Bütün xəbərlər
23 yanvar, 09:42

“Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsində III yerin qalibi Sədayə Həmidovanın yazısını təqdim edirik.

Dünyadakı bütün peşələr insanlardandır və yalnız üçü Allahdandır: müəllim, həkim, hakim. 

Sokrat

İlk dərs gününün yorğunluğu, yeni şagirdlərlə tanışlıq, sevinc dolu həyəcan... Bir sözlə, qarışıq duyğular içərisində özümü divana atıram. Hər il yaşadığım bu hiss indi nədənsə daha fərqlidir. Bəlkə də, buna səbəb yenicə səfərdən qayıtdığım daşı-daş üstündə qalmayan Vətənim idi. 

Sanki çiynimdə 30 illik yüklə getdiyim torpaqdan 14 yaşında dərdsiz-qəmsiz uşaq kimi qayıtmışam... 

Arzum idi: izi-tozu, küçəsi, yolu bilinməyən kəndimdə gedəcəyim ilk yer yuxularımı ərşə çəkən məktəbim olacaqdı... Yarımçıq qalmış arzularımın məskəni, məktəb! Elə də etdim... Varlığından əsər-əlamət qalmayan, məktəbim! Müəllimlik sənətimə işıq salan, yazıb yaratmağa, insanlığı, torpağı sevməyimə vəsilə olan məktəbim, şagirdlərinə inam verən, sevgi verən, güvən verən müəllimim və yerlə yeksan olmuş xəyallarım... İndi qapısı, pəncərəsi, yolu bilinməyən bu ocaqda öyrənmişdik insanlığı, vətən daşı olmağı. 

Bəlkə də mən “Əsl müəllim necə olmalıdır?” sualına elə bu sinif otağında, dərdi-qəmi yoldaşından az “5” almaq olan məktəb illərində cavab tapmışdım... 

Yadımdadır, 6-cı sinifdə oxuyurduq. Hər il olduğu kimi, bu il də Novruz şənliyi məktəbin həyətində təntənəli şəkildə keçirilirdi. Hər sinif öz çıxışı ilə tədbirə rəng qatırdı. Bu zaman bizim sinfin oğlanları 7-ci sinif oğlanları ilə kəndirdartma oyunu oynayırdılar. Qızlar və sinif rəhbərlərimiz həyəcanla onları izləyirdilər. Rəqib güclü idi və get-gedə uduzurduq. Bu zaman sinif rəhbərimiz yaşına və çəkisinə yaraşmayan bir şəkildə ayağa durdu və oğlanlara köməyə yetişdi. Sözsüz ki, biz “qalib” gəldik. Bu hadisəyə hamı güldü, əyləndi: çox güman ki, elə oradaca unuduldu. Amma mən unutmadım. Bu kiçik hadisə ömürlük beynimə həkk olundu. Deməli, müəllim əli hər an, hər saniyə bütün qınaqlara, iradlara baxmayaraq şagirdinin üstündə olmalıdır. O əl hələ də bu yaşımda belə mənim çiynimdə, mənim zehnimdədir. Hətta sonralar müharibə o illəri, insanları, dostları pərən-pərən salsa da, isti sinif otağını soyuq çadır “sinifləri” əvəzləsə də, soyuqdan əllərimiz, ayaqlarımız donsa da, bu isti əlləri çiynimdə həmişə hiss edirdim. Bu əllər məni yıxılmağa, ümidsizləşməyə qoymadı. Arzularımın qanadlarından tutdu. 

Məni düz Bakıya gətirdi... 

Qanlı-qadalı savaşın içindən səsli-küylü Bakıya düşdükdə, maşınların siqnal səsini top, mərmi zənn edib səksənəndə belə bu əl məni ayağa qaldırdı, itib-batmağa qoymadı, universitetin qapısından qürurla içəri saldı. 

4 illik tələbə həyatı... Çox müəllimlər, çox xarakterlər gördüm. Kimi əzdi, kimi anladı, kimi güldü keçdi, kimi isə varlığımı belə hiss etmədi. 

Yalnız iki böyük insan ən çətin anımda həyata tutunmağıma yardımçı oldu: Görkəmli dilçi alim Afad Qurbanov və psixoloq alim Əbdül Əlizadə... 

Xarakterləri, səmimiyyəti və fədakarlığı ilə əsl müəllim obrazını beynimdə yaratdılar. 

Hər imtahan ərəfəsində həyəcan, stres birə-beş artırdı. Sualları oxuyub bitirmək üçün gecəmi gündüzümə qatırdım. 

Belə günlərdən biri idi. Psixologiyadan imtahan olacaqdı. Səhərə kimi yatmamışdım. Bu azmış kimi imtahan zamanı baş verən bir hadisə məni daha da sarsıtdı. Biletimi çəkib oturarkən nəzarətçi məni köçürməkdə ittiham etdi və çölə çıxmağımı istədi. Həyatı boyu özümə və yaradana güvənmiş biri kimi, əlbəttə, çox pis olmuşdum. Sən demə, məndən əvvəl başqasının qoyduğu kağızı mənim zənn edilmişdi. Çıxılmaz vəziyyətdə idim. Ağlamaq tutmuşdu. 

Bu zaman o yetişdi: Əbdül müəllim. Məni insan sərraflığı ilə düşdüyüm çətinlikdən çəkib çıxardı... Qorudu... 

Eləcə donub qalmışdım: nə suallara cavab verə, nə də müəllimə minnətdarlıq edə bildim. O isə bircə kəlmə dedi: “Sizə deməmişəm, imtahan öncəsi vaxtında yatın”. Başımı aşağı salıb çıxdım, kəsirimi düşünə-düşünə qiymət kitabçasına baxdım: inanmaq çətin olsa da, bir kəlmə belə danışmadan o insan mənə “əla” yazmışdı. 

O an çiynimdə daha sağlam, daha güclü bir əl hiss elədim: güvən, inam və minnətdarlıqla xatırlanacaq bir əl... O zaman özümə söz verdim: Hər zaman nə olursa-olsun, hansı şərait yaranırsa yaransın mən öz şagirdlərimin yanında olacağam. Onlara əsl insan və əsl vətəndaş olmağı öyrədəcəyəm. 

22 illik müəllim həyatımda hər dəfə sinfə girəndə gözlərim yalnız şagirdlərə baxmır. Gələcəyin qəhrəmanını, ixtiraçısını, şairini; rəssamını görürəm. Bütün müəllimlik həyatım boyu axtarışdayam. 

Mənə görə, hər müəllim insan sərrafı olmalıdır: Hər şagirdin daxilini, onun dünyasını görməlidir, çünki bu partanın arxasında qalxan balalar idi məni Vətənimə qovuşduran, bu şagirdlər idi, sinfimin ən dəcəli, amma dünyanın ən igid oğulları. Bu oğullar idi məni məndən alan, müəllim olduğum üçün nə qədər qürurlansam da, bir o qədər də qəlbimi paramparça edənlərim...

Şəhid şagirdlərim: Eltonlarım, Sadiqlərim. Nə qədər acı, amma fəxarətli ifadə. 

Müəllimlərinə igidlik dərsi keçən, Vətən boyda bəy otağı, dünya boyda dərdi, dağı, bütöv xalqdır onun qonağı... Şəhid şagird: sevindiyim bilirsənmi nədir? Oturduğun parta heç boş qalmadı. Sən cismən getdin. Amma sənin yolunu, sənin amalını yeni igidlər davam etdirdi. 

Bu gün də bu yoldayam. Axtarıram... Axtarıram yeni Poladları, Mübarizləri. Yeni qəhrəmanları yetişdirəcək şəhid qanı ilə suvarılan torpaq. Yaşadacaq, yaşayacaq. Yaşadacaq ki, özü də yaşasın və bu zaman müəllim adını daşıyan hər bir şəxs o isti, məlahətli əllərini o balaca fidanların çiyinlərinə qoyacaqlar ki, hər an onun yanında olduğunu hiss etsinlər. Onun əlindən tutaraq həmişə dik durmağı, vicdanlı, dürüst və ən əsası, əsl Vətən daşı olmağı öyrənsinlər. 

Şagirdinə Vətən dərsi keçən, ürəyinin qanı ilə hər birinə ana qayğısı göstərən müəllimi varsa, bu Vətənə zaval yoxdur. Çünki müəllim:

Anadır - övladı saysız-hesabsız şəhidim. 

Müəllim bir dənizdir - sərvəti şagird sevgisi. 

Müəllim bir həyat kitabıdır - nə xoş onu səbir və sevgi ilə oxuyana. 

Müəllim dünyadır - içində yalanı, nifrəti olmayan dünya. 

Müəllim - hər kəlməsi torpaq olan, yurd olan Xudayar təsnifidir və 

Ən sonda: 

Müəllim elə bir zirvədir ki, son nöqtəsi Vətən olan…

Sədayə HƏMİDOVA,

Yevlax şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

16 oktyabr, 11:56

MDU türk dünyası universitetləri ilə mübadilə imkanlarını genişləndirir 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.