
“Məktəbəqədər təhsilin keyfiyyətinin artırılması Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əsas prioritet istiqamətlərindən biridir. 0–5 yaşlı uşaqlarda gələcək inkişaf üçün vacib bacarıq və vərdişlər formalaşır. Bu səbəbdən pedaqoji heyətin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilmiş brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova səsləndirib.
O qeyd edib ki, bu il 3500 nəfər pedaqoji heyətin təlimlərə cəlb olunması planlaşdırılır. İndiyədək ümumilikdə 10 000 nəfər bu təlimlərdə iştirak edib: “"Məktəbəqədər təhsil liderlik proqramı" uğurla həyata keçirilib. Pedaqoji liderlik və idarəetmə sahələrinini əhatə edən 5 modul üzrə keçirilən proqramı 100 nəfər tamamlayıb. Onların təxminən yarısı hazırda müdir və metodist kimi fəaliyyət göstərir”.
Onun sözlərinə görə, 2024-cü ilin oktyabr ayında məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər və metodistlər üçün diaqnostik qiymətləndirmə keçirilib. Bu qiymətləndirmədə 11 200 nəfər iştirak edib. Onların 56%-i 30 və daha yüksək bal toplayıb. Bu nəticələr əsasında təlim proqramlarının məzmununda yeniliklərin edilməsi planlaşdırılır. Məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətin sertifikatlaşdırılması prioritet istiqamətlərdən və tədrisin keyfiyyətinin qiymətləndirilməsi baxımından əsas meyarlardan biridir: “2026-cı ilin sonunadək məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin sertifikasiyadan keçirilməsi nəzərdə tutulur”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər