
Bəzən bir süfrə ətrafında bölünən çörək, bir ananın baxışındakı istilik, bir uşağın atasına sarılması insana saysız-hesabsız sözlərdən daha çox şey deyə bilər. Ailə sadəcə qan bağı deyil, hisslərin, anlayışın və fədakarlığın birliyidir.
Zaman dəyişir, həyat tərzimiz yenilənir, ailə modeli də bu dəyişikliklərə uyğunlaşır. Ənənəvi ailə strukturunda ata evin başçısı, ailənin maddi yükünün əsas təminatçısı, ana isə uşaqların qayğısına qalan şəxs kimi qəbul olunurdu. Bu gün isə bir çox ailələrdə atalar övladları ilə dərs edir, oyun oynayır, analar ailənin maddi yükünün paylaşmasında iştirak edirlər, qərarlar birlikdə verilir. Artıq ailə rolların sərt bölgüsündən çıxaraq qarşılıqlı dəstək və əməkdaşlıq üzərində qurulur.
UNICEF-in 2023-cü il hesabatına görə, dünyada ataların uşaqların gündəlik qayğısında iştirakı son on ildə 35%-dən 52%-ə yüksəlib. Bu dəyişiklik ailə dəyərlərini daha da möhkəmləndirir. Cəmiyyətdə uşaqların tərbiyəsində ataların rolu artır, anaların yükü ata ilə bərabər bölünür və ailə daxilindəki emosional bağlar güclənir. Ən əsası isə ailə üzvləri arasında sevgi və qarşılıqlı hörmət ön plana keçir.
Ailə birlikdə gülmək, bəzən isə bir göz yaşını bölüşməkdir. Çətin günlərdə birgə səssiz dayanmaq, susaraq bir-birini anlamaqdır. Həyat hər zaman asan deyil. Amma ailə sağlam qurularsa, insan ən dərin uçurumların kənarında belə yıxılmadan dayanmağı bacarır.

Hər birimiz həyatımız boyunca müxtəlif çətinliklər və gözəl anlarla qarşılaşırıq. Sevincdən atılıb-düşdüyümüz, xoşbəxtlikdən gözümüz yaşaranadək güldüyümüz, bəzən susqun olduğumuz, dilimizin söz tutmadığı anlar olur. Bəzi zamanlar hər şey istədiyimiz kimi getmir. Amma həmin anlarda yanımızda olan ailə bizim güvən yerimiz, güc qaynağımız olur. Ailə yalnız xoş günlər üçün deyil, qaranlıq anlarımızda da sığındığımız bir limandır.
Uşaq ailədə valideynlərin bir-birinə davranışının güzgüsüdür. Böyüklərin münasibəti uşaqların şəxsiyyətinin formalaşmasına bilavasitə təsir edir.
Hər bir valideyn övladının sağlam, xoşbəxt və cəmiyyətə yararlı bir fərd kimi böyüməsini istəyir. Bunun üçün də valideyn məsuliyyətini dərk edir, qayğı göstərməyi bir borc kimi qəbul edir. Amma bəzən həyat fərqli sınaqlar təqdim edir. Bəzi ailələrdə sağlamlıq imkanları məhdud uşaqlar dünyaya gəlir. Bu uşaqlara xüsusi sevgi və diqqət tələb olunur. Belə vəziyyətdə valideynin üzərinə düşən məsuliyyət ikiqat artır - həm fiziki, həm də emosional olaraq. Buna baxmayaraq, övlada sevgi, mərhəmət, şəfqət bütün bu qayğıları, sıxıntıları üstələyir.
Ümumdünya Səhiyyə Təşkilatına görə, dünyada hər 1000 uşaqdan 2-3-ü serebral ifliclə doğulur. Azərbaycanda isə 60 000-dən çox uşaq xüsusi qayğıya ehtiyac duyur (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 2023).

İnsan heç vaxt yaşamayacağını düşündüyü hadisələrlə qarşılaşa bilər. Məsələn, bir gün biri və yaxud biriləri deyə bilir sənə ən acı xəbərləri, həyatında ən böyük sınaqla üzləşdiyini, artıq böyüdüyünü, yüklərinlə ayaqüstə dura bilmənin vacib olduğunu. El arasında belə bir deyim var ki, bəzi hissləri, sıxıntıları ancaq yaşayan bilər. Bəlkə də o zamana kimi mən də bunun nə demək olduğunu dərindən anlamırdım. Mənim üçün o xəbər övladıma serebral iflic diaqnozunun qoyulması idi. Bu xəbəri qəbul etmək, onunla barışmaq çox çətin idi.
Amma oğluma – Polada olan sevgim mənə “şükür” etməyi, güclü olmağı, yenidən nəfəs almağı öyrətdi. Bu duyğular insanı həyata bağlayır, ruhən möhkəmləndirir. Ailə daxilindəki bu mübarizə bizi daha həssas, diqqətli və bütöv olmağa vadar etdi. Biz valideyn olaraq bir-birimizə dayaq olduq. Bu yolçuluq bizi ruhən daha da birləşdirdi.
Çünki güclü ailə güclü cəmiyyətin təməlidir. Ailədə sevgi varsa, sabaha inamla baxmaq mümkündür. Ailədə anlayış varsa, fərqli nəsillər arasında körpü salınır. Ailədə dəyər varsa, insan heç vaxt özünü tək hiss etmir. Bu isə ailə bağlarının daha da gücləndirilməsinin, sosial dəstək və emosional bağlılığın nə qədər önəmli olduğunu göstərir.
Bəlkə də ailənin ən mühüm funksiyası insana yaşamaq üçün səbəb verməsidir. Fədakarlıqlar bir millətin gələcəyini formalaşdırır. Güclü ailə güclü cəmiyyətin bünövrəsidir. Bir uşağın gələcəyi, bir qadının gücü, bir kişinin dayanıqlılığı ailədən başlayır. Çünki bəzən yaşamağa səbəbimiz bir tək sarılma, bir tək “yanındayam” sözüdür. Və bu söz ən çox ailədən gəlir. Unutmayaq ki, ailə təkcə qan bağı ilə qurulmur, sevgi, mərhəmət, güvən olan yerdə ailə mövcuddur. Ailə varsa, ümid var, ailə varsa, sabah var.
Yazı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqəyə təqdim olunur.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər