Bütün xəbərlər
12 fevral, 15:53

“Çoxlu şeirlər, mahnılar öyrənmişəm, yeni oyunlar bilirəm, gözəl rəsmlər çəkirik. Müəllimimi çox sevirəm, çünki o bizimlə maraqlı oyunlar oynayır”, – demişdi 4 yaşlı Çiçək. O, "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində Qusar şəhər 6 nömrəli tam orta məktəbdə yaradılmış icma qrupunda təhsil alır. Məktəbəqədər təhsilin nə qədər önəmli olduğunu görmək üçün elə bu qızcığazın sevinc dolu gözlərinə baxmaq kifayət edir…

Bəs Çiçək yaşda daha çox uşağı erkən təhsilə cəlb etmək üçün hansı addımlar atıla bilər?

"İcma əsaslı məktəbəqədər təhsil" layihəsinin meneceri Orxan Cəfərovla söhbətimiz bu səpkidə oldu. Onun “Azərbaycan müəllimi”nə müsahibəsini təqdim edirik:

Yeni icma mərkəzlərinin yaradılması üçün ehtiyac olan əraziləri araşdırırıq

– İcma əsaslı qrupların coğrafi əhatəsi hansı meyarlara görə müəyyənləşdirilir?

– İcma layihəsi əsasən məktəbəqədər təhsil müəssisələrinin olmadığı yerlərdə erkən təhsilə çıxışı təmin etməyə yönəlib. Bu, xüsusilə indiyə qədər məktəbəqədər təhsil müəssisələrinin mövcud olmadığı və ya mövcud olsa da, uşaq tutumunun kifayət qədər olmadığı əraziləri əhatə edir. Məktəbəqədər yaş qrupuna aid uşaqların təhsildən kənarda qalmaması üçün onların erkən təhsilə cəlb olunması əsas hədəflərdən biridir. Bu məqsədlə hazırda biz mövcud resurslarımızdan maksimum dərəcədə səmərəli istifadə etməyə çalışırıq. Eyni zamanda, yeni icma mərkəzlərinin yaradılması üçün ehtiyac olan digər əraziləri, qəsəbələri və yaşayış məntəqələrini araşdırırıq.

Təbii ki, bu işdə əsas dəstəkçilərimiz Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə yanaşı, regional təhsil idarələri və rayon təhsil sektorlarıdır. Onlar bizə icma mərkəzlərinə ehtiyac duyulan ərazilər və məktəblər barədə məlumat təqdim edirlər. Biz də bu məlumatları dəyərləndirərək həmin ehtiyacları qarşılamaq üçün addımlar atırıq və icma mərkəzlərinin yaradılmasına təşəbbüs göstəririk.

Orxan Cəfərov

20 minə yaxın məktəbəqədər yaşlı uşaq icma qruplarında erkən təhsilə cəlb olunub

– Layihənin icrası ilə bağlı nəticələr gözləntilərlə üst-üstə düşürmü? Ümumilikdə vəziyyət necədir?

– Layihə ilkin mərhələdə pilot olaraq 10 rayonda 50 qrupla fəaliyyətə başlamışdı. Hazırda isə bu rəqəm 58 rayona yüksəlib. 886 məktəbdə 1 177 icma qrupu fəaliyyət göstərir. Təxminən 19 250 məktəbəqədər yaşlı uşaq icma qruplarında erkən təhsilə cəlb olunub. Onların təlim-tərbiyəsi ilə 1 046 tərbiyəçi-müəllim məşğul olur. Layihənin başlanğıc dövrü ilə indiki vəziyyəti müqayisə olunduqda aydın görünür ki, layihə ilkin gözləntiləri tam qarşılayıb və təsiri getdikcə daha da artmaqdadır.

– Layihədə iştirak edən müəllimlərin hazırlığı və motivasiyası necə təmin edilir? Onların peşəkarlıq səviyyəsini artırmaq üçün əlavə təlimlər və ya təşviq mexanizmləri mövcuddurmu?

– Mövcud layihə çərçivəsində işə qəbul prosesi müsabiqə yolu ilə aparılır. Müəllimlər əvvəlcə psixoloji imtahandan keçirlər, daha sonra müsabiqədə iştirak edir və nəticələrə əsasən seçilirlər. İşə qəbul olunan müəllimlər ilkin mərhələdə təlimlərə cəlb olunur. Təlimlərdən sonra onların peşəkar inkişafını dəstəkləmək məqsədilə hər rayon üzrə mentorlar fəaliyyət göstərir. Mentorlar müəllimlərə metodiki dəstək verir, onların inkişafına kömək edir və davamlı olaraq onları müşayiət edirlər.

Bundan əlavə, biz il ərzində müəllimlərin fəaliyyəti ilə bağlı mütəmadi olaraq monitorinq aparırıq. Monitorinq nəticələrinə əsasən, müəllimlərin təlim ehtiyaclarını müəyyən edir, bu istiqamətdə əlavə təlimlər təşkil edərək onların peşəkar inkişafını dəstəkləyirik.

Gələcək planlarımız arasında Öyrənmə İdarəetmə Sisteminin (Learning Management System - LMS) tətbiqi nəzərdə tutulur. Məqsədimiz bu sistem vasitəsilə müəllimlərin fəaliyyətinə nəzarət və qiymətləndirmə prosesini daha effektiv həyata keçirmək, həmçinin uşaqların davamiyyətini və qiymətləndirilməsini daha müasir və texnologiya yönümlü şəkildə idarə etməkdir.

Yetər Kərimli

– Layihənin tədris proqramına beynəlxalq təcrübədə tətbiq olunan hansı elementlər inteqrasiya edilib və bu yanaşmanın səmərəliliyini necə qiymətləndirirsiniz?

– Layihə çərçivəsində tətbiq olunan tədris proqramları yerli və xarici mütəxəssislər tərəfindən hazırlanır. Bu proqramlar əsasən Finlandiya təhsil sisteminə, yəni məktəbəqədər təhsil kurikulumuna əsaslanır. Bununla yanaşı, müxtəlif ölkələrin uğurlu təcrübələrindən, o cümlədən Montessori, oyun əsaslı təhsil və digər metodologiyalardan faydalanaraq proqram tərtib edilib.

Əsas proqram uşaqların idraki, sosial-emosional və fiziki inkişafına yönəlib. Oyun əsaslı öyrənmə vasitəsilə uşaqların təhsilə marağını artırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək əsas hədəflər arasındadır.

İki il əvvəl valideynlər arasında apardığımız sorğunun nəticələrinə əsasən, 80%-dən çox valideyn icmadakı dərs saatlarının artırılmasını tələb edirdi.

– Sizcə, bu layihə valideynlərdə məktəbəqədər təhsilə olan inamsızlığı aradan qaldıra bilirmi? 

– Bu layihədə məqsədlərdən biri valideynləri təhsilin bir hissəsi kimi qəbul etdirmək və onlara erkən təhsil mövzusunda daha çox məlumat verməkdir. Valideynlərin iştirakını təmin etmək, onların məktəbəqədər təhsil ilə bağlı gözləntilərini və fikirlərini anlamaq, təhsillə bağlı daha geniş məlumatlandırma və maarifləndirmə tədbirləri həyata keçirmək çox vacibdir. Bu, yalnız müəllimlərin və məktəbin öhdəliyi deyil, həm də valideynlərin uşaqlarının inkişafı və gələcəyi üçün böyük məsuliyyət daşıdıqları bir sahədir. Valideynlərin bu məsuliyyətin fərqində olmaları və övladları üçün daha yaxşı təhsil mühiti yaratmağa kömək etmələri icma əsaslı təhsilin uğurlu olmasına böyük təsir göstərəcək. Bu cür fəaliyyətlər valideynlərlə əməkdaşlığı gücləndirərək təhsilin keyfiyyətini artırmağa kömək edir.

Valideynlərin layihəyə münasibəti, həqiqətən, dəyişib. Artıq valideynlər uşaqlarının inkişafında erkən təhsilin vacibliyini daha yaxşı anlayır və buna görə də daha çox və daha aktiv iştirak edirlər. Niyə? Çünki onlar icma mərkəzinə gəlib tədris prosesi ilə yaxından tanış olurlar. 

