
Son tədqiqatlar göstərir ki, mikroplastik və nanoplastik hissəciklər insanın beyin toxumasına nüfuz edir və zaman keçdikcə onların miqdarı əhəmiyyətli dərəcədə artır.
"Azərbaycan müəllimi" xəbər verir ki, fevralın 3-də "Nature Medicine" jurnalında yayımlanan araşdırma beyin nümunələri əsasında aparılıb və əldə olunan nəticələr ictimaiyyətdə ciddi narahatlıq doğurub.
İtaliyanın Neapol şəhərində yerləşən Kampaniya Universitetinin tədqiqatçısı Raffael Marfella bildirib ki, mikro və nanoplastiklər (MNP) qan damarlarında daha çox toplanan insanlarda infarkt, insult və ölüm riskinin yüksək olduğunu müəyyən ediblər.
Tədqiqatçılar 1997-ci ildən bəri toplanmış 91 beyin nümunəsində MNP səviyyəsini ölçüblər. Nəticələr 2016-cı ildən 2024-cü ilə qədər bu hissəciklərin miqdarının 50% artdığını göstərib. Əgər 2016-cı ildə bir qram toxumada orta hesabla 3,345 mikroqram plastik aşkarlanırdısa, 2024-cü ildə bu rəqəm 4,917 mikroqrama yüksəlib.
Duke Universitetinin nevroloqu Endryu Vest qeyd edir ki, nəticələr ilk baxışdan inanılmaz görünsə də, müxtəlif nümunələr üzərində aparılan testlər bunu təsdiqləyib.
Bundan başqa, İngiltərənin Plimut Universitetindən Riçard Tompson bildirib ki, plastikin beyinlərimizə qədər nüfuz etməsi təəccüblü deyil, çünki mikroplastiklər yediyimiz qidalarda, içdiyimiz suda və hətta nəfəs aldığımız havada mövcuddur.
Tədqiqatçılar müəyyən ediblər ki, beyin toxumasında MNP səviyyəsi qaraciyər və böyrək toxumalarındakından 10 dəfə çoxdur. Bu isə əvvəllər beynin qan-beyin baryeri vasitəsilə bu hissəciklərdən qorunduğu barədə olan fikirləri alt-üst edir. Rutgers Universitetinin toksikoloqu Fibi Steplton bildirib ki, bu nəticələr plastiklərin beyində yüksək konsentrasiyada olduğunu sübut edir.
MNP-lərin təkcə miqdarı deyil, forması da alimləri təəccübləndirib. Beyin toxumasında sərt və iti kənarlı plastik qırıntılar aşkarlanıb. Əvvəllər laboratoriyalarda aparılan mikroplastik araşdırmalarında əsasən polistirol materialından hazırlanmış kürəciklərdən istifadə olunurdu. Lakin real beyin nümunələrində polistiroldan çox polietilen hissəcikləri aşkarlanıb. Polietilen plastik paketlərdə, şampun qablarında və oyuncaqlarda geniş istifadə olunan materialdır.
Araşdırmada həmçinin MNP-lərin konsentrasiyasının yüksək olduğu 12 beyin nümunəsinin sahiblərinin daha öncə demensiya diaqnozu aldığı məlum olub. Bununla belə, alimlər hələlik plastik çirklənmə ilə demensiya arasında səbəb-nəticə əlaqəsini təsdiqləyə bilməyiblər.
Bununla yanaşı, tədqiqat nəticələri yaş faktoru ilə MNP-lərin səviyyəsi arasında birbaşa əlaqə aşkar etməyib. Nümunələr arasında bəzi insanlarda plastik hissəciklərin səviyyəsi yüksək olduğu halda, digərlərində nisbətən aşağı olub.
Bu tədqiqat bəzi suallara cavab versə də, yeni suallar doğurur: Mikroplastiklər beyinə necə daxil olur? Orqanizm bu hissəcikləri çıxara bilərmi? Və ən vacibi – onların insan sağlamlığına təsiri nə qədər ciddidir?
Duke Universitetinin tədqiqatçısı Endryu Vest bildirir ki, mikroplastiklərin beyin üçün təhlükəli olub-olmadığı tam məlum olmasa da, bu məsələ ilə bağlı addım atmaq üçün bütün cavabları gözləmək böyük səhv olardı:
"Bu, yeni bir asbest problemi ola bilərmi? Yoxsa qurğuşun zəhərlənməsi kimi ciddi bir təhlükə ilə üz-üzəyik? Bəlkə də daha təhlükəlidir və aşkarlanması, aradan qaldırılması daha çətindir."
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər