
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb. Bakıda innovasiya məkanlarından biri kimi tanınan STEAM mərkəzində baş tutan görüşdə nazir müavini Elm və Təhsil Nazirliyinin Aparatında və ayrı-ayrı struktur bölmələrində təcrübə keçən məzun və magistrlərlə öz təcrübəsini bölüşüb, çoxsaylı araşdırmaların nəticəsi ilə təsdiqlənən, o cümlədən illərin sınağından çıxan təcrübələrdən danışıb, gənclərə tövsiyələr verib.
Maarifçi kimdir?
Görüş yeri təsadüfən seçilməyib. Nazir müavini Firudin Qurbanovun gənclərlə söhbətinin ana xəttini məhz Azərbaycanda və dünyada sürətlənən inkişafı ilə həyəcan yaradan texnologiya, sənaye inqilabları və onun nəticələri, prosesin fonunda Azərbaycanın gələcəyinin necə təmin edilməsi məsələləri təşkil edib. Nazir müavini vurğulayıb ki, təcrübədə istifadə olunaraq səmərə gətirən yeniliklər innovasiyadır və bu da yaradıcı insanların fəaliyyəti nəticəsində olur. Odur ki, gənclərin, o cümlədən “Maarifçi”lərin verilən tapşırıqlara yaradıcı yanaşması, baş verəcək gözlənilməz hadisələrə hazır olması, sürətlə dəyişən proseslərə adaptasiyası çox vacibdir.
F.Qurbanov gənclərə “Maarifçi” adının verdiyi məsuliyyət hissinin ağırlığını dərk etmələrini tövsiyə edib: “Maarifçi gənc kimdir? Təbii ki, bütün müəllimlər maarifçi ola bilməz. Ancaq yaxşı müəllimlər maarifçidir. Elmin sirrini ötürən alimlər maarifçi ola bilərlər”.
Lakin gələcək proseslərə hazır olmaq üçün sadəcə müəllimlərdən öyrənmək kifayət deyil.
F.Qurbanovun fikrincə, yaxın gələcəkdə öz üzərində çalışmaq bacarığı daha vacib istiqamət olacaq: “Bu gün yanınızda olan müəllim sabah olmayacaq. Buna görə də özünüz öyrənməyi bacarmalısınız”.
Karyera inkişafında vacib məqamlara toxunan nazir müavini gənclərə tövsiyə edib ki, parlaq gələcək üçün düzgün istiqamət götürmək, doğru qərarlar vermək lazımdır: “Özünüzü gördüyünüz vəzifə sahibi ola bilməyiniz üçün idarəetmə, menecment bacarığınız olmalıdır. Məsuliyyət daşımaq çox önəmlidir. Harada olmağınızdan asılı olmayaraq, məsuliyyətinizi itirməyin. Özünüzün, dövlətin qarşısında bu hissi itirməməyiniz vacibdir. Laqeyd olmamağa çalışın. Kiminsə problemi varsa, çalışın dəstək göstərin, təşəbbüskar olun. Sizə tapşırılan işi daha yaxşı etmək üçün başqa nələr etmək mümkün olduğu barədə düşünün”.
Həyatın mənasının ilk növbədə yüksək dəyərlərə inamdan ibarət olduğunu vurğulayan Firudin Qurbanov həyatı zənginləşdirən amillər sırasına vətənə məhəbbət, ailə dəyərlərinə bağlılıq, valideynlərə, övladlara qayğını əlavə edib: “Bu gün tələbəsiniz, ölkənin gələcəyinin sizdən asılı olduğunu hiss edirsinizsə, öz üzərinizdə işləməyi bacarmalı, vacib bilik, bacarıq, vərdişlərə yiyələnməlisiniz. Gələcəkdə hansı problemlərlə qarşılacağımızı heç kim bilmir. Siz onları həll etməyə qadir olmalısınız. Bunu ancaq peşəkarlar edə bilər. Kimlərə “peşəkar” demək olar? Peşəkarlar o insanlardır ki, razılaşdırılmamış vəziyyətdə, böhranlı mühitdə düzgün qərar vermək bacarıqları var və onlar istənilən problemi həll edə bilərlər”.
Gənclərə sevdiyi işlərlə məşğul olmağı tövsiyə edən F.Qurbanov “Maarifçi” Proqramının iştirakçılarının suallarını cavablandırıb, onları idmanla məşğul olmağa, sağlam həyat tərzi keçirməyə, zərərli vərdişlərdən uzaq durmağa, asudə vaxtlarının təşkili barədə düşünməyə çağırıb.
“Maarifçi” magistrlərin sayı artıb
Görüşdə Firudin Qurbanova məlumat verilib ki, sadəcə məzunlar arasından seçilən 49 nəfərdən ibarət III “Maarifçi tələbə-məzun təcrübə proqramının iştirakçıları arasında magistrlərin sayı çoxalıb.
Onlardan biri - Amin Quliyev Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunda təcrübə keçir. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Maliyyə” ixtisası üzrə bakalavr təhsili alıb. “Vergi və vergi tutumu” istiqamətində ixtisaslaşır. Bir dəfə “Maarifçi” tələbə-məzun təcrübə proqramına baş vurub və bu cəhdi uğursuz olub: “Tələbə yoldaşım mənə link ataraq belə bir proqramın olduğunu dedi. Elm və Təhsil Nazirliyi çalışmaq istədiyim yerlər sırasında olduğundan bu proqrama həvəslə baş vurdum”.

Təsadüfən barəsində öyrəndiyi təcrübə proqramına seçim üçün mübarizəsini müsahibə mərhələsində yarımçıq qoysa da, proqramın iştirakçısı olmaq istəyindən əl çəkməyib: “Həmin vaxt yumşaq bacarıqlarımı inkişaf etdirirdim. Bu müsabiqə ixtisasımla bağlı bilgilərimin də az olduğunu üzə çıxartdı. Təcrübəyə ehtiyacımın olduğunu elə bu müsabiqənin seçim mərhələsindəcə anladım. Mühasibatlıq üzrə başqa yerlərdə təcrübə keçdim və III “Maarifçi”yə seçildim.
Proqramda təcrübəsinin uğurla davam etdiyini düşünən Amin Quliyevin sözlərinə görə, ona verilən tapşırıqları yerinə yetirir: “Sektorda mənə təcrübəçi kimi yanaşmırlar. Mənə qurumun əməkdaşı kimi yanaşıldığını görəndə işə həvəsim daha da artır”.
Onu həvəsləndirən, işinə bağlayan amillərdən biri də nazirlikdə vəzifə tutan, karyerada yüksəlişə nail olan şəxslərlə görüşlərdir: “Nazir müavini Firudin Qurbanovla görüş mənim üçün maraqlı olan görüşlərdən biridir. Firudin müəllimin zəngin təcrübəsi var və onun öz sevdiyi işlə məşğul olaraq uğur qazandığını eşitmək bu sahədə yüksələcəyimə inamımı artırdı”.
“Ölkəmdə inkişaf etmək mümkündür, bunu bütün gənclərə göstərmək istəyirəm”
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində təcrübə keçən Tural Adıgözəlov da magistrdir. UNEC-də “Maliyyə” ixtisası üzrə təhsilini davam etdirən Tural “Vergi və vergiqoyma” sahəsində ixtisaslaşır: “Bakavr təhsilimi tamamladıqdan sonra təcrübə keçəcəyim yerlərin axtarışında idim. Özümü təhsil sahəsində daha çox görürdüm və şəxsi inkişaf imkanları verən proqramları araşdırarkən “Maarifçi” tələbə-məzun təcrübə proqramı diqqətimi çəkdi. Tələbə yoldaşlarım arasında bu proqram haqqında məlumatlı olanlar çox idi və onların da tövsiyəsi ilə proqrama baş vurdum. Müraciətim müsbət dəyərləndirildi və Maliyyə və təsərrüfat sektorunda təcrübəyə başadım”.

Tural Adıgözəlovun fikrincə: “Bakalavr təhsilimi fərqlənmə ilə bitirmişəm. Ən önəmlisi, bir sıra xarici universitetlərin magistraturasına qəbul olunmağıma baxmayaraq, magistratura təhsilimi Azərbaycanda davam etdirməyə qərar vermişəm. Firudin müəllim çıxışında gənclərdə ən çox axtarılan keyfiyyətlərdən birinin vətənpərvərlik olduğunu dedi. Ölkəmdə inkişaf etmək mümkündür və mən bunu bütün gənclərə göstərmək istəyirəm”.
“Maarifçi”də qazanacağı təcrübə ilə peşəkar olacağına inanır
“Dövlət və ictimai münasibətlər” ixtisası üzrə təhsil alan Fatimə Hacıyeva Bakı Dövlət Universitetinin builki məzunudur. Elm və Təhsil Nazirliyində Protokol şöbəsində təcrübə keçir. Deyir ki, dövlət qulluqçusu olmaq istəyir.

Nazirlikdə görüşlərdə iştirak edir, hədəflərinə yavaş-yavaş nail olur: “Universitetə 600-dən yuxarı bal toplayaraq qəbul olunmuşam. Ali təhsilim də fəaliyyətimi dövlət qulluğu sahəsində qurmağım üçün lazım olan bilik və bacarıqları qazandırıb. Universitetdə bunun üçün əlimdən gələni etmişəm və ali məktəbi yüksək nəticə ilə bitirmişəm. Buna görə “Maarifçi”lərdən biri ola bildim. Ölkənin inkişafına öz fəaliyyətim ilə töhfə verəcəyimə inanıram. Bu inamım mənə indi “Maarifçi”olmaqda, sonra peşəkar olmaqda və layiqli vəzifələr tutmaqda kömək olacağına əminəm”.
“Bu fikir daim əsaslanacağım qiymətli tövsiyədir”
Mədinə Quliyeva da Bakı Dövlət Universitetinin (BDU) builki məzunlarındandır. “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə bakalavriat səviyyəsini bitirib. Elm və Təhsil Nazirliyində İnsan resursları sektorunda təcrübəçidir: “İxtisaslaşmaq istədiyim sahə hələ müəyyən etmədiyimdəm magistratura təhsili almaq istəmədim. Əvvəlcə işləmək, təcrübə toplamaq, harada boşluqlarımın olduğunu müəyyənləşdirmək istəyirəm. Ötən bir ayda karyerada yol qət etmiş insanlarla işləyə-işləyə öyrəndim ki, haqlıyam. Nazir müavini Firudin Qurbanovla görüşdə o da dedi ki, özümüzü xoşbəxt hiss edəcəyimiz işi görməliyik. Bu fikir daim əsaslanacağım qiymətli tövsiyədir”.

Mədinə deyir ki, tələbə olduğu dövrdə daha çox insan resursları üzrə - işə qəbul və təlim inkişafı üzrə təcrübələrdə olub. İqtisadi sahədə - banklarda, SOCAR-da, “Azəriqaz” İB-də də təcrübə keçib. Elm və Təhsil Nazirliyində keçdiyim təcrübə mənim üçün çox qiymətlidir. Nazirlikdə insan resursları sahəsində təcrübədəyəm və bu sahədə biliklərimi möhkəmlədə, peşəkarlaşa bilsəm, magistraturada bu ixtisas sahəsi üzrə təhsilimi davam etdirəcəyəm”.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər