Bütün xəbərlər
27 mart, 10:29

Bu il Lənkəran–Astara Regional Təhsil İdarəsi tərəfindən gənc nəslin təlim-tərbiyəsində göstərdiyi səmərəli fəaliyyətinə görə 2 Fevral – Gənclər Günü münasibətilə “Fəxri fərman”la təltif edilən Günel Mürşüdova regionun fərqlənən müəllimləri sırasındadır. O, 5 yanvar 1990-cı ildə Lənkəran şəhərində anadan olub. 2007-ci ildə Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbi bitirərək Lənkəran Dövlət Universitetinin “Riyaziyyat-informatika” ixtisasına daxil olub. 2014-cü ildən təhsil aldığı məktəbə müəllim kimi qayıdaraq orada fəaliyyətini davam etdirir. 

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “İnnovative Business and Products” MMC tərəfindən keçirilən “Layihə planlaşdırılması və layihə təklifinin yazılması” təlimində iştirakına görə “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi”, “Peşə fəaliyyətlərinin ümumi əsasları” modulları üzrə sertifikatlar alıb. “Promethean” interaktiv lövhələrində təlim kursunu bitirib, Kings Azərbaycan beynəlxalq olimpiadasında şagirdlərinin uğurlu iştirakına görə 2023, 2024-cü illərdə olimpiada təşkilatçıları tərəfindən “Təşəkkür sertifikatı” alıb və şagirdləri uğurlu iştirak edən riyaziyyat müəllimi kimi “Fəxri fərman”la təltif edilib.

“Azərbaycan müəllimi” 2024-cü il keçirilən riyaziyyat müəllimlərinin sertifikatlaşdırılması imtahanında 53 bal toplayan müəllimlə müsahibəni təqdim edir.

“Çalışıram ki, şagirdlərimə özümü sevdirim, daha sonra riyaziyyatı mütləq sevəcəklər”

- Peşənizdə sizi ən çox motivasiya edən nədir?

- Şagirdlərimin mənə inamı və onların inkişafını addım-addım izləmək.

- Riyaziyyatın digər fənlərlə əlaqəsini necə izah edərsiniz?

- Riyaziyyat problemlərin həlli üçün strukturlaşdırılmış yanaşmanı öyrədir. Riyaziyyatı bilmək bütün fənləri bilmək deməkdir. İçərisində məntiq olduğu üçün digər fənləri rahatlıqla öyrənmək olur. Həmçinin nəinki digər fənlər, hər bir sahədə riyaziyyatdan istifadə olunur.

- Riyaziyyatın tədrisində texnologiyanın rolu haqqında nə düşünürsünüz?

- Texnologiya artıq həyatımızın bir parçasıdır. Əsasən həndəsə bölməsində fəza fiqurlarının təsvir edilməsində daha çox istifadə olunması zəruridir. Bundan başqa onlayn tapşırıqlar zamanı işimizi asanlaşdırır, kəmiyyəti keyfiyyətə çevirməyimizə dəstək rolunu oynayır.

- Riyaziyyat fənnini şagirdlərə maraqlı və əyləncəli necə öyrədirsiniz? 

- Bilirik ki, şagirdlərin əksəriyyəti riyaziyyatı sevmir. Bu səbəbdən fikirləşirəm ki, riyaziyyat müəllimlərinə daha çox yük düşür. Öncə çalışıram ki, şagirdlərimə özümü sevdirim, daha sonra riyaziyyatı mütləq sevəcəklər. Müxtəlif əyləncəli yarışlarla, situasiyalarla, motivasiyaedici məlumatlarla dərsi maraqlı etməyə çalışıram.
Bundan əlavə, tədris prosesini şagirdlər üçün əlçatan və maraqlı etmək üçün əlavə resurslardan  istifadə edirəm.

- Ümumiyyətlə, riyaziyyatı ən yaxşı şəkildə necə öyrənmək olar? 

- Riyaziyyat zəncirvari quruluşa malikdir. Bir mövzunu öyrənmədən digərini öyrənmək çətin olur. Fikrimcə, mövzunu dərindən mənimsəmək və müvafiq tapşırıqlar icra etmək ən yaxşı üsul sayıla bilər.

- Riyaziyyat və informatika fənlərini sintez edərək daha maraqlı dərslər keçmək mümkündürmü?

- Təkcə riyaziyyat yox, bütün fənn müəllimləri texnologiyadan istifadəni bacarmalıdırlar. Z və ondan sonrakı nəsillər bütün dərslərin maraqlı olması üçün informatika və digər fənlərin sintezini bizdən tələb edirlər. Bu zaman daha maraqlı, keyfiyyətli dərs alınır ki, bu da işimizə olan dəyərin göstəricisi kimi qəbul oluna bilər.

- Riyaziyyat və informatikanın tədrisində hansı qiymətləndirmə üsullarından istifadə edirsiniz?

- Tədris zamanı müxtəlif üsullardan istifadə olunur. Bu üsullar şagirdlərin bilik və bacarıqlarını daha obyektiv şəkildə ölçməyə imkan yaradır. Əsas formativ qiymətləndirmə, summativ qiymətləndirmədir ki, bunlar da öz növbəsində şifahi, qapalı, açıq olmaqla şagirdlərdə məntiqi düşüncəni yoxlayır.


“Müasir texnologiyalar oyun əsaslı öyrənmə bacarıqlarını inkişaf etdirir”

- Müasir texnologiyaların tədrisdə rolu nə qədər vacibdir? Sizcə, müəllimlər texnologiyalardan yetərincə istifadə edirlərmi, edə bilirlərmi?

- Müasir texnologiyaların tədrisdə tətbiqi kreativ və tənqidi düşüncəni, oyun əsaslı öyrənmə bacarıqlarını inkişaf etdirir. Həmçinin onlayn dərslər sayəsində istənilən yerdən təhsil almağı asanlaşdırır. Bayaq dediyim kimi, kifayət qədər yox, daha da təkmilləşməlidirlər. Dərslərdə interaktiv və müasir texnologiyalardan istifadə etməyə çalışıram. Bundan ötrü məktəbimizdə olan imkanlardan, yəni proyektor, kompüter və bəzi “Scratch”, “Python” kimi proqramlardan istifadə edirəm.

- İnformatika fənninin tədrisində şagirdlərin yaradıcı düşünmə və problem həlletmə bacarıqlarını necə inkişaf etdirirsiniz?

- Müəyyən texnoloji problemi şagirdlərə təqdim edib çoxsaylı həll yollarını müzakirə edərək.

- İnformatika dərslərində ən çox hansı proqramlaşdırma dillərini öyrədirsiniz?

- İnformatika dərslərində əsasən “Alplogo”, Rəqəmsal bacarıqlar dərsində isə “Scratch”, “Python”.

- Eyni zamanda, Rəqəmsal bacarıqlar fənnini də tədris edirsiniz... 

- Ölkəmizdə 2017-ci ildən “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq edilir. Layihənin məqsədi şagirdlərin İKT bacarıqlarına dərindən yiyələnməsi, müasir bacarıqlara malik şəxslər kimi formalaşmasına dəstək göstərməkdir. Bu layihə şagirdlərdə alqoritmik düşüncə və məntiqin inkişafına, yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır. Eyni zamanda rəqəmsal savadlılıq və tənqidi düşünmə qabiliyyətlərinin inkişafı üçün şagirdlərə müxtəlif onlayn mənbələri müqayisə etməyi, saxta xəbərləri və dezinformasiyanı tanımağı, şifrələrin güclü olmasının vacibliyini, şəxsi məlumatların qorunmasını öyrətməyə çalışıram. Məktəbdə bu fənnin tədrisi üçün texniki imkanlar (kompüter, internet, proqram təminatı) yetərlidir.

- Ümumiyyətlə, şagirdlərin dərs yükü ilə bağlı nə düşünürsünüz? Mövcud tədris proqramı şagirdlərin bilikləri daha yaxşı mənimsəməsi üçün yetərlidirmi?

- Fikrimcə, tədris planları şagirdlərin fərdi ehtiyaclarını və qabiliyyətlərini nəzərə alaraq tənzimlənməlidir. Mövcud təhsil proqramları şagirdlərin bilikləri mənimsəməsinə kömək edir, şagirdlərin psixoloji vəziyyəti, yorğunluğu və stresi nəzərə alınmaqla bir az da modernləşdirilsə və daha fərdi yanaşmalar tətbiq edilsə, daha yaxşı olar.

- Müəllim olaraq tədris prosesində qarşılaşdığınız ən böyük çətinliklər nələrdir?

- Müəllim olaraq tədris prosesinin təşkili üçün məktəblərdə şagirdlər lazım olan avadanlıqlarla, dərsliklərlə təmin edildiyindən elə ciddi çətinlik yoxdur.

- Bəs, çətinlik çəkən şagirdlərə yanaşma tərziniz necədir? Onların fənni daha yaxşı qavraması üçün nə edirsiniz?

- Belə şagirdlərlə motivasiyaedici söhbətlər apararaq, düzgün, yerində verilmiş konstruktiv rəylərlə dərsə olan marağı artırmağa çalışıram.

“Şagirdlərimizdə bütün gözəl xüsusiyyətlər cəmlənib”

- Müəllim olaraq, şagirdlərdə hansı xüsusiyyətləri görmək istəyirsiniz?

- Düşünürəm ki, şagirdlərimizdə bütün gözəl xüsusiyyətlər cəmlənib. Onları üzə çıxarmaq bacarığı biz müəllimlərin üzərinə düşür. Onların hər biri Azərbaycanın gələcəyi olan vətənpərvər, vicdanlı, çalışqan, istedadlı vətəndaşlarıdır.

- Müəllim-şagird-valideyn münasibətlərinin daim normal qalması üçün hansı hansı addımları atırsınız?

- Demək olar ki, hər gün valideynlərlə əlaqə saxlayaraq, övladları ilə bağlı bütün neqativ hallarla yanaşı, xoş halları da mütləq qeyd etməyə çalışıram. Buna görə də nə valideyn, nə də şagird məktəbdən küsmür. Beləliklə, müəllim-şagird-valideyn üçbucağında münasibətlərin daim normal qalmasına nail oluram.

- Müasir müəllim daim öz üzərində işləməlidir. Siz biliklərinizi artırmaq üçün nə edirsiniz? 

- Bəli, düz deyirsiz. Özümə tənqidi yanaşmağı sevdiyim üçün öz üzərimdə daim işləyirəm. Bunun üçün yeni kitablar oxuyur, təlimlər, seminar, kurslarda iştirak edirəm. Bacardıqca fərqli, tanımadığım müəllimlərlə tanış olmağa çalışır, onların istifadə etdiyi metodlarla tanış oluram.

- Müəllimlərin cəmiyyətdəki nüfuzu haqqında nə düşünürsünüz? 

- Son aparılan islahatlar onu göstərir ki, ölkəmizdə savadlı, gənc müəllimlərin peşəkarlıq və savad səviyyəsi artdıqca təhsilin səviyyəsi artır. Həmçinin müəllimlərin işə qəbul, diaqnostik və sertifikatlaşdırılması imtahanı bunun bariz nümunəsidir. Bu da müəllimlərə və müəllimliyə olan inamı, hörməti artırır. Bir gənc müəllim olaraq da bu məni çox sevindirir.  Elm və Təhsil Nazirliyi tərəfindən təhsil sahəsində keçirilən bütün islahatlar yalnız güclü Azərbaycan naminədir, bunu ölkəmizin gələcəyini düşünən hər bir vətəndaş kimi mən də dəstəkləyirəm. Beləliklə, aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmizdə müəllim nüfuzunun artdığını düşünürəm.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.