
İlk tədris ilinin nəticələri və perspektivlər
Dövlətin müəyyən etdiyi strateji inkişaf prioritetləri çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa, yenidənqurma və dayanıqlı inkişaf prosesləri ardıcıl və sistemli şəkildə həyata keçirilir. Bu proses təkcə infrastrukturun bərpası ilə məhdudlaşmır, həm də regionun sosial-iqtisadi reinteqrasiyasını, insan kapitalının inkişafını və əhalinin dayanıqlı şəkildə məskunlaşmasını hədəfləyən kompleks yanaşmanı özündə ehtiva edir. Xüsusilə “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq bölgənin dayanıqlı inkişaf modeli əsasında transformasiyasının təmin olunmasına xidmət edir.
Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli müvafiq Sərəncamı ilə azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri nəzərə alınmaqla regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin - Qarabağ Universitetinin yaradılması strateji əhəmiyyət kəsb edir. Dövlət başçısının universitetin açılışında qeyd etdiyi kimi, “Qarabağ Universitetinin yaradılması tarixi hadisədir”.

Universitetin əsas missiyası - regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, Qarabağda tarixən mövcud olmuş təhsil ənənələrinin bərpası, eləcə də tədqiqat və innovasiyalar vasitəsilə dayanıqlı inkişaf proseslərinə töhfə verməsidir. Bu məqsədlə Qarabağ Universitetinin ali təhsil modeli müasir akademik yanaşmalara, yaşıl transformasiya prinsiplərinə və regional ehtiyaclara uyğunlaşdırılmış interdisiplinar proqramlar əsasında qurulur.
Əsas hədəfimiz regionun və bütövlükdə ölkənin dayanıqlı inkişaf gündəliyində mühüm yer tutan məsələlərin həllində fəal iştirak edən, sosial, iqtisadi və mədəni ekosistemin formalaşmasında və inkişafında drayver rolunu oynayan, cəmiyyətin rifahına xidmət edən aparıcı təhsil, tədqiqat və innovasiya mərkəzinə çevrilməkdir.
Dövlət başçımızın təşəbbüsü ilə yaradılan və birbaşa dəstəyi ilə inkişaf etdirilən Qarabağ Universiteti yalnız bir ali təhsil müəssisəsi kimi nəzərdən keçirilmir, həm də müasir və effektiv yanaşmaları, güclü tərəfdaşlıqları ilə Qarabağın və Şərqi Zəngəzurun innovativ, dayanıqlı və firavan gələcəyinin formalaşdırılmasına və gücləndirilməsinə akademik zəmin yaradacaq bir platforma olaraq dəyərləndirilir.
Dövlətin dəstəyi və uğurlu başlanğıc
2024/2025-ci tədris ili Qarabağ Universiteti üçün yaddaqalan hadisələrlə zəngin bir dövr oldu. İstər universitetin qurulması, ilk tədris ilinə hazırlığı və açılışı, istərsə də payız və yaz semestrləri dövründə həyata keçirilən fəaliyyətlər dövlətin güclü dəstəyi və qayğısı, eləcə də Elm və Təhsil Nazirliyinin birbaşa iştirakı sayəsində ilkin uğurlu nəticələr verir. Atılan addımlar Qarabağ Universitetinin gələcək inkişafına təkan verərək, onun milli və beynəlxalq təhsil məkanında tanınmasına, nüfuzunun artmasına və layiqli yer tutmasına xidmət edir.

İlk tədris ilinə hazırlıq mərhələsində ən mühüm nailiyyətlərdən biri peşəkar və təcrübəli akademik-inzibati heyətin formalaşdırılması olub. Bununla yanaşı, müasir standartlara cavab verən tədris və sosial infrastruktur yaradılıb, qabaqcıl akademik məzmunlu ixtisas proqramları hazırlanıb və universitetin ölkə üzrə geniş tanıdılması təmin olunub.
Qürurla qeyd edə bilərik ki, keyfiyyətli tələbə qəbulu həyata keçirilib və dövlətin dəstəyi ilə universitet ilk tədris ilinə tam hazır vəziyyətə gətirilib. Əksəriyyəti nüfuzlu xarici universitetlərdə təhsil almış təcrübəli akademik və inzibati heyət işə götürülüb, orta balı 470 olan və 101 nəfəri 600-dən çox bal toplamış 1104 tələbə qəbul olub. Tədris prosesi müasir infrastrukturla təchiz olunmuş 3 tədris binasında, 6 fakültə (İncəsənət, İqtisadiyyat, Pedaqoji, Turizm, Mühəndislik, Humanitar və Sosial elmlər) üzrə, 27 ixtisasda yeni akademik məzmun əsasında təşkil olunub. Əlavə olaraq, müxtəlif ali təhsil müəssisələrində birinci tədris ilini müvəffəqiyyətlə başa vurmuş tələbələr arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə 4 ixtisas üzrə Qarabağ Universitetində SABAH qruplarında təhsillərini davam etdirmək imkanı qazanıb.
Tələbələrin akademik inkişafına dəstək məqsədilə müasir standartlara uyğun universitet kitabxanası istifadəyə verilib. Eyni anda 200 tələbəyə xidmət göstərə bilən kitabxanada Azərbaycan, türk, ingilis və rus dillərində 10000-dən artıq dərslik, dərs vəsaiti və digər ədəbiyyatlar toplanıb.
Xankəndi şəhərində 4 binada universitet əməkdaşları və ailələri üçün yaşayış şəraiti təmin olunub. Bütün tələbələr müasir kampus konseptinə uyğun şəraitdə 6 mənzil tipli yataqxanada yerləşdirilib.

2024-cü il 20 sentyabr tarixində, dövlət suverenliyinin bərpasının birinci ildönümündə Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Universitetinin açılışı baş tutub. Bu, 2024-cü ilin unudulmaz və rəmzi məna daşıyan əlamətdar hadisələrindən biri kimi tarixə düşdü. Dövlət başçımızın qeyd etdiyi kimi, “Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir”. Prezident tələbə və müəllim heyəti ilə görüşü zamanı “Ümid edirəm ki, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir” ifadəsini vurğulamaqla proqram xarakterli çıxışında universitetimizin inkişafı üçün aydın yol xəritəsi və strateji baxış təqdim etdi.
Beləliklə, yaradılmasından çox az müddət keçməsinə baxmayaraq, 2024-cü ilin sentyabrın 23-də Qarabağ Universitetinin ilk tədris ilinə sürətli və uğurlu start verməsi məhz dövlətimizin dəstəyi, gücü və iradəsinin təzahürüdür.
Cari tədris ilində prioritet fəaliyyətlər
Qarabağ Universiteti həm dinamizmi, həm də uğurlu nəticələri ilə yadda qalacaq ilk tədris ilini başa vurmaq ərəfəsindədir. Bu dövrdə tədris planları və proqramları müasir çağırışlara uyğun şəkildə, mövcud qanunvericilik, qabaqcıl yerli və beynəlxalq təcrübələr əsasında yeni məzmunda tərtib olunaraq tətbiq edilib. Yalnız tədrisə deyil, elmi-tədqiqat və tələbəyönümlü sosial fəaliyyətlərə də xüsusi önəm verilib. Universitet qısa zamanda bir sıra faydalı tərəfdaşlıqlara imza atıb və beynəlxalq səviyyəli elmi platformalarda fəal iştirakı ilə özünün dinamik və əməkdaşlığa açıq inkişaf yolunu nümayiş etdirib.
Qarabağ Universitetində tələbə-mərkəzli yanaşma əsasında müasir idarəetmə modelinin tətbiqi əsas prioritetlərdən biridir. Tələbələrin universitet həyatına daha fəal və motivasiyalı şəkildə qoşulmasına imkan yaradan, onların arzu və istəklərinə uyğun akademik mühitin formalaşdırılmasına xüsusi önəm verilir. Bu yanaşmadan irəli gələrək, tədrisin ilk ilinə start verilərkən, tələbələrin həm akademik, həm də sosial həyata inteqrasiyasını asanlaşdırmaq məqsədilə oriyentasiya günləri, şəhər infoturları və maarifləndirici infosessiyalar təşkil olunub.

Tələbələrin bilik və bacarıqlarını praktikada möhkəmləndirmək üçün xüsusi laboratoriyalar istifadəyə verilib. Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və Qrafik dizayn, Kompüter və Proqramlaşdırma sahələri üzrə 6 müasir laboratoriya tədris prosesinə inteqrasiya edilib. Həmçinin tədris prosesində simulyativ dərslərə geniş yer verilir. Bu baxımdan, “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr üçün Xankəndi Şəhər Məhkəməsində təşkil edilən məhkəmə simulyasiyası xüsusi qeyd olunmalıdır. Belə dərslər tələbələrə hüquqi biliklərini sınaqdan keçirmək və hüquqi prosesləri real mühitdə təcrübədən keçirmək imkanı yaradır.
Tələbələrin öyrənmə prosesini daha məhsuldar, motivasiyalı və effektiv etmək məqsədilə “Tələbə biliyinin qiymətləndirilməsi və imtahan qaydaları” hazırlanaraq tətbiq olunub. Cari tədris ilində payız semestrinin aralıq imtahanları, payız imtahan sessiyası və yaz semestrinin aralıq imtahanları uğurla təşkil olunub. İmtahanlar fənlərin spesifikasına uyğun olaraq yazılı, qarışıq, şifahi, baxış və dinləmə formatlarında təşkil olunub.
Ümummilli Liderimiz Heydər Əliyevin əbədiyaşar ideyalarına və zəngin irsinə əsaslanmaqla Qarabağ Universitetində tələbə gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda yetişdirilməsi əsas hədəflərimizdəndir. Möhtərəm Prezidentimizin universitetin açılışı mərasimində vurğuladığı kimi, “Birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır”. Bu məqsədlə, Vətənə sevgi, tarixi və mədəni irsə bağlılıq, sosial məsuliyyət hissi və dayanıqlı inkişaf düşüncəsini təşviq edən müxtəlif fəaliyyətlər reallaşdırılır. Payız semestrində 27 Sentyabr - Anım Günü, 8 Noyabr - Zəfər Günü, 12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım Günü, 20 Yanvar - Ümumxalq Hüzn Günü, COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə, yaz semestrində isə Xocalı soyqırımı, Aprel döyüşləri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü, “Konstitusiya və Suverenlik İli”, 2 Fevral - Azərbaycan Gəncləri Günü, Beynəlxalq Ana Dili Günü və digər əlamətdar tarixlərə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Tələbələrin yaradıcılıq və innovasiya potensialının inkişafı, xarici dilləri mükəmməl mənimsəməsi, analitik təfəkkür, kommunikasiya və digər yumşaq bacarıqlarının gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb. Gənclərin asudə vaxtlarının faydalı təşkilinə yönəlmiş təlimlər, maarifləndirici görüşlər, idman turnirləri, intellektual yarışlar və konsert proqramları keçirilib, tələbə təşkilat və klublarının formalaşdırılması üçün müvafiq təşəbbüslər reallaşdırılıb. Tələbələr Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Baş Prokurorluq, Hesablama Palatası, Prezident Kitabxanası, Dövlət Vergi Xidməti, digər dövlət və özəl qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən ortaq layihələrdə fəal iştirak ediblər. Bu kontekstdə, 2024-cü ilin 26-27 aprel tarixlərində Qarabağ Universitetində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Simulyasiya Konfransı xüsusi maraqla qarşılanıb.

2024-cü ilin noyabr ayında tələbələrin ictimai, sosial, mədəni və iqtisadi həyatda fəallığını artırmaq məqsədilə Qarabağ Universitetində Tələbə Gənclər Təşkilatı təsis edilib. 2025-ci ilin mayında Qarabağ Universitetində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) üzv təşkilatının - Həmkarlar İttifaqı Komitəsinin yaradılması universitetimizin sosial-mədəni həyatında əhəmiyyətli hadisələrdən hesab olunur.
Cari tədris ilində mentorluq proqramının fəaliyyətə başlaması universitetimizin həyatında önəmli yeniliklərdən sayılır. Bu proqram çərçivəsində universitetin təcrübəli akademik və inzibati heyət üzvləri mentor qismində çıxış edərək tələbələrlə bilik və təcrübələrini bölüşür, akademik və fərdi inkişaf məsələlərində gənclərə dəstək olurlar.
Eyni zamanda Qarabağ Universitetinin əməkdaşları akademik fəaliyyətlərində elmi istiqamətə xüsusi önəm verib, bir sıra beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfranslarda fəal iştirak ediblər. Həmçinin əməkdaşlar tədqiqat bacarıqlarının artırılması məqsədilə universitetdə təşkil olunan təlimlərə aktiv qoşulublar. Universitetimizin əməkdaşları tərəfindən “Scopus” elmi bazasında 14 məqalə dərc olunub. Bu məqalələr 6 ölkədən 22 universitetin tədqiqatçıları ilə birgə hazırlanıb. Müəlliflər arasında 12 xarici, 10 yerli universitetlərin tədqiqatçıları yer alır. Qürurverici haldır ki, bu 14 elmi məqalə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədindən 10-na birbaşa elmi töhfə verir.

Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2025-ci il tarixli müvafiq Fərmanına əsasən Qarabağ Universitetinin tabeliyində yaradılan “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsinin fəaliyyətinin müasir tələblərə uyğun qurulması başlıca prioritetlərimiz sırasında yer alıb. Klinikanın Qarabağ Universitetində “Tibb” ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin etməsi, tibb sahəsində elmi-tədqiqatlar aparması, regionda əhalinin sağlamlığının qorunmasında iştirak etməsi nəzərdə tutulub.
İlk tələbələrimiz və uğurlar
Qarabağ Universiteti yüksək bal toplayan gənclərin üstünlük təşkil etdiyi, keyfiyyətli və perspektivli bir tələbə kontingentinə malikdir. İlk tələbələrimizdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. 683,8 balla ən yüksək nəticəni göstərərək “Hüquqşünaslıq” ixtisasına qəbul olan bir tələbəmiz Prezident təqaüdünə layiq görülüb. Həmçinin fənn olimpiadası qalibi olan bir abituriyent “Elektrik və elektronika mühəndisliyi” ixtisasına müsabiqədənkənar qəbul edilib. Respublikamızın bütün bölgələrini əhatə edən tələbələrimizin 54 faizi oğlan, 46 faizi isə qızdır.

Qısa müddət ərzində tələbələrimiz bir sıra önəmli uğurlara imza atıblar. Bu nailiyyətlər arasında tələbələrimizin Gürcüstanda keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsinin (ICPC) yarımfinalında və Misirdə təşkil olunan Ümumdünya Şəhərsalma Forumunda fəal iştirakını, eləcə də “Zəfərimiz əbədidir” adlı regional intellektual yarışda birincilik qazanmalarını xüsusi qeyd etmək olar. Eyni zamanda Gənclər Fondunun elan etdiyi qrant müsabiqəsində bir müəllim və bir tələbəmizin birgə təqdim etdiyi layihənin qalib gəlməsi müəllim-tələbə əməkdaşlığına uğurlu nümunədir.
Bundan əlavə, tələbələrimiz Konstitusiya Məhkəməsi tərəfindən təşkil edilən “Zəfər çalmış dövlətin Əsas Qanunu” mövzusundakı Hüquq olimpiadasında, Vəkillər Kollegiyası, Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkil etdiyi “Qalib Azərbaycan” adlı II Hüquq olimpiadasında, həmçinin SABAH tələbələri üçün keçirilən “İqlim dəyişikliyi hər birimizin məsuliyyətindədir” mövzusundakı esse müsabiqəsində fərqləniblər.
Respublikanın 30 ali təhsil müəssisəsinin təmsil olunduğu “GreenTech II” startap və yaşıl texnologiyalar müsabiqəsinin final mərhələsində qalib olan komandanın tərkibində Qarabağ Universitetinin tələbəsi də təmsil olunub.
Gənclər və İdman Nazirliyinin 2024-cü il üzrə elan etdiyi qrant müsabiqəsi çərçivəsində, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyasının tərəfdaşlığı ilə “Femida Könüllüləri” Təşkilatı tərəfindən keçirilən “DİVAN” Milli Məhkəmə Simulyasiyasında Qarabağ Universitetinin tələbəsi qalib olub.

Qarabağ Universitetinin tələbələrindən ibarət komanda Bakı Dövlət Universitetində keçirilən Respublika Hüquq Olimpiadasında fəal təmsil olunub.
Həmçinin universitetimizin 13 tələbəsi 2025-ci ilin mayında Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (Caspian Agro) startap məhsullarını uğurla təqdim ediblər.
Qarabağ Universitetinin tələbələri Elm və Təhsil Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və ATİAHİ-nin birgə təşkilatçılığı ilə keçirilən və Ulu Öndərimizin anadan olmasının 102-ci ildönümünə həsr olunan bədii-yaradıcılıq müsabiqə-festivalının Heydər Əliyev Sarayında baş tutan yekun konsertində uğurla çıxış ediblər.
Beynəlxalq və yerli əməkdaşlıqda mühüm addımlar
Qarabağ Universitetinin rəhbərliyi səviyyəsində ilk rəsmi xarici səfəri qardaş Türkiyəyə təşkil olunub. 2024-cü ilin oktyabrında baş tutan bu səfər çərçivəsində universitet Ankara şəhərində keçirilən “2024-2025-ci tədris ilinin açılış mərasimi”ndə təmsil olunub. Ankara Universiteti, Hacettepe Universiteti, Qazi Universiteti və Ankara Hacı Bayram Veli Universitetində (AHBVU) rektorlarla keçirilən görüşlər zamanı müxtəlif sahələr üzrə birgə akademik fəaliyyətlərin reallaşdırılması istiqamətində ilkin razılaşmalar əldə olunub. Qeyd edək ki, Qarabağ Universitetinin ilk tədris ilindən etibarən iki türkiyəli professor bir illik müddətə akademik fəaliyyətə cəlb olunub.
2024-cü ilin oktyabrında Qarabağ Universiteti Çinin Lanzou şəhərində təşkil olunan Kəmər və Yol Universitetləri Alyansının 2024-cü il Forumunda, noyabrında Tokioda keçirilən Beynəlxalq Universitetlər Assosiasiyasının beynəlxalq konfransında və İdarə Heyətinin iclasında fəal təmsil olunub.
2025-ci ilin 27 fevral - 1 mart tarixlərində elm və təhsil nazirinin rəhbərlik etdiyi və Qarabağ Universitetinin rektorunun da təmsil olunduğu nümayəndə heyətinin Türkiyəyə səfəri məhsuldar olub. Səfər zamanı nümayəndə heyəti Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri, Mərmərə Universiteti, İstanbul Texniki Universiteti, Koç Universiteti, Gəbzə Texniki Universiteti və Yıldız Texniki Universitetinin rektorları ilə görüşlər keçirib, bu universitetlərin maddi-texniki bazası və laboratoriyaları ilə yaxından tanış olub.

2025-ci ilin aprelində Qarabağ Universitetində Türkiyənin Yıldız Texniki Universiteti, İstanbul Texniki Universiteti və Gəbzə Texniki Universitetinin nümayəndə heyətləri ilə əməkdaşlıq görüşü keçirilib. Görüşdə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, konkret istiqamətlər üzrə işbirliyinin həyata keçirilməsi üçün ilkin razılıq əldə olunub. Qarabağ Universiteti ilə Yıldız Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
2025-ci ilin aprelində Qarabağ Universitetinin Klinikasının təşkilatçılığı ilə “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda keçirilən beynəlxalq konfrans, may ayında isə AHBVU-nun Turizm, Qarabağ Universitetinin İqtisadiyyat və digər yerli universitetlərin müvafiq fakültələrinin tərəfdaşlığı ilə “Mədəni irs” mövzusunda təşkil olunan VI Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransı mühüm əhəmiyyət kəsb edib.
Qarabağ Universitetinin tələbə, akademik və inzibati heyət üzvləri ilk tədris ili ərzində 4 qitədə layiqli şəkildə təmsil olunub. Türkiyə, Rusiya, Misir, Özbəkistan, İsrail, ABŞ, Almaniya, Gürcüstan, Çin və Portuqaliyada, eləcə də ölkəmizdə keçirilən beynəlxalq simpozium, forum, konfrans, festival, təlim, sərgi, müsabiqə və digər tədbirlərdə fəal iştirak ediblər.
Qarabağ Universiteti özəl sektorla əməkdaşlığa da start verib. Bu məqsədlə Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq memorandumu imzalanıb. Memorandum çərçivəsində ABB tərəfindən adlı təqaüdlərin ayrılması, təlim və təcrübə proqramlarının təşkili və digər birgə layihələrin reallaşdırılması nəzərdə tutulub.

Eyni zamanda “Hüquqşünaslıq” ixtisası üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə Qarabağ Universitetinin rektoru Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvü seçilib və bu qurumla əməkdaşlıq memorandumu imzalanıb. Həmçinin Universitet Baş Prokurorluğun təşəbbüsü əsasında həyata keçirilən “ECOLEAD” layihəsinə qoşulub.
2025-ci ilin aprelin 8-də ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun ilk gününün Qarabağ Universitetində keçirilməsi cari tədris ilinin əlamətdar hadisələrindən olub.
Bundan əlavə, Qarabağ Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) arasında əməkdaşlıq əlaqələri qurulub və konkret əməkdaşlıq istiqamətlərini əhatə edən birgə fəaliyyət planı təsdiq edilib.
2025-ci ilin yanvar ayında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Qarabağ Universiteti arasında elmi-tədqiqat və təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində Universitetdə “Azıx arxeoloji araşdırma və analizlər laboratoriyası” yaradılıb.
Həmçinin Qarabağ Regional Təhsil İdarəsi ilə əməkdaşlıq çərçivəsində bir sıra birgə fəaliyyətlər həyata keçirilib. Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli tam orta məktəb, Şuşa şəhəri 1 nömrəli tam orta məktəb və Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə şagird və müəllim kollektivi üçün konfranslar təşkil olunub.
Növbəti tədris ilinə hazırlıq və perspektivlər
Elm və təhsil nazirinin “Qarabağ Universitetinin 2025-2026-cı tədris ilinə hazırlıq tədbirləri haqqında” müvafiq əmri əsasında fəaliyyət planı təsdiq edilib. Universitetin strukturunun təkmilləşdirilməsi, tələbə qəbulu proqnozu, yeni ixtisasların yaradılması və digər amillər nəzərə alınaraq fəaliyyət planı çərçivəsində növbəti tədris ilinin ehtiyacları dəyərləndirilib, müvafiq təkliflər hazırlanıb və icrasına başlanılıb.

2025-2026-cı tədris ili üzrə Qarabağ Universitetinə 1440 nəfər tələbə qəbulu planlaşdırılıb. Fakültələr üzrə tələbə qəbulu planı aşağıdakı kimi təklif edilib: Pedaqoji fakültə - 360 nəfər; Humanitar və sosial elmlər fakültəsi - 210 nəfər; İncəsənət fakültəsi - 150 nəfər; İqtisadiyyat fakültəsi - 240 nəfər; Turizm fakültəsi - 60 nəfər; Mühəndislik fakültəsi - 320 nəfər; Tibb fakültəsi - 100 nəfər. Növbəti tədris ilində Qarabağ Universitetində 10 yeni ixtisas - “Biologiya müəllimliyi”, “Kimya müəllimliyi”, “Coğrafiya müəllimliyi”, “Tarix müəllimliyi”, “Bəstəkarlıq”, “Musiqişünaslıq”, “Riyaziyyat”, “Data analitikası”, “Tibb bacısı işi” və “Tibb” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilməsi nəzərdə tutulub.
Növbəti tədris ilinin ehtiyaclarına uyğun olaraq universitetdə akademik və inzibati vəzifələrə işə qəbul prosesinə start verilib. Müvafiq vəzifələrin tutulması üzrə elanlar müntəzəm olaraq Qarabağ Universitetinin rəsmi saytında və sosial şəbəkə hesablarında geniş ictimaiyyətin diqqətinə çatdırılır. Əsas məqsəd Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkilinə imkan verəcək yüksəkixtisaslı peşəkar kadrların seçilməsidir.
Eyni zamanda qəbul olunacaq tələbələrin təhsil almaları və yaşayışı üçün əlavə tədris binalarının və yataqxanaların tikintisi və əsaslı təmiri işlərinə başlanılıb. Həmçinin işə götürüləcək akademik və inzibati heyət üzvlərinin də yaşayışının təmin olunması istiqamətində müvafiq addımlar atılır.

Cari ilin may ayından etibarən 2025/2026-cı tədris ili üçün Qarabağ Universitetinə tələbə qəbulu məqsədilə abituriyentlərlə təbliğat fəaliyyətlərinə başlanılıb.
Beləliklə, dövlətimizin güclü dəstəyi, səmərəli tərəfdaşlıqlar, tələbə və əməkdaşlarımızın nümayiş etdirdiyi həmrəylik və əzmkarlıq sayəsində Qarabağ Universiteti ilk tədris ilini uğurlu nəticələrlə başa vurmaq ərəfəsindədir. Bu çərçivədə Elm və Təhsil Nazirliyinin, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin davamlı dəstəyi xüsusi qeyd edilməlidir. Akademik və sosial sahələrdəki nailiyyətlər, yeni layihələr və əməkdaşlıqlar universitetin strateji məqsədlərinə doğru mühüm irəliləyişlərə zəmin yaradır. Əsas gözləntilərimizdən biri Qarabağ Universitetinin timsalında formalaşmaqda olan “postmünaqişə universitet inkişaf modeli” nümunəsini dünyaya təqdim etməkdir.
Şahin BAYRAMOV,
Qarabağ Universitetinin rektoru
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər