
Naxçıvanın karateçiləri Türkiyənin Rizə şəhərində keçirilən “Qara dəniz və Xəzəryanı ölkələrin karate çempionatı”nda uğurla çıxış ediblər. Yarışda Fatimə Bağırzadə (10–11 yaş, 50 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.
“Azərbaycan müəllimi” qəzeti onunla, eyni zamanda, həm məşqçisi, həm də atası olan Tariyel Bağırovla həmsöhbət olub.
Fatimə Bağırzadə 2014-cü ildə Naxçıvan şəhərində anadan olub. O, bu şəhərin 3 nömrəli tam orta məktəbinin 6-cı sinif şagirdidir. Naxçıvan Karate Klubunun idmançısı olan Fatimənin baş və şəxsi məşqçisi onun atası Tariyel Bağırovdur. Fatimə məhz atasının rəhbərliyi ilə məşqlərini davam etdirir.
.jpeg)
O, 5 yaşından karate ilə məşğuldur. Atasının karateçi olması, onun diplom və medalları Fatimədə bu sahəyə maraq oyadıb. Deyir ki, uşaqlıqdan atası onu özü ilə məşqlərə aparıb:
"İndiyə qədər bir çox respublika daxili, beynəlxalq turnir və çempionatların qalibi olmuşam. “Arpaçay Open”, “Grand Prix”, “Olimpiya Ümidləri” beynəlxalq turnirlərində, Gemlik Beynəlxalq Karate Turniri, Boğaziçi beynəlxalq karate turnirində və s. iştirak edərək medallar qazanmışam.

Yarışlara hər gün məşq edərək, səhvlərimizi təhlil edərək hazırlaşıram. Əsas döyüş fəndlərim ayaqla vurulan zərbələrdir. Atam, yəni müəllimim məni əvvəlki döyüşlərimi izlədərək səhvlərimi göstərir, psixoloji olaraq məni yeni yarışa hazırlayır. İndiyə kimi müəllimim yalnız atam olub".
Məşq və yarışlara zamanının çox getməsinə baxmayaraq, dərslərinə də diqqət göstərir. Fatimə məktəbin seçilən əlaçı şagirdlərindəndir. Şəkli məktəbin “Şərəf lövhəsi”nə vurulub.
Fatimə bildirir ki, gələcək hədəfi dünya və Avropa çempionu olmaqdır:
"Əsas dəstəkçilərim atam, anam, nənəm, məktəb rəhbərliyi və sinif rəhbərimdir. Atam əndən böyük uğurlar gözləyir. Onu da qeyd edim ki, 9 yaşımda dünya karatesinin əfsanəsi Sensei Hitoshi Kasuyanın seminarında iştirak etmişəm və ustalıq dərəcəsi üzrə 1-ci dan qara kəmərə layiq görülmüşəm. Hazırda 2-ci dan qara kəmər sahibiyəm.
.jpeg)
Son yarışım avqust ayının 1-3-də Türkiyənin Rizə şəhərində keçirilən “Qara dəniz və Xəzəryanı ölkələrin karate çempionatı”nda olub. 10–11 yaş, -50 kq çəki dərəcəsində bütün rəqiblərimə qalib gələrək çempion oldum və Azərbaycana qızıl medal gətirdim".
Fatimə yaşıdlarına tövsiyə edir ki, idmanda uğur qazanmaq üçün yorulmadan, əzmlə və həvəslə məşq etsinlər:
"Bunun bəhrəsini mütləq görəcəklər. Məncə, uğurun sirri yüksək əzmkarlıq, döyüş ruhu və intizamdır".

Qızını yarışlara hazırlayan ata: “Artıq onun yarışlarda qalib gələcəyinə öyrəşmişəm”
Bu uğurun əsas səbəbkarı – Fatimənin atası və məşqçisi Tariyel Bağırovu da tanıyaq.
.jpeg)
O, 1986-cı ildə Naxçıvan şəhərində anadan olub. Elə Fatimənin oxuduğu 3 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali təhsilini də Naxçıvanda alıb.
Tariyel Bağırovun atası karate müəllimi olduğu üçün bu sahəyə maraq göstərib. Deyir ki, atası kimi əmisi də karate müəllimi olub:
"Naxçıvanın ilk rəsmi karate klubu “İlgim Karate Məktəbi” idi. Orada atam və əmim dərs deyirdi. Mən də yerli və beynəlxalq turnirlərin iştirakçısı və qalibi olmuşam. Hazırda milli dərəcəli hakim və beynəlxalq dərəcəli 3-cü dan qara kəmər sahibiyəm. Eyni zamanda Naxçıvan Karate Klubunun təsisçisi və baş məşqçisiyəm".
.jpeg)
Tariyel müəllim deyir ki, qızı yarışlara və seminarlara hər zaman böyük həvəslə hazırlaşır. Bu onun üçün artıq hobbi yox, həyat tərzinə çevrilib:
"O, uğur qazananda əvvəllər daha çox həyəcanlanırdım, çünki işimlə əlaqədar xaricdəki yarışlarda yanında ola bilmirdim, televizordan izləyirdim. Əlbəttə ki, məşqçisi yanında olmadan qalib gəlməsi məni həm sevindirirdi, həm də həyəcanlandırırdı. Amma artıq onun yarışlarda qalib gələcəyinə öyrəşmişəm. Əslində, idmançı hər zaman qələbə qazana bilməz. Uduzmaq hissini yaşamayan idmançı peşəkar ola bilməz".

Tariyel müəllimin həm bir ata, həm də məşqçi kimi ən böyük arzusu Fatimənin hər yaş qrupu üzrə respublika çempionu olmasıdır.
Əminik ki, Fatimənin ən böyük uğurları hələ qarşıdadır.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər