Mingəçevir Dövlət Universitetində (MDU) tələbə və əməkdaşların xarici dil bacarıqlarının inkişafı və tədrisin beynəlxalq təhsil standartlarına uyğunlaşdırılması istiqamətində daha bir əlamətdar addım atılıb.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, mayın 8-də “Cambridge University Press and Assessment” təşkilatının Azərbaycandakı rəsmi nümayəndəsi ITAC (International Training And Assisment Center) rəhbəri MDU-da olub.
Görüş zamanı MDU və ITAC arasında qarşılıqlı əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Protokol çərçivəsində tərəflər tədris planlarının və fənn sillabuslarının Cambridge standartlarına uyğunlaşdırılması, tələbə və müəllimlərin TKT (Teaching Knowledge Test) və digər “Cambridge Qualifications” imtahanlarında iştirakı, habelə ingilis dili ixtisası üzrə fənn proqram və sillabuslarının birgə hazırlanması və təkmilləşdirilməsi istiqamətində razılığa gəliblər. Həmçinin imtahanlarda yüksək nəticə göstərən 5 tələbə və 2 müəllimin Londonda Yay məktəbində təkmilləşdirmə kursunda universitet hesabına iştirakı nəzərdə tutulub.
MDU-nun rektoru Anar Eminov və ITAC-ın direktoru Həsrət Şıxbabayev tərəfindən imzalanan sənəddə, müəllimlərin peşəkar inkişafı, qiymətləndirmə strategiyaları, nəticə əsaslı təhsil və rəqəmsal resursların inteqrasiyasına dair bir sıra təlimlərin təşkili nəzərdə tutulub. Bununla bağlı “Cambridge University Press and Assessment” təşkilatının rəsmi sertifikatı universitetə təqdim olunub.
Əməkdaşlıq çərçivəsində MDU-da “Kembric Resurs Mərkəzi”nin yaradılması, rəsmi “Kembric” imtahanlarının universitetdə təşkili, eləcə də regionun digər təhsil müəssisələri ilə genişmiqyaslı təlimlərin həyata keçirilməsi planlaşdırılır.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər