Bütün xəbərlər
14 may, 10:28

Uca dağların zirvəsindən süzülən Günəş şüaları sanki bir sinif otağına – Ağsu şəhəri Soltan Umbayev adına 2 nömrəli tam orta məktəbin 9 “b” sinifinə yönəlib. Bu sinifdə iki parlaq şagird - Xədicə Məmmədova və Mədinə Nağızadə bir sırada oturub. Bu iki yeniyetmə sinif yoldaşı olmaqla yanaşı, həm də elmə olan sevgiləri ilə birləşən ruh yoldaşlarıdır. Biri keçmişin izlərini – tarixi, digəri isə təbiətin incəliklərini – biologiyanı araşdırmağa meyillidir və hər ikisi Respublika fənn olimpiadalarının (RFO) qalibi olmaqla 
Ağsu rayonunun təhsil tarixində silinməz iz qoyublar. Builki RFO-da rayon üzrə iki medal qazanılıb ki, onlar da eyni məktəbin, eyni sinfin və eyni parta yoldaşlarının payına düşüb.

“Azərbaycan müəllimi” bu iki işıqlı məktəblinin uğur hekayəsinə daha yaxından nəzər salıb.

Tarix fənni üzrə qızıl medal sahibi olan Xədicə Məmmədovanın uğurunun arxasında davamlı hazırlıq prosesi ilə yanaşı, planlı və məqsədyönlü çalışmaq da dayanır. O, hər gün tarix oxuyur, boş olduğu hər anı qiymətləndirərək öz üzərində çalışır: “Oxumaq üçün hər hansı bir saat müəyyən etməmişdim, amma hər anı dəyərləndirərək oxumağa çalışırdım”, – deyən Xədicə tarixə olan marağını hər gün daha da dərinləşdirib.

Ən çətin mərhələ onun üçün final olub, çünki dərslər ağırlaşmış, vaxt isə məhdudlaşmışdı. Müəllimi Aidə Məmmədova ilə davamlı hazırlığı sayəsində bu mərhələyə qədər gəlib çatıb. Final mərhələsində qazandığı uğurlarda müəllimlərinin əziyyətini qeyd edərək onlara təşəkkürünü bildirib. O, çətinliklərə baxmayaraq, ailəsi və müəllimlərinin dəstəyi ilə irəliləyə bilib.

Xədicə keçən il RFO-nun final mərhələsinə vəsiqə qazandığını, lakin 2 bala görə medal ala bilmədiyini deyir.  Bu uğursuzluğa baxmayaraq, olimpiadada ikinci dəfə iştirak etmək qərarına gəlib. O, bu dəfə əldə etdiyi nəticəni və qazandığı qızıl medalı həm əzmi, həm də hər gün qurduğu arzuların nəticəsi kimi qiymətləndirir.

Qələbə xəbərini aldığı anı unuda bilmir

Məktəbdə dərs zamanı qələbəsini eşidən Xədicə dərhal müəllimlərinin yanına gedib və bu, onun həyatının ən gözəl günü olub. “Çox çalışmaqla yanaşı, düzgün və planlı şəkildə hazırlaşdım və bu uğura nail oldum”, – deyə Xədicə həmin anı xatırlayır.

Ətrafdakıların onun uğuruna verdiyi reaksiyalar Xədicə üçün çox qiymətli olub. “Dostlarım və ailə üzvlərimin üzlərindəki qürur məni daha da sevindirdi”, – deyə əlavə edib.
 
Hələlik hədəfi orta məktəbi qızıl nişanla bitirmək və ali məktəbə 650-dən yüksək balla daxil olmaqdır. Nüfuzlu bir ixtisas seçmək də onun gələcək planları arasındadır.

Xədicənin şagirdlərə verdiyi ən əsas tövsiyə qarşılarına qoyduğu məqsədə doğru əzmlə irəliləməkdir. “Özünüzün motivasiya qaynağınız olsun və ətrafınızdakıların ümidsiz sözlərinin sizə təsir etməsinə icazə verməyin!”, – deyə Xədicə tövsiyə edib.

Biologiya fənnindən gümüş medalçı: Mədinə Nağızadə

Soltan Umbayev adına 2 nömrəli tam orta məktəbin digər ulduzu biologiya fənni üzrə RFO-da gümüş medal alan Mədinə Nağızadədir. Mədinə də boş vaxtlarını dərslərə, xüsusilə biologiyaya həsr edib. 

Müsahibim hələ 7-ci sinifdə oxuyarkən Respublika fənn müsabiqəsində (RFM) biologiya üzrə bürünc medal qazanıb. Mədinə “RFM-də ilk medal qazanan Ağsu məktəblisi olmaq mənim üçün çox qürurverici idi”, – deyə bildirib.

Onun biologiya fənninə marağının formalaşmasında biologiya müəllimi Vəfa Baxışovanın böyük rolu olub. O, yalnız biologiya fənnini dərindən öyrənməyə çalışmır, həm də özünü daha yaxşı bir insan və gələcəyin peşəkar həkimi kimi formalaşdırmağa çalışır.

Mədinə sakit danışığı, lakin qətiyyətli baxışları ilə elmdə və həyatda irəli getmək istəyini hiss etdirir. O, təkcə olimpiadaya deyil, eyni zamanda buraxılış imtahanlarına da eyni ciddiliklə hazırlaşıb: “Hər iki imtahandan yüksək nəticə almaq istəyirdim. Bu il mənim üçün çox gərgin keçdi, boş vaxtım az idi. Amma bu çətinliklərə baxmayaraq, hər zaman hədəfimə doğru irəlilədim”.

“Ən böyük mükafat – qürurlu təbəssüm”

“RFO mənim üçün təkcə yarışma deyil, həyat məktəbi oldu”, – deyən Mədinə RFO-nu həm də bir həyat məktəbi olaraq görür. Bu təcrübə ona biologiyanı dərindən anlamaqla yanaşı, düşüncə tərzini dəyişdirməyə də kömək edib. “Olimpiada mənim dünyagörüşümü dəyişdi. Biologiyanı daha dərindən başa düşdüm və bu sahə artıq mənim gələcək peşəmə çevriləcək”.

“Əlaçı” televiziya verilişində də rayonunu təmsil edən həmsöhbətimi uğura aparan yol heç də hamar olmayıb. Çox sayda dərslər, gərgin çalışmalar, gecə yarı  kitab oxumalar, yorğunluq… Amma Mədinə deyir ki, bütün zəhmətin sonunda aldığı ən böyük mükafat qürur hissidir: “Mənim üçün ən böyük mükafat ailəmin və müəllimlərimin üzündəki o qürurlu təbəssüm oldu. Onların inamını doğrultmaq mənə daha çox sevinc verdi”, – deyə Mədinə öz uğurunu belə xarakterizə edib. 

Ailəsi, xüsusilə anası onun ən böyük dəstəkçisi olub. “Anam hər zaman yanımda olub. Hər dəfə yorulanda mənə “İnanıram, sən bacaracaqsan!” deyirdi və bu sözlər mənim üçün çox qiymətlidir”.

Boş vaxtı az olsa da, Mədinə özünüinkişafı da unutmur. Müxtəlif alimlərin həyat hekayələrini dinləməyi, onların keçdiyi yolları öyrənməyi çox sevir: “İnsan qarşısına elə hədəf qoymalıdır ki, ona çatmaq mümkünsün. Amma bu hədəfə çatmaq üçün əlindən gələnin ən yaxşısını etməlisən”, – deyir müsahibim.

Mədinə üçün ən böyük hədəf  Azərbaycan Tibb Universitetində təhsil almaq və gələcəkdə peşəkar həkim olmaqdır. “Uşaqlıqdan həkim olmağı arzulamışam və bu, indi mənim qarşımdakı əsas məqsədimdir”.

“Bu uğur təsadüfi deyil” – Sinif rəhbərinin fikirləri

Olimpiada qalibi olmuş məktəblilərin sinif rəhbəri Nigar Kərimovanın sözlərinə görə, Xədicə və Mədinənin qazandığı uğur heç də təsadüfi deyil. Müəllim bildirib ki, qızlar dərslərinə çox məsuliyyətlə yanaşır, daim öz üzərində çalışır və aralarındakı sağlam rəqabət onları daim irəli aparıb. Mədinənin 7-ci sinifdə ilk dəfə RFM-də qazandığı bürünc medal məktəblilərimiz və müəllimlərimiz üçün güclü bir stimul olub”.

Nigar Kərimova əlavə edib ki, bu illər ərzində onların və müəllimlərinin xüsusi əzmkarlıqla çəkdiyi zəhmət öz bəhrəsini verib və buraxılış imtahanında da onlardan yüksək nəticə gözləyirlər. Xədicə və Mədinə ilə yanaşı, onların sinif yoldaşlarından da yüksək nəticə gözlədiklərini bildirən müəllim gələcək illərdə bu kimi medalçılarımızın sayının daha da artacağına inandığını vurğulayıb. “Müəllim olaraq sevinirəm ki, artıq bu məhsuldar mühiti öz məktəbimizdə yarada bilmişik. Bu axına qoşulan şagirdlərin sayı günbəgün artır və şagirdlərin təhsilə, elmə olan marağının güclənməsini görmək çox gözəldir”, – deyə qeyd edib.

Hər iki məktəblinin uğur hekayəsi yalnız onların sinif yoldaşları üçün deyil, bütün Ağsu gəncliyi üçün nümunədir. Onlar gələcəyin elmi və cəmiyyətə xidmət edən savadlı mütəxəssisləri olmaq yolunda əmin addımlarla irəliləyirlər.

Şərhlər

Xəbər lenti

14 may, 16:34

Məktəblilər Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında 6 medal qazandılar

14 may, 16:34

II və III ixtisas qrupları üzrə imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

14 may, 16:00

Bu il 215 əcnəbi NDU-nun məzunu olacaq

14 may, 16:00

AzMİU və Ege Universiteti arasında elmi əməkdaşlıq seminarı keçirilib

14 may, 15:59

“Milli Proqram” çərçivəsində növbəti 7500 nəfər təlimlərə başlayıb

14 may, 15:51

ADNSU-da Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda infosessiya keçirilib

14 may, 15:45

Uşaqlar niyə yalan danışırlar?

14 may, 15:28

Monitorinqlərlə bağlı tez-tez verilən SUALLARA CAVAB

14 may, 15:21

Azərbaycan nümayəndə heyəti PISA-nın iclasında iştirak edib

14 may, 15:00

Təqdimat bacarığı: Şagirdlər Heydər Əliyevi necə təqdim etdilər?

14 may, 14:53

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

14 may, 14:25

Sabaha olan hava proqnozu açıqlanıb 

14 may, 13:31

“Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək

14 may, 13:25

İş dünyasına açılan qapı: Tələbə və işəgötürənlər bir arada - REPORTAJ

14 may, 13:00

“Tanınmış müəllim olmaq istəyirəm” – Gimnastın uğur hekayəsi  

14 may, 12:30

BMU tələbələri beynəlxalq sərgilərdə iştirak edirlər

14 may, 12:22

LDU-da maarifləndirici sessiya keçirilib

14 may, 12:19

4SİM İstanbulda keçirilən "TRT World NEXT 2025" tədbirində təmsil olunub

14 may, 12:14

“Maarifçi” olmaq istəyən 2037 nəfər imtahan verəcək

14 may, 12:10

Türkiyə və Şimali Kipr nümayəndələri UNEC-də qonaq olublar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.