Cəfərov Orxan

İki il əvvəl valideynlər arasında apardığımız sorğunun nəticələrinə əsasən, 80%-dən çox valideyn icmadakı dərs saatlarının artırılmasını tələb edirdi. Həmçinin bizim layihəmizdə valideynlər də əsas iştirakçılardandır. Gələcəkdə icmada aktiv işləyən valideynləri də nəzərə alaraq onların hər hansı bir vakansiyadan yararlanması imkanını düşünürük. Məsələn, icmada yeni bir vakansiya yaranarsa, valideynlər tərbiyəçi və ya müəllim kimi işə qəbul edilə bilərlər. Bu onların inamsızlıqlarını aradan qaldırmağa və daha çox iştirak etməyə təşviq edəcək. 

– Məktəb direktorları, rayon təhsil sektorları və regional təhsil idarələri "İcma əsaslı məktəbəqədər təhsil" layihəsinin inkişafında, genişlənməsində nə dərəcədə iştirak edirlər? Verilən dəstəkdən razısınızmı?

– Ümumiyyətlə, qeyd etmək lazımdır ki, icma əsaslı məktəbəqədər təhsil qrupları əsasən məktəblərdə yerləşən siniflərdə təşkil olunduğundan regional təhsil idarələri, rayon təhsil sektoru və məktəb direktorları bu işdə bizə çox böyük dəstək olur və fəal iştirak edirlər. Məsələn, ərazidə məktəbəqədər təhsil müəssisəsi yoxdursa, həmin kənddə kifayət qədər uşaq erkən təhsildən kənarda qalır. Bu zaman məktəb direktoru icma mərkəzinin açılması və ya alternativ təhsil layihələrinin təşəbbüsünü irəli sürür. Bu, həqiqətən, çox təqdirəlayiq bir haldır. 

Digər tərəfdən, təsəvvür edin ki, 3-4 yaşlı uşaqlar həmin məktəbə gəlir, erkən təhsilini orada alır, daha sonra məktəbə hazırlıq qruplarına qatılır və nəticədə birinci sinfə başlayırlar. Bu halda məktəb artıq gələcək şagirdini erkən yaşlardan tədrisə cəlb etmiş olur. Bu yanaşma uşaqların təlim nəticələrinin daha yüksək olmasına şərait yaradır. Eyni zamanda, məktəb üçün də faydalıdır.

Foto: Kənan Qafarov

Şərhlər

Xəbər lenti

11 mart, 22:26

Şimali Makedoniyanın Prezidenti Azərbaycanda tələbələrlə görüşəcək

11 mart, 20:58

Şimali Makedoniyanın Prezidenti: Elm sahəsində əməkdaşlığın qurulmasına nail ola bilərik

11 mart, 20:40

Siqaret və içkiyə aludə, mobil asılılıq: Zərərli vərdişlərin fəsadları

11 mart, 20:02

İstedadını incəsənətlə göstərənlər - Qalib şagirdlərlə söhbət

11 mart, 19:00

Uşaqların ekran vaxtının məhdudlaşdırılması onların psixi sağlamlığına təsir edir

11 mart, 18:20

Övladları 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

11 mart, 17:43

Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulunun tarixi yaxın günlərdə açıqlanacaq

11 mart, 17:27

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 17:25

Xaricdə doktorantura təhsili üçün tələb olunan sənəd sayı azaldılıb

11 mart, 17:13

Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı

11 mart, 16:40

İmtahandan üzü qara çıxanlar - Onlara münasibət necə olmalıdır?

11 mart, 16:36

Rektor: Dünyanın tanınmış univesitetlərinin təcrübəsi əsasında ixtisaslaşmaların yeni siyahısı hazırlanır

11 mart, 16:36

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib

11 mart, 16:15

Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun iclası keçirilib

11 mart, 16:02

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 15:42

Paytaxtda məktəblərin mikroəraziləri ilə bağlı 1630 müraciət cavablandırılıb

11 mart, 15:13

Şagirdlərimizin uğuru bizi daha da həvəsləndirir” – MÜSAHİBƏ 

11 mart, 15:00

Aqrar sahə üzrə yeni təhsil proqramlarının hazırlanması üçün müzakirələrə başlanılıb

11 mart, 13:52

Buraxılış imtahanlarının tarixləri dəyişdirilsinmi?

11 mart, 13:43

UNEC-in 95 illik yubileyinə həsr olunan TEDx konfransı keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.