin sayı da azalacaq. 

Qısacası, düşünürəm ki, bu məsələdə bazarın tənzimləyici mexanizmlərinə əsaslanmaq lazımdır.

Doktorantlar birbaşa magistrlərə rəhbərlik edə bilərlər

Universitetlərimiz bu sahədə dəyişikliklərin lokomotivi ola bilərmi, xüsusən də PhD-ni mərhələli etmək və bütün səlahiyyəti universitetlərə vermək bizə nə verə bilər? 

– Məncə, bu sahədə universitetlər əsas aparıcı rol oynaya bilərlər. Əgər təhsilin hər üç pilləsi (bakalavr, magistr və fəlsəfə doktoru) universitetlərin səlahiyyətində olsa və təhsil prosesi tədqiqata əsaslansa, onda magistr və doktorantlar həm tələbələrə rəhbərlik edə, həm də müəyyən dərs yükünü öz üzərlərinə götürə bilərlər. Bu halda onların gördükləri iş maliyyə ilə stimullaşdırıla bilər ki, bu da əlavə motivasiya yaradar. Belə bir təcrübə həm Britaniyada, həm də Amerikada geniş şəkildə tətbiq olunur.

Bundan əlavə, bir neçə ideya da irəli sürmək olar. Məsələn, magistr və doktorantlar dərs keçirilən sahə üzrə ən son elmi məqalələri mütaliə edib tələbələrlə müzakirə apara bilərlər. Bu müzakirələrdə tələbələrin fəallığı onların qiymətləndirilməsinə təsir göstərə bilər. Başqa bir yanaşma olaraq, doktorantlar birbaşa magistrlərə rəhbərlik edə bilərlər. Əsas rəhbərlik müəllim heyətində qalsa da, tələbələrin prosesə cəlb olunması müəllimlərin iş yükünü azaldar, doktorantlara praktiki təcrübə qazandırar, magistrlərə isə ən yeni məlumatları mənimsəmək imkanı verər.

Universitet uğurlu məzunlardan ibarət məsləhət qrupları yarada bilər

– Universitet təhsilində nə kimi islahatların aparılmasını prioritet hesab edirsiniz? Universitetlərimizdə tədqiqat əsaslı təhsil sisteminin tətbiqi bizə nə verə bilər? 

– Mən hesab edirəm ki, universitetlər müasir trendlərdən xəbərdar və yaradıcı düşüncəyə malik məzunlar yetişdirməlidir. Bu isə o deməkdir ki, həmin məzunlar ölkə iqtisadiyyatının müxtəlif sahələrində yaradıcı fəaliyyət göstərə, hətta yeni bazarların, iqtisadi və elmi istiqamətlərin formalaşmasına töhfə verə bilərlər. 

Buna nail olmaq üçün universitet təhsili birbaşa elmi-tədqiqat fəaliyyəti və sənaye ilə əlaqəli olmalıdır. Təbii ki, belə bir sistemə keçid üçün vaxt tələb olunur. Hazırda nə müəllim heyəti, nə də universitetlər bu modelə tam hazır deyillər. Üstəlik, biologiya, kimya və fizika kimi sahələrdə tədqiqata əsaslanan təhsil vermək üçün güclü texniki baza qurulmalıdır. Universitetlərin texniki imkanlarının səviyyəsini bilmədiyim üçün problemin çətinliyini dəqiq qiymətləndirmək çətindir. Lakin lazımi infrastrukturun yaradılması üçün universitetlərdə müəyyən mexanizmlər formalaşdırılmalıdır. Belə mexanizmlərdən biri kimi, hər universitet uğurlu məzunlardan ibarət məsləhət qrupları yarada bilər. Məsələn, BDU-nun bir sıra məzunları ilə apardığım söhbətlər göstərir ki, belə təşəbbüslərdə iştirak etmək istəyənlərin sayı kifayət qədərdir.

Tədqiqat yönümlü tədris aşağıdakı mərhələlər üzrə təşkil edilə bilər:
•    I kurs – 100% mühazirə və imtahan
•    II kurs – 75% mühazirə və imtahan, 25% layihə
•    III kurs – 50% mühazirə və imtahan, 50% layihə
•    IV kurs – 25% mühazirə və imtahan, 75% layihə
•    Magistratura – 25% mühazirə, 75% layihə
•    Doktorantura – 10% mühazirə, 90% tədqiqat

Əgər tələbələr II kursdan layihələr üzərində işləməyə başlasalar, onlar müasir metodlarla tanış olacaq, axtarış və tədqiqat bacarıqlarını inkişaf etdirəcək, həmçinin təqdimat təcrübəsi qazanacaqlar. Müəllimlər isə daha az mühazirə deyərək elmi fəaliyyətə daha çox vaxt ayıra biləcəklər. Bu elmi işlərin bir hissəsi tələbələrin iştirakı ilə həyata keçiriləcək ki, nəticədə həm universitetdə elmin, həm də təhsilin səviyyəsi yüksələcək.

Bundan başqa, layihələrin bir hissəsinin dövlət və ya özəl təşkilatlar tərəfindən təqdim olunması, hazırlanacaq mütəxəssislərin ölkə iqtisadiyyatında fəaliyyət göstərə bilməsinə şərait yarada bilər. Bu məqsədlə həm dövlət və özəl qurumlarda, həm də universitetlərdə maarifləndirmə və təşviqat işləri aparmaq mümkündür. Özəl şirkətlərin prosesə cəlb olunması üçün isə vergi siyasətindən stimullaşdırıcı vasitə kimi istifadə edilə bilər.

Qeyd etmək lazımdır ki, tədqiqata əsaslanan təhsil xüsusilə təbiət elmlərində daha çox əhəmiyyət daşısa da, daha yüksək maliyyə tələb edir. Bununla yanaşı, riyaziyyat və kompüter elmlərində bu modelin tətbiqi daha az xərclə mümkündür.

– Bəzi universitetlərimizdə alimlərimizin məqalələrinə görə stimullaşdırılması mexanizmi tətbiq olunur. Bu yenilik universitetin və alimlərin məhsuldarlığını artırıb və ümumi göstəricilərini yaxşılaşdırıb. Bu mexanizmin tətbiqində nə kimi prinsiplər əsas tutulmalıdır?

– Göstəricilərin ölçülməsi necə aparılır? Əgər bu yalnız məqalə sayı ilə qiymətləndirilirsə, bu meyarı tam düzgün hesab etmək çətindir. Məqalələrin sayı və keyfiyyəti önəmli olsa da, əgər bu fəaliyyət tələbələrin, xüsusilə fəlsəfə doktoru tələbələrinin bilik və bacarıqlarını artırmırsa, məqalə sayına əsaslanmaq yetərli deyil. Eyni zamanda hər bir elmi iş, məqalə və digər nəticələr universitetin elmi potensialını və texniki bazasını gücləndirməyə xidmət etməlidir.

Şərhlər

Xəbər lenti

3 sentyabr, 18:11

DİM imtahan nəticəsini AÇIQLADI

3 sentyabr, 17:20

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında uğurla çıxış ediblər

3 sentyabr, 17:20

Naxçıvanda qəbul imtahanında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib

3 sentyabr, 17:15

Nazir: Naxçıvan və Şahbuzun məzunları ilk beşlikdə yer alıblar

3 sentyabr, 17:13

İlk proqramçının izi ilə: Ramin Mahmudzadəyə həsr olunan final mərasimi keçirilib

3 sentyabr, 17:05

Fuad Nəcəfli: "Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”

3 sentyabr, 16:47

Rektor: “Dissertasiyalarda süni intellektdən istifadənin qarşısını almaq üçün səylər göstərilir”

3 sentyabr, 16:30

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

3 sentyabr, 16:26

Sentyabr konfransı: Təhsilin keyfiyyəti təhlil edildi, yeni yol xəritəsi cızıldı

3 sentyabr, 16:10

MDU-ya 116 yeni müəllim işə götürülüb

3 sentyabr, 15:54

Xırdalanda şagird sayı çoxalır, Xızıda azalır – Məsələ sentyabr konfransında gündəmə gətirildi

3 sentyabr, 15:31

Xırdalanın 3 məktəbinə şagird yerdəyişməsi dayandırılıb

3 sentyabr, 15:27

Samuxda məktəb kollektivi vahid geyim formasına keçir

3 sentyabr, 14:37

İlk dəfə BANM-də bonus sistemi tətbiq olunacaq

3 sentyabr, 14:34

Məktəblilər üçün yeni intellektual yarışlar start götürür

3 sentyabr, 13:54

“Bebras” müqabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

3 sentyabr, 12:46

Bağça müdiri nöqsanlara görə işdən çıxarıldı

3 sentyabr, 12:46

NDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

3 sentyabr, 12:31

Bu kolleclərə yeni təyinatlar oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.