
Avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu gün dilimizin qorunması, inkişafı və gələcək nəsillərə doğru şəkildə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tarix ana dilimizin inkişafı, dil qaydalarının qorunması və cəmiyyətə düzgün təqdim edilməsi ilə bağlı məsələlərin gündəmə gəlməsi ilə yadda qalır.
“İlk dəfə süni intellektin köməyi ilə 180 min söz forması əldə etmişik”
AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli “Azərbaycan müəllimi”nə həm yeni orfoqrafiya lüğətinin hazırlanması prosesindən, həm də dilin müasir çağırışlar qarşısında dayanıqlı şəkildə inkişafından danışıb. O bildirib ki, AMEA-nın 21 dekabr 2024-cü il tarixli qərarı ilə təsdiq olunmuş 2025-2030-cu illəri əhatə edən inkişaf konsepsiyası – yol xəritəsi Azərbaycan dilinin müasir çağırışlara uyğun inkişafını təmin etməyə yönəlib: “Konsepsiyada süni intellekt və rəqəmsal texnologiyaların humanitar sahələrə, o cümlədən dilçiliyə inteqrasiyası nəzərdə tutulur. Bu işi təkcə humanitar elm daşıyıcıları yerinə yetirə bilməz. Burada dilçilərlə yanaşı, proqramçılar və süni intellekt üzrə mütəxəssislər də iştirak edir. Dilçilik İnstitutu olaraq, ilk dəfə mənim təşəbbüsümlə süni intellektin köməyi ilə 180 min emal olunmuş söz forması əldə etmişik və onun üzərində işləyərək yeni orfoqrafiya lüğəti hazırlayırıq. Təbii ki, həmin söz formalarının hamısı lüğətə daxil edilməyəcək. İnstitutun nəzdində Süni intellekt və kompüter dilçiliyi şöbəsi fəaliyyət göstərir. Bu işlər məhz orada həyata keçirilir”.
N.Məmmədli əlavə olaraq vurğulayıb ki, Nazirlər Kabinetinin qərarına əsasən, “Orfoqrafiya” lüğəti hər 5 ildən bir yenilənməlidir. Çünki dilə yeni sözlər daxil olur, mövcud sözlər dəyişir: “Bu prosesləri daim izləyərək lüğəti təkmilləşdiririk. Sonuncu lüğət 2021-ci ildə nəşr edilib və orada 90 minə yaxın söz yer alıb”.
Nadir Məmmədli qeyd edib ki, “Azərbaycan”, “Xalq" qəzeti, “525-ci qəzet”, “Ədəbiyyat" qəzeti və s. nəşrlərin söz bazaları əsasında 520 milyon söz və söz forması toplanıb: “Türk dünyasında ilk dəfə belə genişmiqyaslı baza bizim institutda hazırlanıb. Bu bazadan təkrar və lazımsız sözlər çıxarıldıqdan sonra 180 min söz forması əldə edilib. Bu, “söz bunkeri” adlanır. Hazırda dünyanın bütün dillərində bu istiqamətdə ciddi işlər gedir. Dillərin söz ehtiyatı öyrənilir, analiz olunur”.
“Dilimizi qeyri-peşəkar şəkildə yozanların, pozanların sayı artıb”
Bu günün əhəmiyyətini vurğulayan professor bildirib ki, dünyada mövcud olan hər dil müstəqil statusa malik olmur. Azərbaycan dili müstəqil bir dildir və beynəlxalq səviyyədə tanınır:”Dünyada yüzlərlə dil var, lakin onların hamısı müstəqil statusa malik deyil. Azərbaycanda yalnız bir dövlət dili var. Elə ölkələr var ki, bir neçə dili mövcuddur. Dilimizin zənginliyi və müstəqilliyi xüsusi vurğulanmalıdır. Dilimizdə istifadə olunan sözlərin mənşəyi müxtəlif ola bilər - ərəb, fars, rus, ingilis və s. Bu, dilimizin zəifliyi deyil, əksinə, onun zənginliyidir. Əsas məsələ sözlərin mənşəyi deyil, onların dilimizdə necə oturuşması və xalq tərəfindən mənimsənməsidir. XX əsrdə Azərbaycan dili bütün üslub sahələri – rəsmi, elmi, publisistik və s. üzrə formalaşdı. Hazırda isə müəyyən sərbəstlik dövrüdür və dili qeyri-peşəkar şəkildə yozanların, pozanların sayı artıb. Bu, yolverilməzdir”.
N.Məmmədli qeyd edib ki, dillərin bir-biri ilə inteqrasiyası təbiidir. İnsanlar arasında dostluq olduğu kimi, dillər arasında da qarşılıqlı təsir mövcuddur: “1994-cü ildə neft müqaviləsi imzalandıqdan sonra Azərbaycan dilinə ingilis dilindən bir çox sözlər keçdi. Bu, normal prosesdir. Dilə yeni söz daxil ola, köhnə sözlər isə çıxa bilər. Məşhur rus alimlərindən birinin belə bir ifadəsi var: Əşya dilə söz gətirir”.
Professor 2026-cı ilin 26 fevral-5 mart tarixlərində növbəti Türkoloji Qurultayın keçiriləcəyini vurğulayıb: “Lakin hələ də əvvəlki qurultayda qaldırılan bəzi məsələlər, o cümlədən dilə yeni sözlərin keçməsi ilə bağlı təkliflər öz həllini tapmayıb. Məsələn, “molla”, “məktəb” sözlərini dildən çıxara bilmərik. Bu, mümkün deyil. Dillər bir-birindən söz alır və bu, qaçılmaz bir prosesdir”.
“Əgər dilimizdə həmin sözə qarşılıq varsa, əcnəbi söz işlədilməməlidir”
Onun sözlərinə görə, yeni sözlərin dilə ötürülməsində KİV xüsusi rol oynayır: Burada əsas vasitə mətbuat və medianın dilidir. Buna görə də jurnalistlər daha məsuliyyətli olmalı, yeni sözlər gətirərkən onların mənşəyini və uyğunluğunu diqqətlə nəzərdən keçirməlidirlər. Hər kəs bilməlidir ki, dilə qarşı məsuliyyətli yanaşma milli kimliyimizin qorunması deməkdir. Buna görə də jurnalistlərin və media nümayəndələrinin məsuliyyəti xüsusilə böyükdür. Əgər dilimizdə “müsahibə” sözü varsa, niyə “intervyu” işlədilməlidir? Bu kimi yanlış seçimlər dilin orijinallığını pozur. Söz alarkən iki əsas prinsipə əməl olunmalıdır. Birincisi, əgər dilimizdə həmin sözə qarşılıq varsa, əcnəbi söz işlədilməməlidir. İkincisi, bir neçə variant varsa, xalq zamanla hansı ifadəni mənimsəyəcəyini özü müəyyən edəcək”.
Nadir Məmmədli dilin canlı bir orqanizm olduğunu, zamanla dəyişdiyini və inkişaf etdiyini deyir. Bəzi sözlər dildən çıxır, yeniləri daxil olur: “Amma bu dəyişikliklər təsadüfi yox, zərurətdən doğur. Beynəlmiləl sözlərə ehtiyac ola bilər, lakin alınma sözlərin seçimi diqqətlə aparılmalıdır. İnsanlarda bu barədə yanlış təsəvvür var. Alınma sözlər ehtiyac nəticəsində yaranır, əgər dilimizdə həmin anlayışa uyğun qarşılıq yoxdursa, əcnəbi sözü qəbul etmək mümkündür. Amma qarşılıq olduğu halda əcnəbi söz işlətmək dilin təmizliyinə zərər vurur. Məsələn, “adaxlanmaq” sözü qədim və mənalı Azərbaycan sözüdür. Mənası “ayağını bağlamaq”, yəni evliliyə hazırlıq deməkdir. “Nişanlanmaq” isə fars mənşəlidir. Hər iki söz işləkdir, lakin mənşə və semantik baxımdan üstünlük “adaxlanmaq”a verilməlidir. Hansı sözün daha çox işlənəcəyi isə zamanla xalqın seçimindən asılı olacaq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər